Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1929/2024 19.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz zəbt edilmiş Bələdiyyəyə məxsus perspektiv inkişaf fond torpağından çıxarılma tələbinə dair mülki iş üzrə Açar sözlər : torpaqdan çıxarılma. X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz zəbt edilmiş Bələdiyyəyə məxsus perspektiv inkişaf fond torpağından çıxarılma tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(064)-12/2024 saylı qətnaməsindən (hakim E.İsmayılov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş 4,5 ha perspektiv inkişaf fond torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Füzuli rayonu, Mahmudlu-2 kənd sakini cavabdeh Məmmədov X1 Bələdiyyəsinə ayrılmış perspektiv inkişaf fond torpaq sahəsindən qeyri-qanuni olaraq şəxsi məqsədləri üçün istifadə edir. Bununla əlaqədar olaraq ona dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə olmamış, zəbt etdiyi ərazini boşaltmamışdır. Odur ki, bələdiyyə iclas keçirmiş və belə bir nəticəyə gəlmişdir ki, məhkəməyə müraciət olunsun. Ona görə də, qanuni maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Füzuli Rayon İcra Hakimiyyəti xx.xx.1995-ci il tarixli, 17 saylı sərəncamı ilə atası “Arzu” Kooperativinin nəzdində həmin Kooperativin hüquqi varisi olaraq xx.xx.1992-ci il tarixdən "xxxx" Kişik Müəssisəsi yaranmışdır. Füzuli rayonu Aqrokonbinatının xx.xx.1990-cı il tarixli, 06/24 saylı məktubunda qeyd edilir ki, Qoyunçuluq Birliyinin tərkibində yaradılmış "Arzu” Kooperativinə 03 hektar torpaq ayrılmışdır. Həmçinin cavabdeh qeyd etmişdir ki, xx.xx.1992-ci ildə "xxxx" Kooperativini yaradan zaman 03 hektar torpağın sxemdə qeyd olunmayan 1,5 hektar kənd təsərrüfatına yararsız torpağı öz hesabına yararlı hala salaraq 31 ildir ki, faktiki olarq istifadə etdiklərindən mübahisələndirilən torpaq iddia predmetinə 03 hektar deyil, 4,5 hektar kimi qeyd edilmişdir. Füzuli Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(064)-12/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Əhmədbəyli Bələdiyyəsinin mülkiyyətində olan 4,5 ha perspektiv inkişaf fondu torpaq sahəsindən çıxarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərmişdir ki, mübahisələndirilən torpaq 34 ildən artıq müddətə və bu günədək atası və onun istifadəsində olmuşdur. xx.xx.1990-cı il tarixdən həmin 4.5 ha torpaqdan bu gün də istifadə etməyini iddiaçı bilir. Həmçinin bildirmişdir ki, Füzuli rayon icra Hakimiyyəti xx.xx.1995-ci il tarixli, 17 saylı sərəncamı ilə atasının “Arzu" Kooperativinin nəzdində həmin Kooperativin hüquqi varisi olaraq xx.xx.1992-ci il tarixdən "xxxx" Kiçik Müəssisəsi yarandığını təsdiq edir və qeyd edir ki, “həmin 3 hektar torpaq sahəsi "xxxx" Kiçik Müəssisəsiə verilsin”. Füzuli rayon icra Hakimiyyətinin yuxarıdakı sərəncamı ilə "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1992-ci ildə yaranmasını təsdiq edən 1 № iclas protokolundan çıxarışını da sübut kimi işə əlavə etmişdir. Göstərmişdir ki, xx.xx.1992-ci ildən - Kiçik Müəssisə yaranmasından 31 ildən artıq vaxt ötür. Əhmədbəyli kənd Bələdiyyəsi 25 il bundan əvvəl yaranmışdır. Torpaq isə 34 ildir ki, ondadır. Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin tələbinə əsasən “Daşınmaz əmlaka görə iddia müddəti 6 ildir”. Lakin, iddiaçı iddianı gecikdirərək 25 il sonra qaldırmış, 1-ci İnstansiya məhkəməsi isə müddətin ötməsi barədə tələbini və ərizəmi qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası MM-nin 375.2 maddəsinin tələbinə əsasən “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsi barədə qərar çıxarması üçün əsasdır. Ona görə də, o vəsatət verərək iddia müddəti ötməsini əldə əsas tutaraq iddianın rədd olunmasını tələb etməyə məcbur olmuşdur.Hesab edir ki, həmin vəsatəti işin içərisindən götürmüşlər. Ona görə də, Azərbaycan Respublikası MPM-nin 371-ci maddəsinin tələbinə əsasən həmin vəsatəti Apellyasiya şikayətinə əlavə etmişdir. Azərbaycan Respublikası MM-nin 178.1 maddəsinin tələbinə əsasən "Daşınmaz əmlaka mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydiyyata alındığı andan əldə edənə keçir”. Azərbaycan Respublikası MM-nin 178.6 maddəsinin tələbinə əsasən əgər şəxs Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüquqi ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o , mülkiyyətçi kimi qeydiyyata alınmasını tələb edə bilər. Buna görə hesab etmişdir ki, Füzuli rayon məhkəməsinin yuxarıda bəhsi keçən qanunsuz və əsassız qətnaməsi ləğv olunmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi 4.5 ha-dır və hazırda onun istifadəsindədir. Qeyd edilən torpaq sahəsində hər hansı tikilisi yoxdur. Həmin torpaq sahəsinin həndəvərinə baramaçılıq məqsədilə tut ağacları əkmiş, həmçinin oradan biçənək kimi də istifadə edir. Qeyd etmişdir ki, torpaq sahəsi vaxtilə Füzuli rayon İcra Hakimiyyətinin sərəncamı ilə “Arzu” sonradan isə "xxxx" adlanan Kiçik Müəssisəsinə müvəqqəti ayrılmış torpaq sahəsi olmuşdur. "xxxx" adlanan Kiçik Müəssisəsi atasına məxsus olmuşdur. Sərəncamda müddət göstərilməmiş, torpaq sahəsi ilə əlaqədar onunla İcra Hakimiyyəti arasında hər hansı icarə müqaviləsi olmamış, həmçinin indiyədək mübahisəli torpaq sahəsi üçün vergi ödənişləri etməmişdir. Hazırda da qeyd edilən torpaq saqhəsində dair Əhmədbəyli Bələdiyyəsi ilə onun arasında icarə müqaviləsi olmayıb və yoxdur. Hesab edir ki, torpaqdan 30 ildən artıq bir müddətdə etirazsız olaraq istifadə etdiyindən həmin torpaq sahəsini əldə etmişdir. Buna görə də torpaq sahəsi ondan geri alına bilməz. Həmçinin göstərmişdir ki, qeyd edilən mübahisəli torpaq sahəsinə dair onda hər hansı hüquq müəyyənedici sənədi mövcud deyil. İddiaçıya müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Füzuli rayonu "Qarabağ” kolxozunun ərazisində Torpaq islahatı aparılan zaman Əhmədbəyli Bələdiyyəsinin mülkiyyətinə verilmiş 4,5 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. İşdə olan Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Füzuli rayonu “Qarabağ” kolxozunun ərazisində Torpaq islahatı aparılan zaman Əhmədbəyli Bələdiyyəsinin mülkiyyətinə verilmiş 4,5 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Müəyyən edilir iddiaçı Bələdiyyəyə məxsus 4.5 ha perspektiv inkişaf fond torpağından cavabdehin çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iddianı təmin edərək cavabdehi həmin torpaq sahəsindən çıxarılmasını qət etmişdir. Cavabdeh qətnamədən narazı qalmış və onu mübahisələndirmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili mübahisəli torpaq sahəsindən 30 ildən artıqdır ki, etirazsız olaraq istifadə etməsi və bununla da həmin torpaq sahəsinə hüququ əldə etməsidir. Bununla bağlı kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası MM-nin 179-cü maddəsinin şərh edilməsinə dair 28 yanvar 2002-ci il tarixli qərarında göstərilmişdir ki, MM-nin 179-cü maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və həmin zamanı iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etməmişdir. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, torpaq sahəsi ona məxsusdur. Lakin işdən görünür ki, Füzuli rayon İH-nin sərancamı ilə 3 ha torpaq sahəsi müvəqqəti olaraq “Arzu”, sonra isə "xxxx" KM-nə ayrılmışdır. Cavabdeh bildirmişdir ki, qeyd edilən torpaq vaxtilə atası Rəvana ayrılmış, həmin KM-nin nizamnaməsi olmuş və Nizamnamədə onun da adı olmuşdur. Lakin cavabdeh bununla bağlı sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Həmçinin ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, cavabdehin istifadə etdiyi 4.5 ha torpaq sahəsi Əhmədbəyli bələdiyyəsinə məxsus olan torpaq sahəsidir. Belə olan halda mübahisəli torpaq sahəsinin cavabdehə aid olunması müəyyən edilmir. Son olaraq Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(064)-12/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1929/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1929/2024
19.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver