Məhkəmə qərarları › İş №2(106)-1840/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1840/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1840/2025 25.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X15 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “tapşırıq müqaviləsindən irəli gələn öhdəliyin pozulmasına dair pul” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-19/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsiylə müraciət edərək Cavabdeh tapşırıq xərcləri və əlavə muzd olaraq 1000 (min) manatın tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Dövlət Univeritetinin hüquq fakültəsinin məzunudur. Uzun illər vəkillik fəaliyyəti ilə məşğul olsa da, Vəkillər Kollegiyasının üzvü deyildir. Amma buna baxmayaraq o, hələ 1998-ci ildən vergi orqanlarında “pullu hüquqi xidmətə dair" vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. Son dəfə isə o, 2006-cı ildə yeni VÖEN almış və rəsmən “Hüquq xidməti" göstərmiş və dövlətə sadələşdirilmiş vergi ödəmişdir. Son illərdə isə ümumiyyətlə fəaliyyəti olmamışdır. 2023 cü ilin dekabr ayının əvvəllərində tanış bir qadın ondan xahiş etmişdir ki, “Cavabdeh onun rəfiqəsi və həm də yerlisidir. Yazığın ərini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə həbs edib ona 5 il 2 ay iş veriblər. İndi apellyasiya məhkəməsi üçün ona vəkil tutmaq və apellyasiya şikayəti yazmaq lazımdır ki, həmin hökmə apellyasiya qaydasında bir daha baxılsın.” Xanıma bildirmişdir ki, o, Vəkillər Kollegiyasının üzvü deyildir. Amma o demişdir ki, o, hər bir halda hüquqşünas kimi cavabdehə ağsaqqallıq edə bilər. Tapşırıq xərclərini isə cavabdeh ödəyəcək. Razı oldu ki, ona kömək etsin. Onunla tapşırıq müqaviləsi bağlamış həmin müqaviləyə və etibarnaməyə əsasən o, aşağıdakı öhdəliyi götürmüşdür: kassasına pul köçürmək, onun verdiyi etibarnamə əsasında istintaq təcridxanasına getmək, orada ona lazımi əşyalar vermək, təcridxanadan onun həbsxanada olmasına dair sosial orqanlara təqdim etmək üçün arayış almaq, əgər həyat yoldaşı təcridxanadan “Tapşırıq alana” zəng etsə onunla telefonda danışmaq, ona məsləhətlər vermək, əri ilə görüş almaqda kömək etmək, apellyasiya şikayətinin surəti ilə tanış olmaq üçün ərinə göndərib onun fikrini öyrənmək, zərərçəkmişlərlə telefonla və şəxsən əlaqələr saxlamaq, lazım gəlsə onların yaşadıqları ünvana və iş yerlərinə gedərək onlarla barışığa cəhd və vasitəçilik etmək, hadisə zamanı zərərçəkmişlərə onların tələb etdikləri məbləği hiss-hissə ödəməyə onları razı salmaq, ziyan məbləğini zərərçəkmişlərə şəxsən yaxud da poçtla göndərmək, lazım gələrsə onların işləri ilə bağlı yuxarı instansiyalara ərizə və şikayətlər tərtib etmək, məhkəmə prosesi zamanı ona və qohumlarına mənəvi dəstək vermək, onları evlərinə və məhkəməyə aparıb-gətirmək və sair işlər etməyi, ümumiyyətlə, həmin işlə bağlı bütün qanuni hərəkətlər etməyə tapşırır. Bunun üçün isə cavabdeh ona tapşırıq xərci və əlavə muzd vəd etmişdir. O da qıza bir müddətdə 10 səhifədən ibarət apellyasiya şikayəti yazmış, vəkil tutmuş və vəkil də işi apellyasiyaya göndərmişdir. Məhkəmənin ilk iclasına qədər bütün bu tapşırıqları həyata keçirmişdir. Bu məqsədlə cavabdeh ona əvvəlcə notariat qaydasında etibarnamə vermiş həmin gün də o, cavabdehlə “tapşırıq müqaviləsi” bağlamışdır. Etibarnamədə və müqavilədə ona verilən tapşırıqlar dəqiq göstərilmiş, hətta vəkil ilə müqavilə bağlamaq da etibarnamədə göstərilmişdir. O da həm Vəkillər Kollegiyasından Zaur adlı vəkil ilə müqavilə bağlamış, həm də cavabdehin həbsdə olan əri Məmmədov Rəhmanın adından “ASAN” xidmətindəki vəkillərin əli ilə apellyasiya şikayəti yazdırmışdır. Bundan sonra vəkil həmin apellyasiya şikayətini Apellyasiya Məhkəməsinə göndərmişdir. Daha sonra cavabdeh zərərçəkmişlə barışmaq üçün onlarla əlaqə saxlamağı onların evinə və iş yerlərinə getməyi onlara vurulmuş ziyanın məbləğini aşağı salmağa və ödəməyi tapşırmışdır. Üç dəfə təcridxanaya getmiş, sənədlər vermiş oradan arayış almış, zərərçəkmişlərin üçü ilə ayrı-ayrılıqda söhbət etmişdir. Zərərçəkmişlər onlara vurulmuş ziyanın 45 (qırx beş) min manat olduğunu desələr də o onlarla danışıq apararaq bu məbləği minimuma endirmişdir. Bir hissəsini isə poçtla onlara göndərmiş, digər hissəni isə verib daha sonra onlardan notariat qaydasında qəbz alacağını planlaşdırmışdır. Onlar da buna razı olmuşlar. O, hətta zərərçəkmişlərə 6036 (altı min otuz altı) manat pul göndərmişdir ki, onlara dəymiş ziyan ödənsin. Bu barədə onda poçt qəbzinin olduğunu bildirmişdir. Amma cavabdeh işin həlledici mərhələsində öhdəçiliyini pozaraq əvvəlcə onun tutduğu vəkilə və daha sonra isə ona şər atmaqla həm xidmətlərindən yararlanmış, həm də onları şərləməyə başlamışdır. O, özünə digər vəkil tutduğunu bildirərək ondan və vəkildən imtina eləmiş, ona verdiyi etibarnaməni isə ləğv etmiş və tapşırıqla əlaqədar çəkdiyi xərclərin əvəzini ödəməkdən və əlavə muzd ödəməkdən imtina etmişdir. Bununla da o, ona rəsmi pretenziya vermədən öhdəçiliyini pozmuşdur. Nəticədə dövlətə vergi verə bilməmişdir. İddiaçı 20 iyul 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və iddia həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh öz vəsaiti ilə ödədiyi tapşırıq xərclərinə görə 1000 (min) manat, muzd kimi 1000 (min) manat - cəmi 2000 (iki min) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-19/2025 saylı qətnaməsi (hakim: Mədinə Rəsulova) ilə iddia ərizəsi təmin edilməmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 05 dekabr 2023-cü il tarixli AR-İİİ seriyalı 215274 nömrəli etibarnamənin surətindən görünür ki, etibar edən şəxs ünvan 1 ünvanında yaşayan Cavabdeh, etibar edilən şəxs ünvan 2 ünvanında yaşayan İddiaçıdur. 06 dekabr 2023-cü il tarixli vəkil orderinin surətindən görünür ki, X2 Rəhman Şahin oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərəcək şəxsdir. 05 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Tapşırıq alan” “Tapşırıq verəndən” heç bir qazanc və xeyir güdmədən onun tərəfindən notariat qaydada ona verilmiş etibarnamə və bu Müqavilənin şərtləri əsasında fəaliyyət göstərərək tapşırıqı qəbul edir və icra edir. Tapşırıqın icrası zamanı bütün gücünü sərf eləsə də, işin uğurla başa çatması üçün qarantiya vermir. Belə ki, Tapşırıq verənin tapşırığı ilə onun həyat yoldaşı X10 üçün hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti tərtib etmək üçün “ASAN" xidmətinə müraciət edir. Vəkil ilə müqavilə bağlayır, vəkilin qanorarını özündən ödəyir, istintaq təcridxanasından məhkəmə və sosial müavinət almaq üçün arayış alır. Müqavilənin 3-cü bəndinə əsasən tapşırıqla əlaqədar bütün xərclər ya işin əvvəlində, ya da işin sonunda tapşırıq verən ödəyir. Tapşırığın icrası ilə bağlı verilən məbləğ tapşırıq xərcləri sayılır və geri qaytarılmır. 05 yanvar 2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh X3 6000 (altı) min manat məbləğində pul köçürmüşdür. “Watsapp” telefon yazışmalarından görünür ki, 416973....2918 nömrəli “Leo bank” kart hesabına 50 (əlli) manat, 06 dekabr 2023-cü il tarixli, ********** nömrəli əməliyyat üzrə 200 (iki yüz) manat, 21 dekabr 2023-cü il tarixli qəbz üzrə pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya köçürülmüşdür. İddiaçının yazdığı mesajlardan görünür ki, cavabdeh ayrı-ayrı vaxtlarda İddiaçı müxtəlif məbləğlərdə pul göndərmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” “01 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, X4 və X1 onun barəsində şikayət ərizələri ilə tanış oldu. X8 tanımır, onunla heç bir əlaqəsi və hər hansı bir münasibəti olmamışdır. Çox güman ki, həmin şəxs də bunu təsdiq edə bilər. 2023 cü ilin dekabr ayının əvvəllərində tanış bir qadın ondan xahiş etmişdir ki, Cavabdeh əri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə həbs edilib, ona 5 il 2 ay iş verimişlər. İndi apellasiya məhkəməsi üçün ona vəkil tutmaq və apellyasiya şikayəti yazmaq lazımdır ki, həmin hökmə apellyasiya bir daha baxsın. Xanıma bilirmişdir ki, Vəkillər Koilegiyasnın üzvü deyildir. Buna görə də, onlara tanıdığı bir vəkilin nömrəsini vermişdir. Elə oradan da vəkilə zəng etmiş və onun alacağı qonorarın məbləğini soruşmuşdur. Lakin vəkilin dediyi qonorar onları qane etməmişdir. Bundan sonra onlar ondan onlara bu işdə ağsaqqallıq etməyini xahiş etmişlər. Xahiş etmişlər ki, onlar üçün apellyasiya şikayəti yazdırsın və onlara "ucuz" vəkil tutsun. Razı olmuşdur ki, ona kömək etsin. Hər ehtimala qarşı onlarla tapşırıq müqaviləsi bağlamış, onlar da ona etibarnamə vermişlər. Həmin müqaviləyə və etibarnaməyə asasən öhdəçilik götürmüşdür. Amma ona etibarnaməni verən Mehdizadə Tahir olmamışdır. Səadətin həyat yoldaşı X17 üçün Apellyasiya şikayəti tərtib etməyi, onun üçün vəkil axtarmağı, vəkil ilə müqavilə bağlamağı, onun adından vəkilin kassasına pul köçürməyi, onun verdiyi etibarnamə əsasında istintaq təcridxanasına getməyi, orada ona lazımi əşyalar verməyi, təcridxanadan onun həbsxanada olmasına dair sosial orqanlara təqdim etmək üçün arayış almağı, əgər həyat yoldaşı təcridxanadan zəng etsə, onunla telefonda danışmaq, ona məsləhətlər vermək, əri ilə görüş almaqda kömək etmək, apellyasiya şikayətinin surətini tanış olmaq üçün ərinə göndərib onun fikrini öyrənmək, zərərçəkmişlərlə telefonla və şəxsən əlaqələr saxlamaq, lazım gəlsə, onların yaşadıqları ünvana gedərək onlarla barışığa cəhd və vasitəçilik etmək, hadisə zamanı zərərçəkmişlərə onların tələb etdikləri məbləği hissə-hissə ödəməyə onları razı salmaq, ziyan məbləğini zərərçəkmişlərə şəxsən, yaxud da poçtla göndərmək. Lazım gələrsə, onların işləri ilə bağlı yuxarı instansiyalara ərizə və şikayətlər tərtib etmək, məhkəmə prosesi zamanı ona ve qohumlarına mənəvi dəstək yermək, onları evlərinə və məhkəməyə aparıb-gətirmək və sair işlər etməyi, ümumiyyətlə həmin işlə bağlı bütün qanuni hərəkətlər etməyi öhdəsinə götürmüşdür. Bunun üçün isə Səadət ona Mülki Məcəllənin 783-cü maddəsinə əsasən çəkdiyi tapşırıq xərci və əlavə muzd vəd etmişdir. Qısa bir müddətdə 150 manat verib Məmmədov Rəhman üçün "ASAN” xidmətində 10 səhifədən ibarət apellyasiya şikayəti yazdırmış, sonra 26 saylı Vəkil Bürosuna gedib oradan Zaur adlı bir vəkil ilə müqavilə bağlamışdır. Vəkilə 220 manat pul ödəmişdir. Bundan sonra vəkil həmin apellyasiya şikayətini Apellyasiya Məhkəməsinə göndərmişdir. Daha sonra ondan xahiş etmişlər ki, zərərçəkmişlə barışmaq, onlarla əlaqə saxlamaq, zərərçəkmişin evinə və iş yerlərinə getməyi, onlara vurulmuş ziyana görə tələb etdikləri məbləği aşağı salmağı tapşırmışdır. Bu zamanlarda arayış almaq üçün təcridxanaya getmiş, sənədlər vermiş, oradan arayış almış, zərərçəkmişlərlə 3 dəfə söhbət etmiş, müəyyən razılığa gəlmişdir. Zərərçəkmişlər onara vurulmuş ziyanın 45 min manat olduğunu desələr də, onlarla danışıq apraraq məbləği minimuma endirmişdir. Həm də məhkəmədən vəkilə bildirmişlər ki. zərərçəkmişlərlə mütləq barışıq olmalı və ziyan qismən də olsa, ödənməlidir. Bundan sonra Rəhmanın dayısı onu götürüb baş poçta gedib zərərçəkmişin ünvanına pul gönrərmək istədiyini bildirmişdir, özündə olan min manatı da onun gətirdiyi 5000 manatın üstünə qoyub zərərçəkmiş hüquqi varisi Rəsmiyyə Vəliyevaya göndərmişlər. Pulun digər hissəsini isə məhkəmə zamanı ödəmək fikirləri olmuşdur. Lakin sonradan onlar zərərin qalan hissəsini ödəməkdən imtina etmişlər. Demişdir ki, özləri bilsinlər. Amma sonra o da məlum olmuşdur ki, müqavilə bağladığım vəkil Zaur məhkəmə prosesinə gəlməyərək deyib ki, ona ödədiyi 220 manat pul guya azdır. Halbuki ona ondan çox pul verilməmişdir. Halbuki vəkilin özü demişdi ki, bu qədər istədin, o da ödəmiş və müqavilə bağlamışlar. Onlar isə vəkilin prosesə gəlməməsinin təqsirini onda görüb vəkildən imtina edərək elə həmin gün digər bir vəkil tutublarmış. Səadət işin həlledici mərhələsində öhdəçiliyini pozaraq əvəlcə onun tutduğu vəkilə, daha sonra isə ona şər atmaqla həm xidmətlərindən yararlanmış, həm də onlan şərləməyə başlamışdır. O, özünə digər vəkil tutduğunu bildirərək ondan və vəkildən imtina etmiş, ona verdiyi etibarnaməni isə ləğv etmiş və tapşırıqla əlaqədar çəkdiyi xərclərin əvəzini ödəməkdən və əlavə muzd ödəməkdən imtina etmişdir. Buna görə də, iddia ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin iddiası məhkəmədədir. Həmçinin İddiaçı təqdim etdiyi sənədlərin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsi bağlanmış və sonuncu tərəfindən etibarnamə verilmişdir. “Bolt” taksi şirkətinin iddiaçı X5 göndərdiyi sms bildirişindən görünür ki, X11 Bakı 3 saylı İstintaq Təcridxanasına gedən zaman gediş haqqı olaraq 16.63 (on altı manat altmış üç qəpik) manat ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 3-16/2-4/1948/2024 saylı məktubundan görünür ki, məhkəmə ekspertizasının aparılmasından aşağıdakı səbəblərə görə imtina edilmişdir: 5 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin əsli, Cavabdeh 3-5 sənəddə sərbəst imza nümunələrinin təqdim edilməsi barədə 13 dekabr 2024-cü il tarixdə ekspert vəsatəti verilmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh 3-5 sənəddə sərbəst imza nümunələri təmin edilmiş, 5 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin əslinin təqdim edilməsi barədə vəsatət təmin edilməmişdir. Bu səbəbdən rəy vermək qeyri-mümkün olmuşdur. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş səs yazılarına baxış keçirildiyi zaman cavabdehin ərinin cinayət işi və zərərçəkmişlərə zərərin ödənilməsi ilə bağlı tərəflər arasında söhbətlər aparıldığı müəyyən olunmuşdur. Eləcə də, səs yazılarının birində İddiaçı tərəfindən “mənə heç nə lazım deyil, mən sizin üçün əlimdən gələni edirəm” ifadələrinin işləndiyi aşkar olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı sübut qismində məhkəmə təcrübəsinə dair Yasamal Rayon Məhkəməsinin 2(004)-1083/2017 saylı, 03 mart 2017-ci il tarixli qətnaməsini əlavə edərək bildirmişdir ki, irəli sürdüyü “öhdəçiliyin pozulması ilə əlaqədar vurulmuş zərərin ödənilməsinə dair” iddia tələbi qismən təmin edilmişdir. Bununla əlaqədar məhkəmə qeyd etmişdir ki, adı çəkilən qətnamənin təsviri hissəsində tərəflər arasında razılaşdırılmış şərtə əsasən əldə olunan xərclərlə bağlı 10 faiz mükafat nəzərdə tutulmuşdur. Hazırkı tələb üzrə məhkəməyə təqdim olunan 05 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin surətində əks olunmuş ikinci bənddən görünür ki, tapşırıq alan, tapşırıq verəndən heç bir qazanc və xeyir güdmədən onun tərəfindən notariat qaydada ona verilmiş etibarnamə və bu Müqavilənin şərtləri əsasında fəaliyyət göstərərək tapşırıqı qəbul edir və icra edir. Tərəflər arasında şərtləşdirilmiş şifahi razılaşma ilə əlaqədar məhkəmə bildirmişdir ki, iddia ərizəsində iddiaçı cavabdeh tərəfindən etibarnamə üzrə ona tapşırılmış bütün işləri gördüyünü, lakin cavabdehin tapşırıqla əlaqədar çəkdiyi xərclərin əvəzini ödəməkdən və əlavə muzd ödəməkdən imtina etdiyini qeyd etmişdir. Əlavə muzd tələbinə münasibətdə məhkəmə bildirmişdir ki, nə tərəflər arasında iddiaçı tərəfindən mövcudluğu israr edilən tapşırıq müqaviləsinin surətində, nə də başqa razılaşmada belə bir müqavilə şərtinin mövcudluğu iddiaçı tərəfindən subut edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən əlavə muzd tələbinə dair şərtin və ya razılaşmanın mövcud olmasının sübut edilməsi yükü iddiaçının üzərinə düşür. İddia tələbinin tapşırıqla əlaqədar çəkilən xərclər hissəsinə münasibətdə məhkəmə bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya vəkillə müqavilə bağlanması üçün 400 (dörd yüz) manat, arayış almaq üçün 250 (iki yüz) manat, cavabdehin əri ilə görüş təşkil etmək üçün 300 (üç yüz) manat və zərərçəkmiş tərəfə ödənilməsi üçün 1000 (min) manat cəmi 1950 (min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti ödənilmiş və bu məbləğlərin verilməsi mülki iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri ilə elcə də tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla təsdiq olunmuşdur. İddiaçının irəli sürdüyü digər tapşırıq xərcləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin tələbin əsası kimi istinad olunan hallar, yəni çəkilmiş digər xərclərə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının irəli sürdüyü əlavə xərclərlə bağlı tələb üzrə o, yalnız “Bolt” taksi şirkətinin İddiaçı göndərdiyi sms bildirişə dair qəbz təqdim etmişdir. Həmin qəbzdən görünür ki, X11 Bakı 3 saylı İstintaq Təcridxanasına gedən zaman gediş haqqı olaraq 16.63 (on altı manat altmış üç qəpik) manat ödəniş etmişdir. Lakin məhkəmə hesab etmişdir ki, bu gedişin hansı məqsədlə həyata keçirilməsi və mübahisəli vəziyyətə dair əlaqəsi iddiaçı tərəfindən sübut oluna bilməmişdir. Cavabdeh 04 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh məhkəməxəttşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(022)-746/2024 saylı qərardadından görünür ki, iş üzrə məhkəmı-xətşünaslıq ekspertizası qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 3-16/2-4/1948/2024 saylı məktubundan görünür ki, məhkəmə ekspertizasının aparılmasından aşağıdakı səbəblərə görə imtina edilmişdir: 5 dekabr 2023-cü il tarixli tapşırıqmüqaviləsinin əsli, Cavabdeh 3-5 sənəddə sərbəst imza nümunələrinin təqdim edilməsi barədə 13 dekabr 2024-cü il tarixdə ekspert vəsatəti verilmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh 3-5 sənəddə sərbəst imza nümunələri təmin edilmiş, 5 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin əslinin təqdim edilməsi barədə vəsatət təmin edilməmişdir. Bu səbəbdən rəy vermək qeyri-mümkün olmuşdur. İddiaçının cavabdehlə arasında yazılı qaydada tapşırıq müqaviləsinin bağlanmasını iddia etməsi, cavabdehin isə belə bir müqaviləni imzalamasını, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən tapşırıq müqaviləsinin surətində əks olunan imzanın Cavabdeh tərəfindən ona aid olmamasını bildirməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mövcudluğu iddia edilən müqavilənin əslinin ekspertizaya, eləcə də məhkəməyə təqdim edilməsi öhdəliyi, sübutetmə yükü olan iddiaçının üzərinə düşdüyü halda onun tərəfindən təqdim edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı “tapşırıq müqaviləsindən irəli gələn öhdəçiliyin pozulmasına dair pul tələbi” barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 777.1, 777.2, 783.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticəyə görə iş materiallarında olan “tapşırıq müqaviləsi” ilə bağlı məhkəmə -xəttşünaslıq eksperti rəy verə bilmədiyi üçün həmin müqavilə sübut kimi qəbul edilə bilməz. Bu səhv nəticədir. Birincisi odur ki, məhkəmə əsas olaraq notarizat kontoru vasitəsi ilə ona verilmiş etibarnaməyə və iş üzrə görülmüş işlərə qiymət verməli idi. Burada müqavilənin yazılı olub olmamasının əhəmiyyəti o qədər də yoxdur. Göründüyü kimi qanunverici tapşırıq üçün ən əsas səlahiyyəti vəkalətnaməni tanıyır. Belə bir vəkalət isə cavabdeh tərəfindən hələ xx.xx.2023-cü ildə verilmiş, o isə həmin vəkaləti yalnız 2024 cü ilin mart ayında, yəni o bütün tapşırıqları həyata keçirəndən sonra ləğv etmiş, amma onun pulunu da verməmişdir. Belə ki, Azərbaycan Mülki Məcəlləsinin 777-786-cı maddələri tapşırıq müqavilələri ilə bağlı münasibətləri tənzimləyir. Bu normalarda tapşırıq muqaviləsinin hansı formada bağlanması, onun nəticəsi, tərəflərin məsuliyyəti və sair qeyd olunmuşdur. Həmin normada o da qeyd olunmuşdur ki, “tapşırıq alan” tapşırığın nəticəsinə görə qarantiya vermir. Əsas odur ki, tapşırıqla bağlı hərəkətlər edilsin. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə notariat qaydasında ona etibarnamə verib onun həbsdə olan həyat yoldaşı Məmmədov Rəşad üçün vəkil tutmağı, onun üçün apellyasiya şikayəti yazması və s tapşırmışdır. Elə həmin gün onlar bu barədə aralarında yazılı “tapşırıq müqaviləsi” bağlamışdırlar. Tapşırıq müqaviləsində onun görməli olduğu işlər konkret olaraq göstərilmişdir. Mülki Məcəllənin 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. O, tapşırıq muqaviləsində ona həvalə edilən bütün işləri görmüşdür. AR MM-in 786.5-ci maddəsinə görə “Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər”. Hakim işi araşdırsa da düzgün nəticəyə gələ bilməmişdir. Tapşırıqa görə ona xərc və muzd ödənməmişdir. Cavabdehin özü də məhkəmə zamanı onun həqiqətən də tapşırıqa uyğun olaraq işlər gördüyünü təsdiq etmişdir. Amma onun narazılığı işin keyfiyyətindədir. Güya onu aldadaraq ondan 1000 manat pul almışdır. Həmin o 1000 manatı isə cavabdeh onun özü üçün yox, onun üzərinə 5000 manat da qoyub zərərçəkmiş Vəliyevə Rəsmiyyəyə verilməsini tapşırmışdır. İş materiallarında olan qəbzdən də görünür ki, o, Vəliyeva Rəsmiyyəyə poçtla 6000 manat pul göndərmişdir. Bütün bunlar aralarında bağlanmış tapşırıq müqaviləsinə uyğun olmuşdur. Bundan başqa o, tapşırıqa uyğun olaraq cavabdehin ona verdiyi etibarnaməyə əsaslanaraq 3-4 dəfə X9 Təcidxanasınacavabdehin əri Məmmədov Rəşadın saxlandığı yerə getmiş orada onun bəzi problemlərini həll etmiş, təcridxananın müdiriyyətindən cavabdehin sosial alması üçün arayış almış onun üçün ərzaq aparmış və onun ailəsi ilə görüşünü təşkil etmişdir. Nəticədə öz vəsaitindən 1000 manat xərcləmiş və həm 1000 manatı, həm də əlavə 1000 manat muzd tələb edir. Bu onun haqqıdır. Ona görə də Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025 ci il tarixli, 2(022)-19/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəblərdən prosesə gələ bilmədiyinə görə məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, İddiaçı məhkəmə iclasında iştirakının mümkünsüzlüyünü təsdiq edən hər hansı bir əsaslı səbəb göstərməmiş, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir və odur ki, məhkəmə iclasının təxirə salınmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025 ci il tarixli, 2(022)-19/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)- 19/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Cavabdeh öz vəsaiti ilə ödədiyi tapşırıq xərclərinə görə 1000 (min) manat, muzd kimi 1000 (min) manat - cəmi 2000 (iki min) manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 05 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin surətindən görünür ki, iddiaçı tapşırığı heç bir qazanc və xeyir güdmədən qəbul etmişdir. Bu hal tərəflər arasında əlavə muzdun nəzərdə tutulmadığını birbaşa təsdiq edir. İddiaçı tərəfindən əlavə muzdun mövcudluğuna dair hər hansı yazılı razılaşma, müqavilə şərti və ya etibarlı sübut təqdim edilməmişdir. Müqavilənin əsli məhkəməyə və ekspertizaya təqdim olunmadığından onun bağlanması və cavabdeh tərəfindən imzalanması sübuta yetirilməmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən irəli sürülən digər xərclərin mübahisəli tapşırıqla bağlılığı və zəruriliyi sübut olunmamışdır. Bu səbəbdən sübutetmə yükünü daşıyan iddiaçının “tapşırıq müqaviləsindən irəli gələn pul tələbi” əsassız hesab edilərək təmin edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibəti olmuş, iddiaçı tapşırıq müqaviləsinə əsasən cavabdeh tərəfindən ona ödənilmədiyini iddia etdiyi əlavə muzdun və tapşırığın icrası ilə əlaqədar çəkdiyi xərclərin cavabdehdən tutulmasını tələb edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 777.1, 777.2, 783.2-ci maddələri təşkil edir. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət (Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 777.1,777.2,779.1-ci maddələri) daşıyır. İlk növbədə qeyd edilməlidir ki, 05 dekabr 2023-cü il tarixli, AR-İİİ seriyalı 215274 nömrəli etibarnaməyə əsasən Cavabdeh İddiaçı müəyyən işlərin görülməsi səlahiyyətini vermiş, habelə tərəflər arasında tapşırıq müqaviləsinin bağlanması iş üzrə mübahisələndirilməyən haldır. Mübahisələndirilən hal isə tapşırıq müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyi iddia edilən pul məbləği ilə bağlıdır. Apellyasiya şikayətinin dəlillərinə nəzər yetirdikdə görünür ki, iddiaçı tərəfindən irəli sürülən arqumentlər mahiyyət etibarilə birinci instansiya məhkəməsində irəli sürülmüş iddia tələbi ilə eynilik təşkil edir və yeni hüquqi əsaslara, yaxud əvvəlki mərhələdə məhkəmə tərəfindən araşdırılmamış hər hansı mühüm fakta əsaslanmır. Belə ki, iddiaçı mübahisələndirilən pul məbləğinin ona ödənilməli olduğunu iddia etsə də, bu tələbin hüquqi və faktiki əsaslarını əsaslandırmamış, həmin məbləğin hansı öhdəlikdən irəli gəldiyini, tərəflər arasında hansı razılaşma ilə nəzərdə tutulduğunu, habelə ödəniş öhdəliyinin mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin məzmunu və iş materialları fonunda diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, hazırkı tələb üzrə məhkəməyə təqdim olunmuş 05 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin surətinin ikinci bəndindən açıq şəkildə görünür ki, tapşırıq alan tapşırığı tapşırıq verəndən heç bir qazanc və xeyir güdmədən, notariat qaydasında verilmiş etibarnamə və müqavilə şərtləri əsasında qəbul etmiş və icra etməyi öhdəsinə götürmüşdür. Bu hal tərəflər arasında əlavə muzdun nəzərdə tutulmadığını birbaşa təsdiq edir. Qeyd edilməlidir ki, «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulmaqla sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İddiaçı isə belə bir sübut təqdim edə bilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı tərəfindən iddia edilən şifahi razılaşma ilə bağlı məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddia ərizəsində tapşırıq üzrə bütün işlərin görüldüyü bildirilsə də, əlavə muzdun ödənilməsinə dair nə yazılı müqavilə şərti, nə də etibarlı sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, əlavə muzd tələbinə dair razılaşmanın mövcudluğunu sübut etmək yükü iddiaçının üzərinə düşür. Bundan əlavə, tapşırıq müqaviləsinin məhz “qazanc güdmədən” icra olunmasını nəzərdə tutması fonunda, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 783.3 və 786.5-ci maddələrinə istinad etməsi münasib hüquqi əsas yarada bilməz. Çünki həmin normalar yalnız muzdun razılaşdırıldığı və ya belə razılaşdırmanın mövcudluğu sübuta yetirildiyi hallarda tətbiq oluna bilər. Hazırkı iş üzrə isə belə bir razılaşmanın mövcudluğu sübuta yetirilməmişdir. Vurğulanmalıdır ki, iddiaçının tələb etdiyi pulun ödənilməli olması, yalnız cavabdehin imzasının müqaviləyə aid olub-olmamasına bağlı deyil, iddia tələbinin əsassızlığına səbəb olan hal tərəflər arasında əlavə muzd və ya xərclərin ödənilməsinə dair konkret şərt razılaşdırılmamasıdır. Tapşırıq müqaviləsinin ikinci bəndində qeyd olunur ki, tapşırıq alan heç bir qazanc və xeyir güdmədən fəaliyyət göstərir. Məhz bu səbəbdən iddiaçının əlavə muzd və xərclər üçün irəli sürdüyü tələb hüquqi baxımdan əsaslandırılmamışdır və iddianın əsassız hesab edilməsinin səbəbi məhz tərəflər arasında belə bir şərtin mövcud olmamasıdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-19/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-19/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar