Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1946/2025 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirakları ilə, İddiaçı İsaqova Nayla Əli qızının cavabdehlər cavabdeh2 və cavabdeh1 “torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılması” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İsaqova Nayla Əli qızı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2018-ci il tarixli, 806013061344-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanında 0,07 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 111,6 kv/m olan fərdi yaşayış evindən çıxarılmaqla ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında 0,07 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 111,6 kv/m olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd edilən həmin fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən ##.##.2018-ci il tarixli, 806013061344-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, inventar nömrəsi 2072 olan "Texniki pasport" verilməklə xüsusi mülkiyyət kimi çıxarış verilmişdir. Cavabdehlərin əvvəllər yaşamağa yerləri olmadığına görə anası Adilə Abdullayeva tərəfindən cavabdehlərə müvəqqəti olaraq yaşamaqları üçün icazə verilmişdir ki, müəyyən müddət yaşasınlar və özləri üçün ayrıca ev tapsınlar. Lakin bundan bir müddət keçdikdən sonra cavabdehlər evdən çıxmayacaqlarını bildirmişlər. Onun mülkiyyətçi olaraq həmin evə sərəncam hüququ olsa da, lakin faktiki olaraq istifadə edə bilmir. O, həmin evi satmaq istəsə də, cavabdehlər buna hər vəchlə maneə olurlar. Hal-hazırda cavabdehlər ona məxsus olan fərdi yaşayış evində yaşayırlar. Cavabdehlərdən dəfələrlə torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmalarını tələb etsə də, onlar buna məhəl qoymurlar, heç bir əsaslı səbəb göstərmirlər, onlara edilən xəbərdarlıqlardan heç bir nəticə çıxarmırlar və əksinə olaraq hal-hazırda da qanunsuz əməllərini davam etdirməklə münaqişə yaradırlar. Müxtəlif bəhanələrlə bundan imtina edirlər. Göstərilən səbəbdən də onun mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ləman Mehrəliyeva) iddia təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 ünvan 4 ünvanında yerləşən 0.07 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 111,6 kv/m olan fərdi yaşayış evindən çıxarılması, iş üzrə ödənilmiş dövlət rüsumuna görə ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İsaqova Nayla Əli qızına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İsaqova Nayla Əli qızının adına ##.##.2018-ci il tarixdə qeydiyyata alınmış və onun xüsusi mülkiyyətindədir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Asan-Masallı tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2024-cü il tarixli, ******* saylı arayışdan görünür ki, İsaqova Nayla Əli qızı ##.##.2005-ci il tarixdən Cəlilabad rayonu, Göytəpə şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin evdə İsaqov Ayxan Ruslan oğlu, İsaqova Nərgiz Ruslan qızı, İsaqova Cəmilə Ruslan qızı da qeydiyyatdadırlar; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DaşınmazƏmlakın Dövlət Reyestri Xidmətinin * saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ## #### 2018-ci il tarixli, 806013061344-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 2072 inventar nömrəli “Texniki pasport”dan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,07 hektar torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 111,6 kvadratmetr olan fərdi yaşayış evi İsaqova Nayla Əli qızına məxsusdur; Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısının Göytəpə Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *-**/*-*-****/**** nömrəli arayışa əsasən, cavabdeh2 Cəlilabad rayonu, Göytəpə şəhəri, Babək küçəsi ** saylı ünvanda qeydiyyatda olmasına baxmayaraq, hazırda ünvan 4 ünvanında faktiki olaraq yaşayır və onun ailə üzvləri həyat yoldaşı cavabdeh1, övladları X7 və X1 ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzrə xüsusi mülkiyyət hüququ mövcuddur. Bu baxımdan məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Cavabdehlərin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması müəyyən edilməmişdir. İstifadə və sahiblik hüququnun olması isə cavabdehin əmlakda yalnız bilavasitə yaşaması (fiziki baxımdan mövcudluğu) ilə əlaqələndirilə bilməz. İddiaçının mülkiyyətçi olmasına baxmayaraq, cavabdehin ailə üzvləri və əşyaları ilə birlikdə mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində məskunlaşması, iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. cavabdeh hazırda iddiaçıya məxsus fərdi yaşayış evində yaşayır. Mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehin isə mövcud vəziyyətdə həmin evdən istifadə hüququ olmadığından iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “İnsan Hüquqlarının və X15 Haqqında” Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 178.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2007-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Göytəpə şəhərində yaşayır. Fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Cavabdeh onun bibisi qızıdır. Onun mərhum atası Səmədov Zakir Qubad oğlu 2016-cı ilin əvvəllərində onun mərhum atası Abdullayev Əli İsa oğlundan 10000 manat müqabilində almışdır. Belə ki, mərhum Əli Abdullayev həmin vaxt təcili pula ehtiyacı olduğu üçün həmin torpaq sahəsini və evi satmaq istədiyini bildirmiş və ilk öncə onun mərhum atasına təklif etmişdir. Həmin vaxt mərhum atası torpaq sahəsini və evi 10000 manat pul ödəməklə ondan almışdır. Həmin torpaq sahəsində yerləşən evdə 10 ildən artıq müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Lakin, sonradan iddiaçının atası Əli Abdullayev 2017-ci ildə vəfat etdiyindən həmin torpaq sahəsini və evi sənədləşdirməmişdir. Əli Abdullayev vəfat etdikdən sonra qızı Nayla İsaqova ona xəbər göndərmişdir ki, torpaq sahəsini və evi onlara qaytarsın. O isə ondan mərhum atasına evin alqı-satqısı üçün verdiyi pulu qaytarmasını xahiş etmişdir. Elə olacağı təqdirdə o torpaq sahəsini və evi qaytaracağını demişdir. Sonradan Nayla İsaqova torpaq sahəsinin ondan alınması barədə məhkəməyə müraciət etdilər. Məhkəmə onların xeyrinə qətnamə qəbul etmişdir. Belə olan halda hesab edir ki, hazırda ona dəymiş ziyan ödənilməlidir. İddiaçı və ailə üzvləri özləri də bilirdilər ki, 10 ilə yaxın vaxtdır ki, onların torpaq sahəsini və evlərin mərhum atalarından almış və ailə üzvləri ilə birlikdə yaşayır. Əgər həqiqətən də, o onların torpaq sahəsini və evini zəbt etmiş olsaydı özləri bu 10 ildə ona qarşı iddia qaldırıb torpaq sahəsini ondan tələb edərdilər. Həmin torpaq sahəsini və evi onlardan almağı barədə şahidlər də mövcuddur ki, onların dindirilməsi barədə məhkəmədə vəsatət qaldırmışdır, lakin məhkəmə tərəfindən vəsatəti təmin edilməmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Hakim iddiaçıdan bu günə kimi torpaq sahəsinin və evin ondan nə üçün tələb etməməsi barədə ona hər hansı bir sual verməmişdir. Hər nə qədər iddiaçının tələb etdiyi torpaq sahəsi və ev onun mülkiyyətində olsa da, həmin çıxarışın verilməsinə əsas olan halları araşdırmamışdır. Çıxarışın qanuni və ya qeyri-qanuni yollarla əldə edilməsini araşdırmamışdır. Əlavə olaraq iddiaçıya verilmiş çıxarışın ləğv barədə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və hazırda Şirvan İnzibati Məhkəməsinin hakimi Rəşidə xanım Quliyevanın icraatındadır. Göründüyü kimi məhkəməyə mötəbər sübut təqdim etmək istədiyi halda məhkəmə həmin sübutları qəbul etməkdən imtina etmişdir. Halbu ki, məhkəmə məhkəmə istintaqında araşdırılmış sübutlara qiymət verməklə qətnamə qəbul etməli idi. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən düzgün hüquqi nəticəyə gəlinməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə iclasının təxirə salınmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» ## ######## 2007ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Cavabdehin apellyasiya şikayətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin dəlilləri həcmində-iddianın təmin edilmiş cavabdehlər cavabdeh2 və cavabdeh1 ünvan 4 ünvanında yerləşən 0.07 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 111,6 kv/m olan fərdi yaşayış evindən çıxarılması hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni düzgün olaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya şikayətinin ilk dəlili ondan ibarət olmuşdur ki, cavabdeh mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin mərhum atası tərəfindən iddiaçının mərhum atasından pul müqabilində əldə edildiyini, uzun illər həmin əmlakda ailəsi ilə birlikdə yaşadığını və bu səbəbdən əmlak üzərində hüquqlarının nəzərə alınmalı olduğunu bildirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. İddiaçı İsaqova Nayla Əli qızı və cavabdehlər cavabdeh2, cavabdeh1 arasında yaranmış hüquq münasibətləri cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsini, eyni zamanda həmin torpaq sahəsi üzərində yerləşən evi zəbt etməklə müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və həmin əmlakdan çıxarılması ilə bağlı yaranan mülki mübahisədir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçının mülkiyyətlərində olan torpaq sahəsindən və onun üzərində yerləşən əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehlərin mübahisələndirilən torpaq sahəsi və ev üzərində qanunla qorunan hər hansı əmlak hüquqları yoxdur. Cavabdehlər hər hansı hüquqları olmadığı halda həmin torpaq sahəsi və evdən istifadə edirlər. İddia tələbinin hüquqi əsası kimi qeyd olunan normanın dispozisiya şərtlərindən görünür ki, əşya üzərindəki mülkiyyət hüququna qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi bu hərəkətlərə son qoyulmasını və maneçiliyin aradan qaldırılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, daşınmaz əşyaların hüquqi rejiminə görə belə əşyalar üzərindəki sahiblik daşınmaz əmlakın dövlət reyestrindəki qeydlə müəyyən edilir. Bu baxımdan həmin qeyd silinmədiyi hallarda əşya hüquqi baxımdan başqasının sahibliyində sayılmır (götürülməmiş hesab edilir). Başqa şəxsin daşınmaz əşyanı öz təsir dairəsində saxlaması (oradan istifadə etməsi, əşyalarını çıxarmaması və s.) isə mülkiyyət hüququna maneçilik törədilməsinə dəlalət edir. Hazırkı işin faktiki halları ilə qeyd edilən normanın dispozisiya şərtləri bir-biri ilə uzlaşır. Baxılan iş üzrə torpaq sahəsinin mülkiyyətçisinin ona sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçinin cavabdehlərin torpaq sahəsi və evdən istifadə hüququna razılıq verməyə borclu olsun. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin mülkiyyətindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» ## ######## 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Qeyd edilməlidir ki, apellyator apellyasiya şikayətində iddiaçının adına verilmiş texniki pasport və çıxarışı mübahisələndirərək etibarsız hesab edilməsi barədə Şirvan İnzibati Məhkəməsində iddia qaldırdığını bildirmişdir. Cavabdeh cavabdeh2 İsaqova Nailə Əli qızına və digərlərinə qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddia tələbi Şirvan İnzibati Məhkəməsinin ##.##.2026cı il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə mümkün sayılmamışdır (təsviri-əsaslandırıcı hissə:iddiaçının subyektiv hüququnun pozulması halları iş materialları ilə müəyyən olunmamışdır.) Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində cavabdehlərin hər hansı hüquqlara malik olmadığı halda, həmin torpaq sahəsindən istifadə etməsi iddiaçının öz mülkiyyətindən lazımı qaydada istədiyi kimi istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehlərin iddiaçılara məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə tərkibi daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını cavabdehin bunu sübut etməsi ilə əlaqələndirir. Məhz cavabdeh reyestrin məzmununun qeyridəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Göründüyü kimi, apellyator tərəfindən iddiaçının adına verilmiş çıxarış və texniki pasportun mübahisələndirilməsi ilə bağlı qaldırılmış inzibati iddia təmin olunmamış, həmin iddia mümkün sayılmamışdır. Bu isə onu göstərir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın qanuniliyini şübhə altına alan hallar məhkəmə tərəfindən təsdiqini tapmamışdır. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş prezumpsiyaya uyğun olaraq reyestr qeydi qüvvədə qalır və onun həqiqiliyi qəbul edilir. Bu səbəbdən cavabdehin çıxarışın etibarsızlığı ilə bağlı istinadları əsassız olmaqla, hazırkı mübahisənin həllinə təsir edən hüquqi əhəmiyyət kəsb etməmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin 2016-cı ildə mərhum atası tərəfindən iddiaçının mərhum atasından 10.000 manat müqabilində alınmış, lakin satıcı şəxsin 2017-ci ildə vəfat etməsi səbəbindən əqd rəsmiləşdirilməməsi, mövcud şəraitdə ona dəymiş maddi ziyanın ödənilməli olması barədə dəlillərini əsassız hesab edir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. İş materiallarında cavabdehin mübahisəli torpaq sahəsini almasına dair hər hansı alqısatqı müqaviləsi mövcud deyildir. Eyni zamanda iddiaçının həmin torpaq sahəsi barədə cavabdehlə hər hansı formada razılğa gəlməsi iş materialları ilə təsdiq edilmir. Məhkəmə tərkibi qeyd edir ki, mövcud olduğu iddia edilən şifahi razılaşmalar daşınmaz əmlak üzərində dövlət qeydiyyatı ilə təsdiq olunmuş mülkiyyət hüququnun hüquqi qüvvəsini aradan qaldıra və ya zəiflədə bilməz. Belə razılaşmalar qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədiyindən hüquqi nəticə doğurmur və çıxarışla təsdiq olunmuş mülkiyyət hüququna qarşı qoyula bilməz. Həmçinin dəymiş maddi ziyan hazırkı iş üzrə mülkiyyət hüququnun müdafiəsi predmetinə aid olmayıb, hüquqi baxımdan ayrıca tələbinmümkün ziyanın ödənilməsi ilə bağlı müstəqil məhkəmə araşdırmasının predmeti ola bilər. Məhkəmə tərkibinin qənaətinə görə cavabdeh qanunsuz hərəkətləri ilə iddiaçıların torpaq sahəsi və evi üzərində qanunla qorunan mülkiyyət hüququnu pozur, məhdudlaşdırır. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir. Eləcə də, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntunun davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində cavabdehlərin hər hansı hüquqlara malik olmadığı halda, həmin torpaq sahəsi və onun üzərində yerləşən evdən istifadə etməsi iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehlərin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı, cavabdehlər torpaq sahəsi və onun üzərində yerləşən evdən çıxarılmalıdır. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1946/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1946/2025
04.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver