Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-200/2023 22.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(050)-1115/2022 saylı qətnaməsindən (hakim A.Səlimov) cavabdehlərdən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən qanunsuz zəbt olunmuş ona məxsus Masallı rayonu, Ləngan kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli 09 nömrəli qərarı ilə verilmiş 0.36 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsindən istifadəyə görə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 2005ci il 11 noyabr tarixli 09 nömrəli qərarı ilə ona 0.36 hektar torpaq sahəsi verilmişdir (Torpaqda mülkiyyət hüququna dair Dövlət Aktı JN 0056 Kod ********). Həmin sahəni uzun illərdir ki, istifadə edə bilmir. Belə ki, verilmiş həmin torpaq sahəsini həmkəndliləri olan cavabdehlər müxtəlif istiqamətlərdən zəbt etmiş və uzun müddət ərzində əkib-becərmişlər. Cavabdehlərə həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirdiyi zaman isə, cavabdehlər həmin torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişlər. Bu məsələnin araşdırılması ilə bağlı bir sıra idarələrə müraciət etmiş, ona mübahisənin məhkəmə yolu ilə həll olunmasının məqsədəmüvafıq olduğu bildirilmişdir. Hazırki mübahisəni sülh yolu ilə məhkəmədən kənar həll etmək istəmiş, lakin heç bir nəticəsi olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, əslində Cavabdeh1 özünə məxsus torpaq sahəsini başqa şəxslərə satmış, özü isə Cavabdeh2 məxsus torpaq sahəsini becərir. Mahirəni isə ona (iddiaçıya) məxsus torpaq sahəsini istifadə etməyə məcbur edir. Həmçinin o, özünə məxsus torpaq sahəsini əkib becərmək istəyən zaman cavabdehlər buna imkan vermir, torpağın onlara məxsus olduğunu deyərək istifadəsinə süni maneələr yaradır, onu oradan qovurlar. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddia əsassızdlır. Belə ki, iddiaçının mülkiyyət sənədi üzrə ümumilikdə 0.36 hektar torpaq sahəsi vardır ki, həmin sahə da hazırda onun şəxsi istifadəsindədir. Ona öz mülkiyyət sahəsindən istifadəyə heç bir maneçilik yaradılmır. Lakin iddiaçı onun olmayan daha böyük əraziyə sahiblik etmək istəyir. Qeyd edilən səbəbdən bunu etməyə ona imkan vermirlər. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddia əsassızdlır. Belə ki, özünün şəxsi mülkiyyətində torpaq sahəsi vardır və uzun illərdir həmin sahəni əkib-becərir. İddiaçıya məxsus torpaq sahəsini isə zəbt etməmişdir. Əksinə iddiaçı onun olmayan sahəni də əkibbecərmək istəyir. Bu səbəbdən iddianı qəbul etmir. Masallı Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(050)-1115/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh2 İddiaçı məxsus Masallı rayonu Ləngan kəndində yerləşən 0.36 hektar torpaq sahəsindən çıxarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı həmin torpaq sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni iş üzrə təyin olunmuş məhkəmə ekspertizasının rəyinə istinadla belə əsaslandırmışdır ki, İddiaçı mülkiyyətinə verilmiş 0.36 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi hər iki cavabdeh tərəfindən deyil, yalnız Cavabdeh2 tərəfindən bütövlüklə istifadə edilir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus torpaq sahəsi Cavabdeh2 sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Bundan savayı iddiaçının tələblərindən biri də “iddiaçıya torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması”dır ki, tərəflərin izahatlarından bu cür halın mövcudluğu öz təsdiqini tapır. Bu səbəbdən iddia qeyd edilən hissədə əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-qanuni və qeyri-realdır. Məhkəmə əsaslara müraciət etməyərək ehtimallara sığınmış, əsassız olaraq iddianı təmin etmişdir. İddiaçı tərəf iddiasını müdafiə edərək məhkəməni inandırmağa çalışmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 2005-ci il 11 noyabır tarixli 09 nömrəli qərarı ilə ona 0.36 hektar torpaq sahəsi verilmişdir. Həmin sahəni uzun illərdir ki, istifadə edə bilmir. Halbu ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 12 mart tarixli 11 nömrəli qərarı ilə ona və ailə üzvülərinə (Torpağa mülkiyyət hüququna dair JN: 0058 KOD 80520038 Dövlət Aktı) 1.50 hektar kənd təsərrüfatı məsulları istesalı üşün torpaq sahəsi verilmişdir. Ona və ailə üzvlərinə torpaq sahəsinin verilməsinə dair Masallı rayon Aqraq İsalahat Komissiyasının 1998-ci il 12 mart tarixli 11 nömrəli qarar ləğv edilməmiş, bu barədə heç bir məhkəmə qətnaməsi olmamışdır. Həmin torpaq sahəsini istifadə edir, cavabdehin 0.36 ha torpaq sahəsini istifadə etmir. Cavabdeh isə qanunsuz azaldılmış 0.25 ha torpaq sahəsini iddia edərək qanunsuz məhkəmə qətnaməsi çıxarmağa nail olmuşdur. Xahiş edir nəzərə alınsın. Nəzərə çatdırır ki, birinci inİstansiya məhkəməsi ekspertiza təyin edərkən mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Masallı rayon Aqrar İslahat Komissiyasının Ləngan kəndində 1998-ci il 12 mart tarixli və Masallı rayon Aqrar İsalaht Komissiyasının Ləngan kəndində 11 noyabır 2005-ci il tarixli hər iki isahatı aparmış mütəxəsiz onun torpağı haqqında məhkəmə ekispertizası mütəxəsisi təyin edilmiş, öz etdiyi cinayət əməllərini ört basdır etmək məqsədilə ona düzgün rəy verməmişdir. Onun 1998-ci il 12 mart tarixli Dövlət Axtında 1.50 hektar torpağı olduğu halda, adı, soyadı “Cavabdeh2” qızı qeyd olunmağına baxmayaraq 2005-ci il 11 noyabır tarixli Dövlət Aktında 1.25 hektar heç bir məhkəmə qətnaməsi olmadan qanunsuz azalaraq adı soyadı “X14” qızı kimi qeyd olunmuşdur. Xahiş edir nəzərə alınsın (1998-2005-ci il Dövlət Aktlarının surətini işə əlavə edir). Birinci inistansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün əmiyyətli olan hallar sübut edilmədən qəbul edilmişdir. Bu üzdən hesab edir ki, Masallı Rayon Məhkəməsinin çıxardığı qətnamənin ona aid hissəsi tam ləğv olunmalıdır. “Məhkəmə ekspertizası faliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq "xxxx" MMC-nin ekspertizasının təyin edilməsini xahiş edir. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib. Halbuki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhmiyyət daşıyır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh2 nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən iş üzrə digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi yalnız cavabdehlərdən Cavabdeh2 tərəfindən apellyasiya qaydasında mübahisələndirildiyindən və şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan ona aid hissədə ləğv olunmasını, həmin hissədə iddianın rədd edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə işdə iştirak edə tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 münasibətdə, mübahisələndirilən hissədə qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düz tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan JN-0056 kod 80520038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli 09 nömrəli qərarı ilə Masallı rayonu Ləngan kəndində İddiaçı 0.36 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsinin planında (cizgisi) sahənin koordinatları ilə yanaşı, qonşu torpaq sahərinin mülkiyyətçiləri də qeyd edilmişdir. Qonşu torpaq sahələri JN-0058 saylı Dövlət aktı ilə X4, JN-0057 Dövlət aktı ilə X2 məxsusdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikintitexniki ekspertizası üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh2 JN 0056 nömrəli Dövlət Aktı ilə iddiaçı X3 mülkiyyətinə verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən tam istifadə etdiyi müəyyən edilmişdir. Mütəxəsis rəyinə əlavə olunmuş mübahisəli torpaq sahəsinin planından görünür ki, iddiaçının torpaq sahəsinə qonşu torpaq sahəsinin ölçüsü JN-58 nömrəli Dövlət aktına əsasən 1.25 ha olmaqla Cavabdeh2 və ailə üzvlərinə məxsusdur. Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahəsi 1.79 ha ölçüdədir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikintitexniki ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 sentyabr 2022-ci il tarixli 10/5091 saylı ekspert rəyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəliləbad Ərazi İdarəsinin 21 iyul 2022-ci il tarixli **********51 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına istinadla qeyd edilir ki, Masallı rayonu Ləngan kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-0056 Kod 80520038 nömrəli Dövlət Aktı əsasında İddiaçı mülkiyyətində olan 0.36 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin və cavabdehlər Cavabdeh1, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. JN 0056 Kod 80520038 nömrəli Dövlət Aktı əsasında İddiaçı mülkiyyətində olan 0.36 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin bütövlüklə Cavabdeh2 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Apellyasiya şikayətinə qoşma olaraq əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN 0058 Kod 80520038 Dövlət aktına əsasən X7 və ailə üzvlərinə, o cümlədən hazırki iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1998-ci il tarixli 11 nömrəli qərarı əsasında cizgidə göstərilən sərhəd daxilində 1.50 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Mülki işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə sorğu verilərək, JN-0058 Kod 80520038 Dövlət Aktına əsasən Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1998-ci il tarixli 11 nömrəli qərarı ilə Cavabdeh2 və ailə üzvlərinə verilən torpaq sahəsinin ölçüsünün 1.50 ha təşkil etdiyi halda, həmin qurumun mütəxəsisləri tərəfindən verilmiş rəyə əlavə olunan mübahisəli torpaq sahəsinin planında torpaq sahəsinin ölçüsünün 1.25 ha götürülməsi məsələsinə aydınlıq gətirilməsi xahiş olunmuşdur. Alınan rəsmi cavabla müəyyən edilmişdir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1998-ci il tarixli 11 nömrəli qərarı ilə Cavabdeh2 və ailə üzvlərinə verilmiş 1.50 ha torpaq sahəsinin ölçüsü Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli 09 saylı qərarına əsasən azaldılaraq 1.25 ha təyin olunmuşdur. Torpaqların elektron kadastr uçot informasiya sistemində də, X7 və onun ailə üzvlərinin mülkiyyətində JN-0058 nömrəli Dövlət aktı ilə 1.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, işin müəyyən olunan halları ilə Cavabdeh2 iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsindən mülkiyyətçinin razılığı olmadan istifadə edir və mülkiyyətçinin tələbi ilə torpaq sahəsini boşaltmalıdır. İşin müəyyən olunan hallarından biri də ondan ibarət olmuşdur ki, Masallı rayon Ləngan kəndində islahat aparılan zaman Aqraq İsalahat Komissiyasının 1998-ci il 12 mart tarixli 11 nömrəli qararı ilə Cavabdeh2 və ailə üzvlərinə 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, sonradan həmin kənddə 11 noyabr 2005-ci ildə yenidən islahat aparılmış, 09 saylı qərarla Cavabdeh2 və ailə üzvlərinə verilən torpaq sahəsinin ölçüsü 1.25 ha müəyyən edilmişdir. Mütəxəs və ekspert rəylərində də məhz cavabdehin torpaq sahəsinin ölçüsü 1.25 ha götürülərək müvafiq rəylər verilmişdir. Cavabdehin özü də apellyasiya şikayətində dəlil olaraq torpaq sahəsinin ölçüsünün sonradan 0.25 ha azaldıldığının əsassız olduğunu bildirmişdir. Digər kənd sakinlərinin iddiası əsasında Masallı Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli 2-588/2007 saylı qətnaməsi ilə Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli 09 saylı qərarı qismən ləğv edilsə də, Cavabdeh2, yaxud ailə üzvlərindən kimsə həmin iş üzrə tərəf olmamışdır, onlara münasibətdə Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi işdən müəyyən olunmur, sonuncular tərəfindən həmin qərar məhkəmə müstəvisində mübahisələndirilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(050)-1115/2022 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-200/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-200/2023
22.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver