Məhkəmə qərarları › İş №2(106)-1919/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1919/2023

25.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1919/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılma” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)1065/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 dekabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilməsilə pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 və onun qızı xx.xx.2019-cu il təvəllüdlü X6, xx.xx.1976-cı ilə təvəllüdlü Cavabdeh3 və onun oğlu xx.xx.2006-cı il təvəllüdlü X7 və digər oğlu xx.xx.2008-ci il təvəllüdlü X12 mülkiyyət hüququ ilə xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X18 küçəsi, ev 78/15 ünvanında yerləşən 63 saylı mənzildə istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Nümayəndə ilə xx.xx.2013-cü il tarixdə ailə həyatı qurmuş, onunla birgə nikahlarından 3 uşaqları olmuşdur. Hal-hazırda o, ailə üzvləri - həyat yoldaşı və 3 uşağı, həmçinin ərinin atası və anası, qaynatası - xx.xx.1949-cu il təvəllüdlü X8 və qaynanası - xx.xx.1949-cu il təvəllüdlü X1 ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus, xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X18 küçəsi, ev 78/15 ünvanında yerləşən 63 saylı mənzildə yaşayırlar. xx.xx.2013-cü il tarixdən hal - hazırki vaxtadək xüsusi mülkiyyət hüququ ilə mülkiyyətində olan həmin mənzildə ondan və yuxarıda qeyd etdiyi ailə üzvlərindən: həyat yoldaşı və uşaqlarından, həmçinin qaynatası və qaynanasından başqa heç kim yaşamır. O, Lənkəran şəhəri, X18 küçəsi, ev 78/15 ünvanında yerləşən 63 saylı mənzili 19 sentyabr 2013-cü il tarixdə X2 bağışlama yolu ilə əldə etmişdir. xx.xx.2013-cü il tarixdən qeyd olunan mənzil onun xüsusi mülkiyyətindədir. Bu barədə onun adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən tam pay hüququ ilə xx.xx.2013-cü il qeydiyyat tarixli, Seriya RX № ******* olan, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Cavabdehlər xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh3 ona məxsus yuxarıda qeyd etdiyi sözügedən mənzildə yaşamasalar da, onlar ona məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdehlərdən əlavə xx.xx.2006-cı il təvəllüdlü X13 (Cavabdeh3 oğlu), xx.xx.2008-ci il təvəllüdlü X20 (Cavabdeh3 oğlu), xx.xx.2019-cu il təvəllüdlü X14 (Cavabdeh2 qızı) da onun xüsusi mülkiyyətində olan mənzildə yaşamasalar da, onlar həmin mənzildə qeydiyyatdadırlar. Bundan əlavə, məlumat almışdır ki, tərəfindən qeydiyyat haqqında “Asan-Masallı” orqanından alınmış xx.xx.2022-ci il tarixli, ******* saylı arayışın alınmasından 1 ay sonra, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə X17 olan digər övladı doğulmuş və həmin uşaq da mexaniki olaraq, anasının formal qeydiyyatı əsasında ona məxsus mənzilə qeydiyyata alınmışdır. xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2008-ci il təvəllüdlü X20, xx.xx.2019-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatmadıqlarına görə onları hazırki iddia tələbi üzrə cavabdeh kimi qeyd etməmişdir. xx.xx.2023-cü il tarixdə doğulmuş X10 qeydiyyatı ilə bağlı müvafiq qeydin aparıldığı arayışı əldə etdikdən sonra, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə müvafiq olaraq hazırkı iddia tələbində dəqiqləşmə apararaq, tələbin həcmini artırmaqla onun da qeydiyyatda çıxarılması barədə tələbini məhkəməyə təqdim edəcəkdir. Cavabdehlər və onların adlarını qeyd etdiyi yetkinlik yaşına çatmayan uşaqlarının ona məxsus mənzildə yaşamamaqla yanaşı, hazırda onların hansı ünvanda yaşadıqlarıını belə dəqiq bilmir. Onların onun mənzilindəki qeydiyyatları formal xarakter daşıyır. Onlar onun mənzilində qeydiyyatda olduqlarından bu hal onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə ciddi maneçilik törədir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı məktub xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, ərizəsi ilə cavabdehlərin qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, həmin müraciəti təmin olunmamış və ya ümumiyətlə həmin ərizəyə baxılmamışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1065/2023 nömrəli 07 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılma” tələbi üzrə “pasport qeydiyyatından çıxarılma” hissəsində iş üzrə icraata xitam verilmişdir. İş üzrə 06 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək izahatında bildirmişdi ki, o, xx xxx 1977- ci il təvəllüdlüdür. Lənkəran şəhəri, X18 küçəsində yerləşən 78/15 saylı evin 63 saylı mənzili onun atası X5 məxsus olmaqla, onun xüsusi mülkiyyətində olmuşdur. O, anadan olandan valideynləri və qardaşları ilə birlikdə həmin mənzildə yaşamışdır. Atasının xüsusi mülkiyyətində olan həmin mənzildə onun istifadə hüququ yaranmışdır. Hazırki mülki iş üzrə iddia tələbi ilə tanış olarkən ona məlum olmuşdur ki, atasına məxsus olan sözügedən mənzil 2013-cü ildə qardaşının həyat yoldaşı İddiaçı bağışlanmışdır. O, hal-hazıradək həmin mənzildə pasport qeydiyyatındadır. 2013-cü ildə sözügedən mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq, mənzilin bağışlanmasına heç bir razılıq verməmişdir. Mənzilin bağışlanması zamanı notariat kontoruna təqdim edilən mənzildə qeydiyyatda olan şəxslərə dair arayışda qəsdən onun adı qeyd edilmədiyindən və razılığı alınmadan mənzil bağışlanmışdır. Hazırda həmin mənzildən öz payını istəyir və vəkil tutaraq, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzildən öz payını tələb etməsi ilə əlaqədar məhkəmədə iddia qaldıracaq. Ona qarşı irəli sürülən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək izahatında bildirmişdi ki, o, xx xxxxxx 1976-cı il təvəllüdlüdür. Lənkəran şəhəri, X18 küçəsində yerləşən 78/15 saylı evin 63 saylı mənzili onun atası X5 məxsus olmaqla, onun xüsusi mülkiyyətində olmuşdur. O, anadan olandan valideynləri və qardaş, bacısı ilə birlikdə həmin mənzildə yaşamışdır. Bu səbəbdən də həmin mənzilə istifadə hüququ vardır. 2013- cü ildə atası ona bildirmişdir ki, özünə məxsus olan mənzili bacısı Cavabdeh1 adına keçirmək istəyir. O, da bu məqsədlə notariat kontorunda mənzilin bağışlanmasına razılıq vermişdir. Lakin hazırki mülki iş üzrə iddia tələbi ilə tanış olarkən ona məlum olmuşdur ki, atasına məxsus olan həmin mənzil 2013-cü ildə qardaşının həyat yoldaşı İddiaçı bağışlanmışdır. O, həmin mənzilin İddiaçı bağışlanmasına razı olmamışdır. Razılıq verərkən ona belə bildirilmişdir ki, mənzil bacısı Aynurəyə bağışlanır. Hazırda ona məlum olmuşdur ki, verdiyi razlıq ərizəsində qəsdən mənzilin kimə bağışlanması qeyd edilmədiyindən onu aldadaraq belə sənədləşdirmə etmişlər. O, hal-hazıradək həmin mənzildə pasport qeydiyyatındadır. Hazırda həmin mənzildən öz payını istəyir və bu barədə məhkəmədə iddia qaldıracaqdır. Ona qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)1065/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (Hakim A.Pənahov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)1065/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehlər iştirak etməməsinin səbəbləri barədə qabaqcadan məlumat verməmişdirlər. Lakin idiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 2(049)1065/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.5 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin məcəllənin 228.2 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin məcəllənin 228.4 maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə iddiaçının cavabdehlərə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi ilə bağlı təklif etməməsi və bu barədə məhkəməyə hər-hansı razılıq təqdim edilməməsi, həmçinin iddiaçı tərəfindən cavabdehlərin digər ünvanda daimi yaşamaları ilə əlaqədar məhkəməyə sübut təqdim edilməməsi ilə, digər Cavabdeh2 qarşı münasibətdə isə cavabdehin ümumiyyətlə mübahisəli mənzilindən istifadə hüququnun olmaması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)1065/2023 saylı, 07 iyun 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş 19 sentyabr 2013-cü il tarixli 4Ə-03-1191 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, Lənkəran şəhəri, X18 küçəsində yerləşən 78/15 saylı evin 63 saylı mənzili X8 tərəfindən İddiaçı bağışlanmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Lənkəran şəhəri, X18 küçəsində yerləşən 78/15 saylı evin 63 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş “Asan-Masallı” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Salayev X9 şəhəri, X18 küçəsində yerləşən 78/15 saylı evin 63 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş məhkəmə sorğusu əsasında əldə edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 5-13-96/2-15673/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2004-cü ildən, X21 xx.xx.2004-cü ildən, X14 xx.xx.2022-ci ildə anası X16 əsasən, Cavabdeh3 xx.xx.2005-ci ildən, X20 xx.xx.2016-cı ildən, X13 xx.xx.2016-cı ildən ünvan 3 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatdadırlar. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə iddiaçının mənzilə mülkiyyət hüququnun olması və həmin hüququn həyata keçirilməsi ilə bağlı maneənin aradan qaldırılması təşkil edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 5.3, 14.1, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri maddələri təşkil edir. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, o, Nümayəndə ilə xx.xx.2013cü il tarixdə ailə həyatı qurmuş, onunla birgə nikahlarından 3 uşaqları olmuşdur. Hal-hazırda o, ailə üzvləri - həyat yoldaşı və 3 uşağı, həmçinin ərinin atası və anası, qaynatası - xx.xx.1949-cu il təvəllüdlü X8 və qaynanası - xx.xx.1949-cu il təvəllüdlü X1 ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus, xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X18 küçəsi, ev 78/15 ünvanında yerləşən 63 saylı mənzildə yaşayırlar. xx.xx.2013-cü il tarixdən hal - hazırki vaxtadək xüsusi mülkiyyət hüququ ilə mülkiyyətində olan həmin mənzildə ondan və yuxarıda qeyd etdiyi ailə üzvlərindən: həyat yoldaşı və uşaqlarından, həmçinin qaynatası və qaynanasından başqa heç kim yaşamır. O, Lənkəran şəhəri, X18 küçəsi, ev 78/15 ünvanında yerləşən 63 saylı mənzili 19 sentyabr 2013-cü il tarixdə X2 bağışlama yolu ilə əldə etmişdir. xx.xx.2013-cü il tarixdən qeyd olunan mənzil onun xüsusi mülkiyyətindədir. Bu barədə onun adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən tam pay hüququ ilə xx.xx.2013-cü il qeydiyyat tarixli, Seriya RX № ******* olan, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Cavabdehlər xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh3 ona məxsus yuxarıda qeyd etdiyi sözügedən mənzildə yaşamasalar da, onlar ona məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdehlərdən əlavə xx.xx.2006-cı il təvəllüdlü X13 (Cavabdeh3 oğlu), xx.xx.2008-ci il təvəllüdlü X20 (Cavabdeh3 oğlu), xx.xx.2019-cu il təvəllüdlü X14 (Cavabdeh2 qızı) da onun xüsusi mülkiyyətində olan mənzildə yaşamasalar da, onlar həmin mənzildə qeydiyyatdadırlar. Bundan əlavə, məlumat almışdır ki, tərəfindən qeydiyyat haqqında “Asan- Masallı” orqanından alınmış xx.xx.2022-ci il tarixli, ******* saylı arayışın alınmasından 1 ay sonra, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə X17 olan digər övladı doğulmuş və həmin uşaq da mexaniki olaraq, anasının formal qeydiyyatı əsasında ona məxsus mənzilə qeydiyyata alınmışdır. xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2008-ci il təvəllüdlü X20, xx.xx.2019-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatmadıqlarına görə onları hazırki iddia tələbi üzrə cavabdeh kimi qeyd etməmişdir. xx.xx.2023-cü il tarixdə doğulmuş X10 qeydiyyatı ilə bağlı müvafiq qeydin aparıldığı arayışı əldə etdikdən sonra, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə müvafiq olaraq hazırkı iddia tələbində dəqiqləşmə apararaq, tələbin həcmini artırmaqla onun da qeydiyyatda çıxarılması barədə tələbini məhkəməyə təqdim edəcəkdir. Cavabdehlər və onların adlarını qeyd etdiyi yetkinlik yaşına çatmayan uşaqlarının ona məxsus mənzildə yaşamamaqla yanaşı, hazırda onların hansı ünvanda yaşadıqlarıını belə dəqiq bilmir. Onların onun mənzilindəki qeydiyyatları formal xarakter daşıyır. Onlar onun mənzilində qeydiyyatda olduqlarından bu hal onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə ciddi maneçilik törədir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı məktub xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, ərizəsi ilə cavabdehlərin qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, həmin müraciəti təmin olunmamış və ya ümumiyətlə həmin ərizəyə baxılmamışdır Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmiş, qətnamənin iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Belə olan halda kollegiya iddiaçının apellyasiya şikayəti əsasında üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)1065/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Kollegiya ilk öncə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin cavabdehlər sözügedən mübahisəli mənzildə istifadə hüququ əldə etmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin məcəllənin 228.2 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin məcəllənin 228.4 maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı Salayeva X11 şəhəri, X18 küçəsində yerləşən 78/15 saylı evin 63 saylı mənzilinə dair mülkiyyət hüququnu 2013-cü ildə əldə etmişdir. Cavabdehlərdən Cavabdeh1 xx.xx.2004-cü ildən və Cavabdeh3 xx.xx.2005-ci ildən həmin mənzildə pasport qeydiyyatında olmaqla, həmin mənzil ataları X5 məxsus olduğu vaxtdan orada yaşamışlar. Yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 sözügedən mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvləri, yəni övladları olduqlarından həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olmuşlar. Bu səbəbdən onlar həmin mənzildə istifadə hüququ əldə etmişlər və onların bu hüquqlarının yaranması üçün notariat qaydasında təsdiqlənən yazılı razılaşma tələb edilməmişdir. Həmçinin 2013-cü ildə sözügedən mənziə dair mülkiyyət hüququ iddiaçıya keçərkən onlar mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verməmişlər. Hazırki müki iş üzrə iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən cavabdehlərə bazar qiyməti ilə müvafiq kompensasiya verməsi təklif edilməmiş və bu barədə məhkəməyə hər-hansı razılıq təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehlərin digər ünvanda daimi yaşamaları ilə əlaqaədar məhkəməyə sübut təqdim edilməmişdir. Kollegiya iddia tələbinin Cavabdeh2 qarşı hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İddiaçı Cavabdeh2 istifadə hüququnun itirilməsini tələb etsə də, cavabdehin mübahisəli mənzilində istifadə hüququ müəyyən edilmir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi və ya itirilmiş hesab edilməsi üçün əvvəlcə hüququn olması müəyyən edilməlidir. Cavabdehlərin mənzilə istifadə hüququnun olması müəyyən edilmədiyindən istifadə hüququnun itirilməsi barədə tələb də təmin edilə bilməz. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olması isə evə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına göstərilmişdir ki, “Cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Ona görə də Cavabdeh2 sözügedən mənzildə istifadə hüququnun olması müəyyən edilmədiyindən iddiaçının ona qarşı istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilə bilməzdi. Həmçinin ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020- ci il tarixli qərarının nəticə hissəsində qed edilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin 2(049)1065/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)1065/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar