Məhkəmə qərarları › İş №2(106)-1974/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1974/2024

11.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1974/2024 11.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-2(049)-2302/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2(049)-2302/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin boşaldılması və üzərində tikilmiş tikililərin cavbdehin hesabına sökülməsi» tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2(049)-2302/2024 saylı qərardadından Cavabdeh şikayət vermiş, Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2(049)-2302/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin boşaldılması və üzərində tikilmiş tikililərin cavbdehin hesabına sökülməsi» tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 həmin qərardaddan şikayət vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qəbul olunmuş 15 avqust 2024-cü il tarixli, e-2(049)-2302/2024 saylı qərardaddan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin boşaldılması və üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi» tələbi barədə iddia ərizəsinə dair mülki iş hazırda hakim Anar Pənahovun) icraatındadır. Məhkəməyə qarşılıqlı iddia təqdim edərək xx.xx.2021-ci il tarixli 4Ə-1850 saylı “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin və onun əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat və **********33 reyestr nömrəli çıxarışın, habelə “torpaq sahəsinin planı və ölçüsü”-nün dəyişdirilərək yeni verilmiş - xx.xx.2021- ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində qarşılıqlı iddia heç bir əsas olmadan məhkəmə tərəfindən icraata qəbul edilməmişdir. Lənkəran rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli ee-2(049)-2302/2024 saylı qərardadını xx.xx.2024-cü il tarixinədək əldə edə bilmədiyindən üzrlü səbəbdən şikayəti vaxtında Lənkəran Rayon Məhkəməsinə təqdim edə bilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-2(049)-2302/2024 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(049)-2302/2024 saylı qərardadından şikayət verilməsi üçün müddətinin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş vəsatət təmin edilsin və buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilməsi, Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(049)-2302/2024 saylı qərardadı (qarşılıqlı iddia ərizəsi) ləğv edilməsi və mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-e-2(049)-2302/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2(049)-2302/2024 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-2302/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərardadının ləğvi barədə mülki iş üzrə İddiaçı nümyəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilməməsi, işin şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-2(049)-2302/2024 saylı qərardadı ləğv edilməli və Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2302/2024 saylı, 15 avqust 2024-cü il tarixli qərardadından şikayətin verilməsi barədə prosessual hüquq normalarının düzgün tətbiq edilməsi, hazırkı qərardadın təsviriəsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmaqla yenidən baxılması üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: -bu Məcəllədə göstərilən hallarda; -məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Həmin Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Bu baxımdan, qanunvericilik qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi barədə qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia ərizəsi geri qaytarıldığı halda məhkəmənin bununla bağlı qəbul etdiyi qərardaddan şikayət verilə bilər. Lakin 22 oktyabr 2024-cü il tarixli, e-2(049)- 2302/2024 saylı qərardadından görünür ki, birinci instansiya məhkəməsi qərardadında şikayət vermə müddətini nəzərdə tutarkən, həmin şikayət vermə müddətini qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi hissəsinə şamil etmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-2(049)-2302/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətinin məzmunundan görünür ki, o, qərardadın ləğvini xahiş edərək, tam mübahisələndirmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi hissəsində verilmiş şikayətə apellyasiya qaydasında baxmaq üçün prosessual əsaslar mövcud deyildir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarını düzgün tətbiq etməməklə buraxılmış müddətin bərpa edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsinə dair qərardadda hər iki tələbin təmin edilməsinə münasibətdə şikayət verilməsi hüququnu nəzərdə tutmuşdur; halbuki, buraxılmış prosessual müddətin bərpası və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi ayrı-ayrı prosessual hüquq institutları olmaqla yaratdıqları hüquqi nəticələr fərqlidir və bu səbəblə həmin hissədən (prosessual müddətin bərpası) şikayət vermək hüququ təsbit olunmalıdır. Kollegiya onu da qeyd edir ki, şikayətçinin məhkəmə qərarından şikayət verilməsi üçün prosessual müddətin bərpası ilə bağlı vermiş olduğu vəsatət məhkəmə tərəfindən təmin edilmiş olsa da, məhkəmə müddətin buraxılmasının üzrlü hesab olunması ilə bağlı qərarında hər hansı əsaslandırma aparmamış, sadəcə müddətin üzrlü səbəbdən buraxılması qənaətinə gəlmiş, prosessual müddət axımının başlaması və bitməsi vaxtını müəyyən etməmişdir. Müddətin bərpası mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş yalnız istisna hallarda, yəni şikayətçinin üzləşdiyi obyektiv və ya subyektiv məsələlərin mövcudluğu nəticəsində mümkündür. Buraxılmış prosessual müddətin bərpası üçün, həmin müddətin buraxılmasına səbəb olan hallar məhkəmə tərəfindən hərtərəfli araşdırılmalı, hansı halın üzrlü hesab olunması, üzrlü hesab edilən halların nədən ibarət olduğunu və digər araşdırılması zəruri olan halları nəzərə almalıdır. Məhkəmə qərarının hüquqi əsaslandırması, yalnız vəsatəti təmin etməklə kifayətlənməməli, eyni zamanda, müddətin buraxılmasına səbəb olan hallar ilə bağlı müfaviq təhlil və qiymətləndirilmə aparılmalıdır. Əks halda, məhkəmə qərarının əsaslandırılmaması, hüquqi baxımdan ciddi nəticələrə səbəb ola bilər və ədalətli məhkəmə mühakiməsinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarının əsaslandırılması, yalnız qərarın hüquqi qüvvəsi deyil, həm də məhkəmə prosesinin şəffaflığını, tərəflərin hüquqlarının qorunmasını və hüquqi normativlərin düzgün tətbiqini təmin edir. Həmçinin məhkəmə qərarlarının kifayət qədər əsaslandırılmaması, yalnız konkret tərəflərə deyil, həm də ümumilikdə hüquq sisteminə qarşı ictimai etimadın azalmasına səbəb ola bilər. Oxşar mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Belə ki, “Məhəmmədov və digərləri Rusiyaya qarşı” xx.xx.2017-ci il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, “məhkəməyə çatım hüququ ədaləti məhkəmə araşdırması hüququnun aspektlərindən biridir (bax X6rşı qərarına, xx.xx.1975-ci il, §36), mütləq deyil və xüsusilə şikayətin mahiyyəti üzrə baxılmasının qəbul edilənliyinə münasibətdə dolayı məhdudiyyətlərə məruz qala bilər (bax X2rşı qərarına, xx.xx.1985-ci il, §57). Lakin bu cür məhdudiyyətlər elə bir qaydada və ya həddə olmalıdır ki, hüququn özünə xələl gəlməsin. Məhdudiyyətlər qanuni məqsəd daşımalı, eləcə də istifadə edilmiş vasitələrlə nəzərdə tutulmuş məqsədlər arasında ağlabatan mütənasiblik olmalıdır (bax Guerin Fransaya qarşı qərarına, xx.xx.1998-ci il, §37; Lupeni X1rşı qərarına, №76943/12, §§84-89). 87. Şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X5rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §42). Baxmayaraq ki bur cür qərar yalnız yerli məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir bu səlahiyyətlər məhdudiyyətsiz deyil. Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməli, eləcə də, bu cür ərizəni əsaslandıran səbəblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxilə, xüsusilə səlahiyyətləri nə müddət, nə də ki əsaslara görə daxili qanunvericiliklə məhdudlaşdırılmadığı hallarda haqq qazandırıbqazandırmamasını yoxlamalıdır (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §34).. Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir (bax Karen Pogosyan Ermənistana qarşı qərarına, §47). Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38) Göründüyü kimi, bu qərarında Məhkəmə prosessual müddəti ötürmüş şəxsin qərardan şikayət vermək üçün xüsusi diqqətlə, yəni qərarın mövcudluğundan xəbərdar olduğu andan dərhal hərəkət etməli olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır; 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər; “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-2(049)-2302/2024 saylı qərardadı ləğv edilməli və Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2302/2024 saylı, 15 avqust 2024-cü il tarixli qərardadından verilmiş şikayətə və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizəyə hazırkı qərardadın təsviriəsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmaqla yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-2(049)-2302/2024 saylı qərardadı ləğv edilsin. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2302/2024 saylı, 15 avqust 2024-cü il tarixli qərardadından verilmiş şikayətə və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizəyə hazırkı qərardadın təsviriəsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmaqla yenidən baxılması üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar