Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-184/2024 23.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı uşağın alınıb ona verilməsi və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh ilə İddiaçı 2019-cu ildən faktiki nikahda olmuş, bu nikahdan xx.xx.2020-ci il təvəllüdlü Hüseyn doğulmuşdur. xx.xx.2020-ci il tarixdə atalıq müəyyən edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından xx.xx.2020-ci il tarixdə doğulmuş X1 cavabdehdən alınaraq ona verilməsi və uşağın saxlanılması üçün ayda 200 manat olmaqla alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonu Ağalıkənd kənd sakini Cavabdeh ilə 2019-cu il tarixdə el adəti ilə toy edərək ailə həyatı qurmuş, qeyri-rəsmi nikahda olmaqla bir yerdə yaşamışlar. Onların qeyri-rəsmi nikahından 2 uşaq- xx.xx.2020-ci il təvəllüdlü Hüseyn və xx.xx.2021-ci il təvəllüdlü Vəfa anadan olmuş, lakin Vəfa adlı uşağı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bir müddət cavabdehin valideynlərinə məxsus evdə, sonra isə ayrılaraq özlərinə məxsus evdə yaşamağa başlamışdır. O, Arizlə uzun müddət bir yerdə yaşasa da, 2020-ci il tarixindən münasibətləri pozulmuşdur. Son vaxtlar isə Ariz onu edən çıxardaraq bir daha evə buraxmamışdır. Həmin vaxtandan etibarən o, valideynlərinin evində yaşayır. Nəzərə alınmalıdır ki, uşaq azyaşlı olmasına baxmayaraq cavabdeh uşağı öz yanında saxlayır. Uşağının onun yanında qalmasını istəyir. Çünki cavabdeh gözdən əlil olduğu üçün uşağa baxa bilməz. Hal-hazırda cavabdeh onun uşağı ilə əlaqə saxlamağa imkan vermir. Ona görə də uşağını özü saxlamaq və tərbiyəsi ilə də özü məşqul olmaq istəyir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, iddiaçının epilepsiya xəstəsi olmasını, uşağı tərbiyə etmək iqtidarında olmamasını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin (hakim N.Mirzəyev) 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 27 may 2020-ci ildə anadan olmuş X1 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının xx.xx.2020-ci il təvəllüdlü X1 Cavabdeh alınaraq anası İddiaçı verildiyi vaxtdan hesablanması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, iddiaçının psixi problemlərinin mövcud olması və bu xüsasata əsasən uşağın onun yanında sxlanılmasının mümkün olmaması kimi hallar nəzərə alınmamış, bunlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Dəlillər isə iddiaçının epilepsiya xəstəliyinin olması, digər övladının onun günahı üzündən ölməsidir. İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, iddiaçının psixi durumu onun uşağı saxlamasına imkan vermir. Belə ki, əvvəllər ana özünə xəsarət yetirib, bununla bağlı da sənəd var. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh 2019-cu ildən faktiki nikahda olmuş, bu nikahdan xx.xx.2020-ci il təvəllüdlü Hüseyn doğulmuşdur. Atalıq müəyyən edilmiş, xx.xx.2020ci il təvəllüdlü Hüseynin atasının Cavabdeh olması qeyd edilmişdir. Hazırki tələbində iddiaçı xx.xx.2020-ci il tarixdə doğulmuş X1 cavabdehdən alınaraq ona verilməsi və cavabdehdən hər ay uşağın saxlanılması üçün 200 manat alimentin alınıb verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Birinci instansiya məhkəməsi işə baxarkən rayon icra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq rəyi alınmışdır. Biləsuvar RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyində İddiaçı övladını tərbiyə etməsinə əngəl ola biləcək psixi və xroniki xəstəliyinin olmamasını, davranışında uşaq üçün təhlükəli heç bir halın müşahidə edilməməsini, zərərli vərdişinin olmamasını, valideynlik hüquqlarını, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4 və 52-ci maddələrinin tələblərini nəzərə alaraq tərəflərin birgə vətəndaş nikahından olan yetkinlik yaşına çatmayan övladı- 27 may 2020-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılmasına əsas verdiyi və uşağın mənafeyinə uyğun olduğu göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X2 iş üzrə ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 182 saylı rəyində İddiaçı hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olduğu göstərilmişdir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında deyilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Kollegiya hesab edir ki, uşağın anadan ayrılması üçün müstəsna və ciddi əsaslar yoxdur və bu məqsədəuyğun da deyildir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Kollegiya onu da qeyd edir ki, uşağın ananın yanında qalmasının müəyyən edilməsi, atanın uşağı ilə ünsiyyət hüqunu istisna etmir. İddiaçı ünsiyyət hüququndan istifadə etməklə uşağı ilə görüşə bilər. İddiaçı həm də aliment tələb etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 01 yanvar 2024-cü ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Hazırki iş üzrə iddiaçı tərəf alimentə dair hissədə qətnamədən şikayət verməmişdir. Cavabdeh tərəf alimentin miqdarı ilə bağlı etirazını bildirməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, işin digər hallarını nəzərə almaqla uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutmuşdur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar uşağın anasına verilməsindən, eləcə də alimentin ödənilməsindən imtina üçün əsas deyil. Beləliklə, Kollegiya, hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(022)-69/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-184/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-184/2024
23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver