Məhkəmə qərarları › İş №2(106)-1934/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1934/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1934/2024 11.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı - Cavabdeh qarşı «təbii qazdan istifadəyə görə hesablanmış borcun ödənilməsi» tələbi barədə kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin e-2(056)-1415/2024 saylı, 06 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə hesablanmış borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadə etdiyinə görə yaranmış 1199,54 manat əsas borc məbləğinin və 32 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı təşkilata ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh fərdi yaşayış evində təbii qazdan istifadəyə görə xx.xx.2024-cü il tarixə 1199,54 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb cavabdeh tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. İddiaçı Salyan RQİİ-si tərəfindən 1199,54 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, Salyan RQİİ-si ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Sabirabad Rayon Məhkəməsinin e-2(056)-1415/2024 saylı, 06 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1ində yaşayan Cavabdeh tərəfindən 2024-cü ilin mart ayınadək dövr üzrə istifadə edilən təbii qaza görə yaranmış 1199,54 (bir min yüz doxsan doqquz manat əlli dörd qəpik) AZN borc vəsaiti və iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 32 (otuz iki) AZN Cavabdeh tutulub İddiaçınə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi barədə vəsatətlər birinci instansiya məhkəməsinə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin e-2(056)-1415/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(056)-1415/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmaması müəyyən edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iştirakı olmadan İddiaçı ASC-nin əməkdaşları ona xəbər etmədən gəlib sayğaca baxış keçirmişlər və baxış zamanı sayğacın mexanizm qoruyucunun qapağının sol tərəfdən əzilməsi qeyd edilmişdir. Ona görə də, onun adına quraşdırılan sayğaca dair əsassız tərtib edilmiş 23 may 2019-cu il tarixli, ******* saylı akt tərtib edilmişdir. Bu səbəbdən də onun adına təbii qazdan istifadə etdiyinə görə yaranmış 1199,54 manat əsas borc məbləği hesablanmışdır. Halbuki o və ailəsi tərəfindən sayğaca bugünə kimi heç bir müdaxilə edilməmişdir. Təbii qazdan istifadəyə görə ödənişləri vaxtı-vaxtında icra edir. Ona görə hesab edir ki, iddia tələbi əsassızdır. O, iddia ərizəsini almamışdır ki, kiçik iddiaya dair etiraz etsin və məhkəmə iclasında iddia tələbinə dair öz etiraz və ya mülahizəni bildirsin. Belə ki, onun evi ƏƏSMN-nin “Conco" QSC və "xxxx" QSC ilə olan 26 iyul 2021-ci il tarixli, 28/2021 nömrəli «Qarabağ müharibəsi əlilləri va şəhid ailələrinə fərdi evlərin tikinti İşlərinin dövlət vəsaiti hesabına satınalma müqaviləsi»nə əsasən tərəflər təsdiq edirlər ki, Sifarişçi Qarabağ müharibəsi əlilləri və şahid ailələri üçün respublikanın 38 şəhər və rayonunda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan, Ağstafa, Samux, Şəmkir, Tovuz,Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, ismayıllı, Astara, Lerik,Masallı, Balakən, Saatlı, Biləsuvar, Neftçala, Yardımlı, İmişli, Goranboy,Kürdəmir, Oğuz, Quba. Salyan, Şəki, Xızı, Sabirabad) 267 ədəd iki otaqlı və 196 ədəd üç otaqlı fərdi evlərin tikintisi işlərinin satın alınması məqsədi ilə İcraçının bütün vergi və rüsumlar daxil 29323212,85 (iyirmi doqquz milyon üç yüz iyirmi üç min iki yüz on iki manat 85 qəpik) manat məbləğində təklifini qəbul etmişdir. Lakin şirkətlərin nümayəndəsi eyni zamanda mühəndisi X2 tərəfindən 2021-ci ilin iyun ayında sökülmüşdür və 3 ildir ki, sökülmüş vəziyyətdə qalmaqdadır. Bütün bunları nəzərə alaraq Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)-1415/2024 saylı qətnaməsi qanunun pozulması ilə qəbul edilmişdir. Belə ki, onun heç bir qanun pozuntusundan xəbəri olmamışdır. Sabirabad Rayon Məhkəməsi iş üzrə heç bir sübutu qiymətləndirməmiş, işin faktiki hallarını araşdırmamış və hər hansı bir rəsmi sənədi mötəbər sübut kimi dəyərləndirməmişdir. Belə olan halda hazırki iddia tələbinə etiraz və mülahizəm dinlənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 394-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında qazın alqı-satqısı barədə bağlanmış xx.xx.2019-cu il tarixli 82 saylı müqavilədən görünür ki, “Paylayıcı” müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin etməyi, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayağacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Abonentin saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə 1199,54 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurdu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurdusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarına əsasən, 5.1 Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425-ci maddəsinəə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, onun iştirakı olmadan İddiaçı ASC-nin əməkdaşları ona xəbər etmədən gəlib sayğaca baxış keçirtmişlər və baxış zamanı sayğacın mexanizm qoruyucunun qapağının sol tərəfdən əzilməsi qeyd edilmişdir. Ona görə də, onun adına quraşdırılan sayğaca dair əsassız tərtib edilmiş 23 may 2019-cu il tarixli, ******* saylı akt tərtib edilmişdir. Bu səbəbdən də onun adına təbii qazdan istifadə etdiyinə görə yaranmış 1199,54 manat əsas borc məbləği hesablanmışdır. Halbuki o və ailəsi tərəfindən sayğaca bugünə kimi heç bir müdaxilə edilməmişdir. Kollegiya bu dəlilə münasibətdə qeyd edir ki, iddiaçının tələbi məhz tərəflər arasında bağlanılmış müqavilədən yaranan öhdəliklərlə bağlı olmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında qazın alqı-satqısı barədə bağlanmış xx.xx.2019-cu il tarixli 82 saylı müqavilədən görünür ki, “Paylayıcı” müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin etməyi, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayağacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının iddia ərizəsində tələb etdiyi pul məbləğini cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsi əlaqələndirməmişdir. Odur ki, Kollegiya hesab edir ki, bu dəlil əsassızdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, o, iddia ərizəsini almamışdır, yəni kiçik iddia tələbinə yazılı etiraz verməsi üçün ona şərait yaradılmamış, həmin kiçik iddia tələbinə əsaslandırılmış etiraz verə bilməmiş və buna görə də özünün etirazlarını məhkəməyə təqdim edə bilməmişdir. Hazırda iş materialları ilə müəyyən edilir ki, cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. Cavabdehlə İddiaçı ilə Cavabdeh arasında qazın alqı-satqısı barədə bağlanmış xx.xx.2019-cu il tarixli, 82 saylı müqavilədə onun yaşayış ünvanı da qeydiyyatda olduğu ünvan ilə eyni göstərilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.4-cü bəndində qeyd olunur ki, hesab istehlakçıya təqdim edildikdən sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Cavabdeh hazırda iddia ərizəsini almadığını, yaşayış evinin 2021-ci il tarixdə sökülmüş olduğunu qeyd etsə də, bu barədə müqavilə tərəfinə məlumat verməmiş, müqavilə üzrə üzərinə götürdüyü məlumat vermə öhdəliyini icra etməmişdir. Bu səbəbdən də onun qeydiyyatda olduğu ünvanda yaşamamasına görə yaranmış nəticələrə görə birbaşa olaraq cavabdehin özü məsuliyyət daşıyır və bu zaman iddiaçı və ya birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün qənaətə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Qeyd edilən müddəaları hazırkı işin halları üzrə tətbiq edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehdən ünvan 1ində yaşayan Cavabdeh tərəfindən 2024-cü ilin mart ayınadək dövr üzrə istifadə edilən təbii qaza görə yaranmış 1199,54 (bir min yüz doxsan doqquz manat əlli dörd qəpik) manat borc vəsaitinin İddiaçı xeyrinə ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq qeyd edir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(056)-1415/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar