Məhkəmə qərarları › İş №2(106)-1841/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1841/2025

27.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1841/2025 27.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Laçın Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli 2(047)-878/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı məxsus xx.xx.2014-cü il tarixli 077551 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin 30 iyun 2025-ci il tarixli 24 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. ƏƏSMN TSEK-nın məlumatından və Ağcabədi RİHB Cəfərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı qayınanası X1 İddiaçı evində yaşayır və ona ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik statusu verilmişdir. X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı müvafiq qaydada mediatora müraciət etmiş və onunla cavabdeh Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X6 xx.xx.2025-ci il tarixə saat 13:00-da keçirilən ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər və bununla bağlı İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İDDİATƏLƏBİ: İddiaçı Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinə qarşı işdən çıxarma barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Laçın rayonu Hacıxanlı kənd tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsində işləmişdir. 2002-ci ildən indiyə qədər müxtəlif müəssisələrdə, müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2014-cü ildən isə həmin məktəbdə riyaziyyat müəllimi vəzifəsinə keçirilmişdir. Onun ümumilikdə 23 il pedaqoji təcrübəsi vardır. Lakin onunla Laçın rayonu Hacıxanlı kənd tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsaslanaraq xitam verilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.3-cü və 5.4-cü bəndlərinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi rəhbər tutularaq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət Ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Laçın rayonu Hacıxanlı kənd tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. Qeyd olunan əmrdən görünür ki, o, ikinci dəfə təkrar sertifıkasiya imtahanından keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi rəhbər tutularaq xitam verilmişdir. Bununla da cavabdeh tərəfindən Əmək Məcəlləsinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Məcəllənin 70-ci maddəsinin “c” bəndi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi nəticəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvini nəzərdə tutan əsas kimi müəyyən edilmişdir. Lakin Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsinin qadağan olunduğu işçilərin dairəsi müəyyən edilmişdir. Bu kateqoriya şəxslərdən biri də öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərdir. Belə ki, onun ailəsi özü də daxil olmaqla 6 nəfərdən ibarətdir. Onun qayınanası X4 birinci dərəcə müddətsiz əlildir. Ona daimi qulluq və müalicə tələb olunur. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısının Cəfərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli arayışdan da görünür ki, X1 İddiaçı evində yaşayır. Məhz yuxarıda qeyd olunanlar təsdiq edir ki, onun himayəsində birinci dərəcə əlilliyi olan şəxs olduğu halda, cavabdeh tərəfindən Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri kobud şəkildə pozularaq onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(047)-878/2025 saylı qətnaməsi ilə (hakim Cavad İbrahimov) iddianın təmin edilməməsi qət edilmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Laçın rayonu Hacıxanlı kənd tam orta məktəbi arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı həmin məktəbə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmiş və işlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmişdir. “Təhsil haqqında” Qanuna əsasən sertifikatlaşdırma-dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Əmək qanunvericiliyinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən də, xx.xx.2025-ci ildə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında sertifikatlaşdırmadan təkrar keçməyən İddiaçı barəsində Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X6 tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli 24 saylı əmrə əsasən Əmək Məcəlləsinin 67.2-ci maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifkatlaşdırma Qaydası”nın 5.3-cü və 5.4-cü bəndləri rəhbər tutularaq təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin riyaziyyat müəllimi kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. Bundan sonra İddiaçı tərəfindən müvafiq qaydada mediatora müraciət edilmiş, lakin iddiaçı ilə cavabdeh Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X6 xx.xx.2025-ci il tarixə saat 13:00-da keçirilən ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər. Daha sonra İddiaçı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələblərinə istinad edərək öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olduğu üçün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X6 tərəfindən onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsinin qanunsuz və əsassız olduğunu bildirmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən İddiaçı 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi halda iddiaçının öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ilə xitam verilməsi sahəsində hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilməməlidir. Bundan əlavə, Əmək Məcəlləsinin 67-2-ci maddəsinin tələblərinə əsasən İddiaçı öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olduğu halda sertifikatlaşdırmadan keçirilməyən şəxslər kateqoriyasına aid edilmədiyindən, belə olan halda isə onun müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilməsi məhdudlaşdırılmadığından və iddiaçı müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilərək qeyd edilən təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbləri nəzərə alınmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələblərinə istinad etməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X6 tərəfindən ləğv edilməsi, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 noyabr 2024-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyinə əsasən də əmək qanunvericiliyinin tələblərinə zidd hesab edilməməlidir. Göründüyü kimi, iddiaçı peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasına dair sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamadığı üçün təkrar sertifikatlaşdırmaya cəlb olunmuş, lakin həmin sertifikatlaşdırma prosesində də müvafiq keçid balını toplamadığından Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin direktoru X6 tərəfindən 30 iyun 2025-ci il tarixdən ləğv edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin bütün tələblərinə riayət edilməklə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə özü təsbit etmişdir ki, iddiaçının qayınanası İ dərəcə, müddətsiz əlilliyi olan şəxsdir və iddiaçının evində yaşayır. Bu faktlar “öhdəsində” meyarının mövcudluğunu göstərir. İş üzrə “öhdəsində 81–100% əlilliyi olan digər ailə üzvü” faktı nə işəgötürən, nə də məhkəmə tərəfindən inkar edilir. Bu halda Əmək Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməli idi. Əmək Məcəlləsinin 70-ci maddəsi əsasında əmək müqaviləsinə xitam verilməsi qadağandır. Nəticə etibarilə xx.xx.2025 tarixli 24 saylı xitam əmri Əmək Məcəlləsinin 79.1-ci maddəsinin qadağası şəraitində verildiyi üçün qanunsuzdur və etibarsız sayılmalı, işçi işə bərpa edilməli, məcburi işburaxma dövrünə görə ödənişlər tutulmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, işin nəticəsinə təsir edən əsas faktiki halların hamısı aydınlaşdırmayıb. İlk növbədə, məhkəmə özü “öhdəsində 81–100% əlilliyi müəyyən edilmiş digər ailə üzvü” faktını – yəni iddiaçının qayınanasının İ dərəcə, müddətsiz əlilliyinin və iddiaçı ilə eyni ünvanda birgə yaşayışının mövcudluğunu təsdiqləsə də, bu faktın hüquqi nəticələri ilə bağlı düzgün qərar verməmişdir. Məhkəmə Əmək Məcəlləsinin 79.1-ci maddəsinin tətbiqini aradan qaldıran heç bir hüquqi və faktiki əsas göstərmədən, təkcə sertifikatlaşdırma proseduruna istinadla Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi əsasında xitamı qanuni saymışdır. Burada maddi hüquq yanlış tətbiq (79-cu maddənin tələbləri nəzərə alınmamış) edilmişdir. Nəticə etibarilə Konstitusiya Məhkəməsinin göstərdiyi hüquqi mövqe Əmək Məcəlləsinin 79-cu maddəsinin mətni və məqsədyönlü şərhi, eləcə də iş üzrə etiraf edilmiş “öhdəsində 81–100% əlilliyi olan digər ailə üzvü” faktı nəzərə alınmaqla, iddiaçı ilə əmək müqaviləsinə 70-ci maddənin “c” bəndi əsasında xitam verilməsi yolverilməzdir. TƏRƏFLƏRİNİZAHATLARİ: İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşı tərəflə aralarında hər hansı barışıq mövcud deyildir. Ona məktəbdə sosial-pedaqoq vəzifəsi təklif olunsa da, həmin vəzifə müəllim vəzifəsi hesab edilmədiyi və əmək haqqı çalışdığı riyaziyyat müəllimi vəzifəsi ilə müqayisədə daha aşağı olduğu üçün bu təkliflə razılaşmamışdır. İşdən çıxarılmasına dair əmr imtahanın nəticələrinə əsasən verilmişdir. Məktəb tərəfindən 30 iyun 2025-ci il tarixdə çıxarılmış əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad edilsə də, həmin Məcəllənin 79.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Bundan əlavə, qayınanası hazırda onun himayəsindədir və birlikdə eyni ünvanda yaşayırlar. Bu halı təsdiq edən müvafiq arayış da mövcuddur. Göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. ƏM-in 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir. ƏM-in 11-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. ƏM-in 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. ƏM-in 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. ƏM-in 45-ci maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. ƏM-in 67-2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. ƏM-in 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Bundan əlavə, Əmək Məcəlləsinin 70-ci maddəsində işə götürən tərəfindən əmək müqaviəsinin ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “c” bəndində qeyd edilir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. ƏM-in 84-cü maddəsinin İ hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddənin İİ hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. İİİ hissənin tələblərinə əsasən isə əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. “Təhsil haqqında” Qanunun 36-2.1-36-2.3-cü maddəsinə görə dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində, azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçmirlər. Həmin Qanunun 36-2.6-cı maddəsinə görə təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinə əsasən hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində, azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçmirlər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Beləliklə, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin İddiaçı öhdəsində orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79.1-ci maddəsinin tələblərinin nəzərə alınmalı olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının qaynanası X2 iddiaçı ilə eyni ünvanda yaşaması onun faktiki olaraq İddiaçı ailə üzvü olması və öhdəsində olmasını təsdiq etmir. Bu hal əmək müqaviləsinin ləğv edilməsinə maneə yaradan hüquqi vəziyyət hesab oluna bilməz. Qeyd edək ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələblərinə əsasən işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Ancaq nəzərə alınmalıdır ki, İddiaçı qaynanası X4 birinci dərəcə müddətsiz əlil olaraq onun öhdəsində olsa belə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsi ilə ailə üzvləri kimi yalnız ər-arvad, valideynlər və uşaqlar tanındığı üçün hazırkı dəlil qanuni və əsaslı deyildir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli 2(047)-878/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli 2(047)-878/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar