Məhkəmə qərarları › İş №2(106)-185/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-185/2023

08.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-185/2023 08.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı Ağcabədi Bələdiyyəsinin Cavabdeh qızına qarşı “sərəncamın, torpaqseçmə komissiyasının aktının, icarə müqaviləsinin ləğv edilməsi, torpaqdan çıxarma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(017)-1276/2022 saylı qətnaməsindən (hakim R.Nuriyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı Ağcabədi Bələdiyyəsi Cavabdeh qızına qarşı “sərəncamın, torpaqseçmə komissiyasının aktının, icarə müqaviləsinin ləğv edilməsi, torpaqdan çıxarma” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, bələdiyyə mülkiyyətində olan 6.0 hektar örüş-otlaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə 21 aprel 2003-cü il tarixli 25 saylı sərəncamının, həmin tarixli icarə müqaviləsinin və həmin torpaq seçmə komissiyasının 18 aprel 2003-cü il tarixli aktının ləğv edilməsi və həmin torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağcabədi bələdiyəsi sədrinin 21 aprel 2003-cü il tarixli 25 saylı sərəncamı və həmin tarixli icarə müqaviləsi əsasında Ağcabədi şəhər sakini Cavabdeh qızına Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 6.0 hektar örüş-otlaq torpaq sahəsi 30 il müddətinə icarəyə verilmişdir. İcarəçi Cavabdeh qızı 2003-cü ildən hal-hazıra kimi, yəni 19 ildir ki, həmin torpaq sahəsindən istifadə edir və hər il icarə haqqını ödəyir. Lakin, torpaq sahəsi icarəyə verilərkən kobud qanun pozuntusuna yol verilmişdir. Belə ki, torpaq sahəsi Cavabdeh qızına icarəyə verilərkən bələdiyyə iclası keçirilməmiş, bələdiyyə iclasının qərarı olmadan bələdiyyə sədri sərəncam vermişdir. Bu da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bundan başqa, torpaq sahəsi 10-15 il müddətə icarəyə verilməli olduğu halda, 30 il müddətə icarəyə verilmişdir. Ağcabədi bələdiyyəsinin 28 iyun 2022-ci il tarixli 10 saylı iclasında bu qanunsuzluq müzakirə olunmuş və bələdiyyə iclasının qərarı ilə Cavabdeh qızına qarşı hazırki tələblə Ağcabədi Rayon Məhkəməsinə iddia qaldırılması məqsədə uyğun hesab edilmişdir. Ağcabədi bələdiyyəsinin bu qərarı ilə əlaqədar icarəçi Cavabdeh qızına dəfələrlə şifahi xəbərdarlıq edilmiş və rəsmi müraciətlər göndərilmişdir. Lakin, Cavabdeh qızı müqavilənin ləğv olunmasından imtina etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(017)-1276/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı Ağcabədi Bələdiyyəsi apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, Ağcabədi bələdiyyəsinin hüquq və səlahiyyətlərini pozaraq cavabdehin xeyrinə qanunsuz qətnamə çıxarmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən konsitutsiyanın tələbləri nəzərə alınmamış, pozulmuş, Ağcabədi bələdiyyəsinin hüquq və səlahiyyətləri tapdalanmış və cavabdehin xeyrinə heç bir hüquqi əsası olmayan qətnamə qəbul edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi “Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinin tələblərini düzgün tətbiq etməmiş, göstərilən qanunvericiliyin tələblərinin pozulması hallarına hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi Torpaq Məcəlləsinin 16.4-cü maddəsinin tələblərini düzgün tətbiq etməmiş, əksinə qanunvericilyiin tələblərini pozmuş, bələdiyyənin hüquq və səlahiyyətlərini nəzərə almayaraq, bələdiyyənin haqlı iddia tələbini təmin etməmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 saylı “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” qaydalarının 3-cü bəndinin tələblərini düzgün tətbiq etməmiş, pozmuş, nəticədə iddiaçı Ağcabədi bələdiyyəsinin qanununi iddia tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı cavabdehin icarə müqaviləsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı hallara hüquqi qiymət verilməmiş, əksinə cavabdehin mənafeyini müdafiə edərək onun qanunsuz icarə müqaviləsini mülkiyyət hüququ kimi tanımışdır. Bu da mövcud qanunvericiliyin tələblərinə tamamilə ziddir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tətbiqinə lazımi şərait yaratmalıdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, nəticədə bələdiyyənin mülkiyyət hüquqlarını pozan qanunsuz, ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsini qanuni və əsaslı hesab etmək olmaz. Belə ki, cavabdehə torpaq icarəyə verilən zaman mövcud qanunvericiliyin tələbləri pozularaq, cavabdehə verilən 6 ha örüş-otlaq sahəsi 10-15 il müddətinə verimək əvəzinə, 30 il müddətinə icarəyə verilmişdir. Birinci instansiya məhkəməsi araşdırma zamanı iddiaçı tərəfindən irəli sürülən sübutlarını, cavabdehə sözü gedən 6 ha örüş-otlaq torpaq sahəsinin bələdiyyə iclası keçirilmədən 2003-cü ildə keçmiş bələdiyyə sədrinin təkbaşına sərəncamla verilməsi və həmin torpaq sahəsinin cavabdehə 10-15 il müddətinə verilməli olduğu halda, 30 il müddətinə verilməsi kimi sübutlar tam araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzhmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq Ağcabədi bələdiyyəsinin 28 iyun 2022-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışı təqdim edərək bildirdi ki, mübahisəli torpaq sahəsinin cavabdehə 30 il müddətinə icarəyə verilməsinə dair keçmiş bələdiyyə sədrinin 21 aprel 2003-cü il tarixli 25 saylı sərəncamı ləğv edilmişdir. Məhkəmədə cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətiin əsassız olduğunu bildirib, hüquqlarını müdafiə edərək, eyni zamanda təmsil etdiyi şəxsin birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmiunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, bələdiyyə mülkiyyətində olan 6.0 hektar örüş-otlaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə 21 aprel 2003-cü il tarixli 25 saylı sərəncamının və torpaq seçmə komissiyasının 18 aprel 2003-cü il tarixli aktının ləğv edilməsi hissədə işə məhkəmədə baxılmalı olmaması əsası ilə qətnamə ləğv olunmalı, həmin hissədə işin icraatına xitam verilməlidir. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin təqdim etmiş olduğu Ağcabədi Bələdiyyəsinin 28 iyun 2022-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışdan görünür ki, Ağcabədi şəhər sakini Cavabdeh qızına 6 ha örüş-otlaq torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair Ağcabədi Bələdiyyəsi sədrinin 21 aprel 2003-cü il tarixli 25 saylı sərəncamı artıq ləğv edilmiş, həmin sərəncam üzrə bələdiyyə tərəfindən təsdiq olunan torpaqseçmə aktı əhəmiyyətini itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264 və 402.2-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Ağcabədi Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(017)-1276/2022 saylı qətnaməsi iddianın təmin olunmayan bələdiyyə mülkiyyətində olan 6.0 hektar örüş-otlaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə 21 aprel 2003-cü il tarixli 25 saylı sərəncamın və topaq seçmə komissiyasının 18 aprel 2003-cü il tarixli aktının ləğv edilməsi hissələrdə ləğv olunsun. İddiaçı Ağcabədi Bələdiyyəsinin Cavabdeh qızına qarşı iddiası üzrə bələdiyyə mülkiyyətində olan 6.0 hektar örüş-otlaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə 21 aprel 2003-cü il tarixli 25 saylı sərəncamın və torpaq seçmə komissiyasının 18 aprel 2003-cü il tarixli aktının ləğv edilməsi hissələrdə işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar