Məhkəmə qərarları › İş №2(106)-1986/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1986/2024

19.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1986/2024 19.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-929/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə dair 27 may 2024-cü il tarixli əmrinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs Cavabdeh məxsus "Aran” marketdə adminstrator-inzibatçı vəzifəsində işləyib. Cavabdeh 27 may 2024-cü il tarixli əmri ilə iddiaçını Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Cavabdeh 27 may 2024-cü il tarixli əmrində iddiaçının işdən azad edilməsinə əsas olaraq işəgötürənə maddi ziyan vurmaqla öz əmək vəzifələrini kobud pozaraq, işəgötürənə məxsus cəmi 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarını mənimsədiyini göstərmişdir. İddiaçı hesab edir ki, onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə dair 27 may 2024-cü il tarixli əmr qanunsuzdur. Belə ki, iddiaçı işəgötürənə məxsus ərzaq və yaxud da qeyri-ərzaq məhsullarını mənimsəməmişdir. Marketdə müşahidə kameralarının çəkilişlərinə nəzarət edən işçilər və mühafizə xidməti vardır. Necə ola bilər ki, iddiaçı 13 yanvar 2023 - 12 aprel 2024-cü illərdə nə az, nə çox düz 55311 manat 80 qəpik dəyərində ərzaq və qeyri-ərzaq məhsullarini mənimsəsin amma bu marketdə işləyən onlarla işçinin gözündən yayınsın. İnsanın gözündən nəyisə yayındırmaq olsa da kamera görüntülərindən yayınmaq mümkün deyil. Maraqlıdır ki, işəgötürən iddiaçıdan başqa da bir işçini eyni məbləğdə mənimsəmədə ittiham edir. Cavabdehin 27 may 2024-cü il tarixli 271 sayı əmrindən çıxarışdan görünür ki, əmrin verilməsinə əsas Azərbaycan Respublikasınin Əmək Məcəlləsi olmuşdur. Halbuki belə bir əmrin verilməsi üçün izahatların alınması, üzləşmə aktlarının mövcudluğu, maliyyə arayışı və sair səndələr əmrə əlavə olunmalı idi ki, maddi ziyanın mövcudluğuna dair dəlillər olsun. Qeyd edilənlər onu göstərir ki, iddiaçı işdən qanunsuz çıxarılmışdır və onun əmək hüquqları pozulmuşdur. Ədalətin bərpa edilməsi üçün isə əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunmasına dair məhkəmə qətnaməsinin çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-929/2024 saylı (hakim M.Rəsulova) qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh 27 may 2024-cü il tarixli, 271 nömrəli əmri ləğv edilmiş, Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında əmək müqaviləsinə əsaslanan əmək münasibətləri mövcud olmuş və həmin münasibətlərə 27 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən cavabdehin 271 nömrəli əmri ilə xitam verilmişdir. Hazırda iddiaçı sözügedən əmrin ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd edir ki, həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Məhkəmə işçinin işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmamışdır. İşəgötürən əmək qanunvericiliyinə riayət etməməklə, həmçinin işçi tərəfindən yol verilmiş intizam pozuntusunu müəyyən edilmiş əsaslar çərçivəsində qiymətləndirməməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci, 71-ci, 72-ci, 80-ci, 186-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələri, Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 05 iyul 2011-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və qanunsuz qətnamə çıxarılmışdır. İddiaçı ilə aralarında 02 sentyabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. 2021-ci il 03 iyul tarixdə İddiaçılə aralarında “Tam maddi məsuliyyət haqqında fərdi müqavilə” bağlanmışdır. 13 noyabr 2023-cü il tarixdən 12 aprel 2024-cü il tarixinə kimi “Aran” marketdə adminstrator-inzibatçı vəzifəsində işlədiyi dövr ərzində işəgötürənə məxsus 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarını mənimsəmişdir. Həmçinin tərəfindən məhkəməyə 10 oktyabr 2024-cü i tarixli məhkəməmühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət verilərək, işəgötürənə maddi ziyan vurulması ilə əlaqədar zərərin həcminin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsini xahiş etsə də qeyd olunan vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçı işlədiyi dövr ərzində maddi məsul şəxs olaraq öz təqsirli hərəkətləri ilə işəgötürənə maddi zərər vurmaqla öz əmək vəzifələrini kobud şəkildə pozduğundan tərəfindən 27 may 2024-cü il tarixdə 271 nömrəli əmrə əsasən bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Buna görə də hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il taixli 2(022)- 929/2024 saylı qətnaməsi ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsinin ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Biləsuvar Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il taixli 2(022)-929/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Biləsuvar Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(022)-929/2024 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə mübahisələndirilən hissə üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il taixli 2(022)-929/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə aralarında 02 sentyabr 2020ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. 2021-ci il 03 iyul tarixdə İddiaçılə aralarında “Tam maddi məsuliyyət haqqında fərdi müqavilə” bağlanmışdır. 13 noyabr 2023-cü il tarixdən 12 aprel 2024-cü il tarixinə kimi “Aran” marketdə adminstrator-inzibatçı vəzifəsində işlədiyi dövr ərzində işəgötürənə məxsus 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarını mənimsəmişdir. Həmçinin tərəfindən məhkəməyə 10 oktyabr 2024-cü i tarixli məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət verilərək, işəgötürənə maddi ziyan vurulması ilə əlaqədar zərərin həcminin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsini xahiş etsə də, qeyd olunan vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçı işlədiyi dövr ərzində maddi məsul şəxs olaraq öz təqsirli hərəkətləri ilə işəgötürənə maddi zərər vurmaqla öz əmək vəzifələrini kobud şəkildə pozduğundan tərəfindən 27 may 2024-cü il tarixdə 271 nömrəli əmrə əsasən bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Buna görə də hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 10 oktyabr 2024cü il taixli 2(022)-929/2024 saylı qətnaməsi ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı fiziki şəxs Cavabdeh məxsus "Aran” marketdə adminstrator-inzibatçı vəzifəsində işləyib. Cavabdeh 27 may 2024-cü il tarixli əmri ilə iddiaçını Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Cavabdeh 27 may 2024-cü il tarixli əmrində iddiaçının işdən azad edilməsinə əsas olaraq işəgötürənə maddi ziyan vurmaqla öz əmək vəzifələrini kobud pozaraq, işəgötürənə məxsus cəmi 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarını mənimsədiyini göstərmişdir. Ancaq iddiaçı tərəfindən ona məxsus 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarını mənimsənildiyinə dair hər hansı bir sübut növü təqdim etməmişdir. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının audit yoxlaması nəticəsində əmək funksiyalarının icrası ilə əlaqədar pozuntulara yol verməsinin müəyyən olunmasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməsinin müəyyən edilməsi üçün, ilk olaraq işəgötürənin həmin intizam tənbeh tədbirini tətbiq edərkən özünün Əmək Məcəlləsinin tələblərinə riayət edib-etməməsi araşdırılmalıdır. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Məhkəmə işçinin işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmamışdır. İşəgötürən əmək qanunvericiliyinə riayət etməməklə, həmçinin işçi tərəfindən yol verilmiş intizam pozuntusunu müəyyən edilmiş əsaslar çərçivəsində qiymətləndirməməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi əmək qanunvericiliyində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin şərtləri müəyyən olunmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş 13 noyabr 2023-cü il tarixdən 12 aprel 2024-cü il tarixinə kimi iddiaçının göstərilən vəzifədə işlədiyi dövr ərzində işəgötürənə məxsus 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarınının mənimsəməsi və bunun nəticəsində işəgötürənə hər hansı formada ziyan dəyməsi sübutlarla təsdiq olunmur. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini yalnız maddi ziyanın vurulması ilə əlaqələndirmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi iki hissədən (1. işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və 2. bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) ibarət olmaqla bir birindən “yaxud” bağlayıcısı ilə ayrılır. Cavabdehin işçinin yol verdiyi pozuntular nəticəsində müəssisəyə maddi ziyan vurması dəlili bunun üçün kifayət qədər əsaslar olduğu və tətbiqinə əmək qanunvericiliyinin imperativ tələbləri baxımından yol verildiyi təqdirdə 70- ci maddənin “ç” bəndinin ikinci hissəsi ilə, yəni bu Məcəllənin 72-ci maddəsində sadalanan (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə həmin maddənin tətbiqi üçün əsas ola bilərdi ki, hazırkı halda əmək qanunvericiliyinin aşağıda göstərilən tələblərinin işəgötürən tərəfindən pozulması həmin hissənin də iddiaçıya münasibətdə tətbiqini istisna edir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən iddiaçının vurduğu zərərin məhz onun tərəfindən törədilməsinin sübut edilməməsi cavabdehin qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi ilə nəticələnmişdir. Belə ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair 2024-cü il 27 may tarixli 271 saylı əmrdən çıxarışda "İddiaçı tərəfindən 13 noyabr 2023-cü il tarixdən 12 aprel 2024-cü il tarixinədək olan dövrdə mənimsəmə edilərək mülkiyyətçiyə maddi ziyan vurulduğu” göstərilmiş və bu hal əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hallar, hüquqi faktlar işəgötürən Cavabdeh tərəfindən hər hansı yetərli sübutla əsaslandırılmamışdır. Belə ki, işlədiyi dövrdə İddiaçılə tam maddi məsuliyyət müqaviləsi bağlanılsa da, İddiaçı vəzifə öhdəliklərindən irəli gələn intizam hüquq pozmasını, habelə işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurmuş olduğunu müəyyən etməyə əsas verən hər hansi sənəd (sübut) məhkəməyə təqdim edilməmiş, İddiaçı təqsirli olması sübuta yetirilməmişdir. Həmçinin, intizam pozuntusu aşkara çıxarıldığı gündən (xx.xx.2024) yəni 15 aprel 2024-cü il tarixdən bir aydan artıq vaxt keçdikdən sonra İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən "İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir". Məhkəmə tərkibi Şikayətin apellyator tərəfindən məhkəməyə 10 oktyabr 2024-cü i tarixli məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət verilərək, işəgötürənə maddi ziyan vurulması ilə əlaqədar zərərin həcminin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə vəsatətin məhkəmə tərəfindən təmin edilməməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin ediməsini məhkəmə üçün vəzifə kimi deyil, hüquq kimi tanımışdır. Yəni qeyd edilən dəlil birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə mübahisələndirilən hissə üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il taixli 2(022)-929/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il taixli 2(022)-929/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar