Məhkəmə qərarları › İş №2(106)-1857/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1857/2023

18.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1857/2023 18.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh Zəhmətabad kənd Uşaq Bağçasının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Zəhmətabad kənd Uşaq Bağçasına qarşı əmək müqaviləsinə dəyişiklik edilməsi və pul tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)966/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 dekabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Biləsuvar rayon Zəhmətabad kənd Uşaq Bağçasına qarşı iddia ərizəsi ilə müraciət edərək, onunla Biləsuvar rayonu X6 müdiri vəzifəsini müvəqqəti icra edən X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin və bu barədə verilmiş əmrin dəyişdirilməsi və onunla müddətsiz əmək müqaviləsinin bağlanması və bu barədə əmrin verilməsinə Biləsuvar rayonu Zəhmətabad uşaq bağçasnın borclu olması və bu barədə onun üzərinə öhdəlik qoyulması, mediasiya xərcinə görə ödədiyi 55 manat, dövlət rüsumuna görə ödədiyi 51 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 400 manat, işsiz qalmasına görə 600 manat, mənəvi zərərə görə 2000 manat, cəmi 3106 manatın cavabdeh təşkilatdan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılımışdır ki, o, 1992-ci ildə Lənkəran Məktəbəqədər Texnikumunu məktəbəqədər müəssisələrdə tərbiyyəçi ixtisası üzrə bitirmiş, 1999-cu ildən 08 avqust 2022-ci il tarixə qədər olan müddət ərzində Biləsuvar rayon Zəhmətabad kənd uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. O, öz ərizəsinə əsasən Xırmandah kənd uşaq bağçasında tərbiyyəçi vəzifəsinə təyin olunacağına görə Zəhmətabad kənd uşaq bağçasının müdiri vəzifəsindən azad olunmuşdur. Lakin ərizəsinə uyğun olaraq yox, kiminsə istəyinə uyğun olaraq 03 oktyabr 2022-ci il tarixdən 03 aprel 2023-cü il tarixə qədər Zəhmətabad uşaq bağçasında musiqi rəhbəri vəzifəsində işləmişdir. Xəstəxanada müalicə olunarkən ona məlum olmadan qanunsuz olaraq işdən azad olunmuşdur. Uşaq bağçasının müdiri vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən imzalanaraq təsdiq olunmuş 26 nömrəli, xx.xx.2023-cü il tarixli əmrə əsasən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyindən xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, əmək qabiliyyətinin olmaması Seriya SN 00008 №0051492 Vərəqəsindən isə mübahisəsiz qaydada məlur olur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Biləsuvar rayon ASM-də “Fibromatoz uşaqlıq” diaqnozu ilə müalicə olunmuşdur. Həmin tibbi sənədə əsasən xx.xx.2023-cü il tarixdən işə başlamalı idi. Qeyd etdiyi kimi, onunla bağlanmış əmək müqaviləsinə isə xx.xx.2023-cü il tarixdə əmək qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə əmək qabiliyyətinin müvəqqəti olmadığı dönəmdə xitam verilmişdir. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən səhhətində problemlər olduğundan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində tibbi yardım almış və həmin müddətdə əmək qabiliyyəti olmamışdır. Biləsuvar rayon X5 hüquqi şəxsi tərəfindən verilmiş Seriya SN 00008 №0051492 olan Əmək qabiliyyətinin olmaması vərəqindən də görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə dədər olan müddət ərzində ambulator müalicədə olmuş, həmin müddətdə əmək qabiliyyəti olmamış və ona 07 aprel 2023-cü il tarixdən etibarən işə başlaması tövsiyə olunmuşdur. Uşaq bağçasının müdiri vəzifələrini müvəqqəti icra edən Fatimə Həsənli tərəfindən əmək hüquqları kobud surətdə pozulduğundan Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının vitse-Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), Şirvan-Salyan Regional Təhsil İdarəsinə və Əmək Müfəttişliyinə şikayətlər etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdən etibarən Zəhmətabad uşaq bağçasına musiqı rəhbəri vəzifəsinə bərpa olunmuşdur. Lakin əsassız olaraq əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitir. Onunla əmək müqaviləsi bağlanarkən yenidən Fatimə Həsənli tərəfindən əmək hüquqları kobud surətdə pozulmuşdur. Eyni zamanda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində işsiz qalmış və əmək haqqı ala bilməmişdir. Bu müddət ərzində əmək haqqı ala bilməməyinin günahkarı cavabdeh təşkilatdır. Qanunun tələbinə əsasən məcburi boşdayanmağa görə əmək haqqı cavabdeh təşkilatdan alınaraq ona verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyvən edilmədən bağlanmalıdır. Qanunun tələbi baxımından aralarında olan münasibətlərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin müddəaları (Müddətli əmək müqaviləsi bağlanan hallar) tətbiq oluna bilməz. Qanunun mənasına görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən (müddətsiz) bağlanmalıdır. Musiqi rəhbəri vəzifəsinin daimi xarakterə malik olması aralarında əmək müqaviləsi bağlanarkən məlum idi. Başqa sözlə desək, nə qədər ki, Zəhmətabad kənd uşaq bağçası mövcuddur və fəaliyyət göstərir, həmin bağçada musiqi rəhbəri vəzifəsi də mövcud olacaqdır. Qanunun tələbi baxımından belə vəziyyətdə əmək müqaviləsinin müddətli bağlanması qanunsuzdur. O, məcburiyyət qarşısında qaldığından və ona güclü təzyiq və təsirlər olduğundan müddətli əmək müqaviləsinə imza etmişdir. Həmin vaxt həyat yoldaşı da ürəyindən əməliyyat olunmuşdur. Ona qarşı olan qanunsuz hərəkətlərə görə mənəvi zərər çəkmişdir. Belə ki, cavabdeh təşkilatın rəhbərliyinə əmək müqaviləsinin müddətsiz bağlanmalı olmasını bildirsə də, ona əhəmiyyət verən olmamışdır. Regional Təhsil İdarəsinin tapşırığına əsasən iradəsindən asılı olmayan səbəblər üzündən müddətli əmək müqaviləsi bağlanmış və o, da həmin müqaviləyə imza etmişdir. O, məcburiyyət üzündən müqaviləyə imza etmişdir. Çünki, 2 aydan artıq idi ki, işsiz idi. Ailələrində böyük maddi çətinliklər var idi. Həm də onu ələ salmağa başlayaraq bildirmişlər ki, “sənin başın qanundan çıxmır, Sənan müəllimin tapşırığına əsasən müddətli müqavilə bağlanmalıdır, sən qanunları Sənan müəllimdən yaxşı bilirsən? Onun şərəf və ləyaqətinin alçaldılmasına baxmayaraq, həmin vəziyyətdə başqa çıxış yolu olmadığından onlarla razılaşmış və müddətli əmək müqaviləsi bağlandıqdan sonra hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həyat yoldaşı ürəyindən əməliyyat olunub müalicə aldığından çoxlu borc almışdır. Borcları vaxtında qaytara bilmədiyindən qızıllarını lombarda qoyaraq pul götürmüşdür. Bütün bunların günahkarı cavabdeh təşkilat və onun rəhbəridir. Əgər onu qanunsuz və əsassız olaraq işdən çıxartmasaydılar, işləyən şəxs kimi bankdan kredit götürərək problemlərini həll edərdi. Cavabdeh təşkilat və onun rəhbəri, habelə yuxarı rəhbərlik onun şəxsiyyətini və ləyaqətini alçaltmışdır. Ona olmazın mənəvi əzab və işgəncə vermiş, qururunu tapdalamışlar. Uzun illər Zəhmətabad kənd uşaq bağçasında qazandığı hörməti heçə endirmişlər. Kollektivdə onu hörmətdən salmışlar. Bununla da ona mənəvi ziyan vurmuşlar. Qanunun tələbinə əsasən ona yetirilmiş mənəvi ziyan və digər xərclər cavabdeh təşkilatdan alınaraq ona qaytarılmalıdır.Belə ki, Əmək Məcəlləsinin 290- cı maddəsdinin 2-ci hissəsinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisələrinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən ziyan tam həcmdə ödəməlidir. Buna görə də hesab edir ki, Biləsuvar rayonu Zəhmətabad kənd uşaq bağçasında müsiqi rəhbəri vəzifəsinə təyin edilməyi barədə əmr və əmək müqaviləsi qanunun yuxarıda göstərilən tələblərinə əsasən dəyişdirilməli və onunla müddətsiz əmək müqaviləsi bağlanmasına Biləsuvar rayon Zəhmətabad kənd uşaq bağçasının borclu olması, mediasiya xərcinə görə ödədiyi 55 manat, dövlət rüsumuna görə ödədiyi 51 manat, hüquqi yarıma görə vəkilin hesabına ödədiyi 400 manat, işsiz qalmasına görə 600 manat, mənəvi ziyana görə 2000 manatın cavabdeh təşkilatdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Cavabdeh Biləsuvar rayon X6 nümayəndəsi X4 iddianı qəbul etmədiyini, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin 2(022)966/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsi ilə (Hakim N.Mirzəyev) İddiaçı cavabdeh Biləsuvar rayon Zəhmətabad kənd Uşaq Bağçasına qarşı onunla Biləsuvar rayonu Zəhmətabad uşaq bağçasnın müdiri vəzifələrini müvəqqəti icra edən X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin və bu barədə verilmiş əmrin dəyişdirilməsi və onunla müddətsiz əmək müqaviləsinin bağlanması və bu barədə əmrin verilməsinə Biləsuvar rayonu Zəhmətabad uşaq bağçasnın borclu olması və bu barədə onun üzərinə öhdəlik qoyulması, mediasiya xərcinə görə ödədiyi 55 manatın, dövlət rüsumuna görə ödədiyi 51 manatın, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 400 manatın, işsiz qalmasına görə 600 manatın, mənəvi zərərə görə 2000 manatın, cəmi 3106 manatın cavabdeh təşkilatdan alınaraq ona verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)966/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Zəhmətabad kənd Uşaq Bağçasının nümayəndəsi X7 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Biləsuvar Rayon Məhkəməsinin 2(022)966/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və onun nümayəndəsinin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir . Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri həddində, Biləsuvar Rayon Məhkəməsinin 2(022)966/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)966/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakları müəyyən etmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nin Zəhmətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-5/2-258/1-2023-cü il tarixli arayışından görünür ki, Əliyeva X1 rayonu Zəhmətabad kəndində yaşayır. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Biləsuvar rayonu Zəhmətabad kənd Uşaq Bağçası ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 03 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 26 saylı əmrdən görünür ki, Biləsuvar rayonu Zəhmətabad kənd uşaq bağçası bölməsində musiqi rəhbəri işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.1 nömrəli maddəsinin “b” əmək müqaviləsinin müddətinin qurtarması bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Biləsuvar rayonu Zəhmətabad kənd uşaq bağçasının müdiri vəzifəsini müvəqqəti icra edən X4 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023-01208 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır.Lakin, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ŞirvanSalyan Regional Təhsil idarəsinin xx.xx.2023-cü il tarixli 3-29-34/2-1205/2023 saylı məktubundan görünür ki, Biləsuvar rayon Zəhmətabad kənd sakini İddiaçı işə qəbulla bağlı sənədlərinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmaqla 3 (üç) aylıq müqavilə əsasında xx.xx.2023-cü il tarixdən Biləsuvar rayon Zəhmətabad kənd uşaq bağçasında müsiqi rəhbəri vəzifəsinə qəbul edilməsinin rəsmləşdirilməsi (əmək müqaviləsinin bağlanması və xüsusi əmək müqaviləsi bildirişinin işəgötürən tərəfindən elektron informasiya sisteminə dxil edilməsi) Biləsuvar rayon Zəhmətabad kənd uşaq bağçasının müdiri əvəzi X3 həvalə olunmuşdur. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Biləsuvar rayon Zəhmətabad kənd uşaq bağçasının müdir əvəzi X4 ilə İddiaçı arasında müddətli - xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı tələbdən görünür ki, iddiaçı işə götürənə qarşı onunla bağlanmış əmək müqaviləsinin müddətli müqavilə olması ilə razılaşmır və həmin müqavilənin dəyişdirilərək müddətsiz əmək müqaviləsi olması barədə qətnamə çıxarılmasını xahiş edir. Tələbinin hüquqi əsası kimi isə ƏM-nin 45-ci maddəsini əsas göstərir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı 2 aydan artıq işsiz olması, həyat yoldaşının ürək əməliyyatına məruz qalması səbəbəindən müddətli əmək müqaviləsi bağlamağa məcbur olduğunu göstərmişdir. Bununla da iddiaçı müddətli əmək müqaviləsinin onun həqiqi iradə ifadəsi olmadığını göstərsə də, iş materiallarına əlavə edilmiş iddiaçı ilə Zəhmətabad kənd uşaq bağçası arasında bağlanmış əmək müqavilələrindən görünür ki, İddiaçı cavabdeh Biləsuvar rayon Zəhmətabad kənd Uşaq Bağçasında daha əvvəl də müddətli əmək müqavilələri üzrə işləmişdir. Bundan başqa, iddiaçı ƏM-nin 45-ci maddəsinə istinad etməklə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olmasını, yəni konkret olaraq Zəhmətabad kənd Uşaq Bağçasında musiqi rəhbəri vəzifəsinin daimi xarakterli iş olmasını əsas gətirməklə onunla müddətsiz əmək müqaviləsi bağlanmalı olduğunu göstərmişdir. Halbuki, ƏM-nin 47-ci maddəsinin f) bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını istisna etmir. Bundan əlavə, iddiaçı onunla müddətli əmək müqaviləsi bağlananadək və daha sonra onunla müddətli əmək müqaviləsi bağlanmaqla maddi və mənəvi zərər məruz qaldığını göstərsə də, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müddətli əmək müqaviləsi bağlandıqdan sonra öz əmək funksiyasını ardıcıl olaraq yerinə yetirməklə əmək haqqı almışdır. Ona görə də onun maddi və mənəvəi zərər məruz qalmasına dair istinad etdiyi hallar əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45.1-ci maddəsinə əsasən Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. 47-ci maddəsinin- f- bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 49-cu maddəsinə əsasən, əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o tərəflərin imzaladığı gündən qüvvəyə minir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətinə girən tərəflərinin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Əmək müqaviləsi tərəflərin imzaladığı gün qüvvəyə minməklə müddətli əmək müqaviləsi həmin müddətin sonuna kimi davam edir. ilə Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, İddiaçı müddəti üç ay müəyyən edilmiş müddətli əmək müqaviləsi bağlanmış və hər iki tərəf müqavilə şərtlərini bəyənərək onu öz imzaları ilə təsdiq etmişlər. İddiaçının həmin müddətli əmək müqaviləsini imzalaması və bu müddət ərzində iddiaçı tərəfindən heç bir şikayətin olmaması onu göstərir ki, tərəflər müddətli əmək müqaviləsini bağlayarkən Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsaslanmaqla, xüsusi qanunvericiliyin tələblərini pozmamışlar. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi kimi dəyişdirilələk müddətsiz əmək müqaviləsi olması tələbi barədə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Birinci instannsiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının iddia tələbinin təmin olunması üçün əsasların olmaması, həm də onun məhkəmədən iddia tələbində qoyduğu (tərəmə tələb) ikinci xahişinin təmin olunmasını da aradan qaldırır. Odur ki, iddiaçının iddiaçının işə götürənin qanunsuz hərəkəti nəticəsində maddi və mənəvi ziyanın yəni mediasiya xərcinə görə ödədiyi 55 manatın, dövlət rüsumuna görə ödədiyi 51 manatın, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 400 manatın, işsiz qalmasına görə 600 manatın, mənəvi zərərə görə 2000 manatın, cəmi 3106 manatın cavabdeh təşkilatdan alınaraq ona verilməsi tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Biləsuvar Rayon Məhkəməsinin 2(022)966/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)966/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar