Məhkəmə qərarları › İş №2(106)-188/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-188/2024

02.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-188/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Vəkil2, Cavabdeh və cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək geri qaytarılması, əvvəllər çəkilmiş torların cavabdeh tərəfindən yenidən çəkilməsi və cavabdeh tərəfindən maneələrin aradan qaldırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-2298/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Hüseynova (Kazımova) Vüsalə Lazım qızı və İddiaçı4 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-760A, KOD 80200058 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətlərində olan, Cavabdeh zəbt etdiyi 0,06 hektar torpaq sahəsinin cavabdehin hesabına azad edilərək onlara qaytarılması, orada əvvəllər çəkdikləri dəmir torların yenidən cavabdeh tərəfindən çəkilməsi, cavabdeh tərəfindən maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun ondan alınaraq İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 1959-cu ildə anadan olmuşdur, ailəlidir və iki uşağı var. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 06 avqust 2002-ci il tarixli qərarına əsasən ailəsi üçün Lənkəran rayonu, Sütəmurdov kəndində 0,06 hektar torpaq sahəsi almışlar. JN-760A, KOD 80200058 nömrəli şəhadətnamə ilə mülkiyyətlərində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları təsdiq olunmuşdur. Bir müddət öncə həmkəndlisi olan Cavabdeh torpağı ona satmalarını təklif etmiş, satdıqları təqdirdə pulu nağd verəcəyini bildirmişdir. Bu danışıqdan sonra cavabdeh İddiaçı1 200 manat vermiş vermiş və bildirmişdir ki, bunu beh olaraq verir, 1 ilə onun pulunu verib, sonra ailə üzvləri ilə birlikdə torpaq şəhadətnaməsini də götürüb Lənkəran rayon 1 saylı Notariat ofisinə gedərək onunla alğı-satqı edərlər. O vaxtdan etibarən cavabdeh verdiyi sözə əməl etməmiş, üstəlik iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə onları buraxmamışdır. İddiaçı1 dəfələrlə torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh buna əhəmiyyət vermir, nə vaxtsa pulu olsa, iddiaçılara verəcəyini bildirir. İddiaçılar artıq torpaq sahəsinin cavabdehə satılması fikrindən daşınmışlar. Özləri torpağı əkib-becərmək və orada tikinti aparmaq istəyirlər. İddiaçılar mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulduğu üçün Lənkəran Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, oradan onlara bildirmişlər ki, buna dair Lənkəran Rayon Məhkəməsində iddia qaldıra bilərlər. Lənkəran Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(049)-2298/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Muradağa Qasımov) iddia qismən təmin edilmiş, JN- 760A saylı, 80200058 kodlu “Torpağa mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Kazım qızı, İddiaçı4 məxsus olan və Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən, hazırda Cavabdeh istifadə etdiyi 0,06 ha torpaq sahəsinin cavabdehdən geri alınaraq, iddiaçılara qaytarılmaqla cavabdeh tərəfindən iddiaçılara qarşı edilən maneələrin aradan qaldırılması, tərəflər arasında həmin torpaq sahəsinin alğı-satqısına dair şifahi olaraq bağlanmış əqd etibarsız olduğundan, iddiaçılardan müştərək qaydada 1998-ci il tarixdə cavabdehdən aldıqları ******* manat pulun bugünə olan nominalı – 200 manatın cavabdehə qaytarılması, İddiaçı1 ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi və sonuncudan tutularaq İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(049)-2298/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iddiaçılar ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş edərək, onu da qeyd etmişlər ki, iddia ərizəsində cavabdehdən beh kimi 200 manat alındığı göstərilsə də, əslində satmaq istədikləri torpaq sahəsinə görə 1998-ci ildə Cavabdeh bir paçka şirvan, həmin vaxtkı pul ilə ******* manat alınmışdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı1 bacanağı ilə yaxşı münasibəti olmuş, 1998-ci ildə həmin torpağın ona satılmasını təklif edib 600 dollara razılaşmış və o da Lazıma əvvəlcə 25 iyun 1998-ci ildə 200 dollar, 11 noyabr 1998-ci ildə 50 dollar, 16 mart 1999-cu ildə 5 şirvan, 11 iyun 1999-cu ildə 100 dollar (Bakı şəhərinə 100 dollar həmkəndlisi Nizam vasitəsilə göndərmiş və Lazım da həmin pulu Nizamdan aldığını ona bildirmişdir), eləcə də, sonuncu dəfə 10 mart 2003-cü ildə qalan 50 dolları Lazıma vermişdir. Yəni, həmin torpaq sahəsinin pulunu tam olaraq İddiaçı1 ödəmişdir. Lakin aralarında rəsmi alğı-satqı müqaviləsi bağlanmamışdır. Belə ki, İddiaçı1 həmin illərdə Rusiya Federasiyasına getmiş, uzun illər ərzində rayona qayıtmamışdır. Onu həmin illər ərzində yalnız bir dəfə, Lənkəran şəhərində stadion tikilərkən 2004-cü ildə kəndə gələndə görərək torpağın sənədləşdirilməsini dedikdə heç bir problemin olmadığını demiş, sonradan yenidən Rusiyaya getmişdir. Cavabdeh aralarındakı yaxın münasibəti və etibarı nəzərə alaraq həmin torpaq sahəsini almaq üçün ödədiyi pullarla bağlı iddiaçıdan qəbz almamışdır. Bununla belə, cavabdeh özü üçün tutduğu qeydiyyat dəftərində İddiaçı1 verdiyi pullarla əlaqədar müvafiq qeydlər aparmışdır. Həmin qeydlər onun digər şəxsi işləri ilə olduğu kimi həmin vaxtlar etdiyi qeydlərdir ki, həmin dəftəri məhkəməyə təqdim etsə də, hakim qəbul etməyərək, həmin qeydlərdə iddiaçının heç bir imzasının olmadığını bildirmişdir. Hesab edir ki, əgər həmin dəftər ekspertizaya göndərilərsə, qeydlərin məhz həmin tarixlərdə edildiyi təsdiqini tapar. Qeyd dəftərində cavabdeh ailələrinin bütün gəlirçıxarını, haraya nə qədər, hansı məbləğdə xərclər çəkdiyini yaddaş kimi qeyd etmişdir ki, həmin dəftərin bəzi vərəqlərinin surətlərini apellyasiya şikayətinə əlavə edir, dəftərin əsli isə apellyasiya məhkəməsinə təqdim ediləcəkdir. Cavabdeh mübahisəli torpaq sahəsini 1998-ci ildə İddiaçı1 alarkən digər iddiaçılar uşaq olmuşlar. O, həmin torpaq sahəsini aldıqdan sonra hasara alaraq həmin ərazidə tövlə və anbar tikdirmiş, təsərrüfatla məşğul olmuşdur. Uzun illərdən sonra iddiaçıların həmin torpaq sahəsini tələb etmələri tamamilə əsassızdır. Torpaq sahəsini aldığı zaman orada mal-qaranın əzdiyi dəmir tordan çəpər olsa da, həmin çəpər yarasız halda olduğundan, cavabdeh özü yeni çəpər çəkmişdir. Əgər cavabdeh həqiqətən də iddiaçıların hansısa torpaq sahəsini zəbt etmişdirsə, hansı səbəbdən onların heç biri məhkəməyə müraciət edib torpaqlarını tələb etməmişlər? Cavabdeh həmin torpaq sahəsinin pulunu İddiaçı1 tam ödəməklə ondan almışdır. O, uzun illərdir ki, həmin torpaq sahəsində təsərrüfatla məşğul olmaqla orada tikinti işləri aparmış, hasar çəkmişdir. İddiaçı1 uzun illər rayonda olmadığından və Rusiyada yaşadığından cavabdeh həmin torpağı öz adına sənədləşdirə bilməmişdir. Hazırda qüvvədə olan Mülki Məcəllədə 335.2-ci və 412-ci maddələr 24 iyun 2005-ci ildə qanundan çıxarılsa da, həmin dövrdə qüvvədə olmuşdur və ona görə də tətbiq edilməlidir. Qanunun tələbləri üzrə həmin dövrdə İddiaçı1la Cavabdeh arasında razılaşmanın olması kifayət qədər öz təsdiqini tapır. Həmin dövrdə tərəflərin arasında razılaşma əldə olunsa da, sadəcə iddiaçının ölkə ərazisində olmaması, gələrkən də yayınması səbəbindən müqaviləni rəsmiləşdirmək mümkün olmamışdır. Cavabdeh həmin torpaq sahəsini Lazımdan aldıqdan sonra o, Rusiya Federasiyasına getmiş və uzun illər ərzində orada yaşamışdır. Onun konkret olaraq Rusiya Federasiyasında hansı ünvanda yaşaması cavabdehə məlum deyildi, yəni obyektiv səbəblərdən müqaviləni rəsmiləşdirmək mümkün olmamışdır. Hesab edir ki, əqdin notariat qaydasında təsdiqlənməsinə riayət edilməməsi obyektiv səbəbdən olsa da, əks tərəfin təqsirindən baş vermişdir. Başqa sözlə, məhz İddiaçı1 əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu hal İddiaçı1 müqavilənin bağlanılmasından yayınması kimi qiymətləndirilməlidir. İddiaçı1la cavabdeh arasında bağlamalı olduqları alğı-satqı müqaviləsi qanuna zidd olmamışdır. Cavabdeh həmin torpaq sahəsini 1998-ci ildə İddiaçı1 pulunu tam olaraq ödəməklə almış və bugünə kimi orada təsərrüfat yaratmaqla məşğuldur. Çox təəssüf ki, İddiaçı1 torpağın pulundan cəmi 200 manatının ona verildiyini desə də, digər pulların ona verilmədiyini bildirir. Belə olan halda soruşmaq lazımdır ki, məgər cavabdeh iddiaçıya 200 manat pul verərkən hər hansı rəsmiləşdirmə aparılmışdırmı? Təbii ki, aparılmamışdır. Yəni cavabdeh 200 manatı iddiaçıya necə vermişdirsə, digər pulları da ona qəbz almadan vermişdir. Əgər cavabdehin iddiaçıya hər hansı bir məbləğdə borcu qalmış olsaydı, təbii ki, o, keçən 25 il ərzində həmin məbləği ondan tələb edə, eləcə də, məhkəməyə müraciət edə bilərdi. Hansı ki pul tələbinə dair iddia müddəti 3 ildir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinin tələbini pozaraq, məhkəmə iclasında tədqiq edilmiş sənədlər (sübutlar) əsasında qətnamə çıxarmalı olduğu halda, iddiaçının iddia ərizəsində göstərdiyi, heç bir əsası olmayan sübutlar əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi qəbul edilərkən işin halları tam araşdırılmamış, göstərilən xüsusatlara heç bir əhəmiyyət verilməmişdir. Məhkəmə Mülki Məcəllənin 320.2-ci maddəsinin tələbini pozaraq, torpaq sahəsinin pulunun cavabdeh tərəfindən iddiaçıya verilməklə alındığını nəzərə almamış, həmin pulların verilməsini təsdiq edən qəbzlərin olmaması və eləcə də, iddiaçı ilə cavabdeh arasında hər hansı bir notarial qaydada razılığın olmaması səbəbindən həmin alğı-satqı müqaviləsini qəbul etməmişdir. Məhkəmə işi tam və hərtərəfli araşdırmadan tərəflər arasında yaranmış mübahisənin 1998-ci ildə yaranmasına və hazırkı işə baxarkən həmin dövrdə qüvvədə olan qanunvericiliyə istinad etməli olduğu halda, nəzərə almamış və nəticədə Cavabdeh hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsinin 10 yanvar 2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh çıxış edərək bildirmişdir ki, o, iddiaçılara məxsus torpaq sahəsini 1998-ci ildə 600 dollar müqabilində satın almış, bundan sonra həmin torpaq sahəsində bir sıra tikililər inşa etmişdir. Belə ki, hələ 2000-ci illərdə o, aldığı torpaq sahəsində tövlə və tualet tikdirmiş, su quyusu və tullantı sularının toplanması üçün anbar qazdırmış, eləcə də, yeni hasar çəkmişdir. Həmçinin, həmin torpaq sahəsində təxminən 40-a yaxın ağac əkmişdir. Apellyasiya məhkəməsinin 10 yanvar 2024-cü il tarixli iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında torpaq sahəsinin satılmasına dair münasibətlər onda olan məlumata görə 1998-ci ildə deyil, yaxın müddətdə yaranmışdır. Həmçinin, hazırda tələb edilən və iddiaçıların mülkiyyətində olan torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2(106)-188/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin rəyi məhkəməyə təqdim edilənə kimi mülki işin icraatı dayandırılmışdır. Ekspert rəyi 26 avqust 2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2024-cü il tarixli, 2(106)-188/2024 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2298/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 02 oktyabr 2024-cü il tarixə, saat 14:30-a Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, o, mübahisəli torpaq sahəsini 1998-ci ildə İddiaçı1la razılaşmalarına əsasən 600 dollara almış, həmin vaxt ilkin olaraq qonşusu Xumar Şirəlizadədən 200 dollar alıb İddiaçı1 vermiş, qalan pulu da hissə-hissə ödəmişdir. Həmin vaxt 600 dollar böyük məbləğ hesab olunurdu. Torpaq sahəsini aldığı vaxtdan da orada müxtəlif tikililər inşa etməyə başlamış, əvvəlcə tövlə tikmiş, sonra isə yavaş-yavaş toyuq damı, anbar inşa etmiş, su quyusu qazdırmışdır. Həm də torpaq sahəsində tualet və tullantı sullarının axıdılması üçün anbar tikdirmişdir. Mübahisəli torpaq sahəsində mal-heyvan saxlamış, həmçinin orada bir xeyli ağac əkmişdir. Bununla da o, torpaq sahəsindən davamlı istifadə etmiş, hazırkı vaxtadək də torpaq barəsində iddiaçılarla hər hansı mübahisələri olmamışdır. Lakin torpaqların dəyəri artdıqdan sonra İddiaçı1 belə bir iddia qaldırmaq qərarına gəlmişdir. Onun dediklərini şahidlər də təsdiq edə bilər. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmə mübahisəli sahədə tikililərin olub-olmamasını araşdırmadığına görə o, şahidlərini təqdim etməmişdir. O, şahidlərin dindirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 çıxış edərək cavabdehin dedikləri ilə razılaşdığını qeyd etdi və bildirdi ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tərəflər arasında torpaq sahəsinin satılmasına dair münasibətlər onda olan məlumata görə 1998-ci ildə deyil, yaxın müddətdə yaranmışdır. Həmin torpaq sahəsində tikililərin olması barədə də ilk dəfə ekspert rəyindən sonra məlumatı olmuşdur, orada elə tikililər olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçıların mülkiyyətində və cavabdehin sahibliyində olan mübahisəli torpaq sahəsində tikililərin olub-olmaması, əgər varsa, nə vaxtdan etibarən mövcud olması kimi məsələlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığından, iddiaçı tərəf mübahisəli torpaq sahəsində hər hansı tikilinin olmamasını bildirsə də, ekspert rəyi ilə həmin torpaq sahəsində tikililərin olması aşkar edildiyindən, hazırda həmin ziddiyyətli məqamlara aydınlıq gətirilməsi üçün şahidlərin dindirilməsi zəruridir. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dinlənilmiş X6 bildirdi ki, cavabdeh onun qonşusudur, İddiaçı1 isə onun qohumudur, lakin İddiaçı1 düzgün etmir. Belə ki, onun əri usta olmuş, cavabdeh də o vaxt ustalıqla məşğul olurdu. Əri yaxşı pul qazanmış, evdə daim pul olmuşdur. O vaxt manatın da dəyəri olmadığına görə evdə pulu dollarla saxlayırdılar. Bir gün cavabdeh gələrək ondan 200 dollar pul istəmişdir ki, həyətləri yanaşı olduğuna görə İddiaçı1 həyətini alacaqdır. Bu hadisə 1998-ci ildə baş vermişdir. Dəqiq ili ona görə xatırlayır ki, onun sonuncu uşağı 1997-ci il təvəllüdlüdür və yadındadır ki, bu hadisə baş verərkən həmin uşağı hələ qucağında olmuşdur, 1 yaşı ya var idi, ya yox idi. O, uşağı qucağında 200 dollar pulu da götürüb Cavabdeh evinə getmişdir, bu zaman İddiaçı1 və onun bacanağı Xeybər orada idi. Pulu orada cavabdehə, o isə İddiaçı1 vermişdir. Həmin vaxtdan etibarən də İddiaçı1 torpaqla bağlı hər hansı iddiası olmamışdır. Cavabdeh elə həmin ildən başlayaraq mübahisəli torpaq sahəsində tövlə və s. tikililər tikmişdir. İddiaçı1 bu cür iddia qaldırmasının səbəbi odur ki, torpaqların dəyəri artmışdır. Hətta bir neçə başqa şəxs də gözləyir ki, İddiaçı1 hazırkı işi udsa, onlar da gedib vaxtilə eyni qaydada torpaq satdıqları şəxslərə qarşı iddia qaldırsınlar. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dinlənilmiş X3 bildirdi ki, İddiaçı1 və Cavabdeh köhnə ata məhləsində onun qonşusu olmuş, birinin həyəti onun ata həyətindən solda, digərininki isə sağda yerləşmişdir. Sonradan təzə məhlələrdə də yanaşı həyətlər götürmüşlər. Bilir ki, 1998-ci ildə Cavabdeh İddiaçı1 torpaq sahəsini almışdır. Bunun 1998-ci ildə baş verməsini ona görə bilir ki, həmin il onun övladı vəfat etmişdir. Həmçinin, həmin il Cavabdeh onun evində müəyyən təmir işləri aparırdı. Həmin vaxt Cavabdeh gəlib ona təcili 200 dollar pul lazım olduğunu bildirmiş, onun səbəbini soruşduqda İddiaçı1 həyətini almaq üçün gərəkdiyini qeyd etmişdir. O, Cavabdeh pulunun olmaması səbəbindən həmin məbləği verə bilməmişdir. Lakin bilir ki, Cavabdeh həmin torpağı alaraq sonradan həmin torpaq sahəsində əvvəlcə kiçik tövlə, sonradan isə böyük tövlə tikmiş, orada toyuq hini və s. tikililər inşa etmişdir. Onun çoxillik ağacları var. Həmin torpaq sahəsində İddiaçı1 ümumiyyətlə görməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamənin qəbul edilməsinə və işin hallarının tam və hərtərəfli araşdırılmamasına istinad edərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası bildirir ki, işin faktiki hallarının hərtərəfli araşdırılması mülki işin qanuni həlli baxımından böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri çərçivəsində araşdırmanı hərtərəfli və tam aparmamış, sübutları müqayisəli şəkildə təhlil etməmiş, cavabdehin etirazının dəlillərinə nəzər yetirməmiş, nəticə etibarilə MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, beləliklə də, MPM-in 387.1-ci maddəsində nəzərdə tutulmuş qaydada prosessual hüquq normasının pozulmasına yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşdəki Torpağın mülkiyyətə verilməsinə dair JN-760A saylı, 80200058 kodlu Şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002-ci il tarixli, 04 saylı qərarı ilə Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən 0,06 hektar torpaq sahəsi İddiaçı1 və onun ailə üzvləri X1, X4 və İddiaçı4 mülkiyyətinə verilmişdir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 iyun 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar müəyyən olunmuşdur:

1. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002-ci il tarixli, 04 saylı qərarı əsasında JN-760A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvləri Kazımova (Səfərova) Nərminə Məhərrəm qızının, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.

2. Hazırkı iş üzrə Cavabdeh mübahisəli ərazidə faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,14 ha olması müəyyən olunmuşdur.

3. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002-ci il tarixli, 04 saylı qərarı əsasında JN-760A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvləri Kazımova (Səfərova) Nərminə Məhərrəm qızının, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin faktiki olaraq bütövlükdə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.

4. Araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002ci il tarixli, 04 saylı qərarı əsasında JN-760A, KOD 80200058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvləri Kazımova (Səfərova) Nərminə Məhərrəm qızının, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikililərin (tövlə, hin, anbar) və torpaq sahəsi üzərində çoxillik əkmələrin də (ağacların) mövcud olması müəyyən olunmuşdur. İşdə surəti olan 19 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə Cavabdeh tərəfindən 95 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdəki 06 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5378 saylı ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir:

1. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 iyun 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002-ci il tarixli, 04 saylı qərarı əsasında JN-760A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvləri Kazımova (Səfərova) Nərminə Məhərrəm qızının, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.

2. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 iyun 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, hazırkı iş üzrə Cavabdeh mübahisəli ərazidə faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,14 ha olması müəyyən olunmuşdur.

3. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 iyun 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002-ci il tarixli, 04 saylı qərarı əsasında JN-760A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvləri Kazımova (Səfərova) Nərminə Məhərrəm qızının, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin faktiki olaraq bütövlükdə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.

4. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 iyun 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002-ci il tarixli, 04 saylı qərarı əsasında JN- 760A, KOD 80200058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvləri Kazımova (Səfərova) Nərminə Məhərrəm qızının, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikililərin (tövlə, hin, anbar) və torpaq sahəsi üzərində çoxillik əkmələrin də (ağacların) mövcud olması müəyyən olunmuşdur. 06 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5378 saylı ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından görünür ki, mübahisəli 0,06 ha torpaq sahəsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002-ci il tarixli, 04 saylı qərarı əsasında JN-760A, KOD 80200058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçıların ümumi mülkiyyətinə verilmişdir. Hazırda həmin torpaq sahəsinin cavabdehin istifadəsində olması işin mübahisəsiz halıdır. İddiaçılar öz tələblərini əsaslandırarkən torpaq sahəsini əvvəlcə cavabdehə satmaq niyyətində olduqlarını, lakin sonradan cavabdehin pulu nağd qaydada verməməsi və onları yubatması səbəbindən torpağı rəsmi qaydada satmaq fikrindən daşındıqlarını bildirmişlər. Cavabdeh isə etirazında bildirir ki, o, İddiaçı1la torpağın 600 dollara satılmasını razılaşdırmış, bunun üçün 1998-ci ildə ilk dəfə 200 dollar pul vermiş, sonradan hissə-hissə ödənişlər etməklə, 2003-cü ildə bütün pulu ödəmişdir. O, həmin torpaq sahəsini əldə etdikdən sonra orada tövlə, hin, anbar tikmiş, ağaclar əkmişdir. İddiaçılar sözügedən alğı-satqı danışıqlarının nə vaxt aparıldığını iddia ərizəsində qeyd etməsələr də, İddiaçı1 vəkili həmin razılaşmanın son illərdə olduğunu bildirmişdir. Halbuki, İddiaçı1 özü birinci instansiya məhkəməsində aparılan icraat zamanı torpaq sahəsinə görə 1998-ci ildə cavabdehdən bir paçka şirvan aldığını qeyd etmiş, cavabdeh də apellyasiya şikayətində və öz izahatlarında torpaq sahəsini 1998-ci ildə əldə etdiyini, bundan sonra orada bir neçə tikili inşa etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi isə bu halın araşdırılmasını təmin etməmiş, həqiqətən də, sözügedən torpağı cavabdehin şifahi razılığa uyğun olaraq əldə etdikdən sonra orada tikililər inşa etməsini müəyyənləşdirməmişdir. Hazırda apellyasiya baxışı çərçivəsində bu səbəblə cavabdehin sübutlar təqdim etməsinə şərait yaradılmış, onun tərəfindən təqdim olunan şahidlərin hər ikisi də ifadələrində cavabdehin iddiaçıdan mübahisəli torpaq sahəsini 1998-ci ildə əldə etdiyini və bundan sonra orada bir sıra tikililər inşa etdiyini vurğulamışlar. X5 cavabdehin İddiaçı1 ödədiyi ilkin 200 dolları 1998-ci ildə məhz onlardan borc aldığını, cavabdehin evinə gedərək həmin pulu cavabdehə, cavabdehin isə İddiaçı1 verdiyini, həmin vaxtdan da İddiaçı1 torpaqla bağlı hər hansı iddiasının olmadığını bildirmişdir. O qeyd etmişdir ki, İddiaçı1 bu cür iddia qaldırmasının səbəbi odur ki, torpaqların dəyəri artmışdır. Hətta bir neçə başqa şəxs də gözləyir ki, İddiaçı1 hazırkı işi udsa, onlar da gedib vaxtilə eyni qaydada torpaq satdıqları şəxslərə qarşı iddia qaldırsınlar. İşin halları baxımından uzun illər ərzində iddiaçıların hər hansı bir tələb irəli sürməmələrini nəzərə alan məhkəmə kollegiyası şahid Xumar Şirəlizadənin bildirdiklərini inandırıcı hesab edir. Digər şahid Kamalə Mustafayeva isə övladının da vəfat etdiyi 1998-ci ildə cavabdehin onların evində təmir işləri ilə məşğul olan zaman ondan İddiaçı1 torpağını almaq üçün 200 dollar istədiyini, pulu olmadığına görə ona pul verə bilmədiyini qeyd etmiş, lakin cavabdehin həmin torpaq sahəsini alaraq orada tikililər inşa etdiyini, çoxillik ağaclarının olduğunu bildirmiş, həmin torpaq sahəsində İddiaçı1 görmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası şahid Kamalə Mustafayevanın da bildirdiklərini işin hallarına uyğun hesab edir. Mütəxəssis və ekspert rəyləri ilə də müəyyən olunur ki, mübahisəli 0,06 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikililər (tövlə, hin, anbar) və torpaq sahəsi üzərində çoxillik əkmələr (ağaclar) mövcuddur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş halları baxımından bildirir ki, İddiaçı1 ilə Cavabdeh arasında həqiqətən şifahi qaydada torpaq sahəsinin alğı-satqısı həyata keçirilmiş, lakin həmin alğı-satqı etibarlı olmamış və rəsmi qaydada sənədləşdirilməmişdir. Hazırda həmin torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması və cavabdehin sahibliyində olması işin mübahisəsiz halıdır. Bu baxımdan mülkiyyətlərində olan torpaq sahəsinin cavabdehin istifadəsində olması müəyyən edildiyinə görə iddiaçıların torpağın geri qaytarılmasına dair tələblə çıxış etmək üçün subyektiv hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Sadalananlarla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri sayır: İşin müəyyən edilmiş hallarından biri də ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi 1998-ci ildə cavabdehə şifahi qaydada satılmış, sonradan cavabdeh həmin torpaq sahəsində bir sıra tikililər inşa etmiş, bir xeyli ağaclar əkmişdir. Birinci instansiya məhkəməsi iddiaçıların torpaq sahəsinin mülkiyyətçisi olmasını, cavabdehin həmin torpaq sahəsindən qanunsuz istifadə etdiyini, alğı-satqının müvafiq qaydada təsdiqlənmədiyini nəzərə alaraq iddianı qismən təmin etmişdir. Hazırda mövcud olan yeganə rəsmi şəhadətnaməyə görə torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri – mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. İşin hallarından da göründüyü kimi, mübahisəli torpaq sahəsi cavabdehə 1998-ci ildə satılsa da, hazırkı iş üzrə iddia 2023-cü ilin may ayında qaldırılmış, bununla da, iddiaçılar 25 il ərzində cavabdehin faktiki olaraq ona satdıqları torpaq sahəsindən istifadə etməsinə, orada tikililər inşa etməsinə və ağaclar əkməsinə şərait yaratmışlar. Qeyd edilənlər onu göstərir ki, iddiaçılar cavabdehin həmin torpaq sahəsi üzərində tikililər inşa etməsinə, ona sahiblik etməsinə və ağaclar əkməsinə hər hansı bir etiraz bildirməməklə cavabdehin hərəkətlərinə razılıqlarını bildirmişlər. Mübahisənin qanuni həlli baxımından mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıların əvvəl verdikləri razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız öz mülkiyyət hüquqlarına istinadən hazırkı tələblə çıxış etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmadan, tərəflərin izahatları, cavabdeh tərəfindən 25 il ərzində torpaqdan istifadə edilməsinə, orada tikililərin inşa edilməsinə və ağacların əkilməsinə iddiaçıların açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirilmədən iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçıların hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüququ mövcud olsa da, qanunvericilik onların bu hüququndan istifadəsini hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi ilə məhdudlaşdırmışdır. İşin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alan məhkəmə kollegiyası iddiaçıların hazırkı tələbini hüquqdan sui-istifadə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında da “hüquqdan sui-istifadə qadağası”nın hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olduğu qeyd edilmişdir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına dair bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı haqq sahibinin özünün deyil, ümumiyyətlə, dürüst və ədalətli bir insanın hərəkət tərzinə dair olan meyar və ölçüdür. Yəni burada “obyektiv vicdanlılıq” halı nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, iddiaçıların cavabdehə qarşı “torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək geri qaytarılması, əvvəllər çəkilmiş torların cavabdeh tərəfindən yenidən çəkilməsi və cavabdeh tərəfindən maneələrin aradan qaldırılması tələbinə dair” iddiası hüquqdan sui-istifadə halının mövcudluğu səbəbindən qanunla müdafiə oluna bilməz. Lakin birinci instansiya məhkəməsi iddiaya düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını hazırkı işə düzgün tətbiq etməmişdir. Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2298/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə məhkəmə xərclərinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: MPM 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, dövlət rüsumuna dair hissədə də iddia təmin edilməməli, mütəxəssis və ekspert rəylərinin verilməsinə görə xərclər iddiaçılara aid edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2298/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək geri qaytarılması, əvvəllər çəkilmiş torların cavabdeh tərəfindən yenidən çəkilməsi və cavabdeh tərəfindən maneələrin aradan qaldırılması tələbinə dair” iddiası təmin edilməsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 iyun 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin verilməsinə görə cavabdeh tərəfindən ödənilmiş 95 manat məbləğində xidmət haqqı iddiaçılar İddiaçı1, İddiaçı2, Hüseynova (Kazımova) Vüsalə Lazım qızından və İddiaçı4 müştərək qaydada tutularaq Cavabdeh ödənilsin. 06 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5378 saylı ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, Hüseynova (Kazımova) Vüsalə Lazım qızından və İddiaçı4 müştərək qaydada tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar