Məhkəmə qərarları › İş №2(106)-2014/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2014/2025

12.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2014/2025 12.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli 2(018)-2006/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi Vəkil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz istifadədən azad edilməsi, qanunsuz istifadə olunan torpaq sahəsində əkilmiş ağacların kəsilməsi, qanunsuz inşa edilən evin və digər tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli 2(018)-2006/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər MPM-in 152.1.1-ci maddəsinə istinad olunmaqla geri qaytarılmışdır. İddiaçı şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, qərardadın ləğv olunması və mülki işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 15 dekabr 2025-ci il tarixli 2(018)-2006/2025 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Astara Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli 2(018)- 2006/2025 saylı qərardadından verilniş şikayətin 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Astara Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli 2(018)-2006/2025 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilməlidir. Astara Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli 2(018)-2006/2025 saylı qərardadından görünür ki, məhkəmə iddia ərizəsini geri qaytararkən aşağıdakı əsaslara istinad etmişdir: “İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsində Cavabdeh2 eyniləşdirmə məlumatını şəxsiyyət vəsiqəsinin seriya nömrəsini (FİN) qeyd etməmişdir.” Kollegiya qeyd edir ki, iddia qaldırmaq və məhkəməyə müraciət etmək hüququ məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla, iddia ərizəsinin geri qaytarılmasının əsasları Mülki Prosessual Məcəllə ilə imperativ qaydada müəyyən edilmişdir. Hazırkı halda birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən istinad etdiyi hallar MPM-in 152-ci maddəsində nəzərdə tutulmayıb və həmin normanın məqsədlərinə uyğun gəlmir. Belə ki, iddiaçı tərəf tələbini iki cavabdehə Cavabdeh1 və Cavabdeh2 yönəltmişdir. «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi mövcuddur və Astara Rayonu, Kijəbə Qəsəbə Ərazi Dairəsi, Kijəbə qəsəbəsində pasport qeydiyyatındadır. Digər cavabeh Cavabdeh2 barəsində «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemində məlumat aşkar olunmasa da, iddia ərizəsinə həmin şəxslə bağlı DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışı əlavə edilmişdir. Buna görə də, birinci instansiya məhkəməsinin istinad etdiyi hal iddia ərizəsinin geri qaytarılması üçün nə birbaşa, nə də dolayı əsas təşkil etmir. İddiaçı tərəf cavabdehlər barədə mümkün əldə oluna bilən məlumatları iddia ərizəsinə əlavə etmişdir. Kollegiya onu da vurğulayır ki, cavabeh Cavabdeh2 barəsində daha təfsilatlı şəxsi məlumatlar məhkəmənin hazırlıq iclaslarında tərəflərlə müzakirə olunmaqlə əldə edilə bilər. Qanunvericinin iddia ərizəsinin geri qaytarılma əsaslarını müəyyənləşdirməkdə məqsədi məhkəmənin icraata qəbul mərhələsində yalnız formal prosedurların, yəni prosessual tələblərə riayət olunub-olunmamasının yoxlanılmasını təmin etməkdir. Birinci instansiya məhkəməsi hüquq normasını düzgün tətbiq etməmiş və iş üzrə əsassız nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, iddianın əsassız şəkildə geri qaytarılması tərəfin məhkəməyə müraciət hüququnun məhdudlaşdırılmasına və həmin hüququn həyata keçirilməsinə maneələrin yaradılmasına səbəb olur. Bundan əlavə, MPM-in 167.1-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə işi məhkəmədə baxılmağa hazırlayarkən müəyyən hərəkətləri yerinə yetirir. Həmin maddənin 167.1.2ci bəndinə görə, tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamaq, zəruri hallarda təqdim edilmiş materiallarla bağlı izahat vermək, habelə iş üçün əhəmiyyət kəsb edən sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması başa çatanadək təqdim etmək təklif olunur. Kollegiya qeyd edir ki, bu normadan irəli gələn təminatlara uyğun olaraq, birinci instansiya məhkəməsi qərardadında göstərilən halları nəzərə almaqla iddia ərizəsinin icraata qəbulu məsələsinə baxmalıdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli 2(018)-2006/2025 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli 2(018)-2006/2025 saylı qərardadı ləğv edilsin. İş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar