Məhkəmə qərarları › İş №2(106)-190/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-190/2023

12.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-190/2023 12.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu, Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(050)- 1240/2022 saylı qətnaməsindən (hakim A.Səlimov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Masallı rayonu Türkoba kəndində yerləşən 0.134 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi və söküntü işlərinin cavabdehin hesabına aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dayısı Qafur Əbilov onu övladlığa götürmüş, onu uşaqlıqdan böyüdüb saxlamışdır. Daha sonra keçirilmiş torpaq islahatı zamanı ona və ailə üzvlərinə Türkoba kəndində 0.134 ha paylı torpaq sahəsi verilmişdir. X3 vəfat etdikdən sonra həmin torpaq sahəsi vərəsəlik qaydasında ona keçmişdir. Bu barədə o, DƏDRX-dən çıxarış və plan ölçü sənədi almışdır. Daha sonra həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və cavabdeh orada iki mərtəbəli fərdi yaşayış evi tikmişdir. Bir neçə dəfə cavabdehlə danışıqlar apararaq ondan torpaq sahəsini qaytarmasını və evi sökməsini istəsə də, cavabdeh heç bir danışığa gəlməmişdir. Cavabdeh bu hərəkəti ilə torpağın münbit qatını korlamış, əkinə yararlı torpaq sahəsində qazıntı işləri apararaq beton bünövrə tökmüş, yaşayış evi tikmişdir. Cavabdeh heç bir danışığa gəlmədiyindən məcbur qalaraq məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ididaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, mübahisəli fərdi yaşayış evi ona məxsus pay torpaq sahəsində inşa edildiyini, buna sübut olaraq həmin torpağa dair onun hüquqmüəyyənedici sənədləri olduğunu, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsindən məhrum olduğunu və hazırda mülkiyyət hüququnu lazımı qaydada həyata keçirə bilmədiyini, daşınmaz əmlakın dövlət reyestrinin əməkdaşları da ölçü işlərini apararaq torpaq sahəsini ona təhvil verərkən mübahisəli evin onun torpaq sahəsində inşa edildiyini bildirərək, bu səbəbdən məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasında izahat verərək, iddianın tam əsassız olduğunu, iddiaçı mülkiyyət hüququnu təsdiq edən sənəd ilə ona məxsus torpaq sahəsini hazırda tam şəkildə istifadə etdiyini, lakin o daha böyük əraziyə yiyələnmək üçün ona qarşı iddia qaldırdığını, onun tərəfindən inşa edilmiş fərdi yaşayış evi isə həmin sahənin ərazisində yerləşmədiyini qeyd etmişdir. Ümumiyyətlə cavabdehə məxsus torpaq sahəsi mübahisəli ərazidən 200 metr kənarda yerləşir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(050)-1240/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verilərək, Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(050)- 1240/2022 saylı qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində mübahisəli evə və torpaq sahəsinə yerli baxış keçirilib mütəxəssiz və ekspert rəyi verilsə də təkrar və əlavə ekspertiza keçirilməmiş, torpaq sahəsini kimlər və hansı hissədə zəbt olunması və hazırda onların istifadəsində mübahisəli torpaq sahəsinin hansı hissəsinin qalması aydınlaşdırılmamışdır. Hesab etmişdir ki, birinci instansiya məhkəməsi ətraflı araşdırma aparmamış və iş üzrə düzgün nəticəyə gəlməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz ərizəsi verərək, İddiaçı Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(050)-1240/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin əsassız olduğundan rədd edilməsini, iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, İddiaçı və X1 hər birinin ½ hissədə payları olmaqla Masallı rayonu, Türkoba kəndində xüsusi mülkiyyət hüququ ilə 0.134 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 07 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən gərünür ki, **********33 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerində baxış keçirilməklə koordinalları müəyyan edilmişdir. Həmin mübahisli torpaq sahəsinin ərazi hüdudları daxilində olan fərdi yaşayış evinin koordinalları ölçülməklə müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş fardi yaşayış evi **********33 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə varilmiş 0,134 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 05 oktyabr 2022-ci il tarixli, 10/4982 saylı ekspert rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına əsasən **********33 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin **********33 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,134 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində göstərilmiş Türkoba kəndində 0.134 ha paybəlli torpaq sahəsi verilməsi, həmin torpaq sahəsinin X3 vəfat etdikdən sonra həmin torpaq sahəsi vərəsəlik qaydasında iddiaçıya keçməsini bildirsə də, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin **********33 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,134 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmədiyi müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dələllərini təşkil edən “birinci instansiya məhkəməsi zamanı mübahisəli evə və torpaq sahəsinə yerli baxış keçirilib mütəxəssiz və ekspert rəyi verilsə də təkrar və əlavə ekspertiza keçirilməmiş, torpaq sahəsini kimlər və hansı hissədə zəbt olunması və hazırda onların istifadəsində mübahisəli torpaq sahəsinin hansı hissəsinin qalması aydınlaşdırılmamışdır” əsaslarına münasibət bildirərək qeyd edir ki, iddiaçının tələbindən də göründüyü kimi onun tələbi “ona məxsus Masallı rayonu Türkoba kəndində yerləşən 0.134 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi və söküntü işlərinin cavabdehin hesabına aparılmasın”dan ibarətdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəyə iddia tələbi həddində baxmış, iddia tələbindən kənara çıxmamışdır. Yəni məhkəmə araşdırma apararkən cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansısa bir hissəsinin zəbt edilib-edilməməsi üzrə araşdırma aparmamışdır. Çünki iddia ərizəsi üzrə iddiaçının belə bir tələbi olmamışdır. Müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş ev iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində tikilməmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin hər hansısa bir hissəsinin zəbt edilib-edilməməsi üzrə qeyd edilən iş üzrə mübahisə predmeti olmamışdır və birinci instansiya məhkəməsi də bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. İş üzrə birinci instansiya məhkəməsi mülkiyyətçi olaraq Cavabdeh həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malik olması, habelə hüquqlarını həyata keçirmə istəyinin iddiaçıya münasibətdə qanuni olması, iddiaçının isə həmin evin yerləşdiyi torpaq sahəsinə dair mövcud hər hansı sahiblik və ya istifadə hüququ müəyyən edilməməsi qənatəətinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(050)-1240/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar