Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2024/2025 12.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxslər Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi) vərəsəliyin açılması, vərəsələrin dairəsinin müəyyən edilməsi, miras əmlakın bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 2337/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi şikayətinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərəzi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2024-cü il tarixdə ölmüş qardaşı X2 qalan bütün daşınar və daşınmaz əmlakların miras əmlak kimi vərəsəliyin açılması, vərəsələrin dairəsinin müəyyən edilməsi, vərəsələr arasında bölünməsi və həmin əmlaklarla bağlı ona Kürdəmir regional "Asan xidmət" mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2337/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Ərizəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-2337/2025 saylı qərardadın ləğv edilməsi, əks təqdirdə şikayətinə Apellyasiya qaydasında baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2337/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş, şikayətin mülki iş ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 2337/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşan kollegiya qeyd edir ki, ərizəçi iddia icraatı qaydasında məhkəməyə müraciət etməli olduğu halda, xüsusi icraat qaydasında ərizə təqdim edərək xx.xx.2024-cü il tarixdə ölmüş qardaşı X2 qalan bütün daşınar və daşınmaz əmlakların miras əmlak kimi vərəsəliyin açılması, vərəsələrin dairəsinin müəyyən edilməsi, vərəsələr arasında bölünməsi və həmin əmlaklarla bağlı ona Kürdəmir regional "Asan xidmət" mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. İddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsində qeyd edilmişdir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Kollegiya əlavə olaraq qeyd edir ki, mülki-prosessual qanunvericiliyin mülki işlər üzrə icraatın növlərindən biri olaraq müəyyənləşdirdiyi xüsusi icraat qaydasında baxılan işlər ərizəçilər tərəfindən qaldırılmaqla ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır (MPM-nin 306.2-ci maddəsi). Xüsusi icraat qaydasında baxılan işlərin siyahısı MPM-nin 305.1-ci maddəsində göstərilmişdir və bunların bir kateqoriyası da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında olan işlərdir (MPM-nin 305.1.1-ci maddəsi). Mülki-Prosessual Məcəllənin 307.2.9-ci maddəsinə görə, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe göstərilmişdir: Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Göstərildiyi kimi, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən bu cür işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, xüsusi icraat işlərinə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi). Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Yuxarıda göstərildiyi kimi, müracətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinin Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər sırasına aid edildiyinə istinad edilərək, miras əmlakın vərəsələr tərəfindən qeyri-formal üsulla qəbulu halında maraqlı şəxslərin həmin əmlak hesabına mənafelərinin təmin edilməsi ilə bağlı iddialarına baxılmasının prosessual qaydasının qanunvericilikdə nəzərdə tutulmadığı göstərilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsinin tələbinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göründüyü kimi, qanunverici hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə bağlı işlərə iddia icraatı qaydasında baxılmasının mümkünlüyünü müəyyən etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2337/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən, şikayəti isə təmin edilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2337/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2024/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2024/2025
12.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver