Məhkəmə qərarları › İş №2(106)-2015/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2015/2025

26.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2015/2025 26.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X9 ibarət tərkibdə, Əliyev Orxan İsmayil oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Astara rayonu X34 Vaqo kənd tam orta ümumtəhsil məktəbinə qarşı «işdən çıxarma barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)- 1489/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 26 yanvar 2026-cı il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Astara rayonu, X34 Vaqo kənd tam orta ümumtəhsil məktəbinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, X34 Astara rayon Vaqo kənd ümumi orta məktəbinə qarşı işdən çıxarma barədə əmrin ləğv, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiasını müdafiə edərək iddiasının tam tamin edilməsi barədə məhkəmədən qətnamə çıxarmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərmişdir ki, iddiaçı X1 tam orta ümumtahsil maktəbinda ingilis dili müəllimi vəzifəsində işləmişdir. xx.xx.2008-ci ildən həmin məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışmışdır. İddiaçının ümumilikdə 17 il pedaqoji təerübəsi var.İddiaçı ilə cavabdeh Vaqo kənd tam orta ümumtəhsil məktəbi arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsaslanaraq xitam verilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” Əmrlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasf’nm 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi rəhbər tutularaq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixinda keçirilmiş takrar sertifikatlaşdırmada “Dövlət Ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsillverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) İşləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Vaqo kənd tam orta ümumitəhsil məktəbin ingilis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. Qeyd olunanlanlardan görünür ki, Vaqo kənd tam orta ümumtəhsil məktəbin ingilis dili müəllimi İddiaçı ikinci dəfə təkrar sertifikasiya imtahanından keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi rəhbər tutularaq xitam verilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “c” bəndi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi nəticəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvini nəzərdə tutan əsas kimi müəyyən edilmişdir. Lakin Azərbaycan Respubliksaımn Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsinin qadağan olunduğu işçilərin dairəsi müəyyən edilmişdir. Bu kateqoriya şəxslərdən biri də öhdəsində 18 yaşınadak əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərdir. Belə ki, İddiaçı ailəsi özü da daxil olmaqla 7 nələrdən ibarətdir. İddiaçının qayınatası X6 birinci dərəcə müddətsiz əlildir. Ona daimi qulluq va müalicə tələb olunur. Astara rayon İcra Hakimiyyətinin başçısının Siyaku kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli arayışdan da görünür ki, X7 gəlini İddiaçı evində yaşayır. Yalnız yuxarıda qeyd olunanlar təsdiq edir ki, iddiaçının himayəsində birinci dərəcə əlilliyi olan şəxs olduğu halda, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri kobud şəkildə pozularaq onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. İddiaçı işdən çıxarma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının ödənilməsi tələbi ilə Lənkəran 1 saylı Mediasiya Təşkilatına xx.xx.2025-ci il tarixində müraciət elmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixində ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi harada Arayış verilmişdir. Odur ki. iddiaçı məhkəməyə müraciət etmak qərarına gəlmişdir və hesab edir ki, məhkəmə tərəfindən iddia təmin edilməli, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli "Əmək müqaviləsinin ləğv edilməsi barədə” Əmr ləğv edilərək işə bərpa edilməli və ona məcburi işburaxma üçün ödənilməyən əməkhaqqının ödənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Astara rayon Məhkəməsindən İddiaçı işdən azad edilməsinə əsas olan "Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2025-ci il tarixli, 55 nömrəli əmrin ləğv edilməsi, əvvəlki iş yeri olan Astara rayonu X34 Vaqo kənd tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi buraxdığı iş günlərinə görə əmək haqqının Vaqo kənd tam orta ümumtəhsil məktəbindən tutaraq iddiaçı X10 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmədə cavabdeh Astara rayonu M.Abıyev adına Miki kənd Ümumi orta məktəbin direktoru X12 iddianı qəbul etməyərək, onlara qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Astara rayonu M.Abıyev adına Miki kənd Ümumi orta məktəbin direktoru X12 etirazında bildirmişdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işdən çıxarma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Astara rayonu X34 Vago kand tam orta umumi təhsil məktəbi aşağıda qeyd olunanlara əsasən iddiaçı X11 iddia ərizəsi etiraz edir. İddiaçı Astara rayonu X34 Vago kənd tam orta ümumi təhsil məktəbinin ingilis dili müəllimi İddiaçı 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanlarından keçməmişdir. Onunla bağlanmış əmək muqaviləəsi həmin məktəbin direktorunun 30 iyun 2025-ci il tarixli 55 nömrəli əmri ilə ləğv edilmişdir. İddiaçının işdən çıxarılması əmrinin verilməsinə əsas Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 25 iyun 2025-ci il tarixli 3-29-69-3-2-29F/2025 saylı əmri olmuşdur. Hesab edirik ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cavabdeh şəxs qismində işə cəlb olunmalı və nümayəndəsi vasitəsilə işdə iştirakı təmin olunmalıdır. İddiaçı qeyd edir ki, özü də daxil olmaqla ailəsi 7 nəfərdən ibarətdir. Həmçinin iddiaçı orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş qayınatası X3 onun himayəsində olmasını Astara rayon İcra Hakimiyyətinin Siyaku kənd İnzibati Ərazi dairəsi nümayəndəliyi tərəfidən verilmiş 25 iyun 2025- ci il tarixli arayışı ilə təsdiq olunan onların bir evdə yaşaması faktı ilə əsaslandırmışdır. Lakin onların bir evdə yaşaması faktı X3 İddiaçı rəsmi himayəsində olmasına əsas deyil. Həmçinin qeyd olunan arayışdan da görünür ki, İddiaçı əri və qayınanası da həmin evdə yaşayır. Həmçinin bildirinik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-929/2024 nömrəli. xx.xx.2024-cu il tarixli 3 ulduzlu qərarında qeyd edilir ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Həmçinin bir normanın tətbiqi işəgöturənin hüquqdan əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmamalıdır. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən hallar baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda 70-ci maddənin "c" bandinin tətbiqi məhdudlaşdırıla bilməz. Buna görə də, bildiririk ki, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarni 81-100 faiz pozulmasına gora əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan içşilərin sertifikatlaşdırmada iştirakı və sertifikallaşdırmanın nəticələrinə əsasən əmək müqavilə ləğv edilməsi ilə onun öhdəsində əlilliyi olan uşağın olması və ya əlilliyi müəyyən edilmişdə digər ailə üzvünün olması arasında səbəbli əlaqə mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarından göründüyü kimi bu halda Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.3-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmada bu qeyd müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin qaydanın 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, iddiaçının təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən xitam veriiması qanuna uyğundur. Göründüyü kimi, qanunvencilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı işdən çıxarma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının ödənilməsi iddia tələbi əsassız olduğu üçun iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)-1489/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (X36) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, iddiaçının həyat yoldaşı və uşaqları ilə birlikdə qayınatası – X7 (birinci qrup əlil) və qayınanası ilə eyni evdə yaşaması, birinci qrup əlil olan X4 iddiaçının “rəsmi himayəsində” olmasına əsas deyil və bu səbəbdən Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiqi üçün əsas yoxdur. Bu nəticə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin məzmun və məqsədinə zidd olmaqla, normanın mütləq qadağa xarakterini faktiki olaraq aradan qaldırır və məhkəmə tərəfindən həmin maddə düzgün tətbiq edilmədiyindən nəticə etibarilə pozulmuş olur.. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)-1489/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmiş, iddiaçının nümayəndəsi isə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Astara Rayon Məhkəməsinin 2(018)-1489/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35; İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Maddə 42; İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Azərbaycan Respubliasının Əmək Məcəlləsi; 67-2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 70-ci maddəsinin “c” bəndində qeyd edilir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 79-cu maddəsinin 1-ci bəndinin tələblərinə əsasən işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu; Maddə 4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır: 4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; 4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; 4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq. Maddə 36-2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu 28.1-ci maddə. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 28.2. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 28.2.1. hamilə qadınlar; 28.2.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 28.2.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 28.2.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 28.2-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 28.4. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 28.5. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” 1.4-cü bənd aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)-1489/2025 saylı, 13 noyabr 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materialına əlavə edilmiş Astara rayonu, M.Abiyev adına Vaqo kənd tam orta ümumtəhsil məktəbinin direktor X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 55 nömrəli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrdən çıxarış sənədinin surətindən görünür ki, Azərbayan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Ümumi Təhsil müəssisəsələrində (ümumi orta təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndini rəhbər tutular, Təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığının yoxlanması məqsədilə 20 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma “Dövlət ümumi təhsil müəssisəsələrində (ümumi orta təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Astara rayonu M.Abiyev adına Vaqo kənd Ümumi orta məktəbin ingilis dili müəllimi İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. İş materialına əlavə edilmiş direktor X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 70 nömrəli “əmək müqaviləsinin xitam verilməsi barədə” əmrin surətindən görünür ki, Astara rayon Vaqo kənd tam orta məktəb bölməsində “İngilis dili müəllimi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 25 iyun 2025-ci il tarixli 3-29-69-/3-2- 29F/2025 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70.”c”-peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmiş, işçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 44.03 məzuniyyət gününün haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Siyaku kənd inzibati ərazi dairəsi nümayəndəliyindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonun Vaqo kəndində yaşayır və aşağıdakı ailə tərkibi vardır. Qayınatası : X7 (birinci qrup əlil),Qayınanası: X13 (təqaüdçü), əri: X22 uşaqları: X23, X24 və X17. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞL- 00865 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş lakin, Astara rayonu M.Abiyev adına Vaqo kənd ümumi orta məktəbi X2 iştirak etməmişlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Kollegiya mübahisəyə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və başa düşülən qaydada müəyyən edilməsi üçün həm iddiaçı tərəfin həm də cavabdeh tərəfin təqdim etdiyi sübutları məhkəmənin müəyyən etdiyi işin həqiqi halları iiə müqayisəli tədqiq edərək aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. İ İddiaçının təlblərinin əsası kimi göstərdiyi hallar, təqdim etdiyi sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: İddiaçının iddia tələbinin əsasını xx.xx.2025-ci il tarixli, 55 nömrəli əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi təşkil edir. İddiaçı iddia edir ki, Vaqo kənd tam orta ümumtəhsil məktəbin ingilis dili müəllimi İddiaçı ikinci dəfə təkrar sertifikasiya imtahanından keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi rəhbər tutularaq xitam verilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi nəticəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvini nəzərdə tutan əsas kimi müəyyən edilmişdir. Lakin Azərbaycan Respubliksaımn Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsinin qadağan olunduğu işçilərin dairəsi müəyyən edilmişdir. Bu kateqoriya şəxslərdən biri də öhdəsində 18 yaşınadak əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərdir. Belə ki, İddiaçı iddia edir ki, onun ailəsi özü da daxil olmaqla 7 nəfərdən ibarətdir. İddiaçının qayınatası X6 birinci dərəcə müddətsiz əlildir. Ona daimi qulluq va müalicə tələb olunur. Astara rayon İcra Hakimiyyətinin başçısının Siyaku kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli arayışdan da görünür ki, X7 gəlini İddiaçı evində yaşayır. Yalnız yuxarıda qeyd olunanlar təsdiq edir ki, iddiaçının himayəsində birinci dərəcə əlilliyi olan şəxs olduğu halda, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri kobud şəkildə pozularaq onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Təhsil haqqında Qanuna əsasən sertifikatlaşdırma-dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Əmək qanunvericiliyinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən də 20 iyun 2025-ci il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanında sertifikatlaşdırmadan təkrar keçməyən İddiaçı barəsində Astara rayon Vaqo kənd tam orta məktəbinin direktoru X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 70 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.2-ci maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifkatlaşdırma Qaydası”nın 5.3-cü və 5.4-cü bəndləri rəhbər tutularaq təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Astara rayon Vaqo kənd tam orta məktəbinin ingilis dili müəllimi kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. İddiaçı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələblərinə istinad edərək öhdəsində əlilliyi olan şəxs olduğu üçün Astara rayon Vaqo kənd tam orta məktəbinin direktoru X12 tərəfindən onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsinin qanunsuz və əsassız olduğunu bildirmişdir. Kollegiya əvvəla qeyd edir ki, İddiaçı həyat yoldaşı və uşaqları ilə birlikdə qayınatası X7 (birinci qrup əlil) ilə bir evdə yaşaması, birinci qrup əlil olan X3 İddiaçı rəsmi himayəsində olmasına əsas deyil. Digər tərəfdən məhkəmə belə hesab edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən İddiaçı 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi halda iddiaçının öhdəsində əlilliyi olan şəxs olduğu halda belə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ilə xitam verilməsi sahəsində hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilməməlidir. Bundan əlavə kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin tələblərinə əsasən öhdəsində əlilliyi olan şəxsin sertifikatlaşdırmadan keçirilməyən şəxslər kateqoriyasına aid edilmədiyindən, belə olan halda isə iddiaçının müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilməsi məhdudlaşdırılmadığından və iddiaçı müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilərək qeyd edilən təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbləri nəzərə alınmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələblərinə istinad etməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 noyabr 2024-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyinə əsasən də əmək qanunvericiliyinin tələblərinə zidd hesab edilməməlidir. Göründüyü kimi iddiaçı peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasına dair sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamadığı üçün təkrar sertifikatlaşdırmaya cəlb olunmuş, lakin həmin sertifikatlaşdırma prosesində də müvafiq keçid balını toplamadığından iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həm “Təhsil haqqında” Qanununun 36-2.3-cü maddəsi, həm “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsi, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 28.2.1. hamilə qadınlar; 28.2.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 28.2.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 28.2.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 28.2-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Kollegiya qeyd edir ki, qeyd edilən qanunvericilik normalarının tətbiqi baxımından iddiaçı yuxarıda qeyd edilən müəyyən kateqoriya, yəni sertifikatlaşdırmadan keçməyən şəxslər kateqoriyasına aid deyildir. Kollegiya qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 noyabr 2024-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyinə əsasən “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Qayda təhsilverənlərin sertifikatlaşdırılma prosedurunu tənzimlədiyi halda, Əmək Məcəlləsinin 79-cu maddəsi əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunması qadağan edilən işçilərin dairəsini müəyyən etmişdir. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək imkanını aradan qaldırmır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4- cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar. Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. Kollegiya Sertifikatlaşdırmanın hüquqi mahiyyəti və nəticələri ilə bağlı onu da qeyd edir ki, “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsinə əsasən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması onların peşəkarlıq səviyyəsinin və peşə yararlılığının müəyyən edilməsinə yönəlmiş məcburi prosedurdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 noyabr 2024-cü il tarixli qərarında göstərildiyi kimi, sertifikatlaşdırma pedaqoji fəaliyyətə buraxılmanın hüquqi şərti olmaqla, əmək münasibətlərində peşə yararlılığının obyektiv qiymətləndirilməsi məqsədi daşıyır və intizam tənbehi xarakteri daşımır. Başqa sözlə intizam tənbehi deyil, sosial vəziyyətlə bağlı tədbir deyil, pedaqoji fəaliyyətə buraxılmanın hüquqi şərtidir. Əmək məcəlləsinin 79-cu maddəsi işəgötürənin sosial əsaslı müdafiə mexanizmidir, bu maddə işçinin peşə yararlılığının qiymətləndirilməsini və nəticələrini istisna etmir, Sertifikatlaşdırma əmək intizamı və ya sosial vəziyyətlə yox, peşəkarlıqla bağlıdır. Yəni Sertifikasiyadan keçməmək 79-cu maddənin “qoruyucu çətiri” altına düşmür. Sertifikasiyadan keçməməyin hüquqi nəticəsi üçün əsas norma Əmək Məcəlləsinin 67-2-ci maddəsidir, sertifikatlaşdırmadan təkrar keçməyən şəxs pedaqoji fəaliyyətə buraxılmır. İddiaçı işdən azad olunmasının qanunsuz olduğunu əsaslandırarkən himayəsində əlil ailə üzvünün olmasını və Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini göstərmişdir. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi müəyyən sosial kateqoriyaya aid olan işçilərin işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsini məhdudlaşdırsa da, həmin norma işçinin peşə yararlılığının qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsini və bu qiymətləndirmənin hüquqi nəticələrini istisna etmir. Məhz bu səbəbdən də, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında da vurğulanmışdır ki, sertifikatlaşdırmanı tənzimləyən normalarla Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimləyir və bu normalar arasında hüquqi kolliziya mövcud deyil. Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, sertifikatlaşdırmadan keçməyən işçi müvafiq fəaliyyətə buraxılmır. Bu hal əmək müqaviləsinin davam etdirilməsini hüquqi cəhətdən mümkünsüz etdiyindən, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq xitam verilməsi üçün əsas yaradır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı 20 iyun 2025-ci il tarixinda keçirilmiş takrar sertifikatlaşdırmanın nəticələri ilə bağlı faktları (keçə bilməməsinin əsaslarını) mübahisələndirilməmişdir. Bundan başqa Təhsil haqqında qanunun 4-cü maddəsi baxımından qiymətləndirmə aparıldıqda isə qeyd olunmalıdır ki, “Təhsil haqqında” Qanunun 4-cü maddəsinə əsasən dövlətin təhsil sahəsində əsas məqsədlərindən biri təhsilin keyfiyyətinin təmin edilməsi və peşəkar təhsilverən kadrların formalaşdırılmasıdır. Başqa sözlə sertifikatlaşdırmadan keçməyən şəxsin pedaqoji fəaliyyətə buraxılması və məhkəmə qaydasında işə bərpa olunması həmin məqsədlərlə uyğunluq təşkil etmir və təhsil sistemində keyfiyyət tələblərinin zəiflədilməsinə səbəb ola bilər. iddiaçının sertifikatlaşdırmadan keçməməsi onun pedaqoji fəaliyyətə buraxılmamasına səbəb olmuş və onunla əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun həyata keçirilmişdir. iddiaçının himayəsində əlil şəxsin olması onun peşə yararlılığına dair qanunvericiliklə müəyyən edilmiş tələblərin tətbiqini istisna etmir. Əmək Məcəlləsinin 79-cu maddəsi müəyyən sosial baxımdan həssas kateqoriyalı işçilərin işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsini məhdudlaşdırsa da, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən bu norma işçinin peşə yararlılığının qiymətləndirilməsini istisna etmir, sertifikatlaşdırmadan keçməmək maddə 79-un tənzimləmə predmetinə daxil deyil. Deməli, iddiaçının himayəsində əlil şəxsin olması, onu sertifikatlaşdırmadan azad etmir, sertifikatlaşdırmadan keçmədikdə isə pedaqoji fəaliyyət hüququ yaranmır. Kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi Əmək Məcəlləsinin tələblərinə uyğundur. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 2(018)-1489/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-1489/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar