Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1887/2022 28.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağbala oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil1, cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Biləsuvar rayon Notariat ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə yaradılan maneələrin aradan qaldırılması" tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(022)-416/2022 saylı qətnaməsindən (hakim P.Əhmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Biləsuvar rayon Notariat ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə yaradılan maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən satılmış ünvan 1 ünvanında yerləşən 0.14416 ha torpaq sahəsinin sənədləşməsinə cavabdehin törətdiyi maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 aprel 2013-cü il tarixdə onun X4 ilə torpaq alğı-satqı müqaviləsi bağlayaraq, mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən 0.14416 ha torpaq sahəsindən 0.0078 ha hissəsini arvadı X1. X4 22 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. X3 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən istifadə etmək istədikdə, Cavabdeh buna imkan verməmiş və onu torpaq sahəsinə buraxmamışdır. Bu barədə Biləsuvar rayon Notariat ofisinə müraciət edərək mərhum X4nın vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, notariat ofisi DƏDRX-dən çıxarışı olmadığına görə, müraciətindən imtina etmiş və bu barədə 354 nömrəli 03 may 2021-ci il tarixli sorğu ilə DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. Lakin halhazıra qədər çıxarışın alınması mümkün olmamışdır. Cavabdeh qanunsuz əməlləri nəticəsində qanunla qorunan hüquqları pozulmuş və buna görə də, məcbur qalıb hüquqlarının bərpa olunması məqsədilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək rədd olunmasını xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddia ümumiyyətlə əsassızdır. Belə ki, onunla iddiaçının mərhum arvadı arasında 0.14416 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsi olmamışdır. Onun mülkiyyətində ümumiyyətlə 0.14416 ha torpaq sahəsi olmamış və o, iddiaçının mərhum arvadına göstərilən ölçüdə torpaq sahəsi satmamışdır. 18 aprel 2013-cü il tarixdə iddiaçının arvadı ilə onun arasında ailə üzvləri ilə ümumi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin 78 kv.metrinin alğı-satqısına dair müqavilə bağlamışdır. 2016-cı ilə kimi alğı-satqının məbləği ilə bağlı mübahisələri olmuş və həmin ildən 78 kv.metr torpaq sahəsinin alğı-satqısından imtina etmişdir. İddiaçının arvadından aldığı pulun qaytarılması ilə əlaqədar həyətində olan təsərrüfat damının bir otağını aylıq 150 manat hesabı ilə ona müvəqqəti vermişdir. Razılaşmaya görə aldığı pulun məbləği qaytarılana kimi o, həmin damı icarəyə verə bilərdi. O da bundan hazırkı vaxta kimi icarəyə verməklə istifadə etmişdir. İddiaçı mərhum arvadının miras əmlakından bəhs edir və ondan həmin miras qalmış əmlakı tələb edir. Halbuki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, qanunun mənasına görə miras əmlak dedikdə, miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak olmalıdır. Yəni mübahisənin predmeti olan torpaq sahəsi mərhumun mülkiyyətində olmalıdır. Belə bir hal isə yoxdur. Buradan belə bir sual ortaya çıxır. İddiaçı ondan arvadından qalmış, hansı miras əmlakı tələb edir. Axı iddiaçı iddia ərizəsində də göstərir ki, həmin torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi almaq üçün Notariat orqanına müraciət etmiş, lakin ona mübahisənin predmeti olan torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi qanuni olaraq verilməmişdir. Belə ki, Mülki Məcəllənin 1321.3-cü maddəsinə görə Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı ondan mərhum arvadına guya satılmış torpaq sahəsinin sənədləşməsinin aparılmasına maneçiliyin aradan qaldırılmasını tələb etsə də, halbuki yuxarıda sadaladığım qanunvericiliyin tələblərinə görə belə bir torpaq sahəsi olmamaqla iddiaçının ona qarşı belə bir tələb hüququ yoxdur. Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə görə iddiaçının hazırkı tələblə ona qarşı məhkəmədə iddiasının heç bir subyektiv hüququ əsası olmamaqla qanunsuzdur. İddiaçının mərhum arvadı ilə onun arasında daşınmaz əmlakla bağlı müqavilə 18 aprel 2013-cü il tarixdə bağlanmışdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əmlakla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddia müddəti keçdiyindən hazırkı iddia rədd edilməlidir. Buna görə də, iddia müddəti tətbiq edilərək iddia müddətinin keçməsinə görə iddia rədd edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək, iddiaya qarşı verilən yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib təmin olunmamasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(022)-416/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birici instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə, Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinə istinadla hesab etmişdir ki, Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Habelə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi almaq üçün Notariat ofisinə müraciət etsə də, ona mübahisəli torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi verilməmişdir. Mübahisəli torpaq sahəsi miras kütləsi hesab edilmədiyindən və ona dair iddiaçının hər hansı qanuni gözləntisi mövcud olmadığından, iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ididaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Biləsuvar Rayon Məhkəməsi qeyd olunan qətnamə ilə iddia tələbini təmin etməmiş, qanunsuz və əsassız nəticəyə gəlmişdir. İddia predmetindəndə göstərilir ki, onun həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün zəruri olan hərəkətləri həyata keçirməyinə cavabdehin törətmiş olduğu maneçiliklərin aradan qaldırılmasını xahiş etmişdir. Belə olan halda məhkəmənin Mülki Məcəllənin 178.1-ci maddəsinə istinad etməsi əsaslı hesab edilə bilməz. İstinad edilən maddənin məzmunundan tam aydın görünür ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsini və özündə ehtiva edir. Göründüyü kimi həmin torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkiin olmadığı təqdirdə hansı dövlət qeydiyyatına alınmasından söhbət gedə bilər. Məhkəmədə cavabdehin təqdim ediləsi heç bir mötəbər sübutu olmamışdır, cavabdehin nəinki əlavə sübutu, ümumiyyətlə sübutu olmamışdır. Qeyd edir ki, hər bir sübut mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirilməlidir. Maddi və prosessual hüquq normalarının düzgün tədbiq edilməməsi məhkəmənin qanunsuz və əsassız qətnamə çıxarması ilə nəticələnmişdir. Biləsuvar Rayon Məhkəməsi iddianı rədd edərkən cavabdehlə bağlanmış notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə heç bır münasibət göstərməmişdir. Göründüyü kimi məhkəmə bu göstərilənləri nəzərə almamaqla sonda iddia üzrə düzgün olmayan nəticəyə gəlmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edib, iddia ərizəsinin və apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, cavabdeh tərəfindən iddiaya qarşı təqdim olunan yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Biləsuvar rayon Notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmədə nümayəndələri vasitəsi liə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə müvafiq olaraq üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, tərəflər arasında formalaşan qarşılıqlı münasibətlər üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhədətnamənin tərcümə olunmuş və notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X9 arasında nikah 10 avqust 2000-ci il tarixdə Rusiya Federasiyasının İrkutsk vilayətinin Tayşetski rayonNovobiryusinsk qəsəbə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilməklə bağlanmış, nikah bağlandıqdan sonra ərə İsgəndərov, arvada Adilova soyadları verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04 noyabr 2010-cu ildə verilmiş **********20-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.11416 ha torpaq sahəsi və üzərində inşa olunan 195.6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam pay hüququ ilə Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş satıcı Cavabdeh ilə alıcı X9 arasında 18 aprel 2013cü ildə bağlanaraq notariat qaydada təsdiq edilmiş “Torpaq alğı-satqı müqaviləsi”ndən görünür ki, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04 noyabr 2010-cu ildə verilmiş **********20-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.11416 ha torpaq sahəsindən 0.0078 ha torpaq sahəsini 5000 manata alıcı X2, müqavilə imzalanarkən torpaq sahəsinin alğı-satqı qiyməti satıcıya ödənilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunan surətindən görünür ki, X10 22 oktyabr 2020-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Biləsuvar rayon notariat ofisi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanlanan 03 may 2021-ci il tarixli 354 saylı məktubun məzmunundan görünür ki, İddiaçı notariat ofisinə müraciət edərək 22 oktyabr 2020-ci ildə ölmüş mərhum X4ndan miras qalmış ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə olan hüquqlarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etdiyi bildirilərək, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X7 məxsus əmlakları barədə reyestrdən çıxarışın sorğunu təqdim edən şəxs vasitəsilə notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı müraciətinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi trəfindən 04 oktyabr 2021-ci il tarixdə verilən cavab məktubunda bildirilir ki, daşınmaz əmlakın üzərində tərəflər arasında yaranmış mübahisənin həlli xidmətin səlahiyyəti xaricindədir, mübahisənin məhkəmə qaydasında həllindən sonra daşınmaz əmlakın sənədləşməsinə qanuna müvafiq qaydada baxılacaq. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır, 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir, 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardır, 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır, 146.1-cü maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir, 146.7-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı ərizənin daxil olduğu tarix üzrə aparılır, 152.1-cü maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər, 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, 157.1-cü maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır, 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər, 157.8-cü maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur, 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. İşin müəyyən olunan hallarına əsasən mübahisəli torpaq sahəsini iddiaçı ilə mərhum arvadı birgə nikahları dövründə əvəzli əqd (notariat qaydasında təsdiq olunmuş alğı-satq müqaviləsi) əsasında mərhum Lətafət Adilovanın adına almışlar və həmin əmlak onların birgə mülkiyyəti hesab olunur. Lətafət Adilovanın ölümü ilə əmlaka dair alğı-satqı müqaviləsinin onun adına bağlanmasına baxmayaraq, vərəsəliyə açılan əmlakın ½ hissəsini təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun ; 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardandır, 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın təmin edilməsinə dair yeni bir qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı mübahisəli əmlaka ½ hissədə mülkiyyət hüququnun, vərəsəliyə açılan ½ hissədə isə mirasqoyanın qanun üzrə birinci növbəli vərəsəsi kimi hüquqlarının tanınmasını, mülkiyyətə qəsd edəndən yaratdığı maneələrə son qoymağı tələb etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(022)-416/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh ilə alıcı X9 arasında 18 aprel 2013-cü ildə bağlanaraq notariat qaydada təsdiq edilmiş “Torpaq alğı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanında yerləşən 0.11416 ha torpaq sahəsinin satılmış 0.0078 ha hissəsi üzərində İddiaçı hüquqlarının rəsmiləşdirilməsinə maneçilik törətməsi Cavabdeh qadağan edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1887/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1887/2022
28.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver