Məhkəmə qərarları › İş №2(106)-2006/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2006/2023

22.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2006/2023 22.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X8 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, İlkin iddia üzrə iddiaçı X1 Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər X3 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon Şöbəsinə qarşı torpaq sahəsinə kadastr planının hazırlanması tələbinə dair Masallı Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(050)-348/2010 saylı qərardadından Masallı rayon Boradigah Bələdiyyəsi tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin 25 iyun 2020-cu il tarixli 2(050)-348/2010 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh istifadəsində olan Boradigah qəsəbəsində yerləşən torpaq sahəsinə dair kadastr planı hazırlanması DT və XK-nin Masallı rayon şöbəsinə həvalə olunması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 25 iyun 2020-cu il tarixli 2(050)-348/2010 saylı qətnaməsindən üçüncü şəxs X4 apellyasiya şikayəti vermiş, Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli 2(050)-348/2010 saylı qərardadına əsasən həmin məhkəmənin 25 iyun 2020-cu il tarixli 2(050)-348/2010 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Üçüncü şəxs X4 xx.xx.2012-ci il tarixdə Masallı Rayon Məhkəməsinə müraciət edərək Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli 2(050)-348/2010 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 03 dekabr 2012-ci il tarixli 2(050)-348/2010 saylı qərardadına əsasən üçüncü şəxs X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli 2(050)-348/2010 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 07 yanvar 2013-cü il tarixli qərardadına əsasən X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli 2(050)-348/2010 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin 25 iyun 2020-cu il tarixli 2(050)-348/2010 saylı qətnaməsindən Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(050)-348/2010 saylı qərardadı ilə Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinin mübahisələndirilən qətnamədən yalnız 13 il sonra verilməsi və bununla da, prosessual müddətin ötürülməsi əsas kimi istinad edilmişdir. Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Paşayev X7 Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(050)-348/2010 saylı qərardadından şikayət vermişdir. Şikayətdə qeyd edilmişdir ki, Masallı rayon Boradigah Bələdiyyəsi iş üzrə tərəf olmamış və buna görə də, həmin qətnamədən məlumatlı olmamışdır. 13 il müddətin ötürülməsi isə yalnız qətnamə alındığı təqdirdə ötürülə bilərdi. Qətnamə ilə fiziki şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi isə əslində bələdiyyənin mülkiyyətində olmuşdur. Masallı Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(050)-348/2010 saylı qərardadından Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Maraqlı şəxs şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli 2(050)-348/2010 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, MPM-in nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunan qanunvericilik aktı normalarının tələblərindən göründüyü kimi apellyasiya şikayəti vermək hüququ olan şəxslərin dairəsi qanunvericiliklə dəqiq müəyyən edilmişdir. Bunlar – işə iddia icraatı qaydasında baxılarkən tərəflər və üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslərdir. Bununla yanaşı, qanunvericiliklə birinci instansiya məhkəmələrinin aktlarından apellyasiya şikayəti vermək hüququ işdə iştirak edən şəxslərlə yanaşı, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərə də verilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin Masallı rayon Boradigah Bələdiyyəsinin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsi aydınlaşdırılaraq ona lazımi hüquqi qiymət verilməlidir. Ancaq bu zaman nəzərə alınmalıdır ki, işdə olan sübutlara əsasən Masallı rayon Boradigah Bələdiyyəsinin sədri Maraqlı şəxs yalnız 16 avqust 2023-cü il tarixdə adıçəkilən qətnamənin əldə edilməsi üçün məhkəməyə müraciət etmiş (səh. 106), qətnamə 25 avqust 2023-cü il tarixdə göndərilmiş (səh. 111), apellyasiya şikayəti isə məhkəməyə 25 sentyabr 2023-cü il tarixdə daxil olmuşdur. Habelə iş materialların əsasən birinci instansiya məhkəməsi Masallı rayon X2 Rayon Məhkəməsinin 25 iyun 2020-cu il tarixli 2(050)-348/2010 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini geri qaytararkən qəbul etdiyi qərardadda həmin qətnamənin Masallı Rayon Boradigah Bələdiyyəsinin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsinə qərardadda hüquqi qiymət verməmişdir. Beləcə, kollegiya hazırkı halda, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadda apellyasiya şikayətinin geri qaytarılması əsası kimi göstərdiyi apellyasiya şikayətinin qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilməsi əsası ilə razılaşmır. Bununla yanaşı, iş materiallarından Masallı rayon Boradigah Bələdiyyəsinin işdə iştirak edən şəxs olmadığı aşkardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları araşdırmadan və qiymət vermədən Masallı Rayon Məhkəməsinin 25 iyun 2020-cu il tarixli 2(050)-348/2010 saylı qətnaməsindən Masallı rayon Boradigah Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqla düzgün olmayan nəticəyə gəldiyindən Masallı rayon Boradigah Bələdiyyəsi tərəfindən verilmiş şikayət qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, qətnamənin Masallı rayon Boradigah Bələdiyyəsinin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsinə qiymət verilməsi üçün mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərlə yanaşı, diqqətə çatdırılmalıdır ki, MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddədə xüsusilə göstərilmişdir ki, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Habelə MPM-in 402.2-ci madəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 398.0.2, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Masallı rayon Boradigah Bələdiyyəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin Masallı Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(050)-348/2010 saylı qərardadı ləğv edilsin. Masallı Rayon Məhkəməsinin 25 iyun 2020-cu il tarixli 2(050)-348/2010 saylı qətnaməsinin Masallı rayon Boradigah Bələdiyyəsinin hüquq və vəzifələrinə toxunubtoxunmaması məsələsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla hüquqi qiymət verilməsi üçün mülki iş materialları Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar