Məhkəmə qərarları › İş №2(106)-2026/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2026/2024

23.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2026/2024 23.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Laçın Rayon Məhkəməsinin e-2(047)-1209/2024 saylı, 22 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması və iddiaçıya qeyd edilən iddia tələbi ilə bağlı Cavabdeh fiziki şəxs kimi deyil, fərdi sahibkar kimi qeydiyyatda olduğu ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olduğunun izah olunması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Laçın Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, e-2(047)-1209/2024 saylı qərardadının ləğv edilməsini və müvəqqəti alimentin tutulmasına dair ərizənin təmin olunmamasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cari ilin yay aylarında "xxxx" MMC-yə işə düzəlmək istəyərkən ona məlum olmuşdur ki, onunla fərdi sahibkar Cavabdeh (VÖEN:**********) xx.xx.2019-cu il tarixində xxxxxxx000100 nömrəli əmək müqaviləsi bağlanılmışdır, guya o, müqavilə üzrə ofsiant vəzifəsinə 130 manat əmək haqqı ilə əsas iş yeri qeyd olunmaqla işə götürülmüşdür. Lakin, qeyd edir ki, o, həmin sahibkarı tanımır, heç vaxt onunla əmək müqaviləsi bağlamamış və aralarında hər hansı əmək münasibətləri olmamışdır. Eləcə də, o, heç vaxt ofsiant işləməmiş və əmək haqqı almamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həmin şəxsi bir müddət axtarsa da, tapa bilməmiş, axtardıqda məlum olmuşdur ki, həmin şəxsin harada olması naməlumdur, bu səbəbdən də əmək müqaviləsini ləğv etmək mümkün olmamışdır. Nəticədə bu müddətli əmək müqaviləsinin qüvvədə olması səbəbindən və faktiki olaraq əmək mübahisələrinin faktiki olaraq davam etdirilməməsinə baxmayaraq bu günə qədər əmək müqaviləsinə xitam verilməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş ƏƏSMN-in X1 Sistemində yerləşdirilməmişdir. Hazırda əvvəlki müqavilənin qüvvədə olması səbəbindən o, yeni əmək müqaviləsi bağlaya bilmir və ciddi maliyyə itkilərinə məruz qalır. Bu səbəbdən iddiaçıüzləşdiyi çətinliyi aradan qaldırmaq üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın geri qaytarılmasına əsasən olaraq, qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh (VÖEN **********) fərdi sahibkar statusunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov küçəsiev 15 üzrə vergi ödəyicisi kimi qeydiyyatdadır və o, Bakı şəhərində əsas fəaliyyət növü kimi boya, lak və minaların pərakəndə satışı fəaliyyət növü ilə məşguldur və hal-hazırda VÖEN statusu da aktivdir. ünvan 1 ünvanında hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 Uçotun Təşkili Baş İdarəsi yerləşir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. Həmin idarənin hüquqi ünvanı da əvvəllər ünvan 3 ünvanıdır. Cavabdeh isə ünvan 4 ünvan cavabdehin yox, vergi orqanının yerləşdiyi yerin hüquqi ünvanı olmuşdur. Qanunvericilikdə isə hətta qərardadda əsaslandırılmış AR MPM-nin 35-ci maddəsində də vergi orqanının hüquqi ünvanı üzrə hüquqi şəxsin və ya fərdi sahibkarın məhkəməyə verilməsi nəzərdə tutulmamışdır. Buna əsasən də hesab edir ki, iddia ərizəsi Laçın Rayon Məhkəməsinə verilməlidri və iddia ərizəsinə orada baxılmalıdır. Məhkəmə Cavabdeh Laçın şəhəri, 28 Aprel küçəsi ev 41 ünvanında qeydiyyatda olmasını, ünvan 5nda hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi yerləşdiyini, həmin ünvanın cavabdehin yox, vergi orqanının yerləşdiyi yerin hüquqi ünvanı olduğunu araşdırmamış və aydınlaşdırmamışdır. Laçın Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, e-2(047)-1209/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2(047)- 1209/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və həmin qərardadın dəyişdirilmədən saxlanılması, İddiaçı şikayəti baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Laçın Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, e-2(047)-1209/2024 saylı qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün iş Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Laçın Rayon Məhkəməsi 22 noyabr 2024-cü il tarixli, e-2(047)-1209/2024 saylı qərardadı ilə iddia ərizəsini icraata götürməkdən imtina edərkən, Cavabdeh fərdi sahibkarlıq statusuna malik olan fiziki şəxs olmasına, eyni zamanda Cavabdeh fərdi sahibkar statusunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində Bakı şəhəri Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 15 üzrə vergi ödəyicisi kimi qeydiyyatda olduğundan və tərəflər arasında mübahisələndirilən əmək müqaviləsi də həmin ünvan üzrə bağlanılmasına əsaslanmışdır. Kollegiya mübahisəinin ərazi aidiyyəti ilə bağlı aşağıdakı məqamları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda, məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağlabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü və 36.5-ci maddəsində alimentin alınması və atalığın müəyyən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də, nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilməsi müəyyən edilmişdir. 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Prosessual qanunvericiliyin tələbindən göründüyü kimi, MPM-nin 35.1-ci maddəsi mülki işlərin məhkəmə aidiyyatının əsas növünün – ərazi aiddiyyatının ümumi qaydasını müəyyən edir. Bu norma qanunla məhkəmə aidiyyatının başqa qaydaları nəzərdə tutulan hallar istisna olmaqla bütün iddiaların iş üzrə cavabdeh olan fiziki şəxsin yaşadığı yeri və ya hüquqi şəxsin olduğu yerin məhkəməsinə aid oldğunu nəzərdə tutur. Cavabdeh qismində çıxış edən fərdi sahibkar stutusuna malik fiziki şəxsə də Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsi tətbiq edilir. İş materiallarından görünür ki, cavabdeh fiziki şəxsdir və onun qeydiyyat ünvanı ünvan 8n onun sahibkarlıq fəaliyyətindən irəli gəlməməsi və fiziki şəxs kimi yaşayış yerinin Laçın şəhəri olaraq müəyyən edilməsi, hazırki mülki işə ərazi aidiyyəti üzrə işinə Laçın Rayon Məhkəməsində baxılmasını tələb edir. VÖEN-in qeydiyyat ünvanı yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərə alınır və hazırkı mülki işin ərazi aidiyyətinin həllinə aid edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, cavabdehlərə qarşı iddialar, əgər qanunla başqa qayda nəzərdə tutulmayıbsa, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bu müddəa prosessual hüquq sistemində cavabdehin hüquqlarının təmin olunması və məhkəmə işlərinin düzgün yurisdiksiya çərçivəsində baxılması prinsipinə xidmət edir. Birinci instansiya məhkəməsinin cavabdehin VÖEN-i üzrə ünvanı əsas götürməsi AR MPM-in 35 və 36-cı maddələrinin düzgün tətbiq edilməməsidir. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Laçın Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, e-2(047)-1209/2024 saylı qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından ləğv edilməli, iddia əizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, e-2(047)-1209/2024 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata götürülməsi barədə məsələyə yenidən baxılması üçün iş Laçın Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar