Məhkəmə qərarları › İş №2(106)-1927/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1927/2024

02.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1927/2024 02.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(049)- 2793/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilən yaşayış kompleksinin 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən və 110 m2 sahədən ibarət 19 saylı mənzilin alqı-satqısı barədə X1 ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə və həmin müqaviləyə əsasən ƏMDX tərəfindən verilmiş çıxarışın ləğv olunması, Cavabdeh2 tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilən yaşayış kompleksinin 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən və 110 m2 sahədən ibarət 24 saylı mənzilin alqı-satqısı barədə Cavabdeh4 il Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə və həmin müqaviləyə əsasən ƏMDX tərəfindən verilmiş çıxarışın ləğv olunması, Cavabdeh2 tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilən yaşayış kompleksinin 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən və 110 m2 sahədən ibarət 29 saylı mənzilin alqı-satqısı barədə Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə və həmin müqaviləyə əsasən ƏMDX tərəfindən verilmiş çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(049)-2793/2024 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-119/2023 nömrəli qətnaməsinə baxılana, həmin iş üzrə qəti qərar qəbul edilənə və qərar qanun qüvvəsini alanadək hazırki mülki işin icraatı dayandırılmışdır. Hazırda İddiaçı nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 şikayət ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, adətən məhkəmənin çıxardığı aktlar maddi və prosessual hüquq normalarına zidd olur və bu qaydada əsaslandırılır. Hazırki qərardad isə eyni zamanda hüququn prinsiplərinə ziddir. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin. Hüquqi müəyyənlik prinsipinə Konstitusiya Məhkəməsinin əksər qərarlarında rast gəlmək mümkündür. Lənkəran Rayon Məhkəməsi də çıxarmış olduğu qərardadla göstərmiş olur ki, hər bir məhkəmə hüququn prinsiplərini kənara qoyaraq öz əsassız mülahizəsi və qanunsuz mövqeyi ilə işi həll edə bilər. Həmin maddəyə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə mübahisələndirilən qərardadında qeyd edir ki, məhkəmə hazırlıq iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 və Cavabdeh3 nümayəndəsi Vəkil1 ayrı-ayrılıqda iddianı qəbul etməyib mülki iş üzrə məhkəmə baxışının təyin edilməsini xahiş etmişlər. İddiaçı tərəf hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə isə tərəflərdən heç birinin mövqeyini dinləməmiş, hansı əsasla iş üzrə icraatı dayandırmasını özü belə bilməmişdir. Belə ki, məhkəmə həmin qərardadında aşağıdaki ifadədən istifadə etmişdir: “Düzdür, hazırki situasiya klassik MPM-nin 254.1.4-cü maddəsinin tələblərinə cavab verməsə də” Hesab edir ki, bu ifadənin özü hakimin çıxardığı qərardadın heç bir qəlibə, hüquqa, ağıla sığmadığını özünü də dərk etməsinin bir təcəssümüdür. Həmin maddəyə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət,inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasındabaxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə qərardadında qeyd edir: “Düzdür, hazırki situasiya klassik MPM-nin 254.1.4-cü maddəsinin tələblərinə cavab verməsə də, yəni cavabdehlərin apellyasiya şikayəti qeyri-mümkün hesab edilsə də, məhkəmə, yuxarıda qeyd olunalara əsasən hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)- 119/2023 nömrəli qətnaməsinə hüquqi qiymət verilməsi, hazırki işə hərtərəfli, tam və obyektiv qiymət verilməsinə köməklik edəcəkdir. Cavabdehlərin şikayət vermə imkanları tükənməmiş və onların nümayəndələri apellyasiya məhkəməsinin qərardadından kassasiya qaydasına şikayət verəcəklərini bildirmişlər”. Göründüyü kimi məhkəmə özü qeyd edir ki, hazırki vəziyyətdə mülki iş üzrə icraatın dayandırılma əsasları mövcud deyildir. Buna baxmayaraq hakim qanun boşluğunun olmadığı, açıq-aşkar tənzimləyici normanın olduğu vəziyyətdə özünü qanunverici orqan kimi aparmış və qanunvericinin qəbul etmədiyi norma yaratmışdır. Həmin normanı ehtimal əsasında iş üzrə icraatın dayandırılması adlandırıla bilər. Çünki məhkəmə cavabdeh tərəfin apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verməyə hazırlaşmaqlarını iş üzrə icraatın dayandırılması əsası kimi qəbul etmişdir. Bundan başqa hüquqlarına toxunulduğu deyilən qətnamə əslində onların heç bir hüquqlarına toxunmadığı üçün şikayət qeyri-mümkün hesab edilmişdir. Yəni həmin şikayətin özünün perspektivinin olmaması da açıq-aşkardır. Baxmayaraq ki, bu perspektivin əslində araşdırılmasına zərurət də yoxdur. Qanunun norması aydındır, qətidir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(049)-2793/2024 saylı qərardadı ilə İddiaçı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(049)-2793/2024 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2(049)- 2793/2024 saylı qərardadı ləğv edilməli və mülki iş icraatın təzələnməsi məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən Mülki-Prosessual Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Mülki Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. Birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılması zamanı istinad etmiş olduğu Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(049)-119/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2nə qarşı “mənzilin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” haqqında iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırkı işin icraatının dayandırılması üçün əsas olan 2(049)-119/2023 saylı mülki iş üzrə məhkəmənin qətnaməsi qəbul edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1720/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Bu o deməkdir ki, artıq işin icraatının dayandırılmasına əsas təşkil edən mübahisə üzrə yekun məhkəmə aktının artıq qəbul olunduğundan, həmin mülki iş apellyasiya instansiya məhkəməsində icraatda olmadığından hazırkı işin icraatı dayandırılmış vəziyyətdə qala bilməz. Bundan başqa, kollegiya onu da vurğulayır ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-119/2023 nömrəli qətnaməsi ilə baxılmış iddia ərizəsinin hazırki mübahisəyə baxılmasına maneə yaratması məsələsi də birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Mülki işlərin birinin digərindən asıllığı elə qiymətləndirilməlidir ki, sözügedən iddiası üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı çıxarılmayana qədər hazırki mübahisəyə baxılması, iş üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinə maneə yaratmaqla bərabər, məhkəmə aktlarının preyudisial əhəmiyyətini də şübhə altında qoymuş olsun. Belə ki, hazırkı iş üzrə müqavilələrin etibarsız hesab edilməsi barədə iddianın təmin və yaxud rədd olunması iddiaçının digər iş üzrə iddia tələbinə təsir edir, həmin işin baxılmasına maneə törədir. 2(049)-119/2023 saylı mülki iş üzrə baxılan iddia hazırkı işin baxılmasına maneə törətmir, işin icraatının dayandırılması məsələsi məhkəmənin icraatında olduğu halda, digər mülki iş üzrə müzakirə oluna bilər. Mülki prosessual qanunvericilik məhkəmənin üzərinə icraatın dayandırılmış vəziyyətdə qalması üçün əsasların olub-olmadığını araşdırmaq vəzifəsi qoyur. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxılması, preyudusial əhəmiyyət daşımayan qətnamənin qanuni qüvvəyə minməməsi halında dayandırılmış qala bilməz və belə vəziyyət hər kəsin onun işinə ağlabatan müddətlərdə baxılmalı olduğu prinsipi baxımından yolverilməzdir. Kollegiya bir daha vurğulayır ki, həmin qətnamənin mövcudluğu və ya qanuni qüvvəsini alıbalmaması hazırki işin mahiyyəti üzrə həllinə maneə yaratmır. Odur ki, şikayət təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2793/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş icraatın təzələnməsi məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil3 oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2793/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş üzrə icraatın təzələnməsi məsələsinə baxılması üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar