Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1941/2024 25.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvən Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(017)- 108/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, 1998-ci ildə islahatlar gedən zaman Ağcabədi rayon Arasbar kəndi ərazisindən onun və ailə üzvlərinin adına ümumilikdə 5,5981 ha pay torpaq sahəsi ayrılıb verilmişdir. Həmin vaxtdan başlayaraq qeyd olunan torpaq sahəsini əvvəl atası, daha sonra özü istifadə etməyə başlamışdır. Daha sonra həmin torpaq sahəsi vərəsəliklə onun adına keçmiş, bu barədə adına Çıxarış verilmişdir. Bir müddət Rusiya Federasiyasında yaşamış, 2000-ci ildə qayıdıb kəndə gəlmiş, kəndə gəldikdən sonra torpaq sahəsini özü istifadə etmək qərarına gəlmişdir. Torpaq sahəsini şumlamaq istəyən zaman məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin bir hissəsi Cavabdeh1 tərəfindən zəbt olunaraq istifadə olunur. Dəfələrlə ona yerini boşaltmasını desə də, əhəmiyyət vermədən ona məxsus torpaq sahəsinin bir qismini zəbt edərək istifadə etmişdir. 12 fevral 2019-cu il tarixdə Ağcabədi rayon Arasbar kənd icra nümayəndəsi, Bələdiyyə sədri, ƏMDK-nin Beyləqan Ərazi şöbəsinin əməkdaşları, Beyləqan rayon Layihə Tədqiqat idarəsinin mühəndisinin, ƏMDK-nın yanında DƏDRX-nın 6 saylı Beyləqan ərazi idarəsinin texniki inventarlaşdırma şöbəsinin işçilərinin iştirakları ilə CPS aparatı vasitəsi ilə ona məxsus torpaq sahəsinə baxış keçirilmişdir. Həmin baxış zamanı müəyyən olunmuşdur ki, ona məxsus 5, 5981 ha torpaq sahəsinin 1,02 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt olunaraq istifadə olunur və bu barədə akt tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh1 CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum olunmuşdur. Hökmdən görünür ki, Cavabdeh1 mülkiyyət, istifadə və icarə hüququ olmadan 2000-ci il tarixdən hazıradək olan müddət ərzində xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********34 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla onun mülkiyyətində olan 5,5981 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsini meyvə ağacları əkməklə özbaşına zəbt edərək becərmə işləri aparmışdır. Cavabdeh tərəf qanunla cəzalandırılmasına baxmayaraq onun torpağını qaytarmır, öz torpağından istədiyi kimi istifadə edə bilmir. Hər il həmin torpaq sahəsində taxıl əkmək istəmiş cavabdehlər ona imkan verməmişlər. Bununla da ona maddi ziyan dəymişdir. Həmin ziyan barədə "xxxx" MMC-nin qiymətləndirmə rəyi alınmış, rəyə əsasən ona 12738 manat məbləğində maddi zərər dəymişdir. Ona görə də onun mülkiyyətində olan 5,5981 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılması, ona dəymiş maddi ziyana görə 12738 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 158 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(017)- 108/2024 saylı qətnaməsi ilə (Hakim: Etibar Quliyev), iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıya məxsus Ağcabədi rayonunun Arasbar kəndi ərazisində yerləşən 5,5981 ha torpaq sahəsinin 1,02 ha hissəsindən çıxarılmaları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi zərərə görə 1644,24 manat məbləğində pulun və ödənilmiş 36,44 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, aparılmış tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərcinin Cavabdeh1 və Cavabdeh2 alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 nömrəli hesaba köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsu qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Hüseynov X3 Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(017)-108/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apellyasiya şikayətinə yazılı etiraz göndərərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə iclasları bir neçə dəfə təxirə salınsa da, cavabdehlər heç bir məhkəmə iclasından iştirak etmədilər və işin baxılmasını yubatdılar. Həmin iş üzrə Ağcabədi rayon Məhkəməsi tərəfindən torpaqla bağlı ekspertiza təyin edildi. Eyni zamanda, maddi ziyanla bağlı sorğular edildi. Ekspertiza rəyi alınandan və sorğulara cavab gələndən sonra Ağcabədi rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlərin ona məxsus Ağcabədi rayonunun Arasbar kəndi ərazisində yerləşən 5,5981 ha torpaq sahəsinin 1,02 ha hissəsindən çıxarılmalarına, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi zərərə görə 1644,24 manat məbləğində pul və ödənilmiş 36,44 manat dövlət rüsümu alınaraq mənə verilməsinə dair qətnamə çıxarıldı. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti hesab edir ki, əsassızdır qeyri qanunidir və yalnız işin icrasını yubatmaq məqsədi güdür. Hətta cavabdeh Hüseynov X2 rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək torpağın həqiqətən də ona məxsus olduğunu və torpaq sahəsinin ona verilməsinə etiraz etmədiyini bildirən ərizə ilə müraciət etmişdir. Həmin ərizənin surətini sizə təqdim edir. İşə baxılması 25 dekabr 2024-cü il tarixə saat 10:30-a təyin edilmişdir. Bildirirəm ki, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini əsassız və qeyri-qanuni olduğunu hesab edir. Həmin şəxslər məhkəmə işlərini yubatmaq məqsədi ilə məhkəmələri aldadır. Odur ki, Ağcabədi rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə kollegiyası hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMSin işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Göründüyü kimi, məhkəmə keçirilən iclaslar barəsində bildirişləri tərəflərin “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirmək vəzifəsi daşıyır. Yalnız elektron kabineti olmayan işdə iştirak edən şəxsə SMS bildirişin göndərilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Buna baxmayaraq hazırda baxılan iş üzrə məhkəmə iclasları barədə bildirişləri tərəflərin elektron kabinetinə yerləşdirməklə yanaşı, onlara bu iclaslar barədə SMS bildirişlər, eyni zamanda poçt göndərişi göndərilmiş, bununla da onların məhkəmə iclasları barədə xəbərdar edilməsi üçün qanunvericiliyin verdiyi imkanlardan tam istifadə etmişdir. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri həddində mübahi Ağcabədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(017)-108/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 48.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(017)-108/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Arasbar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 5,5981 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarış verilmiş, daşınmaz əmlak dövlət reyestrində 61 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 mülkiyyət, istifadə və icarə hüququ olmadan 2000-ci il tarixdən hazıradək olan müddət ərzində xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********34 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Ağcabədi rayon Arazbar kənd sakini İddiaçı mülkiyyətində olan 5,5981 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsini meyvə ağacları əkməklə özbaşına zəbt edərək becərmə işləri aparmışdır. Həmin hökmə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 29 may 2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Arasbar kəndində yerləşən 4,58 ha torpaq sahəsinin 1,02 ha hissəsinin 2000-ci ildən 2023-cü ilədək, yəni 22 tam təsərrüfat ili ərzində əldə olunması gözlənilən xalis gəlirin (mənfəətin) bazar dəyəri müəyyən edilərək qiymətləndirilmişdir. Bir ildə Ağcabədi rayonunun Arasbar kəndində əkin sahələrinin 1 hektarından səmərəli istifadə edildiyi təqdirdə əldə olunması ehtimal olunan orta mənfəəti 568,00 manat təşkil edir. İddia predmeti olan 1,02 ha əkin sahəsindən bir ildə gözlənilən xalis gəlirin (mənfəətin) bazar qiyməti ilə dəyəri (1,02 x 568,00) = 579,00 manat, 22 ildə isə (22 x 579,00) = 12738,00 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli 3-16-16/2-7/553-9/2705 nömrəli ekspert rəyindən görünür ki, aparılmış bioloji tədqiqatın nəticələrinə və iş materiallarında olan məlumatlara əsasən Ağcabədi rayonu ərazisində yerləşən 1,02 ha yonca sahəsindən 1-ci və 2-ci il üçün texnoloji xəritə əsasında əldə olunan gəlirlər və il ərzində çəkilən xərclər nəzərə alınmaqla 1,02 ha yonca sahəsindən birinci il 1,02 ha x 445 manat = 453,90 manat, ikinci il isə 1,02 ha x 915 manat = 933,30 manat, 1,02 ha buğda sahəsindən 1,02 ha x 806 manat = 822,12 manat gəlir əldə etmək mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli 3-16-16/2-7/553-9/2705 nömrəli ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı Cavabdeh1 və qeyrilərini zəbt olunmuş “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsindən onlar tərəfindən mülkiyyətçi olaraq iddiaçıya vurmuş olduğu ziyanın ödənilməsini tələb edir. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 21.1; 21.2, 152.1, 152.5 və 157.2-ci maddələri və Torpaq Məcəlləsinin 84, 111-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası iddiaçının cavabdehlərə qarşı iddia tələbinin iki xahişdən ibarət olmasını nəzərə alaraq hər bir xahiş üzrə ayrı-ayrı hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin birinci xahişi yəni mülkiyyətində olan 5,5981 ha torpaq sahəsinin 1,02 ha hissəsinin cavabdehlər tərəfindən zəbt olunması ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının iddia tələbinin birinci xahişi ilə bağlı kollegiya qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Başqa sözlə iddiaçının qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə müdafiəsi üçün əsaslar mövcud olmalıdır. İşin araşdırılan sübutlarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlməsini iş materiallarında olan ekspert rəyi və Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına istinad edilməsi ilə əsaslandırmışdır. Belə ki, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Arasbar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 5,5981 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarış verilmiş, daşınmaz əmlak dövlət reyestrində 61 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin işdə olan 30 mart 2022-ci il tarixli 10/845 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyət, istifadə və icarə hüququ olmadan 2000-ci il tarixdən hazıradək olan müddət ərzində xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********34 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Ağcabədi rayon Arazbar kənd sakini İddiaçı mülkiyyətində olan 5,5981 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsini meyvə ağacları əkməklə özbaşına zəbt edərək becərmə işləri aparmışdır. Həmin hökmə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 52.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, iddiaçının torpaq sahəsini zəbt etmədiyini, haqqını ödəyərək aldığını sadəcə rəsmiləşdirmə aparılmadığı həmçinin iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarının dəqiqləşdirilmədiyi, müvafiq ekspertiza təyin olunmalı olduğu halda, ekspertiza təyin olunmadığını bildirmişdir. Kollegiya bununla əlaqədar aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı birinci instansiya məhkəmə baxışı iclasından məlumatlı olmuş və bu barədə birinci instansiya məhkəməsinə əvvəlki ekspertiza rəyi ilə razı olmadığnı mübahisələndirməmişdir. Göründüyü kimi iddiaçının birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. İddiaçının apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin ikinci xahişi yəni mülkiyyətində olan 5,5981 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsindən cavabdehlər tərəfindən istifadəyə maneə yaratması nəticəsində ona dəymiş maddi ziyana görə 12738 manat pul tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələri) Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələri). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1097.1-ci maddəsi) Kollegiya iddia tələbinin bu xahişi ilə bağlı iş materiallarını araşdıraraq müəyyən edir ki, xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********34 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Ağcabədi rayon Arasbar kənd sakini İddiaçı mülkiyyətində olan 5,5981 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsini meyvə ağacları əkməklə özbaşına zəbt edərək becərmə işləri aparmış, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Arasbar kəndində yerləşən 4,58 ha torpaq sahəsinin 1,02 ha hissəsinin 2000-ci ildən 2023-cü ilədək, yəni 22 tam təsərrüfat ili ərzində əldə olunması gözlənilən xalis gəlirin (mənfəətin) bazar dəyəri müəyyən edilərək qiymətləndirilmişdir. Bir ildə Ağcabədi rayonunun Arasbar kəndində əkin sahələrinin 1 hektarından səmərəli istifadə edildiyi təqdirdə əldə olunması ehtimal olunan orta mənfəəti 568,00 manat təşkil edir. İddia predmeti olan 1,02 ha əkin sahəsindən bir ildə gözlənilən xalis gəlirin (mənfəətin) bazar qiyməti ilə dəyəri (1,02 x 568,00) = 579,00 manat, 22 ildə isə (22 x 579,00) = 12738,00 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli 3-16-16/2-7/553-9/2705 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, aparılmış bioloji tədqiqatın nəticələrinə və iş materiallarında olan məlumatlara əsasən Ağcabədi rayonu ərazisində yerləşən 1,02 ha yonca sahəsindən 1-ci və 2-ci il üçün texnoloji xəritə əsasında əldə olunan gəlirlər və il ərzində çəkilən xərclər nəzərə alınmaqla 1,02 ha yonca sahəsindən birinci il 1,02 ha x 445 manat = 453,90 manat, ikinci il isə 1,02 ha x 915 manat = 933,30 manat, 1,02 ha buğda sahəsindən 1,02 ha x 806 manat = 822,12 manat gəlir əldə etmək mümkündür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıya məxsus Ağcabədi rayonunun Arasbar kəndi ərazisində yerləşən 5,5981 ha torpaq sahəsinin 1,02 ha hissəsindən çıxarılmaları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi zərərə görə 1644,24 manat məbləğində pulun və ödənilmiş 36,44 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, aparılmış tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərcinin Cavabdeh1 və Cavabdeh2 alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 nömrəli hesaba köçürülməsi” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Kollegiya hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsasla kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(017)-108/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(017)-108/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1941/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1941/2024
25.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver