Məhkəmə qərarları › İş №2(106)-2032/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2032/2024

11.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2032/2024 11.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 9720 manat kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbi ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-210/2024 saylı, 05 senrtyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3, Cavabdeh2 (həmçinin Cavabdeh3 nümayəndəsi), Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 05 senrtyabr 2024-cü il tarixli, 2(050)-210/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ellara Abbasova) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9720 (doqquz min yeddi yüz iyirmi) manat kompensasiya ödənilməklə onların İddiaçı məxsus Masallı şəhəri, H.Əliyev prospekti, ev 38, mənzil 3-dən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılması, Cavabdeh1 və Cavabdeh2 kompensasiyanın ödənilməsi və onların evdən çıxarılmasının eyni vaxtda icra edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 100 (bir yüz) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3, Cavabdeh2 (həmçinin Cavabdeh3 nümayəndəsi), Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. «Dövlət rüsumu» haqqında Qanunun 4.3-cü maddəsinə əsasən, dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. Apellyasiya şikayətinin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətlərində əks olunmuş dövlət rüsumu barədə məlumatlardan, o cümlədən iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, dövlət rüsumu Şirvan Apellyasiya Məhkəməsinə deyil, Şirvan Şəhər Məhkəməsinə ödənilmişdir. Odur ki, həmin dövlət rüsumunun hazırkı apellyasiya şikayətinin verilməsi üçün ödənilməsi müəyyən edilmir. İş materialarının 123-124-cü səhifəsində olan dövlət rüsumu qəbzləri xx.xx.2024-cü il tarixdə ödənilməklə “Elektron məhkəmə” informasiya sisteminə daxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-210/2024 saylı, 05 senrtyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar