Məhkəmə qərarları › İş №2(106)-186/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-186/2025

15.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-186/2025 15.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Feyzulla (Feyzi) oğluna qarşı piyada və maşın yolunun açılması, yolda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər : yolun açılması, hasarın sökülməsi. Şirvan şəhəri, 15 yanvar 2026-cı il X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Feyzulla (Feyzi) oğluna qarşı piyada və maşın yolunun açılması, yolda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin (hakim: İ.Məmmədov) 05 avqust 2024-cü il tarixli, 2(018)-58/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh Feyzulla (Feyzi) oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tutulmuş piyada və maşın yolunun zəbtdən azad edilməsi, gediş-gəliş yolunda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon Babək adına sovxozun xx.xx.1990-cı il tarixli 149 əmri ilə Astara rayonu Rüdəkənar kəndi ərazisində 0.06 hektar həyətyani torpaq sahəsi fərdi yaşayış evi tikməkdən ötrü mülkiyyətlərinə verilmişdir. 1992-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və hal-hazıra kimi həmin yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayırlar. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 11 saylı qərarı ilə istifadələrində olan 0.06 hektar həyətyani torpaq sahəsi mülkiyyətlərinə verilmiş və hansı ki, bu barədə JN -088A nömrəli “torpağın mülkiyyəti verilməsinə dair şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnaməyə və torpaq sahəsinin təhkim aktında göstərilən mülkiyyətlərinə verilən torpaq sahəsinə gediş-gəliş yolu (maşın yolu) nəzərdə tutulmuşdur. Həmin yol Babək adına sovxozun inşa etdiyi hamamın qarşısında olan torpaq sahəsindən keçirdi. Torpaq islahatı zamanı qeyd edilən hamam özəlləşdirilmişdir. Əvvəl hamam Mərhəmət Dadaşov tərəfindən alınmışdır. Sonrada o, hamamı Cavabdeh satılmışdır. Cavabdeh hamamı aldıqdan sonra 1992-ci ildən yol kimi istifadə etdikləri torpaq sahəsini mişar daşı ilə hasara almışdır. Təxminən 2 ilə yaxın müddətdir ki, sənədlərdə yol kimi nəzərdə tutulan yoldan istifadə etmələrinə imkan vermir. Dəfələrlə yolun açılmasını tələb etsələr də nəticəsi olmamışdır. Hətta rayonun aidiyyəti orqanlarına müraciət etmiş ona təklif olunmuşdur ki, məhkəməyə müraciət etsin. Beləliklə maşın və gediş-gəliş yolu cavabdeh tərəfindən zəbt edildiyindən, yol zəbtdən azad edilməli, orada tikilən hasar cavabdehin hesabına sökülməlidir. Cavabdeh tərəfindən tutulmuş piyada və maşın yolunun zəbtdən azad edilməsi, gediş-gəliş yolunda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, əvvəllər istifadə etdiyi piyada və maşın yolunun zəbtdən azad edilməsi və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh Feyzulla oğlu bildirmişdir ki, qeyd edilən torpaq sahəsi onun mülkiyyətindədir, onun mülkiyyətindən yol verilməsi barədə heç bir qeyd yoxdur. İddia əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(018)-58/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində təyin edilmiş və keçirilmiş ekspertiza zamanı işin bütün faktiki halları aydınlaşdırılmamış və iddiaçının mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinə başqa gediş-gəliş yolunun olub-olmaması məsələsinə ekspertiza rəyində bildirilən əsassız və lüzumsuz qeydlə bağlı məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Halbuki, məhkəmə əraziyə yerində baxış keçirsəydi, aydın şəkildə qeyd olunan qonşunun torpaq sahəsindən avtomobil yolunun olmadığını müəyyən edə bilərdi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin Cavabdeh Feyzulla oğlu məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçı və hüquqi varislərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayəti verərək şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; .. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna görə də kollegiya iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə təhlil edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, bəhs olunan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia verilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli 931 saylı Azərbaycan Respublikası Astara RİHBnın Suparibağ kənd İƏDÜN-nin arayışından görünür ki, Ağayev X1 rayonu Rudəkənar kəndində yaşayır. İş materialında olan “JN-088A KOD 80109028” nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1999-cu il tarixli Astara rayon Aqrar İslahat Komissiyasının 11 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materialında olan xx.xx.1997-ci il tarixli vətəndaşlara fərdi yaşayış evlərinin tikilməsinə icazə verilməsi barədə 161 nömrəli sərəncamından görünür ki, Astara rayonu Rudəkənar kənd sakini İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsində layihə əsasında tikinti işlərinin aparılmasına icazə verilmişdir. İş materialında olan xx.xx.1992-ci il tarixli həyətyanı torpaq sahəsinin verilməsinə dair aktdan görünür ki, 0.06 ha həyətyanı torpaq sahəsi Astara rayonu Rudəkənar kənd sakini İddiaçı daimi istifadə üçün təhkim edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məktubundan görünür ki,vahid daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarış sənədinin surətindən görünür ki, Astara rayonu, Rüdəkənar kəndində 0.116 ha torpaq sahəsi Cavabdeh Feyzulla oğlunun xüsusi mülkiyyətindədir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/4079 saylı, 06 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki; Birinci sual üzrə: Araşdırma zamanı Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 11 saylı qərarı əsasında JN-088A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə naturadakı yerləşmə yerinin üst-üstə düşməsi müəyyən olunmuşdur. Araşdırma zamanı İddiaçı və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsinin ölçüsünün 0,17 ha olması və onların xüsusi mülkiyyətlərində olan sözügedən 0,06 ha torpaq sahəsinin faktiki İstifadələrində olan 0,17 ha torpaq sahəsinin koordinatları daxilində yerləşməsi müəyyən olunmuşdur. İkinci sual üzrə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********89 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə Cavabdeh Feyzulla (Feyzi) oğlunun mülkiyyətində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,116 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sənəd üzrə yəriəşmə yeri ilə naturadakı yerləşmə yerinin üst-üstə düşməsi müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki koordinatları ilə faktiki istifadə vəziyyətindəki koordinatları arasında müəyyən qədər uyğunsuzluqların olması, sahə ölçüsünün isə faktiki vəziyyətin sənəd üzrə vəziyyətinə uyğun olması müəyyən edilmişdir. Üçüncü-dördüncü sual üzrə: Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı JN-088A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə şimal istiqamətdən (Cavabdeh Feyzulla (Feyzi) oğlunun faktiki istifadəsində olan torpaq sahəsi istiqamətindən) gediş-gəliş yolunun nəzərdə tutulması müəyyən olunmuşdur. Lakin araşdırma zamanı torpaq islahatına dair kompleks, yerquruluşu layihəsində nəzərdə tutulan həmin gediş-gəliş yolunun faktiki vəziyyətdə naturada (yerdə) mövcud olmaması və eləcə də layihədə nəzərdə tutulan həmin gediş-gəliş yolunun naturaya (yerə) uyğun gəlməməsi müəyyən olunmuşdur. Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir. İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatlarının Cavabdeh Feyzulla (Feyzi) oğlunun faktiki istifadəsində olan 0,116 ha torpaq sahəsinin sərhəd hüdudları daxilinə düşməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin bir hissəsinin (50 kv.m hissəsinin) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********89 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə Cavabdeh Feyzulla (Feyzi) oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə, digər hissəsinin isə Cavabdeh Feyzulla (Feyzi) oğlunun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsinin kəndin əsas yoluna bitişik hissəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikilinin (sarayın) mövcud olması müəyyən olunmuşdur. Araşdırma zamanı JN-088A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə faktiki vəziyyətdə gedişgəliş yolu kimi həmin torpaq sahəsinin qərb istiqamətindən, qonşu torpaq sahəsindən kanal üstü körpü vasitəsilə istifadə edilməsi müəyyən olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulması, o cümlədən torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək tələbini irəli sürmək, qonşu torpaq mülkiyyətçiləri ilə bu barədə müvafiq razılıq əldə olunmadığı halda məkməmə qaydasında tələb etmək hüququ vardır. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsas dəlili işin bütün faktiki hallarının aydınlaşdırılmamasından və iddiaçının mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinə başqa gediş-gəliş yolunun olub-olmaması məsələsinə ekspertiza rəyində bildirilən əsassız və lüzumsuz qeydlə bağlı məhkəmə tərəfindən hər hansı münasibət bildirilməməsindən, məhkəmə tərəfindən əraziyə bilavasitə baxış keçirilməməsindən ibarətdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, müəyyən edilir ki, JN-088A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçıya və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,17 ha-dər və onların xüsusi mülkiyyətlərində olan sözügedən 0,06 ha torpaq sahəsinin faktiki olaraq 0,17 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. Həmçinin müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********89 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsünə” əsasən Astara rayonu, Rüdəkənar kəndində Cavabdeh Feyzulla (Feyzi) oğlunun mülkiyyətində 0,116 ha yaşayış məntəqələrinin torpağı vardır və həmin Çıxarış hal-hazırda qüvvədə olmaqla mübahisələndirilməmişdir. Bundan başqa Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. İşdə olan mütəxəssis və ekspert rəyi ilə Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir. Göründüyü kimi torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, Mülki mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və Mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və Mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(018)-58/2024 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar