Məhkəmə qərarları › İş №2(106)-1951/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1951/2024

19.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1951/2024 19.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı rayonu, Mahmudavar bələdiyyəsi) qarşı zəbt edilmiş yolun açılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-29/2024 saylı qətnaməsindən İddiaçı6 tərfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər tərəfindən zəbt edilən ümumi istifadədə olan avtomobil yolunun açılması barədə məhkəmədə iddia qaldırmışdır. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı3 iddiadan imtina etmələri ilə bağlı məhkəməyə ərizə təqdim etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Mahmudavar kəndi ilə Masallı rayon, Hişkədərə kəndlərini birləşdirən bir neçə avtomobil yolları mövcuddur. Həmin yollardan birini də cavabehlər qanunsuz olaraq zəbt edərək iddiaçıların evinə və həyətyanı torpaq sahələrinə gedən yolu bağlamışlar. Yolun qurtaracağı su ötürücü kanal olduğundan və cavabdehlərdə həmin kanalı öz mülkiyyətləri hesab etdiklərindən həyətyanı sahələrinə salmışlar. Cavabdehlərin bu qanunsuz hərəkətlərinə Masallı rayon Mahmudavar Bələdiyyəsinin sədri də göz yumur. İstər reyestr xidmətinə, istərsə də başqa dövlət orqanlarına dəfələrlə müraciətləri olmuş və mübahisəli əraziyə mütəxəsislər tərəfindən baxış keçirilmiş və onlara bildirilmişdir ki, cavabdehlərin zəbt etdikləri torpaq sahəsi ümumi istifadədə olan avtomobil yoludur. Kənd əhalisi olaraq mübahisəli su ötürücü kanalın üzərinə inşa ediləcək körpünün maliyyə xərcləri də kənd sakinləri tərəfindən yığılmışdır. Dəfələrlə cavabdehlərlə yolun açılması barədə söhbətlər olmuş və heç bir nəticə verməmişdir. Cavabdehlər özlərinə bəraət gətirir ki, guya onların həyətyanı torpaq sahəsinə alternativ yolları var və bu yola ehtiyacları yoxdur. Cavabdehlərin bu fikri heç bir qanuna və ədalət prinsipinə uyğun deyildir. Cavabdehlərin zəbt etdikləri ərazi xəritədə də yol kimi qeydə alınmışdır. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsində icraat Massallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-29/2024 saylı qətnaməsi (hakim R.Abbasova) ilə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Masallı rayonu, Mahmudavar bələdiyyəsinə qarşı zəbt edilmiş yolun açılması tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertiza xərci 50 manat alınaraq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, iddianın əsaslı olması üçün, iddiaçıların hüquq və mənafeləri qeyd olunmuş maddi normalara uyğun pozulması halı müəyyən edilmir. İddiaçılar yolunun bağlanmasını iddia etsə də, yerində baxış zamanı işin müəyyən edilmiş hallarına və məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən iddiaçıların əsasları öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, iddianın əsaslı olması üçün, iddiaçıların hüquq və mənafeləri qeyd olunmuş maddi normalara uyğun pozulması halı müəyyən edilmir. İddiaçılar yolunun bağlanmasını iddia etsə də, yerində baxış zamanı işin müəyyən edilmiş hallarına və məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən iddiaçıların əsasları öz təsdiqini tapmamışdır. Belə olan halda iddia əsassız hesab olunmaqla iddia rədd edilməlidir. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada məhkəmə tikintitexniki obyektlərinin tədqiqi ekspertiza xərci 50 manat alınaraq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.1, 170.1-170.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 77.1, 77.3, 78.1, 80 və 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə ciddi qanun pozuntuları ilə qətnamə qəbul etmiş, prosessual hüquq normalarının tələblərini əməl etmədən verilmiş tələb istiqamətində araşdırma aparmamışdır. Məhkəmə qətnamə qəbul edərkən dolğun və hər tərəfli araşdırma aparmamışdır. Qeyd edir ki, iş materiallarında olan mütəxəssis rəyi və ekspert rəyi biri digərinin təkrarıdır. Eləcədə aparılmış ekspertiza tam və hərtərəfli aparılmamışdır. Belə ki, ekspertiza tədqiqatı aparılan zaman torpaq sahəsinə yerində baxış keçirilərkən cavabdehlərin istifadəsində olan həyətyanı kimi istifadə etdikləri torpaq sahələrində ölçü işləri aparmamışlar, həmin torpaq sahələri ölçülməmişdir. Həmçinin cavabdehlərin həyətyanı kimi istifadə etdikləri torpaq sahələrinə hüquqmüəyyənedici sənədlərinin olub-olmaması da araşdırılmamışdır. Qeyd edir ki, məhkəmə prosesi zamanı vəkil tərəfindən iş üzrə təkrar ekspertiza keçirilməsi ilə bağlı əsaslandırılmış qaydada şifahi vəsatət verilmişdir. Lakin məhkəmə tərəfindən həmin vəsatət nəzərə alınmamışdır. Eləcədə qəbul olunmuş qətnamədə tərəflərin izahatları tam şəkildə yazılmamışdır. Yəni məhkəmə iclas zalında verilmiş izahatlar qətnaməyə yazılmamışdır. Sadəcə ənənəvi cümlələrlə kifayətlənilmişdir. Bu isə prosessual qaydaların pozulması deməkdir. Təyin olunmuş ekspertiza zamanı qərardadda ekspertizanın həvalə olunduğu Məhkəmə ekspertizasının ekspertləri iştirak etməmişlər. Sadəcə həmin ekspertizanın keçirilməsinə cəlb olunmuş mütəxəssislər iştirak edərək ölçü işləri aparıb rəy vermişlər və ekspertdə həmin rəyi hərfi ilə ekspert rəyinə köçürərək rəy vermişdir. Halbuki rəy verilməsi üçün iş materialları tam şəkildə ekspertiza mərkəzinə göndərilir. Əgər ekspert mütəxəssis rəyində olanları tam olaraq köçürməklə rəy verib iş üzrə hər hansı bir araşdırma aparmadan rəy verirsə o zaman ekspert rəyinə heç bir ehtiyac yoxdur, mütəxəssis rəyi kifayət etməlidir və ekspertiza mərkəzidə ləğv olunmalıdır. Çünki bu mərkəzin ekspertlərinin mütəxəssisin rəyini köçürməkdən başqa bir işləri yoxdur, başqa heç bir iş görmürlər. Məhkəmədə bu məqama nəzarət etməmişdir. Göstərmiş olduğu bütün bu xüsusatlar sübut edir ki, məhkəmə qətnamə qəbul edərkən hüquqları (mülkiyyətlə bağlı) pozmuşdur. Odur ki, göstərilənləri nəzərə alıb iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin edilməlidir. Ona görə də Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 29/2024 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı rayonu Mahmudavar bələdiyyəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini bildirmişdir. Digər iddiaçılar və cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, digər iddiaçıların, cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri İddiaçının apellyasiya şikayətindən görünür ki, apellyator Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 29/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(050)- 29/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 29/2024 saylı qətnaməsi İddiaçı6 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya şikayətinin ilk dəlili ondan ibarət olmuşdur ki, aparılmış ekspertiza tam və hərtərəfli aparılmamışdır. Belə ki, ekspertiza tədqiqatı aparılan zaman torpaq sahəsinə yerində baxış keçirilərkən cavabdehlərin istifadəsində olan həyətyanı kimi istifadə etdikləri torpaq sahələrində ölçü işləri aparmamışlar, həmin torpaq sahələri ölçülməmişdir. Həmçinin cavabdehlərin həyətyanı kimi istifadə etdikləri torpaq sahələrinə hüquqmüəyyənedici sənədlərinin olub olmaması da araşdırılmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən yolun cavabdeh tərəfindən tutulduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, cavabdehin yolu tutması müəyyən edilmir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə tərkibi izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024-cü il tarixli, 3-21-3-43/2-1244/2024 №-li mütəxəssis rəyinə əsasən, mübahisəli gediş-gəliş yolunun (dalanın) cavabdehlər Cavabdeh1 faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti əks olunmuşdur. Göründüyü kimi cavabdehlərin istifadəsində olan həyətyanı kimi istifadə etdikləri torpaq sahələrində ölçü işlərinin aparılmamasına dair şikayətin dəlilləri əsassızdır. Həmçınin cavabdehlərin həyətyanı kimi istifadə etdikləri torpaq sahələrinə hüquqmüəyyənedici sənədlərinin olub olmamasının hazırkı mübahisə üzrə obyektiv qətnamə qəbul edilməsinə mane ola bilməz. Belə ki, iddia tələbindən görünür ki, iddiaçılar mübahisəli yolun cavabdehlər tərəfindən tutulduğu üçün açılmasını tələb edirlər. İşdə olan ekspert rəyindən görünür ki, cavabdehlər mübahisəli yolu zəbt etməmişlər. Yəni cavabdehlərin torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərinin olub-olmaması mübahisənin həll edilməsinə maneə deyildir. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmə prosesi zamanı vəkil tərəfindən iş üzrə təkrar ekspertiza keçirilməsi ilə bağlı əsaslandırılmış qaydada şifahi vəsatət verilmişdir. Lakin məhkəmə tərəfindən həmin vəsatət nəzərə alınmamışdır. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İş materiallarında isə iddiaçı tərəfin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti mövcud deyildir. Yəni diqqətə çatdırılır ki, qanunverici ekspertiza təyin edilməsini tərəfin yazılı qaydada verilməli olan əsaslandırılmış vəsatətə bağlamışdır. Eyni zamanda qeyd edilir ki, iş materiallarında iddiaçı tərifin şifahi qaydada verilmiş hər hansı vəsatəti yoxdur. Daha sonra məhkəmə tərkibi qeyd edir ki, qanunverici işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edilməsini məhkəmə üçün vəzifə kimi deyil, hüquq kimi tanımışdır. Yəni qeyd edilən dəlil birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qəbul edilmiş qətnamədə tərəflərin izahatlarının tam şəkildə yazılmamasına dair şikayətin dəlilini əsassız sayan məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. İş materiallarında isə iddiaçı tərəfindən yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokola yazılı qeydlər təqdim etməsinə dair hər hansı sübut yoxdur. İş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin edilməsi barədə şikayətin dəlilinə münasibət bildirən məhkəmə tərkibi qeyd edir ki, şikayət bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda Konstitusiya Məhkəməsinin bir çox qərarlarında Apellyasiya mərhələsində sübutların təqdim edilməsi ilə bağlı hüquqi mövqe ondan ibarət olmuşdur ki, yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: İşə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi, yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin. Göründüyü kimi qaqnunverici sübutların yalınız birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə şərtləndirilmişdir. Apellyasiya mərhələsində sübutlar o halda təqdim edilə bilər ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut etmiş olsun. Halbuki iddiaçı tərəf həmin sübutu birinci instansiya məhkəməsində təqdim edə bilməməsinin ondan asılı olmayan səbəblərə aydınlıq gətirməmişdir. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-29/2024 saylı qətnaməsi İddiaçı6 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-29/2024 saylı qətnaməsi İddiaçı6 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar