Məhkəmə qərarları › İş №2(106)-198/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-198/2025

06.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-198/2025 06.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayil oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı tam orta məktəbinə qarşı işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1055/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 yanvar 2025cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı tam orta məktəbinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehlə (işəgötürənlə) imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “a” bəndinə əsasən xitam verilməsi barədə 10 may 2024-cü il tarixli, 67 saylı əmrin ləğv edilərək Şirvan şəhər 16 saylı orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə qaytarılmağına və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1998-ci ildən Şirvan şəhəri B.M.Aslanov adına 16 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamış, 2019-cu ildən isə həmin məktəbdə təlim tərbiyə işləri üzrə direktor müavini (ibtidai siniflər üzrə) təyin edilmişdir. 08 may 2024-cü il tarixdə işlədiyi orta məktəbdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati Şöbəsinin müdiri Şahid2 və Şirvan Təhsil Sektorunun müdiri Şahid1 19-20 radələrində onu yerdəyişmə qaydasında başqa məktəbə direktor müavini vəzifəsinə keçiriləcəyi ilə bağlı aldararaq guya başqa işəgötürənlə əmək müqaviləsi bağlayacağı üçün öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur etdilər. Ərizəni yazmaq istəməsə də, təzyiq altında qeyd edilən ərizəni yazmağa məcbur olmuşdur. Halbuki universiteti bitirdikdən sonra yeganə iş yeri 16 saylı orta məktəb olmuşdur və heç vaxt başqa işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. 10 may 2024- cü il tarixdə məktəbin direktor əvəzi Nurlan Həsənovanın əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 13 may 2024-cü il tarixdə işlədiyi məktəbə gedən zaman direktor əvəzinin göstərişi ilə onu məktəbə buraxmadılar və onun həm müəllim, həm də direktor müavini vəzifəsindən azad edildiyi bildirildi. 13 may 2024-cü il tarixdə ona Şirvan şəhəri B.Aslanov adına tam orta məktəbin direktor əvəzi Nurlan Həsənovanın 10 may 2024-cü il tarixli əmrini təqdim etdilər. Hesab edir ki, işdən azad edilməyi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. O səbəbdən də adı çəkilən əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi və işə bərpa edilməyi ilə bağlı məhkəməyə müraciət etmək fikirindədir. İlk növbədə qeyd etmək istəyir ki, o, 14 may 2024-cü il tarixdə məktəbin direktor əvəzi Nurlan Həsənovaya ərizə ilə müraciət edərək ona təzyiq edildiyi üçün işdən çıxmaq barədə ərizə yazdığını və bu səbəbdən də 08 may 2024-cü il tarixli ərizənin etibarsız hesab edilərək həm müəllim, həm də direktor müavini kimi işinə bərpa edilməyini xahiş etmişdir. Həmin vaxt ona son haqqhesab ödənilməmişdir və onun vəzifəsinə başqa şəxs təyin edilmişdir. Lakin onu işinə bərpa etmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh Şirvan şəhər 16 saylı tam orta məktəbin direktoru X2 iddia tələbini etiraf etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin 05 avqust 2024-cü il tarixli hazırlıq iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şirvan-Salyan Regional Ərazi Şöbəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, Əmək müqaviləsinin bağlanması qaydası var. İşəgötürənin vəzifələri, işəgötürənin hüquqları var. Bir işəgötürənlə bir əmək müqaviləsi bağlanılır 2 əmək müqaviləsi bağlanmır. İddiaçının ərizəsindən aydın şəkildə müəyyən olunur ki, o, başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Fəridə Balakiyeva ona təzyiq göstərilərək ərizə yazdığını bildirsə də, lakin buna dair hər hansı sübut məhkəməyə təqdim etməmiş, həmçinin bu barədə aidiyyəti orqanlara müraciət etməmişdir. Eyni zamanda iddiaçı 08 may 2024-cü il tarixdə işdən çıxması barədə ərizə yazmış, 10 may 2024-cü il tarixdə əmr verilmiş, sonuncunun 2 gün ərzində teleqramla müraciət edərək əsəbi olduğu üçün ərizə yazdığını və onun etibarsız sayılmasını bildirmək imkanı olsa da, lakin bunu etməmişdir. 14 may 2024-cü il tarixdə ərizənin etibarsız hesab edilməsi barədə ərizə verilsə də, 10 may 2024-cü il tarixində əmr verildiyi üçün iddiaçı müddəti ötürmüşdür. İddiaçı ərizəsində direktor müavini vəzifəsindən azad olunmasını və müəllim kimi işdə qalmasını yaza bilərdi. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərindən baxılmış və iddiaçının ərizəsi ilə işdən azad olunduğu üçün qanuni hesab edilmişdir. Məhkəmənin 20 avqust 2024-cü il tarixli hazırlıq iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, 2024-cü ilin aprelin sonu may ayının əvvəlində məktəbdə yoxlamada iştirak etməmiş, Komisiyyanın tərkibində olmamış, yoxlamaya müdaxilə etməmiş, lakin sektor müdiri kimi yoxlamanın gedişatı ilə maraqlanmışdır. 08 may 2024-cü il tarixdə komissiyanın rəhbəri onu məktəbə çağırmış və həmin günü komissiyyanın yekunu sonuncu günü olduğu bildirilmişdir. Komissiyanın məqsədi məktəbdə neqativ halları yoxlamaqadan ibarət olmuşdur. Həmin günü məktəbə gedəndə Fəridə xanımın ağladığını görmüş, Komissiya sədrinin müavini ona bildirmişdir ki, Fəridə xanımla bağlı məktəbdə korrupsiya əməlləri ilə əlaqədar izahatlar var. Fəridə Balakişiyev işdən azad olunması ilə bağlı ərizəsini o, məktəbə getdikdən sonra yazmışdır. Fəridə xanım ona demişdir ki, əlləri əsir yazı yaza bilmir, buna görə necə yazmaq lazım olduğunu o, istiqamət vermişdir, lakin onu ərizə yazmağa məcbur etməmişdir. Komissiya ilə Fəridə arasında olan söhbətdən xəbəri yoxdur. Fəridəyə tövsiyyə olaraq demişdir ki, bu iş korrupsiyaya gedəcək, əgər pul almamısansa, özündən əminsənsə onda ərizə yazma. Məhkəmənin 29 avqust 2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi ölkə rəhbərinin sərəncamına əsasən 2020-ci ilin dekabr ayında yaradılıb. Qarşıya qoyulan hədəflər var idi. Qarşıya qoyulan hədəflər odur ki, şəffaf idarəetmə və mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması və tədrisin keyfiyyətinin artırılmasıdır. Həmin meyarı seçərək məktəblərə mütəmadi olaraq nəzarət edirik və məktəblərdən daxil olan informasiya vasitəsilə məktəblərdə yoxlamalar aparılır. Həm də fəaliyyət dövrümüzə uyğun monitorinq aparılır. 16 nömrəli məktəbdən daxil olan informasiyaya əsasən məktəbdə monitorinq aparıldı. Monitorinq zamanı rəhbər heyəti rüşvətalma, korrupsiya halları müəyyən edildi. Çoxsaylı korrupsiya halları müəyyən edildikdən sonra Şirvan şəhər Prokurorluğuna müraciət edilmişdir. Təxminən həmin məktəbdə direktor və müavinləri tərəfindən 38970,50 manat dövlət büdcəsinə ziyan vurulmuş, hal-hazırda Şirvan şəhər Prokurorluğunda cinayət işi başlanılmışdır. Məktəbin sabiq direktoru və Fəridə xanımla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.3.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Fəridə xanım dəvət olunaraq ifadəsi alınmışdır. Fəridə xanım tərəfindən vəzifə səlahiyyətlərinin aşdığı müəllimlərdən dərs bölgüsünə görə, tətbiqinə və digər məsələlər üzrə müəllimlərdən pul vəsaiti alıb, buna görə müəllimlərdən izahat alınmışdır. Heç bir təzyiq və ya təsir göstərilməmişdir. Sonuncu günü Fəridə xanımda təsdiq edə bilər ki, məktəbin direktoru və digər işçiləri bir yerə yığıb bildirmişdir ki, “komissiya üzvləri tərəfindən və ya mənim tərəfimdən sizə təzyiq olunubsa etiraz edə bilərsiz”. Şirvan şəhər Təhsil Sektorunun müdiri Varis müəllimi məktəbə çağırmışdır ki, şahid olsun. Məktəbin digər həmkarları ilə birlikdə söhbət aparmış, onlara hər hansı təzyiqə və təsirə məruz qaldığlarını soruşmuşdur. Təzyiq və təsirə məruz qalmadıqlarını bildirmişdilər. Komisiyyanın fəaliyyətini yekunlaşdırmışlar. Fəridə xanımın öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Ərizəsində qeyd etmişdir ki, başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün əmək müqaviləsinə xitam verilməsini tələb edib. Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun hesab edilmişdir. Bu məsələ Əmək Müfəttişliyi tərəfindən araşdırılmışdır. Tam qanunauyğun qaydada əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Hüquq pozuntusu müşahidə edilməmişdir. Fəridə xanımı pul alması ilə bağlı müəllimlərin izahatları alınıb və Şirvan şəhər Prokurorluğuna təqdim olunmuşdur. Məhkəmənin 29 avqust 2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, 32 ildir ki, müəllim kimi fəaliyyət göstərir. 08 may 2024-cü ildə işdən sonra gecə saat 20:30, 21:00 radələrində Şirvan Təhsil Sektorunun müdiri Şahid1 və Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati şöbəsinin rəisi Şahid2 onu məktəbin kitabxanasına çağıraraq, vəzifə səlahiyyətlərini aşaraq və sui-istifadə edərək onu aldadıb ərizəsini almışlar. Ərizənin məzmunu işdən çıxarılma ilə bağlı olmuşdur. Hətta ondan ərizə istəyəndə demişdir ki, “imkan verin çıxım çölə tanıdığım vəkil var. Ondan soruşum ərizə verməliyəm ya yox?”. Ona qəti şəkildə çölə çıxmağına imkan verməmişlər, ona təzyiq göstərilmişdir. Aqil müəllim Fəridə xanımı otağa çağıranda görmüş, Fəridə xanım işdən çıxaması ilə bağlı ərizəni ondan qabaq yazmışdı. Şahid1 məktəbdən çıxanda ona “heç bir yerə şikayət etmə, biz səni işinə qaytaracağıq” sözlərini demişdir İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1055/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (X7) İddiaçı cavabdeh Şirvan şəhəri B.M.Aslanov adına 16 saylı tam orta məktəbinə qarşı cavabdehlə (işəgötürənlə) imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “a” bəndinə əsasən xitam verilməsi barədə 10 may 2024-cü il tarixli, 67 saylı əmrin ləğv edilərək Şirvan şəhər 16 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə qaytarılmağı və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1055/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Şirvan Şəhər Məhkəməsinin 2(032)-1055/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apelyasiya icraatı zamanı verdiyi izahatında apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, işdən çıxma barədə ərizənin F. Balakişiyevanın özü tərəfindən yazıldığını bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1055/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinin İİİ hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüququdur. 11-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüququdur. 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “19” oktyabr 2023-cü il tarixli, KQ- 05 saylı Kollegiya Qərarı: 1.2. Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir. 3.1. Müəllimlərin yerdəyişməsi tədris ilinin sonunda müsabiqə əsasında həyata keçirilir. Yerdəyişmə müsabiqəsi təhsilverənlərin sertifikatlaşdırılmasında, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində və ya işə qəbul üzrə müsabiqədə toplanılan bal əsasında aparılır. 3.2. Yerdəyişmə müsabiqəsində iştirak üçün müəllimlər sistemdə qeydiyyatdan keçir və onlara elektron sistemdə “Şəxsi kabinet” açılır. 3.3. Müəllim “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəni doldurur və vakant yer (4 (dörd) yerdən çox olmamaqla) seçərək ərizəsini təsdiqləyir. 3.4. Müəllimlərin yerdəyişməsində ilk növbədə şəhid ailəsinin üzvü olan namizədlərə üstünlük verilir. 3.5. Yerdəyişmənin nəticələri barədə məlumat müəllimlərin “Şəxsi kabinet”inə göndərilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1055/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını araşdıraraq aşağıdakları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, B.M.Aslanov adına 16 nömrəli tam orta məktəbdə İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmış və sonuncu məşğulluq təsnifatı üzrə müəllim, ümumi təhsil məktəbi/ədəbiyyat, əmək müqaviləsi üzrə direktor müavini vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.1998- ci ildə bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam veriməsi barədə 67/1 nömrəli, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Şirvan şəhəri B.M.Aslanov adına 16 nömrəli tam orta məktəbin direktor əvəzi Nurlan Həsənovaya ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, başqa işəgötürənlə əmək müqaviləsi bağladığını nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə 10 may 2024-cü ildən etibarən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 67 nömrəli əmrindən çıxarışdan görünür ki, Şirvan şəhər, B.Aslanov Adına 16 nömrəli tam orta məktəbin ali təhsilli Azərbaycan dili və ədəbiyyat müəllimi, təlim tərbiyə işləri üzrə direktor müavini (ibtidai siniflər üzrə) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şirvan-Salyan regional şöbəsinin İddiaçı ünvanlanmış 20 iyun 2024-cü il tarixli, 3-17-5/2-B38817/2024 nömrəli məktubunda göstərilmişdir ki, “Sizin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X5 Xidmətinə Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbdən qanunsuz işdən azad olunmağınız barədə etdiyiniz müraciətə X6 Xidmətinin Şirvan-Salyan regional şöbəsində baxıldı. Şirvan şəhəri B.Aslanov adına 16 nömrəli tam orta məktəbdən daxil olmuş məktubdan və sənədlərdən məlum oldu ki, Siz 10 oktyabr 2019-cu il tarixdən B.Aslanov 16 saylı tam orta məktəbə vakantda olan təlim-tərbiyə işləri üzrə direktor müavini (ibtidai siniflər üzrə) vəzifəsinə təyin edilmisiniz. Əmək müqavilənizdə dəyişiklik edilməsi ilə bağlı 1R/VA6K000103 əmək müqaviləsi bildirişi “Əmək və Məşğulluq” altsisteminə daxil edilmişdir. Siz xx.xx.2024-cü il tarixdə işəgötürənə (məktəb direktoruna) ərizə ilə müraciət edərək 10 may 2024-cü il tarixdən əmək müqavilənizə xitam verilməsini xahiş etmisiniz. Şirvan şəhər B.Aslanov adına 16 nömrəli məktəbin 10 may 2024-ci il 67 nömrəli əmri ilə Sizin əmək müqavilənizə Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam efdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək muqaviləsi bağladıq da, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Sizin müraciətinizdə qeyd etdiyiniz məsələnin (iradəsi ziddinə, təzyiq altında əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə verilməsi) həlli məqsədilə məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarına əlavə edilmiş Şirvan şəhər Prokurorluğunun Şirvan-Salyan Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimliyə ünvanladığı xx.xx.2024-cü il tarixli ********* nömrəli məktubda qeyd edilmişdir ki, Şirvan şəhər B.Aslanov adına 16 saylı tam orta məktəbdə aparılmış yoxlamaya dair Şirvan şəhər prokurorluğuna göndərilmiş materiallar əsasında araşdırma aparılmışdır. Araşdırma üzrə fakta görə Şirvan şəhər prokuroru, baş ədliyyə müşaviri Kamal Talıbov tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçının iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi və 69-cu maddəsinin 3-cü bəndi təşkil edir. Kollegiya mübahisəyə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və başa düşülən qaydada müəyyən edilməsi üçün həm iddiaçı tərəfin həm də cavabdeh tərəfin təqdim etdiyi sübutları məhkəmənin müəyyən etdiyi işin həqiqi halları iiə müqayisəli tədqiq edərək aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. İ İddiaçının təlblərinin əsası kimi göstərdiyi hallar, təqdim etdiyi sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: İddiaçının iddia tələbinin əsasını 10 may 2024-cü il tarixli, 67 saylı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi təşkil edir. İddiaçı iddia edir ki, o, 1998-ci ildən Şirvan şəhəri B.M.Aslanov adına 16 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamış, 2019-cu ildən isə həmin məktəbdə təlim tərbiyə işləri üzrə direktor müavini (ibtidai siniflər üzrə) təyin edilmişdir. 08 may 2024-cü il tarixdə işlədiyi orta məktəbdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati Şöbəsinin müdiri Şahid2 və Şirvan Təhsil Sektorunun müdiri Şahid1 19-20 radələrində onu yerdəyişmə qaydasında başqa məktəbə direktor müavini vəzifəsinə keçiriləcəyi ilə bağlı aldararaq guya başqa işəgötürənlə əmək müqaviləsi bağlayacağı üçün öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur etdilər. Ərizəni yazmaq istəməsə də, təzyiq altında qeyd edilən ərizəni yazmağa məcbur olmuşdur. Halbuki universiteti bitirdikdən sonra yeganə iş yeri 16 saylı orta məktəb olmuşdur və heç vaxt başqa işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. 10 may 2024-cü il tarixdə məktəbin direktor əvəzi Nurlan Həsənovanın əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 13 may 2024-cü il tarixdə işlədiyi məktəbə gedən zaman direktor əvəzinin göstərişi ilə onu məktəbə buraxmadılar və onun həm müəllim, həm də direktor müavini vəzifəsindən azad edildiyi bildirildi. 13 may 2024-cü il tarixdə ona Şirvan şəhəri B.Aslanov adına tam orta məktəbin direktor əvəzi Nurlan Həsənovanın 10 may 2024-cü il tarixli əmrini təqdim etdilər. Hesab edir ki, işdən azad edilməyi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. O səbəbdən də adı çəkilən əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi və işə bərpa edilməyi ilə bağlı məhkəməyə müraciət etmək fikirindədir. İlk növbədə qeyd etmək istəyir ki, o, 14 may 2024-cü il tarixdə məktəbin direktor əvəzi Nurlan Həsənovaya ərizə ilə müraciət edərək ona təzyiq edildiyi üçün işdən çıxmaq barədə ərizə yazdığını və bu səbəbdən də 08 may 2024-cü il tarixli ərizənin etibarsız hesab edilərək həm müəllim, həm də direktor müavini kimi işinə bərpa edilməyini xahiş etmişdir. Həmin vaxt ona son haqqhesab ödənilməmişdir və onun vəzifəsinə başqa şəxs təyin edilmişdir. Lakin onu işinə bərpa etmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuşdur. Həmin əsaslara tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, tərəflərin iradəsindən asılı olmayan və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar daxildir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydalarında işçinin başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığın olması, həmçinin ərizədə göstərdiyi gün əmək müqaviləsinin ləğv edilə bilməsi göstərilmişdir. İddiaçı iddia tələbində həmçinin apelyasiya şikayətinin dəlillərində işdən azad olunması barədə yazdığı ərizəni 08 may 2024-cü il tarixdə işlədiyi orta məktəbdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati Şöbəsinin müdiri Şahid2 və Şirvan Təhsil Sektorunun müdiri Şahid1 təzyiqi altında yazdığını, həmçinin adı çəkilən şəxslərin onu aldararaq guya başqa işəgötürənlə əmək müqaviləsi bağlayacağı üçün öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur etdiklərini bildirmişdir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı ona işdən çıxma barədə ərizənin təzyiq altında yazdırılması və həmin təzyqinin nədə özünü göstərməsini nə birinci instansiya məhkəməsində nə apelyasiya icraatı zamanı sübut edə bilməmişdir. Ümumiyyətlə iddiaçı ona adı çəkilən şəxslər tərəfindən ərizə yazılmağa “məcbur edilməsi” barədə bu günədək hüquq mühafizə orqanlarına müraciət etməmiş, yalnız X4 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə müraciət etmiş, həmin şöbənin də iddiaçıya verdiyi cavabda iddiaçının məhkəməyə müraciət etməsi izah edilmişdir. İkincisi iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsində başqa işəgötürənlə əmək müqaviləsi bağladığını qeyd etsə də, iddia tələbində və apelyasiya şikayətinin dəlillərində buna izah verərək, aldadıldığını və evin yaxın yerdə yerləşən məktəblərin birinə direktor müavini təyin ediləcəyi vədi ilə ərizə yazmağa məcbur edildiyini göstərir. Kollegiya hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi göstərdiyi bu hallar tələbin əsaslı olmasını sübut edən hallar hesab oluna bilməz. Çünki orta məktəbdə təhsilverənlərin (müəllimlərin) işə qəbulu və yerdəyişməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “19” oktyabr 2023-cü il tarixli, KQ-05 saylı Kollegiya Qərarının 1.2-ci bəndinə və həmin qərarın 3.1-ci bəndinə əsasən həyata keçirilməklə müvafiq olaraq müəllimlərin işə qəbulunun və yerdəyişməsinin müsabiqə yolu ilə, həmçinin müəllimlərin yerdəyişməsi tədris ilinin sonunda müsabiqə əsasında həyata keçirilir. Yerdəyişmə müsabiqəsi təhsilverənlərin sertifikatlaşdırılmasında, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində və ya işə qəbul üzrə müsabiqədə toplanılan bal əsasında aparılır. Göründüyü kimi iddiaçının başqa işə götürənlə əmək müqaviləsi bağlaması ilə bağlı gətirdiyi dəlillər formal mülahizələrə əsaslanır. Belə ki, iddiaçı işlədiyi dövrdə direktor müavini kimi bir məktəbdən digərinə yerdəyişməsi yalnız müsabiqə əsasında həyata keçirilə bilərdi. Üçüncüsü iddiaçının işdən azad olunması barədə yazdığı xx.xx.2024-cü il tarixli ərizəsində də 10 may 2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və 67/1 nömrəli, xx.xx.2024-cü il tarixli əmrlə də İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı apelyasiya icraatı zamanı 13 may tarixində işə getdiyini və peşimanlıq ərizəsini yazdığını bildirmiş, lakin məktəbin direktoru tərəfindən ona işdən azad olunma barədə əmr təqdim edilmiş və artıq həmin məktəbdə işləyə bilməməsi bildirilmişdir. Kollegiya qeyd edir ki, 67/1 nömrəli, xx.xx.2024-cü il tarixli əmrdə istinad olunan Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi tərəfin iradəsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi əsasıdır. İddiaçı isə apelyasiya icraatı zamanı peşimançılıq ərizəsi verdiyinə baxmayaraq onun işdən azad edilməsini göstərsə də, bu halın təsdiqi barədə iş materiallarında hər hansı sübut mövcud olmamışdır. Əksinə iddiaçı onun ərizəsində tarix göstərməsinə baxmayaraq işəgötürən tərəfindən həmin tarixə riayət edilməməsi və işçinin əmək müqaviləni xitam verilməməsi məhz elə Əmək qanunvericiliyinin tələblərinin, həmçinin işçinin hüquqlarının pozulmasına gətirib çıxarar. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüququ olduğu və həmin hüququnun həyata keçirilməsinin işəgötürən tərəfindən təmin edilməməsi (məhdudlaşdırılması) Konstitusiyanın 35-ci maddəsinin (Heç kəs zorla işlədilə bilməz) və Əmək Məcəlləsinin 42.1-ci maddəsinin (Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz) pozulmasına gətirib çıxara bilər. İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında həmçinin göstərmişdir ki, o, qanusuz işdən azad olunması barədə X4 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə müraciət etmiş və ona həqiqətən işəgötürən tərəfindən onun işdən azad olunmasının qanunsuz olduğu bildirilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati xəta tərkibi müəyyən edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata baxmaq səlahiyyəti olan orqan kimi X4 əgər işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi halını aşkar etdikdə işəgötürəni inzibati məsuliyyətə cəlb etməklə tənbeh tədbiri tətbiq edir. Hazır ki işdə də iddiaçı onun qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etdiyini bildirsə də cavabdehin hərəkətlərində hüquq pozuntusu müəyyən edilməmiş, iddiaçıya yalnız məhkəmə qaydasında hüquqlarını müdafiə etmək imkanı izah edilmişdir. İİ Cavabdehin iddia tələbinə etirazının əsası kimi göstərdiyi hallar, təqdim etdiyi sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: Cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı tam orta məktəbin direktoru X1 iddiaya etirazından müəyyən edilir ki, o, ümumiyyətlə iddianı qəbul etmir və hesab edir ki, iddia əsassızdır. Belə ki, cavabdeh uzun illərdir müəllim işlədiyindən müəlləmlərin yerdəyişməsi, bir məktəbdən başqa məktəbə təyinatının hansı qaydada həyata keçirilməsindən məlumatlıdır. Ümumiyyətlə müəllimlərin yerdəyişməsi 2 formada həyata keçirilir. İlk öncə həmin yer üzrə vakansiya elan edilir, bundan sonra ya müsabiqə yolu ilə ya da qarşılıqlı razılaşma əsasında Təhsil Nazirliyi tərəfindən yerdəyişmə həyata keçirilə bilər. İddiaçı isə öz (işdən azad olunması barədə ərizəsi) xahişi əsasında işdən azad edilmişdir. Onun işdən azad olunması barədə ərizəsini guya başqa işə keçməklə bağlı yazması da inandırıcı deyildir. Çünki nə direktorun nə də regional təhsil idarəsinin ərizə əsasında müəllimin yerdəyişməsini həyata keçirməsi səlahiyyəti yoxdur. Cavabdehin nümayəndəsi həmçinin iddiaçının iddiasının əsaslı olması kimi gətirdiyi arqumentləri, yəni aldadılaraq ərizə yazmağa məcbur edilməsini əsassız sayaraq göstərmişdir ki, İddiaçı özünün də, qeyd etdiyi kimi 1998-ci ildən Şirvan şəhəri B.M.Aslanov adına 16 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamış, 2019-cu ildən isə həmin məktəbdə təlim tərbiyə işləri üzrə direktor (ibtidai siniflər üzrə) müavini işləməsi kifayət qədər təcrübəli müəllimənin aldadılaraq başqa işə keçmə barədə ərizə alınması necə mümükün ola bilər. İddiaçı çox yaxşı bilir ki, müəllimlərin yerdəyişməsinin məhz müsabiqə və qarşılıqlı yerdəyişmə əsasında baş verməsi üçün ilk öncə müəllimin təyinat almaq istədiyi vəzifənin vakant vəzifə kimi təyinata çıxarılmalı, daha sonra yerdəyişmənin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməlidir. Bundan başqa işçi əgər başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq niyyətindədirsə, əmək müqaviləsi bağlanacağı müəssisənin rəhbəri yəni işəgütürənin əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olmalı, daha sonra isə ilk iş yeri üzrə üzrə əmək müqaviləsinə xitam verilməlidir. İddiaçının iddia etdiyi kimi Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati Şöbəsinin müdiri Şahid2 və Şirvan Təhsil Sektorunun müdiri Şahid1 19-20 radələrində onu yerdəyişmə qaydasında başqa məktəbə direktor müavini vəzifəsinə keçiriləcəyi ilə bağlı aldararaq guya başqa işəgötürənlə əmək müqaviləsi bağlayacağı üçün öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur etməsini bildirməsi iddiaçının heç bir sübutla təsdiqini tapmayan formal mülahizəsidir və bu heç bir halda əsaslı hesab oluna bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1055/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı apelyasiya icraatı zamanı əlavə olaraq göstərmişdir ki, barəsində Şirvan şəhər prokurorluğunda aparılan araşdırma yekunlaşmış və onun təqsirinin olmaması sübut olunmuş, hesab edir ki, onun işə bərpa olunması barədə iddiası əsaslıdır və təmin edilməlidir. Kollegiya iddiaçının bu xahişi ilə bağlı qeyd edir ki, Şirvan şəhər prokurorluğunda aparılan araşdırma hazırkı məhkəmə predmeti olan işə bərpa tələbinin hüquqi əsasını təşkil etmir. Çünki mövcud qanunvericiliyin tələbinə əsasən Əmək Məcəlləsinin 62-ci maddəsində işçinin işdən kənar edilməsi əsasları müəyyən edilmişdir. Belə ki, həmin maddənin “c” bəndinə əsasən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işdən kənar edə bilər. Hazırki işdə isə işəgötürən İddiaçı işdən azad edilməsi barədə ərizəsi əsasında onun əmək müqaviləsinə xitam vermişdir. İddiaçının göstərdiyi kimi onun ərizəsi Şirvan şəhər prokurorluğunda aparılmış araşdırma ilə bağlı olsaydı, o zaman işəgötürən işçinin əmək müqaviləsinə xitam vermək əvəzinə Əmək Məcəlləsinin “c” bəndinə əsasən işdən kənarlaşdırılması barədə əmr verərdi. Göründüyü kimi iddiaçının bu hissədə də mövqeyi əsassız olmaqla, ümumiyyətlə gətirdiyi dəlillər onun əmək müqaviləsinə xitam verilməsi barədə mübəhəsinin predmeti ilə əlaqə deyildir. Ona görə də kollegiya iddiaçının bu hissədə gətirdiyi dəlillərə hüquqi qiymət verilməsini məqsədəuyğun hesab etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə İddiaçı cavabdeh Şirvan şəhəri B.M.Aslanov adına 16 saylı tam orta məktəbinə qarşı cavabdehlə (işəgötürənlə) imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “a” bəndinə əsasən xitam verilməsi barədə 10 may 2024-cü il tarixli, 67 saylı əmrin ləğv edilərək Şirvan şəhər 16 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə qaytarılmağı və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1055/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1055/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar