Məhkəmə qərarları › İş №2(106)-1897/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1897/2024

14.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1897/2024 14.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin verdiyi apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin onun işdən çıxarılmasına dair xx.xx.2024-cü il tarixli 18 saylı əmrinin ləğv edilməsi və onun həmin məktəbdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsinə bərpa edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Biləsuvar Rayon Məhkəməsinin (hakim N.Mirzəyev) 04 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Biləsuvar rayonu Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin 29 fevral 2024-cü il tarixli 18 saylı əmrinin ləğv edilməsi, Əsədov X1 rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. Qətnamədən Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbin direktoru Nümayəndə2 apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1550/2024 saylı 02 sentyabr 2024-cü il tarixli qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qətnaməsindən Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin direktoru Nümayəndə2 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Biləsuvar Rayon Məhkəməsinə qaytarılmışdır. Biləsuvar Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qərardadı ilə qeyd olunan apellyasiya şikayəti geri qaytarılmışdır. Sonradan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi (nümayəndəsi olaraq Nümayəndə2 göstərilməklə) apellyasiya şikayəti vermiş, eyni zamanda, prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli qərardadı ilə cavabdeh Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin direktoru Nümayəndə2 ərizəsi təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(022)-618/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi üzürlü hesab edilməklə bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Hazırda mümkünlüyü yoxlanılan apellyasiya şikayətini vermiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi iş üzrə tərəf deyil. Belə ki, apellyasiya şikayətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi qismində Nümayəndə2 imzalamışdır. Halbuki Nümayəndə2 həmin hüquqi şəxsindən adından çıxış etmək, məhkəmədə təmsil olunmaq, apellyasiya şikayətini imzalamaq kimi səlahiyyəti müəyyən olunmur. Apellyasiya şikayəti verən şəxs iş üzrə tərəf və ya üçüncü şəxs deyil, maraqlı şəxs olmasına, iş üzrə qəbul olunmuş qətnamənin onun hüquqlarına toxunmasına dar əsaslandırılmış ərizə verməmişdir. Digər tərəfdən, apellyasiya şikayəti «Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş formada tərtib (təqdim) edilməmiş, müəyyən edilmiş ardıcıllığa riayət edilməmiş, qrafalar doldurulmamışdır. Belə ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin formasına (məzmununa) və qaydasına dair tələblər əks olunmuş və bu tələblərə riayət edilməməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Həmçinin, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklərlə apellyasiya şikayətinin forması (Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) məzmun etibarı ilə dəqiqləşdirilmişdir. Lakin qanunvericiliyin bu tələblərinə baxmayaraq, apellyasiya şikayətinin 8, 9, 10, 11-ci qrafaları ümumiyyətlə doldurulmamış, ümumiyyətlə münasibət bildirilməmişdir. Hüquqi nəticə etibarı ilə apellyasiya şikayəti 2 saylı əlavədə göstərilən formaya uyğun tərtib edilməmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna dair tələblərə riayət edilmədən verilməsi əsası ilə geri qaytarılmasını şərtləndirir. Bundan başqa, apellyasiya şikayəti verilərək ödənilmiş dövlət rüsumu məhkəməyə təqdim olunan əvvəlki apellyasiya şikayətində (xx.xx.2024-cü il tarixli) istifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İşin hallarından görünür ki, hazırda qətnamədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi apellyasiya şikayəti versə də, o, mülki iş üzrə tərəf olmamış, mülki iş üzrə məhkəmə qətnaməsinin onun hüquq və maraqlarına toxunduğu halda bu barədə sübutları apellyasiya şikayətinə əlavə etməmişdir. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan hallara qiymət vermədən apellyasiya şikayətini apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1, 363.1.1-1, 363.1.2-ci maddələrininin tələblərinə əsasən 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan- Salyan Regional Təhsil İdarəsinin (nümayəndəsi olaraq Nümayəndə2 göstərilməklə) verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 357, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin (nümayəndəsi qismində Nümayəndə2 göstərilməklə) verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş üzrə verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar