Məhkəmə qərarları › İş №2(106)-1979/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1979/2022

06.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1979/2022 06.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X9, cavabdeh X1, onun nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı Saatlı Bələdiyyəsinin cavabdeh X3 qarşı torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması, torpaq sahəsindən çıxarma və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinə dair mülki iş üzrə Saatlı rayon məhkəməsinin 18 iyul 2022ci il tarixli, 2(055)-564/2022 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Saatlı Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 və Cavabdeh2 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m-lik torpaq sahəsindən qanunsuz istifadələrinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılmaları və 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Saatlı Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X10 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.mlik torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m-lik torpaq sahəsi cavabdeh X1 istifadəsindədir.Belə ki, cavabdeh mübahisə predmeti olan həmin torpaq sahəsini mişar daşından olan hasarla çəpərləməklə həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir.Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir.Ona görə də cavabdeh X1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m-lik torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və 24 kv.m torpaq sahəsinin Saatlı Bələdiyyəsinə qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat: Saatlı rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(055)-564/2022 saylı qətnaməsi ilə (sədrlik edən M.Sadıqov) iddia təmin edilərək cavabdeh X1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması, həmin torpaq sahəsindən çıxarılması və həmin 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə mərhum Cavabdeh2 0,10 ha torpaq sahəsini mülkiyyətə almaq və övladlarına həmin torpaq sahəsində ev inşa etdirmək üçün xx.xx.1999-cu il tarixdə mərhum oğlu X6 adından Saatlı RİH başçısının Saatlı şəhər İƏDNə müraciət etmiş və 0,10 ha torpaq sahəsinin Elçin Quliyevə ayrılması barədə sərəncam verilmişdir, Elçin Quliyev 2001-ci ildə vəfat etmişdir, torpaq sahəsi 1999-cu ildən Cavabdeh2 istifadəsində olmuşdur, həmin torpaq sahəsi faktiki olaraq 0,09 hadır.Cavabdeh2 həmin torpaq sahəsinin 0,05 ha hissəsində qızı üçün ev tikmiş, imkanı olmadığından qalan hissə istifadəsiz qalmışdır, Cavabdeh2 torpaq sahəsinin istifadəsiz qalan 0,04 ha hissəsini 2019-cu ilin noyabr ayında 4500 manat pul müqabilində ona satmışdir. Apellyasiya şikayətinin dəlillərinə görə mübahisəli torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ Saatlı bələdiyyəsinin deyil, mərhum X6, son nəticədə isə onun vərəsəsi olduğu üçün vərəsəsinindir. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə mübahisəli torpaq sahəsinin Cavabdeh2 mərhum oğlu X6 adına ayrılmasına münasibət bildirməmiş, həmin torpaq sahəsinin qeyd edilmiş xx.xx.2019-cu il tarixdən mərhum Cavabdeh2 və ailə üzvlərinin istifadəsində olması məsələsinə münasibət bildirməmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin Saatlı rayon İHB-ın Şəhər ərazi nümayəndəsinin xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən mərhum Cavabdeh2 mərhum oğlu X6 adına ayrılmasına dair sübutları araşdırmamışdır. Apellyasiya şikayətində Saatlı rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(055)-564/2022 saylı qətnaməsinin ləğv edilməsi və Saatlı bələdiyyəsinin iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdeh X4, onun nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Saatlı rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Saatlı bələdiyyəsinin iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X10 izahatında apellyasiya şikayətinin təmin edilmədən Saatlı rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətində Saatlı rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(055)- 564/2022 saylı qətnaməsinin ləğv edilməsi və Saatlı bələdiyyəsinin iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə bütövlükdə mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin, onun nümayəndəsinin, iddiaçının nümayəndəsinin izahatlarını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Saatlı rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(055)-564/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş üzrə təyin olunmuş işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli, 10/1040 nömrəli ekspert rəyindən görünür ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir.Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsi bütövlükdə Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları daxilindədir. İşdə olan torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, 0,0024 ha torpaq sahəsi yaşayış məntəqəsi təyinatlı olmaqla bələdiyyə mülkiyyətindədir. İşdə olan ƏMDK-nin 7 saylı Ərazi şöbəsinin 15 dekabr 2017-ci il tarixli rəyindən görünür ki, sahibkarlığın inkişafı məqsədilə hərrac və ya müsabiqəyə çıxarılaraq satılması nəzərdə tutulan 24 kv.m torpaq sahəsi Saatlı bələdiyyəsinin mülkiyyətinə aid, yaşayış məntəqələri torpaqları kateqoriyalı, İ zonaya daxil olmaqla alqı-satqı predmetidir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin hüdudları daxilində olmaqla bələdiyyənin mülkiyyətindədir.Cavabdeh X4 izahatlarında iddianı etiraf etməsə də, ekspertiza rəyi və işdə olan sübutlarla müəyyən edilmişdir ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi, 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir.Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsi bütövlükdə Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları daxilindədir, ona görə də iddiaçı Saatlı Bələdiyyəsi cavabdeh X1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.mlik torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılmasını tələb etməkdə haqlı olduğu üçün iddia tələbi təmin edilmişdir.Cavabdehin etirazında mübahisə predmeti olan torpaq sahəsinə dair daşınmaz əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçdiyini, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirildiyini, iddiaçının isə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını və nəticədə mübahisə predmeti olan torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququnun olmadığını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmasa da, 29 mart 2021-ci il tarixli, 10/1040 nömrəli ekspert rəyindən görünür ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi, 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsi bütövlükdə Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları daxilindədir, iddiaçının gözlənilən mülkiyyət hüququ vardır, iddaçı həmin hüququndan istifadə edərək iddia qaldırmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə mərhum Cavabdeh2 0,10 ha torpaq sahəsini mülkiyyətə almaq və övladlarına həmin torpaq sahəsində ev inşa etdirmək üçün xx.xx.1999-cu il tarixdə mərhum oğlu X6 adından Saatlı RİH başçısının Saatlı şəhər İƏDNə müraciət etmiş və 0,10 ha torpaq sahəsinin Elçin Quliyevə ayrılması barədə sərəncam verilmişdir, Elçin Quliyev 2001-ci ildə vəfat etmişdir, torpaq sahəsi 1999-cu ildən Cavabdeh2 istifadəsində olmuşdur, həmin torpaq sahəsi faktiki olaraq 0,09 hadır.Cavabdeh2 həmin torpaq sahəsinin 0,05 ha hissəsində qızı üçün ev tikmiş, imkanı olmadığından qalan hissə istifadəsiz qalmışdır, Cavabdeh2 torpaq sahəsinin istifadəsiz qalan 0,04 ha hissəsini 2019-cu ilin noyabr ayında 4500 manat pul müqabilində ona satmışdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini iş materialları üzrə araşdıraraq hüquqi qiymət verib qeyd edir ki, mərhum Cavabdeh2 0,10 ha torpaq sahəsini mülkiyyətə almaq və övladlarına həmin torpaq sahəsində ev inşa etdirmək üçün xx.xx.1999-cu il tarixdə mərhum oğlu X6 adından Saatlı RİH başçısının Saatlı şəhər İƏDNə müraciət etməsi və 0,10 ha torpaq sahəsinin Elçin Quliyevə ayrılması barədə sərəncam verilməsi mübahisəli torpaq sahəsinin qanuni əsaslarla istifadəsində olması demək deyil, ona görə də mübahisəli torpaq sahəsinin 1999-cu ildən Cavabdeh2 istifadəsində olması, həmin torpaq sahəsi faktiki olaraq 0,09 ha olması, Cavabdeh2 həmin torpaq sahəsinin 0,05 ha hissəsində qızı üçün ev tikməsi, imkanı olmadığından qalan hissə istifadəsiz qalması, Cavabdeh2 torpaq sahəsinin istifadəsiz qalan 0,04 ha hissəsini 2019-cu ilin noyabr ayında 4500 manat pul müqabilində cavabdehə satması barədə apellyasiya şikayətinin dəlilləri mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi üçün əsaslı ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə görə mübahisəli torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ Saatlı bələdiyyəsinin deyil, mərhum X6, son nəticədə isə onun vərəsəsi olduğu üçün vərəsəsinindir, məhkəmə mübahisəli torpaq sahəsinin Cavabdeh2 mərhum oğlu X6 adına ayrılmasına münasibət bildirməmiş, həmin torpaq sahəsinin qeyd edilmiş 22.12. 2019-cu il tarixdən mərhum Cavabdeh2 və ailə üzvlərinin istifadəsində olması məsələsinə münasibət bildirməmişdir, məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin Saatlı rayon İHB-ın Şəhər ərazi nümayəndəsinin xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən mərhum Cavabdeh2 mərhum oğlu X6 adına ayrılmasına dair sübutları araşdırmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini iş materilları üzrə araşdırıb formal mülahizələrdən ibarət olduğu üçün əsassız hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, cavabdehin etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(055)-564/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar