Məhkəmə qərarları › İş №2(106)-1846/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1846/2024

28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1846/2024 28.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X14 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-707/2024 saylı qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X13 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayına kimi Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü il tarixdə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olmuş, xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayınadək “D.Bünyadzadə” adına kolxozda fəhlə işləmişdir. Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işlədiyi illəri təsdiq edən əmək kitabçası və kolxozun bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayına kimi Laçın rayon «D.Bünyadzadə” adına kolxozda işlədiyinə dair arxiv arayışının verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Bundan başqa onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün etdiyi müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X13 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında baxılmış, lakin Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işlədiyi illərin onun əmək stajına əlavə edilməsindən imtina edilmişdir. Kolxozda işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edirlər. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayına kimi Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-707/2024 saylı qətnaməsi ilə (hakim C.İbrahimov) ərizə təmin edilmiş, Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Dadaş Bünyadzadə” adına kolxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə iclasında tədqiq edilən sübutlar əsasında belə müəyyən edildi ki, ərizəçinin Laçın rayon “D.Bünyadzadə” adına kolxozda xx.xx.1984-cü il tarixdən 1992-ci il tarixədək fəhlə işləməsi ərizəçi ilə birlikdə həmin kolxozda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayon “D.Bünyadzadə” adına kolxoz 2000-ci ilədək fəaliyyət göstərmiş və aqrar islahat nəticəsində həmin kolxoz ləğv edilmişdir. Qeyd edilənlərə əsasən də, məhkəmə iclası zamanı Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X13 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsinin nəzərə alınmayaraq ərizəçiyə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edildi. Göstərilənlərə əsasən də məhkəmə ərizənin təmin olunmasını, yəni Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini qanuni və əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab etmişdir ki, Məhkəmə iclasında tədqiq edilən sübutlar əsasında belə müəyyən edildi ki, ərizəçinin Laçın rayon “D.Bünyadzadə” adına kolxozda xx.xx.1984-cü il tarixdən 1992-ci il tarixədək fəhlə işləməsi ərizəçi ilə birlikdə həmin kolxozda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayon “D.Bünyadzadə” adına kolxoz 2000-ci ilədək fəaliyyət göstərmiş və aqrar islahat nəticəsində həmin kolxoz ləğv edilmişdir. Qeyd edilənlərə əsasən də, məhkəmə iclası zamanı Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X13 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsinin nəzərə alınmayaraq ərizəçiyə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edildi. Göstərilənlərə əsasən də məhkəmə ərizənin təmin olunmasını, yəni Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11, 308-ci,309, 310-cu maddələri, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarının 3.4-cü bəndləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri; Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.2024-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinatüzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin ərizəçinin sözügedən dövrlərdə işlədiyini göstərən hər hansı bir arxiv sənədi quruma təqdim olunmadığı üçün Dağlıq Qarabağ və ətraf rayonlarının (o cümlədən Laçın rayonunun) vaxtilə işğal olunması səbəbi ilə iş stajının yerində yoxlanılması mümkün olmamışdır. Qeyd etmək lazımdır ki, məhkəmə qanunvericiliyin tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, şahid X12 və X6 əmək kitabçalarının mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. İş materiallarından aydın olur ki, X2 işə daxil olma və işdən çıxma əmrlərinin nömrəsi qeyd edilməmişdir. Digər tərəfdən Y.Yusubovun xx.xx.2001-ci il tarixli əmək kitabçasındakı ilk qeyd xx.xx.1985-ci il tarixə aiddir. Digər şahid F.Əsədovun ******* №li xx.xx.1980-ci il tarixli əmək kitabçasındakı ilk qeyd isə xx.xx.1978-ci il tarixə aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə 28 aprel 2022-ci il tarixli № 175 saylı qərarına əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajının hesablanması zamanı diqqət yetirilən ünsürlərdən biri də kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənəd kolxozçunun əmək kitabçasıdır (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə). Həmçinin, Azərbaycan RespublikasıNazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №- li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də i ş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16- cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyənedilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Hazırkıişdə isə şahid X12 və X6 əmək kitabçalarının mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Bu müddəalar Azərbaycan RespublikasıAli Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə,əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə də Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-707/2024 saylı qətnaməsi ləğv edilməli, ərizə təmin edilməməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-707/2024 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin rədd edilməsini, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-707/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2007-ci il tarixli, Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2007-ci il tarixli, Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator apellyasiya şikayəti təmin edilməsini, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-707/2024 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-707/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-707/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin Laçın rayon «D.Bünyadzadə” adına kolxozda xx.xx.1984-cü il tarixdən 1992-ci il tarixədək fəhlə işləməsi ərizəçi ilə birlikdə həmin kolxozda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayon «D.Bünyadzadə” adına kolxoz 2000-ci ilədək fəaliyyət göstərmiş və aqrar islahat nəticəsində həmin kolxoz ləğv edilmişdir. Məhkəmə iclası zamanı Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X13 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsinin nəzərə alınmayaraq ərizəçiyə müvafiq olaraq xx.xx.2023cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edildi. Məhkəmə tərkibi qeyd edir ki, ərizəçinin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir və sadəcə formal mülahizələrdən ibarətdir. Belə ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının, hazırki mülki iş üzrə isə ərizəçinin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına nəzər yetirdikdə görünür ki, ərizəçinin Laçın rayon “D.Bünyadzadə” adına kolxozda xx.xx.1984-cü il tarixdən 1992-ci il tarixədək fəhlə işləməsi ərizəçi ilə birlikdə həmin kolxozda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayon “D.Bünyadzadə” adına kolxoz 2000-ci ilədək fəaliyyət göstərmiş və aqrar islahat nəticəsində həmin kolxoz ləğv edilmişdir. Ərizəçinin işləməsi şahidlər X10, X1 Daşdəmir Kərim oğlunun ifadələri ilə təsdiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsini tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin mötəbərliyi üçün əsas yaradır. Hazırda da ərizəçinin vaxtı ilə işlədiyi kolxoz fəaliyyət göstərmədiyindən onun məhkəmə müdafiəsindən istifadə edərək işləməsi faktının müəyyən edilməsini xahiş etməsi isə ərizəçinin həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsinə dəlalət edir. Birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçinin hüquqi əhəmiyyətli fakt olaraq əmək stajına malik olma faktını təsdiq etmişdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, şahid X12 və X6 əmək kitabçalarının mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. İş materiallarından aydın olur ki, X2 işə daxil olma və işdən çıxma əmrlərinin nömrəsi qeyd edilməmişdir. Digər tərəfdən Y.Yusubovun xx.xx.2001-ci il tarixli əmək kitabçasındakı ilk qeyd xx.xx.1985-ci il tarixə aiddir. Digər şahid F.Əsədovun ******* №li xx.xx.1980-ci il tarixli əmək kitabçasındakı ilk qeyd isə xx.xx.1978-ci il tarixə aiddir. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. X2 işə daxil olma və işdən çıxma əmrlərinin nömrəsinin qeyd edilməməsi, ona məxsus əmək kitabçasının etibarsız hesab edilməsi kimi qiymətləndirilə bilməz. X4 “D.Bünyadzadə” adına kolxozda işləməməsi anlamına gəlmir. Eyni zamanda Y.Yusubovun xx.xx.2001-ci il tarixli əmək kitabçasındakı ilk qeydin xx.xx.1985-ci il tarixə aid olmas, digər şahid F.Əsədovun ******* №li xx.xx.1980-ci il tarixli əmək kitabçasındakı ilk qeydin isə xx.xx.1978-ci il tarixə aid olması apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Bundan başqa İşdə olan Laçın Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(047)- 373/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, şahid X7 xx.xx.1970-ci ildən xx.xx.1973-cü ilə kimi və xx.xx.1976-cı ildən xx.xx.1999-cu kimi Laçın rayon “Dadaş Bünyadzadə” adına kolxozda çoban işləmişdir. Göründüyü kimi ərizəçinin ərizəsini təmin etmək üçün kifayət qədər əsalar mövcud olmuşdur. Ona görə də məhkəmə tərkibi hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə ərizənin təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-707/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-707/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar