Məhkəmə qərarları › İş №2(106)-1987/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1987/2025

17.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1987/2025 17.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə katibi X6, iddiaçının iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızının Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh ilə Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı 2009-cu ildən faktiki, xx.xx.2012-ci ildən rəsmi nikahda olmuşlar. Bu nikahdan 3 uşaq doğulmuşdur. Tərəflər arasındakı nikah Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı hazırki iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə Südçülük sovxozu, Əli İsazadə küçəsində yaşadıqları evin tikintisinə xərclənmiş 95000 manat pulun 50000 manatının və 240 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: cavabdehlə 2009-cu ilin aprel ayının 19-da qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, Masallı rayonu Təzəkənd kəndinə gəlin köçmüşdür. 2014-cü ilin sentyabrın 14-də nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan üç uşaq olmuşdur. 2012-ci ilin may ayında Bakı şəhərinə köçmüşlər və kirayədə yaşamışlar. 2013-cü ilin 12 mart tarixində X3 adlı şəxsdən 0.2 ha torpaq sahəsi almışlar, həmin sahədə yaşayış evi inşa etmişlər. 2014-cü ilin yanvar ayından başlayaraq birgə nikah dövründə tikdikləri evdə yaşamışlar. Evin tikintisi zamanı həmçinin ona cehiz gətirilmiş zinət əşyaları satılmışdır. 27 may 2024-cü il tarixdə nikahları Xəzər Rayon Məhkəməsində pozulmuşdur. Aralarında münasibətlər pozulduqdan və məhkəmə çəkişməsi olduğu dövrdə onların tərəfindən tikilmiş evin komunal ödəmələri başqa şəxsin adına keçirilmişdir ki, ona birgə nikah dövründə tikdikləri evdən heç bir şey çatmasın. Evin tikilməsinə sərf edilmiş 99000 manatın 50000 manatını mediyasiya qaydasında istəsə də, mediyasiyada razılaşmaları olmamışdır. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş, məhkəməyə yazılı teleqram göndərərək iddiaya qarşı etirazını aşağıdakı kimi əsaslandırmışdır: iddiaçı ilə 2009-cu ilin aprel ayında faktiki ailə münasibətində olmuş, həmin ilin iyul ayından isə Bakı şəhərində xalasının evində müvəqqəti yaşamışlar. 2011- 2012-ci ildən isə Həzi Aslanov ərazisində kirayədə yaşamışlar. Rəsmi nikaha 2014-cü ildə daxil olmuşlar. Qanunun tələbinə görə nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Əmlakın birgə mülkiyyət və ya ərin (arvadın) əmlakı olması üçün həmin əmlak qanunla müəyyən edilmiş qaydada qazanılmış əmlak olmalı və əmlaka dair mülkiyyət hüquqi mövcud olmalıdır. Hazırda mübahisələndirilən əmlakın mülkiyyət hüququ ona və ya birgə nigah dövründə əldə edilməklə iddiaçıya və ona məxsus deyildir, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsindən də görünür ki, mübahisələndirilən əmlak digər şəxsin mükiyyətində olub və hal-hazırda həmin şəxsin mülkiyyətindədir. Masallı Rayon Мəhkəməsinin (hakim Zeynal Zeynalov) 06 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 190 manat və mediasiya prosesi zamanı ödənilmiş 50 manat pul vəsaitinin onun özünə aid edilməsi qət edilmişdir. Məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, tərəflər birgə nikahları dövründə X1 istifadəsində olan torpaq sahəsini almışlar və onun üzərində özbaşına fərdi yaşayış evi inşa etmişlər. Hazırda tərəflər arasında olan nikah pozulsa da hər iki tərəf mübahisəli evdə yaşayırlar. İddiaçı mübahisə predmeti olan özbaşına tikintinin faydalı xassələrindən istifadə etdiyindən və istifadə etmək imkanlarından məhrum olmadığından iddiası rədd edilməlidir. Qətnamədən iddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı apellyasiya şikayəti vermişdir. A p e l l y a s i y a ş i ka y ə t l ə r i n i n d ə l i l l ə r i İddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birgə nikah dövründə tərəflər Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11 95000 manat xərc çəkməklə özbaşına fərdi yaşayış evi inşa etmişlər. Məhkəmə iddiaçı tərəfdən verilmiş evinin real bazar qiyməti və likvid dəyərinin müəyyən edilməsi barədə vəsatəti təmin etməyərək mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bundan başqa qeyd etmək lazımdır ki, iddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı mübahisə predmeti olan özbaşına tikintinin faydalı xassələrindən istifadə etdiyindən və istifadə etmək imkanlarından məhrum olmadığından onun iddiasının rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, 2025-ci ilin oktyabr ayından cavabdehlə mübahisəli evdə yaşamağı mümkün olmadığına görə, o (iddiaçı) evdən çıxmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bu faktiki halı apellyasiya məhkəməsi tərəfindən aydınlaşdırılıb ona düzgün hüquqi qiymət verilməlidir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, evin tikintisində onun zəhməti olmuşdur. Bütün qızıl-zinət əşyalarını satıb evin tikintisinə xərcləmişdir. Övladının biri həmin evdə anadan olmuşdur. Torpaq sahəsini Elvin Cəfərovun adına verilmiş etibarnamə ilə almışlar. Hazırda o, həmin evdə yaşasa da onların birgə yaşaması mümkün deyil, ona görə evin satılmasını və əldə olunacaq pulun bölünməsini istəyir. Onlar torpaq sahəsini Elmira Abdullayevadan almışdır. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Kollegiya işə, cavabdehin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya şikayətində iddiaçı qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayəti əsasında işi tam yoxlayır. İşin halları İddiaçı və cavabdeh 2009-cu ildən faktiki, xx.xx.2012-ci ildən rəsmi nikahda olmuşlar. Bu nikahdan 3 uşaq doğulmuşdur. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, həmin qətnamə ilə tərəflərin birgə nikahından olan uşaqların- xx.xx.2010-cu il təvəllüdlü Rüqəyyə, xx.xx.2011-ci il təvəllüdlü Mirhüseyn və xx.xx.2016-cı il təvəllüdlü Mirhəsənin anaları İddiaçı yanında saxlanılmaları müəyyən edilmişdir. İddiaçının bildirdiyinə görə 12 mart 2013-cü ildə X3 adlı şəxsdən Bakının Binə (Hövsan) südçülük sovxozundə 0.2 ha torpaq sahəsini Elvin Cəfərovun adına verilmiş etibarnamə ilə almışlar və həmin sahədə ev inşa etmişlər. İş materiallarına Abşeron Rayon X11 üzrə 09 dekabr 2000-ci il tarixli 16 saylı əmrdən çıxarışın surəti əlavə edilmişdir. Həmin sənədə görə, Abşeron Rayon İcra Hakimiyyətinin 22 avqust 2000-ci il tarixli, 171 saylı sərəncamı, X11 Həmkarlar komitəsinin 08 dekabr 2000-ci il tarixli, 21 saylı protokoluna əsasən sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən X2 0.12 hektar torpaq sahəsi ayrılmışdır. İddiaçının istinad etdiyi 12 mart 2013-cü il tarixli, AR-İ № 247474 saylı etibarnamədən görünür ki, X4 həmin sənədlə, Cavabdeh Abşeron rayonu, X11 ərazisində istifadəsində olan 0.02 ha torpaq sahəsinə dair zəruri sənədlər toplamağı, tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi, bütün idarə və təşkilatlara müraciət etməyi, Dövlət torpaq və xəritəçəkmə komitəsinin Bakı şəhər şöbəsinə plan almağı, Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin Bakı Şəhər Ərazi idarəsindən çıxarış, arayış aldıqdan sonra torpaq sahəsinə və mövcud tikiliyə dair sərəncam verməyi, satmağı, bağışlamağı, müqavilə imzalamağı, bununla bağlı adından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Bakı Şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısı aparatının 14 fevral 2025-ci il tarixli, 02 saylı qısamüddətli mühafizə orderindən görünür ki, Binə qəsəbəsi, X11 ərazisində yaşayan Cəfərova (Ağayeva) X7 Rayon icra Hakimiyyətinə müraciət edərək keçmiş həyat yoldaşı Cavabdeh tərəfindən məişət zorakılığına məruz qaldığını bildirmişdir. Xəzər Rayon icra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu tərəfindən aparılmış araşdırmaya əsasən müəyyən olunmuşdur ki, İddiaçı həqiqətən də keçmiş həyat yoldaşı Cavabdeh tərəfindən məişət zorakılığına məruz qalmışdır. Məişət zorakılığını törətmiş Cavabdeh məişət zorakılığına məruz qalmış Cəfərova (Ağayeva) Nigar Mirhamil qızına qarşı məişət zəminində fiziki zorakılıq zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, qəsdən sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması; Məişət zəminində psixi zorakılıq qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər; Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi-məişət zorakılığına məruz qalmış şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsi, iqtisadi asılılıq yaradılması, belə asılılığın saxlanılması və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərin edilməsi qadağan edilmişdir. Hazırki tələbində iddiaçı yuxarıda göstərilən hallara istinad edərək və cavabdehlə birgə yaşamağın qeyri-mümkünlüyünə əsaslanaraq cavabdehdən birgə nikah dövründə əldə edilən torpaq sahəsində inşa edilmiş tikiliyə sərf edilən vəsaitinin ödəməsini tələb etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakılar qeyd edir. İddiaçı tələbini birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələrinə əsasən: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);[24] 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.[25] 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. ... 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-ci il tarixli, 1/2024 saylı qərarının 4.11-ci bəndində göstərilir: Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Birinci instansiya məhkəməsi mübahisəyə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi baxımından qiymət vermiş və iddianı rədd etmişdir. Məhkəmənin mövqeyinə görə, tərəflər birgə nikah dövründə X1 istifadəsində olan torpaq sahəsini almışlar. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, tərəflər birgə nikahları dövründə X1 istifadəsində olan torpaq sahəsini almışlar və onun üzərində özbaşına fərdi yaşayış evi inşa etmişlər. Hazırda iddiaçı mübahisə predmeti olan özbaşına tikintinin faydalı xassələrindən istifadə etdiyindən və istifadə etmək imkanlarından məhrum olmadığından iddiası rədd edilməlidir. Kollgiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İlk növbədə qeyd edilməlidir ki, izahatlardan və təqdim edilmiş sübutlardan göründüyü kimi, mübahisəli tikilinin inşa edildiyi torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin 22 avqust 2000-ci il tarixli, 171 saylı sərəncamı, X11 Həmkarlar komitəsinin 08 dekabr 2000-ci il tarixli, 21 saylı protokoluna əsasən sovxozda işləyən, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən X1 istifadəsinə ayrılmışdır. Torpaq sahəsi mülkiyyət olaraq qeydiyyatdan keçməmişdir. Ona görə həmin torpaq sahəsi alqı-satqı predmeti ola bilməz və torpağa dair sərəncam verilə bilməz. Bundan başqa, sözügedən sahədə inşa edilmiş tikili özbaşına tikili sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Kollegiya hesab edir ki, heç bir qanuni əsas olmadan torpaq sahəsi əldə etdiyini iddia edən, yaxud tikili inşa edən iddiaçı hazırki vəziyyətdə torpaq sahəsinin əsassız varlanan mülkiyyətçisindən, əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənini 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının və ya cavabdehin mübahisəli tikiliyə dair sərəncam vermək ixtiyarı olmasa da tikilinin birgə nikah dövründə inşa edilməsi müəyyən edlir. Həmin tikili fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Bununla yanaşı, sözügedən tikili X1 istifadəsinə verilən torpaq sahəsində inşa edildiyindən və ona məxsus torpaq sahəsinin dəyəri artdığından sonuncu əsassız varlanan şəxsdir. Həyətyanı torpaq sahəsi cavabdehin istifadəsində və ya mülkiyyətində deyil, eləcə də inşa edilmiş tikilinin mülkiyyətçisi cavabdeh deyil. Bu baxımdan cavabdeh əsassız varlanan (zənginləşən) şəxs deyil və iddiaçı əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etməkdə əsl cavabdehə qarşı iddia verməmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün cavabdehə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7 və 1091.1-ci maddələrinin dispozitiv şərtləri müəyyən edilmir. Bu baxımdan cavabdehə qarşı iddia təmin edilə bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməsə də maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızının apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Мəhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(050)-2116/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cəfərova (Ağayeva) Nigar Mirhamil qızının Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar