Məhkəmə qərarları › İş №2(106)-1854/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1854/2023

21.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1854/2023 21.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı Cavabdeh1 qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(056)-1047/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. a) İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Sabirabad şəhəri, Anar Məmmədov (keçmiş İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5-ə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər sırasında yalnız Cavabdeh1 qeyd etməklə Cavabdeh1 onun mülkiyyətində olan Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5-ə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Bu barədə DƏDRX Şirvan Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2017-ci ildə qeydə aparılmış, RX seriyalı, ******* nömrəli çıxarışla təmin edilmişdir. Cavabdeh1 onun qızı Gülnarə Ələskərovanın keçmiş əri olmuşdur. Salehin şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən yeni şəxsiyyət vəsiqəsi alınarkən mənzilə qeydiyyata salınmasına icazə vermişdir. Sabirabad rayon məhkəməsinin müvafiq qətnaməsi əsasında qızı ilə Cavabdeh1 arasında olan rəsmi nikah pozulmuş, xx.xx.2020-ci ildə bu barədə müvafiq qeydiyyat aparılmışdır. Qızı ilə Saleh faktiki olaraq 4 ilə yaxındır ki, ayrılmışdır və birlikdə yaşamırlar. Cavabdeh Salehin harada yaşaması ona məlum deyil. Cavabdehin onun mənzilində qeydiyyatı formal xarakter daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: b) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh1 izahatında bildirmişdir ki, 2019-cu ildə onu evdən polis sahə rəisinin əli ilə çıxartmışlar. Mübahisəli evdən çıxdıqdan sonra bacısının evində yaşamağa başlamışdır. 2014-cü ilin avqust ayının 24-də mübahisəli evi İradə adlı qadından o, satın almışdır. Evə beh vermək üçün o, qayınatası Rəfail ilə birlikdə getmiş və 9000 manat vermişlər. Lakin şəxsiyyət vəsiqəsinin vaxtı qurtardığı üçün evi qayınanası olan hazırki iş üzrə İddiaçı adına rəsmiləşdirmişdir. Evin dəyərini o, ödəmişdir. Ona görə də o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(056)-1047/2023 saylı (hakim S.Allahverdiyev) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, 5 saylı evin 5 saylı mənzilindən Cavabdeh1 istifadə hüququna xitam verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: c) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, MM-nin 228-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşmailə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konkret halda iddiaçı cavabdehin bu mənzilə istiadə hüququnu qəbul edir və bu səbəbdən də həmin hüquqa xitam verilməsini iddia edir, halbuki mənzilə istifadə hüququna xitam verilməsi yalnız kompensasiya ödənilməsi yoldu ilə mümkündür. Lakin iddiaçı yetərincə əsasların olmamasına baxmayaraq onun istifadə hüququna xitam verilməsini iddia etmişdir. Əslində isə iddia tələbindən də aydın olur ki, bu iddianı verməkdə onun məqsədi cavabdehi qeydiyyatdan çıxarmaq olmuş və mülki məhkəmə qeydiyyatla bağlı mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid olmasına baxmayaraq ərazi aidiyyəti prinsipini pozaraq bu iddia tələbini icraata qəbul etmişdir. AR Konstitusiyasının 43-cü maddəsinin tələbləri birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Bu maddi normaya əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, qeyd edilən mənzil 2014-cü ildən cavabdehin vəsaiti ilə alınmış və cavabdehin sahibliyindədir, cavabdehin şəxsiyyət vəsiqəsinin olmaması üzündən o, bu mənzili iddiaçının adına almış və mənzili alandan dərhal sonra bu mənzilə – öz evinə qeydiyyata düşmüş və şəxsiyyət vəsiqəsi almışdır, bu səbəbdən də mənzilin alınma tarixi xx.xx.2017-ci il tarixə və cavabdehin həmin mənzilə qeydiyyata düşməyi isə xx.xx.2017-ci il tarixə təsadüf edir və bu mənzil iddiaçının adına rəsmiləşdirilməmişdən 3 il qabaq cavabdeh tərəfdən dəyəri ödənilməklə alınmışdır. Lakin məhkəmənin qanunsuz qəbul etdiyi bu qətnamə onu əmlakından məhrum etmişdir. Məhkəmə bu mənzilin cavabdehin vəsaiti ilə alınması ilə bağlı xüsusatları araşdırmamış, mənzilin həqiqətən də onun keçmiş sahibindən cavabdehin vəsaiti ilə alınması ilə bağlı şahidlərini dindirməmiş və çəkişmə prinsipini pozmuşdur. Məhkəmə bu iddianı icraatına qəbul etməklə məhkəmə aidiyyəti prinsipini də pozmuşdur. İddiaçı iddia tələbində cavabdehin qeydiyyatda olduğunu mübahisələndirir və iddia tələbindən də aydın olur ki, bu iddianı verməkdə onun məqsədi cavabdehi qeydiyyatdan çıxarmaq olmuş və mülki məhkəmə qeydiyyatla bağlı mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid olmasına baxmayaraq məhkəmə aidiyyəti prinsipini pozaraq bu iddia tələbini icraata qəbul etmişdir. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, evi özü 2014-cü ildə almış, 2017-ci ildə həmin evdə pasport qeydiyyatına dürmüşdür. İddiaçı məhkəməyə ərizə göndərərək, səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. e) Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. ə) Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etməh hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu. f) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır, buna əsasən də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ İddiaçı adına tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5 ünvanında Cavabdeh1, X2, Cavabdeh1 Mehran oğlu və Cavabdeh2 qeydiyyatdadır. Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsində yerləşən 5 saylı binanın sakinləri tərəfindən tərtib edilmiş və onların imzaları, həmçinin Sabirabad rayon MİS-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AKT-dan görünür ki, Cavabdeh1 və Həsəni X5 şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5 saylı ünvanda qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar, formal qeydiyyatda qalmışlar. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 X3 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürciət etmiş, iddia ərizəsini əsaslandırarkən göstərmişdir ki, onlar xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar. Həmin vaxtdan özlərinə məxsus evləri olmadığına görə əvvəl kirayədə, sonradan isə Gülnarənin anasının adına rəsmiləşdirilmiş göstərdiyi evdə yaşayaraq həmin ünvanda hər ikisi qeydiyyata düşmüşlər. AZ-İ No 348680 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə qeyd edilmiş, arvada “Ələskərova” soyadı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 keçmiş qaynanasıdır. İddiaçı qızı Gülnarə Əliyeva ilə Cavabdeh1 2008-ci ildə nikaha daxil olmuş, onlar əvvəllər kirayədə, sonradan iddiaçının adına rəsmiləşdirilmiş evdə - Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5 ünvanında yaşamışlar və cavabdeh Saleh 2017-ci həmin evə qeydiyyata alınmışdır. 2020-ci ildə G.Əliyeva ilə Cavabdeh1 arasında olan nikah pozulmuş, həmin zamandan onlar ayrı ünvanlarda yaşamağa başlamışlar. Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla, seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı, onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bu baxımdan müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün mülkiyyət hüququnun elementlərinin, xüsusi ilə də istifadə hüququnun məzmununun açıqlanması vacibdir, Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur, Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə, mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla, yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Bütün sadalananlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı, onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla, məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin müəyyən olunan hallarına əsasən iddiaçı tərəfindən mülki mühakimə icraatı qaydasında qaldırılan iddia tələbi üzrə cavabdeh qismində cəlb edilmiş şəxslər ümumiyyətlə iddiaçının ailə üzvü olmayaraq, mülkiyyətində olan fərdi yaşıyış evində sadəcə pasport qeydiyyatına götürülmüş şəxsdir. Kolleygiya hesab edir ki, hazırkİ halda iddiaçının mahiyyət etibarı ilə tələbi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh1 qeydiyyatdan çıxarılması olduğundan, cavabdehin isə həmin mənzildən istifadə hüququ olmadığından, Konsitutusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə, bu cür iddialara ümumi məhkəmələrdə deyil, inzibati məhkəmələrdə baxılmalı olduğundan hazırkı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1), məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(056)-1047/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin onun mülkiyyətində olan Sabirabad şəhəri, Anar Məmmədov (keçmiş İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5-ə olan istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar