Məhkəmə qərarları › İş №2(106)-19/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-19/2024

25.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-19/2024 25.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan 0.4458 ha torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Açar sözlər : torpaq sahəsindən çıxarılma Şirvan şəhəri, 25 yanvar 2024-cü il X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Mənəf oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan 0.4458 ha torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(020)-125/2020 saylı (hakim Ramiz Nurullayev) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan 0.4458 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayon İHB-nin 16 noyabr 1998-ci il tarixli, 58 saylı Qərarı ilə ona və ailə üzvülərinə JN 518, kod:607000098 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 0.4458 ha torpaq sahəsi qeydə alınmışıdr. Həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrində ******* saylı, reyestr nömrəsi **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla mülkiyyətinə keçirmişdir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, ona torpağından istifadə etməyə imkan vermir. Buna görə də, Cavabdeh onun mülkiyyətində olan 0.4458 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının torpaq sahəsini o, zəbt etməmişdir. Onun özünə və ailə üzvlərinə məxsus dövlət aktı mövcuddur. Torpaq sahəsi iki dəfə bölünmüş və 2.76 hektar torpaq sahəsinə vergi ödəyir. Ona həmin torpaq sahəsi 1998-ci ildə verilmişdir. Dövlət aktına əsasən ona və ailə üzvlərinə 2,07 ha pay torpaq sahəsi verilməsinə baxmayaraq bələdiyyə tərəfindən ona verilən torpaqla birlikdə 2,66 ha torpaq sahəsindən istifadə edir. Çünki torpaq bölgüsü ikinci dfə aparılmış, rəsmi sənəd verilməsə də, bələdiyyədə bu barədə qeydiyyat aparılmışdır. İddia əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(020)-125/2020 saylı qətnaməsi (hakim R.Nurullayev) ilə, iddianın qismən təmin edilməsi, cavabdeh Quliyev X6 rayonu İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrində ******* saylı, reyestr nömrəsi **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.4458 ha torpaq sahəsinin 0.2213 hektarından çıxarılması, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 20 (iyirmi) manat məbləğində pulun 10 (on) manatı Cavabdeh, 10 (on) manatı İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin dəyirini təşkil edən 93,60 (doxsan üç manat, altmış qəpik) manat məbləğində pulun 46,80 (qırx altı manat səksən qəpik əlli) manatı Cavabdeh, 46,80 (qırx altı manat səksən qəpik əlli) manatı isə İddiaçı alınıb KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları kifayət qədər araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəzərə almamışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsini o, zəbt etməmişdir. Özünün mülkiyyətində olan torpaq sahəsindən qanuni istifadə edir. Ekspertizanın rəyi ilə də razılaşmır. Həmçinin ekspert tərəfindən verilmiş rəy məhkəmə üçün məcburi xarakter daşımamasına baxmayaraq məhkəmə ekspert rəyini əsas götürmüşdür. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.Heydərov, T.Kərimov, İ.Əhmədov) 25 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(020)-125/2020 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. d) Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva, E.Şamayev, A.Abbasov) 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 381/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir. e) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi (qardaşı) və vəkili Vəkil Mənəf oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, vaxtilə aparılmış islahat düzgün keçirilməmişdir. Təyin edilmiş ikinci tikinti-texniki ekspertiza ilə də razı deyildir. Hesab edir ki, həmin ekspert rəyi qərəzlidir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin göstərmişdir ki, ona məxsus olan torpaq sahəsi iki dəfə ekspert tərəfindən ölçülmüşdür. Uzun müddətdir ki, torpağından istifadə edə bilmir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə apellyasiya baxışına qaytarıldığından, məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsi- iddianın təmin edilmiş hissəsinə münasibətdə, cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından aşağıdakılar müəyyən edilir: İşdə olan qeydiyyat nömrəsi seriya RX ******* olan, xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0,4458 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş JN 263 KOD 60713018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Cavabdeh və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən 2,07 ha pay torpaq sahəsi verilmişdir. İş üzrə birinci instansiya məhkəməsində məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli, 3145 nömrəli məlumatından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi ekspertizaya təqdim olunmamışdır. Bu səbəbdən də, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmadığından materiallar geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X3 daşınmaz əmiakın Dövlət reyestrində ******* saylı, reyestr nömrəli **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla mülkiyyətinə verilmiş 0.4458 ha torpaq sahəsi Cavabdeh tərəfindən 0.2213 ha və X2 tərəfindən isə 0.2179 ha istifadə olunur. Cavabdeh iş üzrə mübahisəli torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi üçün mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilməsini xahiş etmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2020-ci il tarixli, 1308 saylı ekspertiza rəyindən görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X3 daşınmaz əmiakın Dövlət reyestrində ******* saylı, reyestr nömrəli **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla mülkiyyətinə verilmiş 0.4458 ha torpaq sahəsi Cavabdeh tərəfindən 0.2213 ha və X2 tərəfindən isə 0.2179 ha istifadə olunur. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi Cəfər Cəfərov ifadə verərək göstərmişdir ki, mübahisəli torpaq sahəsinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X3 daşınmaz əmiakın Dövlət reyestrində ******* saylı, reyestr nömrəli **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla mülkiyyətinə verilmiş 0.4458 ha torpaq sahəsi Cavabdeh tərəfindən 0.2213 ha və X2 tərəfindən isə 0.2179 ha istifadə olunur. Bu barədə mütəxəssis rəyi hazırlamışdır. Həmçinin ölçü zamanı İddiaçıla Sahib Quyliyevə məxsus topraq sahələrinin üst-üstə düşməməsi müəyyən edilmişdir. Bundan başqa kollegiya onu da qeyd edir ki, cavabdeh apellyasiya mərhələsində JN 263 KOD 60713018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən verilmiş 2,07 ha pay torpaq sahəsinə xx.xx.2021ci il tarixdə çıxarış almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli ekspert rəyindən aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri pubiik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə: Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrində ******* saylı, reyestr nömrəsi **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla mülkiyyətinə verilmiş 0.4458 ha torpaq sahəsinin naturada yerləşdiyi yer və onun sərhədləri müəyyən edilmişdir. Eyni zamanda qərardadın 3-cü sualında qeyd olunan Beyləqan rayon X1 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən JN 263 kod 60713018 saylı Torpağa mülkiyyət hüquna dair dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 2.07 ha pay torpaq sahəsinin de naturada yerləşdiyi yer ve onun sərhədləri müəyyən edilmişdir. Mübahisəli ərazidə yerləşən Cavabdeh hal-hazırda faktiki istifadəsində olan 1.67 ha pay torpaq sahəsinin də sərhədləri müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrində ******* saylı, reyestr nömrəsi **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla mülkiyyətinə verilmiş 0.4458 ha torpaq sahəsinin 0.03 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Qeyd edilən torpaq sahəsinin 0.14 ha hissəsi Cavabdeh qardaşı X7 tərəfindən istifadə edilir. Qərardadın üçüncü sualı üzrə: Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrində ******* saylı, reyestr nömrəsi **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla mülkiyyətinə verilmiş 0.4458 ha torpaq sahəsi ilə Beyləqan rayon X1 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən JN 263 kod 60713018 saylı Torpağa mülkiyyət hüquna dair dövlət akti ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 2.07 ha pay torpaq sahəsi üzrə üst-üstə düşmür. Hazırda işin hallarından müəyyən edilir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini- iddianın təmin edilən hissəsində ləğv edərək, yeni apellyasiya baxışına qaytarmışdır. Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq iş üzrə apellyasiya baxışında məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və cavabdehin iddiaçının mülkiyyətinə verilmiş 0.4458 ha torpaq sahəsinin 0.03 hektarından istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi- iddianın təmin edilmiş hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirildiyindən, ekspertiza xərci cavabdehdən iddiaçının xeyrinə, mütəxəssis rəyinin dəyərini təşkil edən pul Cavabdeh tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(020)-125/2020 saylı qətnaməsi- iddianın təmin edilmiş hissəsində dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh Quliyev X6 rayonu İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrində ******* saylı, reyestr nömrəsi **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.4458 ha torpaq sahəsinin 0.03 hektar hissəsindən çıxarılsın. İddia qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 70 (yetmiş) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Mütəxəssis rəyinin dəyərini təşkil edən 93,60 (doxsan üç manat, altmış qəpik) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar