Məhkəmə qərarları › İş №2(106)-190/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-190/2024

08.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-190/2024 08.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X12 və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, X6, X10, X4 qarşı ona icarə hüququ ilə məxsus olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən 18.0 ha "torpaq sahəsindən çıxarma" tələbinə dair iddiası üzrə İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 yanvar 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh6, X6, X10 və X3 ona icarə hüququ ilə məxsus olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən 18,0 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə ona Bəhrəmtəpə Bələdiyyəsinin mülkiyyətində olan, Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən ərazidən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 18,0 ha torpaq sahəsi icarəyə verilmiş və bu barədə 25 noyabr 2007-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər onun icarəsində olan torpaq sahəsindən istifadə etməyinə mane olurlar, onu torpaq sahəsinə buraxmırlar. O, həmin torpaq sahəsinə icarə hüququnun qeydə alınması üçün DƏDRX-nin Beyləqan 6 saylı ərazi idarəsinə müraciət etmiş, müraciəti əsasında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları yerquruluşu koordinatlarının müəyyən edilməsi və dəqiqləşdirilməsi üçün əraziyə baxış keçirilməsi məqsədilə onun icarəsində olan torpaq sahəsinə gələrkən Cavabdeh1 idarənin əməkdaşlarını əraziyə buraxmamış və onların öz vəzifələrini icra etməsinə mane olmuşdur. Nəticədə yerquruluşu işləri aparılmamışdır. O, dəfələrlə Cavabdeh1 müraciət edərək ailə üzvləri ilə birlikdə icarə hüququ ilə ona məxsus olan 18,0 ha torpaq sahəsindən çıxmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Nəticə etibarı ilə o, 2007-ci ildən icarəsində olan 18.0 ha torpaq sahəsindən istifadə edə bilmir. Ona görə də hazırkı tələblə bağlı məhkməyə müraciət etmişdir. Məhəhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahsə predmeti olan torpaq sahəsi yararsız vəziyyətdə olmuşdur. O, 27 il ərzində həmin torpaq sahəsindən istifadə edərək torpaq sahəsini yararlı vəziyyətə gətirmiş və torpaq sahəsində 200ə qədər ağac əkmişdir. Bundan əlavə o, 11000 ABŞ dolları məbləğində xərc çəkərək artezan çəkmişdir. Əgər iddiaçı onun çəkdiyi xərcləri ödəyərsə torpaq sahəsindən çıxmağa hazırdır. Onun həmin torpaq sahəsində çox böyük əməyi olmuşdur. Ona görə də hesab edir ki, iddiaçının bu tələbi onun həm torpaq sahəsi üzərində əməyinin itirilməsinə, həm də hüquqlarının pozulmasına yol açır. Odur ki, qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X10 işin hallarına dair Cavabdeh1 izahatına uyğun izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasına müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bəhrəmtəpə Bələdiyyəsinin sədri X1 izahatında göstərmişdir ki, 25 noyabr 2007-ci il tarixdə İddiaçı ilə Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış müaviləyə əsasən Bəhrəmtəpə qəsəbəsi ərazisindən 18,0 ha torpaq sahəsi X8 icarəsinə verilmişdir. İddiaçı icarə müqaviləsi əsasında illik icarə haqqını vaxtı-vaxtında ödəyir. Lakin Cavabdeh1 və oun ailə üzvləri həmin torpaq sahəsindən istifadə etdiyindən İddiaçı icarə müqaviləsi üzrə hüquqlarını həyata keçirə bilmir. Onun tərəfindən cavabdehlərə torpaq sahəsindən çıxamaları barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş lakin heç bir nəticəsi olmamışdır. Cavabdehlər həmin torpaq sahəsini heç bir hüquqi əsas olmadan uzun illərdir istifadə edir, lakin Bələdiyyənin hesabına bu günədək heç bir haqq ödəməmişdir. Hazırda həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir, lakn icarə hüququ ilə İddiaçı məxsusdur. Ona görə də hesab edir ki, cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalı və İddiaçı pozulmuş hüquqları bərpa edilməklə icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadə etməsinə şərait yaradılmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(036)-1705/2021 nömrəli qətnaməsi ilə (hakim Q.Hacıyev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, X11, X6, X10 və X3 Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətində olan və icarə hüququ əsasında İddiaçı məxsus 18 ha torpaq sahəsindən çəkilən xərclərin əvəzi ödənilmədən çıxarılmaları qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-242/22 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və N.Mirzəyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “çəkilən xərclərin əvəzinin ödənilmədən” hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2022-ci il tarixli 2(102)-3334/2022 saylı qərarı (hakimlər Z.Əliyev, A.Hüseynov, İ.Xələfov) ilə kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-151/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi) Cahid İmanov və Pərviz Əhmədov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsi “çəkilən xərclərin əvəzinin ödənilmədən” hissədə ləğv edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2(102)-2898/2023 saylı qərarı (hakimlər İ.Şəfiyev, Ə.Əhmədov, V.Həsənov) ilə kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 25 noyabr 2007-ci il tarixdə icarəyə götürdüyü torpaq sahəsini dövlət qeydiyyatına aldırmalı idi. Yalnız bundan sonra onun qeyd olunan iddianı qaldırmaq üçün subyektiv hüququ yaranardı. Mübahisəli torpaq sahəsi 27 il ərzində və hazırda onun sahiblik və istifadəsində olduğundan iddiaçının ümumiyyətlə bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. İşdə icarəyə verilmiş torpaq sahəsinin İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinə məxsus olması barədə sübut yoxdur. İcarəyə verilmiş torpaq sahəsi ilə onun istifadəsində olan torpaq sahəsinin eyni torpaq sahəsi olması yalnız ekspertiza ilə müəyyən edilə bilər ki, icarəyə verilmiş torpaq sahəsinin koordinatları olmadığından və qeydiyyata alınmadığından ekspertizanın keçirilməsi də mümkün deyil. Birinci instansiya məhkəməsi həmin hallara qiymət verməmiş, yalnız icarə müqaviləsinin mövcudluğunu nəzərə alaraq iddianı təmin etmişdir. Torpaq sahəsi yararsız vəziyyətdə olmuşdur. O, 27 il ərzində həmin torpaq sahəsindən istifadə edərək, torpaq sahəsini yararlı vəziyyətə gətirmiş, torpaq sahəsində 200-ə yaxın ağac əkmiş, 11000 ABŞ dolları xərcləyərək artezian quyusu qazdırmışdır. Həmin torpaq sahəsi iddiaçıya qanunsuz verilmişdir. O, həmin torpaq sahəsində məskunlaşdığı halda bələdiyyə tərəfindən torpaq sahəsi ona təklif edilməmiş, həmin ərazidən təxminən 30 km kənarda yaşayan başqa kənd sakini olan iddiaçıya heç bir hərrac keçirilmədən qanunsuz verilmişdir. Torpaq sahəsində onun çox böyük əməyi olmuşdur. Əgər iddiaçı onun çəkdiyi xərcləri ödəyərsə, torpaq sahəsindən çıxmağa hazırdır.. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini, İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bəhrəmtəpə Bələdiyyəsinin nümayəndəsi və cavabdehlər Cavabdeh6, X6, X10, X9 məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehlər və Bəhrəmtəpə Bələdiyyəsinin nümayəndəsi iştirak etməməsinin səbəbləri barədə qabaqcadan məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin və Bəhrəmtəpə Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində, İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı yekun nəticəyə gələrəkən hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh6, X6, X10 və X3 təqsiri ucbatından iddiaçı onun iradəsi olmadan sahiblikdən məhrum edilmiş, icarəsində olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə Bələdiyyəsinin mülkiyyətində olan və icarə hüququ əsasında İddiaçı məxsus 18,0 ha torpaq sahəsindən istifadə edə bilməmiş, nəticədə hüquqları və qanunla qorunan mənafeyi pozulmuşdur. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-242/22 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və N.Mirzəyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “çəkilən xərclərin əvəzinin ödənilmədən” hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2022-ci il tarixli 2(102)-3334/2022 saylı qərarı (hakimlər Z.Əliyev, A.Hüseynov, İ.Xələfov) ilə kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-151/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi) Cahid İmanov və Pərviz Əhmədov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsi “çəkilən xərclərin əvəzinin ödənilmədən” hissədə ləğv edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2(102)-2898/2023 saylı qərarı (hakimlər İ.Şəfiyev, Ə.Əhmədov, V.Həsənov) ilə kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, sözügedən qətnamədən məhkəmənin mübahisəyə məhz hansı maddi hüquq normasını tətbiq etməsini müəyyən etmək olmur. Halbuki, bundan əvvəl işə baxmış Ali Məhkəmənin Mülki kollegiyası da maddi hüquq normalarının tətbiqi ilə bağlı izah vermişdi və işə yenidən baxan məhkəmə kollegiyası həmin mövqelər nəzərə alınmaqla, maddi hüquq normasının tətbiqi üzrə aydın və əsaslandırılmış mövqe bildirməli idi. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin əsaslandırılması tələbi, sadəcə maddi hüquq normalarının sadalanmaqla göstərilməsini deyil, həmin normaların dispozisiya şərtlərinin açıqlanması və işin müəyyən olunmuş həqiqi halları ilə uzlaşmasını izah etməklə məntiqli, aydın və ziddiyyətsiz nəticəyə gəlməni ehtiva edir. Baxılan işdə məhkəmənin əsaslandırması bu tələblərə cavab vermir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi, sahibliyin pozulması ilə bağlı müdafiə hüququnu tənzimləyən Mülki Məcəllənin 165.1 və 165.2-ci maddələrinin tətbiq olunması üçün müəyyən dispozisiya şərtləri nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 165.2-ci maddəsində görə qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Baxılan işdə cavabdehin əsas etiraz dəlilləri ondan ibarətdir ki, o, mübahisəli torpaq sahəsindən 27 il əvvəl, yəni bu torpaq sahəsi iddiaçıya icarəyə veriləndən əvvəl istifadə edirdi və orada təsərrüfat yaratmışdı. Cavabdehin bu dəlilinin iddia tələbi üzrə düzgün nəticəyə gəlmək üçün həlledici əhəmiyyəti vardı və məhkəmələr tərəfindən araşdırılmalı idi. (Bundan başqa, cavabdehin iddiaçının icarəsinə verilmiş bütün torpaq sahəsindən, yaxud onun bir hissəsindən istifadə etməsi müəyyən deyil). Həmçinin bu dəlil açıq-aşkar əsassız deyildi. Çünki mülki iş materiallarına əlavə olunmuş “X18 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, iddiaçıya icarəyə verilmiş 18 ha torpaq sahəsinin 0,5 hektarında Cavabdeh1 məxsus olan fərdi yaşayış evi və digər yardımçı tikililər (çardaq, tövlə, toyuq hini, anbar, əl damı, sanitar qovşaqlar və s) yerləşir, həmin torpaq sahəsində artezian quyusu və transformator mövcuddur. Cavabdeh qeyd olunan torpaq sahəsindən istifadə etməsi üçün ona əsas verən bələdiyyə qərarı, icarə müqaviləsi və s. sənədləri təqdim etməyib. Lakin bununla yanaşı, onun həmin torpaqdan istifadə etməsinə, orada uzun müddətli fəaliyyətə hesablanmış tikililər (yuxarıda qeyd olunan rəyin mötəbərliyi sübut olunarsa hətta yaşayış evi) inşa edib təsərrüfatla məşğul olmasına bələdiyyə, dövlət orqanları və ya iddiaçının özü tərəfindən etiraz etməsinə dair hər hansı mötəbər sübut işə əlavə olunmamışdır və məhkəmə tərəfindən də bu hal araşdırılmamışdır. Əksinə, məhkəmənin əsaslandırmasından görünür ki, cavabdehlər mübahisəli torpaq sahəsindən ilk vaxtlar qanuni sahibin razılığı əsasında istifadə ediblər. Məhkəmə tərəfindən cavabdehin dəlilləri ətraflı araşdırılmadığından bilinmir ki, iddiaçı bu cür razılığı nə vaxt (torpaq icarəyə götürdüyü 2007-ci ildə yaxud daha sonra) vermişdir, iddiaçıya torpaq sahəsi icarəyə verilən zaman həmin torpaq sahəsində cavabdehin təsərrüfatı mövcud idimi? Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normlarını düzgün təfsir etməmiş, prosessual hüquq normaların pozulması ilə müşaiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)- 1705/2021 saylı qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Bəhrəmtəpə Bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı iclas protokolunun surətindən görünür ki, Bəhrəmtəpə Bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli iclasında İmişli şəhər sakini İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün Bəhrəmtəpə- Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə Bələdiyyəsinə məxsus boş torpaqdan 18,0 ha torpaq sahəsinin 99 (doxsan doqquz) il müddətə icarəsinə verilməsi qərara alınmışdır. İşdə olan İddiaçı ilə Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış 25 noyabr 2007-ci il tarixli torpaq icarə müqaviləsinin surətindən görünür ki, İmişli şəhər sakini İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə Bələdiyyəsinə məxsus boş torpaqdan 18,0 ha torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə illik 126 (bir yüz iyirmi altı) manat haqq ödəmək şərtilə icarəsinə verilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı icarə müqaviləsidə nəzərdə tutulmuş icarə haqlarını ödəmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəliləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164,165, 157-ci maddələri təşkil etdiyini göstərir. İddiaçı iddiasının mahiyyətindən müəyyən edilir ki, o, iddia edir ki, İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə ona Bəhrəmtəpə Bələdiyyəsinin mülkiyyətində olan, Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən ərazidən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 18,0 ha torpaq sahəsi icarəyə verilmiş və bu barədə 25 noyabr 2007-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər onun icarəsində olan torpaq sahəsindən istifadə etməyinə mane olurlar, onu torpaq sahəsinə buraxmırlar. İddiaçı həmçinin göstərir ki, cavabdeh Bəhrəmtəpə Bələdiyyəsi ona icarəyə verilmiş 18 ha torpaq sahəsinin cavabdehlərdən azad edilərək ona verilməsini təmin etməmişdir. X2 vəzifəsi idi ki, icarəyə verdiyi torpaq sahəsini yerində ona təhvil versin və torpaq sahəsindən istifadə etməsinə ona şərait yaratsın. Cavabdeh1 iddia tələbinə etirazından müəyyən edilir ki, o, iddianı qəbul etmir və qeyd edir ki, mübahsə predmeti olan torpaq sahəsi yararsız vəziyyətdə olmuşdur. O, 27 il ərzində həmin torpaq sahəsindən istifadə edərək torpaq sahəsini yararlı vəziyyətə gətirmiş və torpaq sahəsində 200-ə qədər ağac əkmişdir. Bundan əlavə o, 11000 ABŞ dolları məbləğində xərc çəkərək artezan çəkmişdir. Əgər iddiaçı onun çəkdiyi xərcləri ödəyərsə torpaq sahəsindən çıxmağa hazırdır. Onun həmin torpaq sahəsində çox böyük əməyi olmuşdur, hesab edir ki, iddiaçının bu tələbi onun həm torpaq sahəsi üzərində əməyinin itirilməsinə, həm də hüquqlarının pozulmasına yol açır. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi MM-in 164.1-ci maddəsi ilə bağlı aşağıdakıları qeyd edir. Əvvəla qeyd olunan bu norma sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Hazırkı işin hallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsinin sahibi olmasını, başqa sözlə həmin əşyanın onun sahibliyinə verilməsini müəyyən etməmiş, hətta iddiaçının özü ərizəsində göstərmişdir ki, Bəhrəmtəpə Bələdiyyəsi torpaq sahəsinin ona verilməsini təmin etməmişdir. İkincisi qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, mövcud vəziyyətdə iddianın sahibliyin müdafiəsinə dair normalar çərçivəsində təmin edilməsi lazımi şəkildə əsaslandırılmamışdır. MM-in 157.2 və 157.4-cü maddələri isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Hazırkı işə mahiyyəti üzrə baxmış İmişli Rayon Məhkəməsi bu qaydada hüquqi dəyərləndirmə aparmamış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğunu müəyyən etməmişdir. Belə olan halda, həmin normaların müstəqil əsas kimi işə tətbiq edilməsi qanuni olmamışdır. Bununla belə sözügedən normaların tətbiqinin MM-in 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümkündür. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Kollegiya həmçinin vurğulayır ki, bu normalarda müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.) hüquqlardır. Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ – MM, m.567; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ – MM, m. 675). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. Normanın bu cür təfsirinə və tətbiqinə dair qənaət ondan irəli gəlir ki, əvvəla, sözügedən müddəa Mülki Məcəllənin “Əmlak və Əşya hüququ” bölməsində yer alan “Mülkiyyət hüququnun ümumi müddəaları” adlı 6-cı fəslindəki “Mülkiyyətin müdafiəsi”nə dair 157-ci maddənin tərkibində nəzərdə tutulmuşdur. Yəni, məsələyə normaların sistematik təfsiri baxımından yanaşdıqda Məcəllənin Xüsusi Hissəsində tənzimlənən tələb hüquqlarına (7-ci bölmədəki müqavilədən əmələ gələn öhdəliklərə) aid bir qaydanın tam əşya hüququ sayılan mülkiyyət hüququna aid fəsildə və normada yer alması ağlabatan deyil. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli gələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir. Halbuki, yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin hüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu hüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı. Hazırkı işdə cavabdehlərin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması müəyyən edilməmişdir. Belə olan halda, iddianın MM-in 157.8-ci maddəsi ilə təmin edilməsi qanuni və əsaslı yanaşma sayıla bilməz. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi Bəhrəmtəpə Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə əsaslanır. Eyni zamanda icarəyə verən tərəfindən müqavilə öhdəliyi icra edilməklə torpaq sahəsi iddiaçıya təhvil verilməmişdir. Beləliklə, iddiaçının torpaq sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər. Hazırkı işdə iddia müqavilənin tərəfi (icarəyə verən) Bəhrəmtəpə Bələdiyyəsinə qarşı deyil, üçüncü şəxslər olan cavabdehlərə qarşı qaldırılmışdır. Belə olan halda iddiaçının tələbinin təmin edilməsi üçün əsas olan maddi hüquq norması düzgün göstərilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hər hansı məhdud əşya hüququna malik olması müəyyən edilmədiyindən, həmçinin iddiaçının tələbinin Bəhrəmtəpə Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə əsaslanıb üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bildiyindən hazırkı vəziyyətdə iddia tələbi təmin edilə bilməz. Baxmayaraq ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almamış, gəldiyi nətiçə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, X6, X10, X4 qarşı ona icarə hüququ ilə məxsus olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən 18.0 ha "torpaq sahəsindən çıxarma" tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, X6, X10, X4 qarşı ona icarə hüququ ilə məxsus olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən 18.0 ha "torpaq sahəsindən çıxarma" tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar