Məhkəmə qərarları › İş №2(106)-1909/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1909/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1909/2025 08.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, İddiaçı İB-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1588/2024 saylı 22 avqust 2025-ci il tarixli qərardadından İddiaçı İB-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh borca görə 3110.40 manat, dövlət rüsumuna görə 52 manat olmaqla, cəmi 3162.40 manat məbləğin İddiaçı İB-nin xeyrinə tutulması qət edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh qətnamədən apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən buraxılmış prosessual müddət bərpa edilmiş, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-1588/2024 saylı qərardadının ləğv edilməsi, əks halda qərardaddan verilmiş şikayətin baxılması üçün aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-1588/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(106)- 1563/2025 saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-1588/2024 saylı qərardadı ləğv edilmiş və mülki iş materialları yenidən baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-1588/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətə baxarkən cavabdehin Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 1588/2024 saylı, 21 avqust 2024-cü il tarixli qətnaməsindən məlumatı olub-olmaması vaxtını müəyyənləşdirmək məqsədilə Kürdəmir rayon İcra və Probasiya şöbəsindən icra işində olan sənədlərin surətləri götürülərək işə əlavə edilmiş və həmin sənədlər əsasında müəyyən edilmişdir ki, İcra vərəqəsi icraata qəbul edildikdən sonra icraata başlama haqqında qərarın surəti qanuna müvafiq qaydada tərəflərə və məhkəməyə göndərilmişdir. Qərarın icrası məqsədi ilə borcluya könüllü müddət verilmiş, lakin borclu həmin müddət ərzində tələbi təmin etməmişdir. EMİS-dən borclunun təqaüd aldığı müəyyən edilmişdir. Tələbi borclunun pensiyasına yönəldilməsi üçün EMİS-də inkasso sərəncamı yaradılmışdır. İcra sənədinin icrası nəzarətdə saxlanılır və pensiyadan tutulmalar davam etdirilir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh 2(041)-1588/2024 saylı icra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinə daxil olandan 3 ay qabaq həmin qətnamənin surətini almışdır.. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpası ilə bağlı vəsatətin təmin edilməsi barədə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və gəlinəcək nəticənin daha aydın izah olunması baxımından birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsində Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verərək (İ hissə), məhkəmə orqanları da daxil olmaqla dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyünü bu hüququn əsas elementi kimi nəzərdə tutur (İİ hissə). “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin maddənin 3-cü b yarım bəndinə əsasən hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. Qanunvericilik bu məqsədlərə nail olmaq üçün aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan Kürdəmir rayon İcra və Probasiya şöbəsindən göndərilmiş icra işində olan sənədlərin surətlərindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 1588/2024 saylı, 21 avqust 2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərardad qəbul edilmiş, qərarın icrası məqsədi ilə borcluya könüllü müddət verilmiş, lakin borclu həmin müddət ərzində tələbi təmin etməmişdir. EMİS-dən borclunun təqaüd aldığı müəyyən edilmişdir. Tələbi borclunun pensiyasına yönəldilməsi üçün EMİS-də inkasso sərəncamı yaradılmışdır. Hər ay 266.86 AZN borclunun pensiyasından tutulur. Göründüyü kimi Cavabdeh ərizəsində qətnamədən məlumatsız olduğunu bildirsə də, tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilmiş, xx.xx.2024-cü il tarixdən isə tutulmalar hər ay 246.86 manat olmaqla onun pensiyasına yönəldilir. Göründüyü kimi cavabdeh qətnamədən məlumatlı olmuş, lakin vaxtında apellyasiya şikayəti verməmişdir. MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ bu hüquqa malik olan şəxsin konstitsuion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilərdi. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməməsi, tərəfin hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə müddətin əsassız bərpası qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına, süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət əsaslı hesab edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1588/2024 saylı 22 avqust 2025-ci il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara və Mülki Prosessual Məcəllənin 263, 264, 366.3, 395-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İB-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1588/2024 saylı 22 avqust 2025-ci il tarixli qərardadı ləğv edilsin. Apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar