Məhkəmə qərarları › İş №2(106)-2040/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2040/2025

04.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2040/2025 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Salyan rayon Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta məktəb və Cavabdeh1nə qarşı “işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2(057)- 2700/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: Əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikası məktəbinin nümunəvi “Əsasnaməsi”-nin 46-cı maddəsinə, “Ümumtəhsil məktəblərində və internat tipli təlim-tərbiyə müəssisələrində pedoqoji kadrların işə qəbul edilməsi qaydaları”-nın 1-ci bəndinə əsasən ADPUnin Riyaziyyat fakültəsini bitirmiş X10 xx.xx.2006-cı il tarixdə həmin məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. xx.xx.2025-ci il tarixli, 75 №-li əmrdən görünür ki, Cavabdeh2ndə “Riyaziyyat müəllimi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, X7 müddətsiz birinci dərəcə əlildir (gözdən əlil). Daima kənar şəxsin köməyinə ehtiyacı var. Salyan RİHB-nın Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Salyan rayon Qaraçala qəsəbəsində yaşayır. Aşağıdakı tərkibdə ailə üzvləri vardır: X12 (həyat yoldaşı), X11 (övladı), X13 (övladı), X7 (atası), X2 (anası), X8 (bacısı). Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 18 avqust 2025-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı “işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbi ilə bağlı təşkilata müraciət etmiş, barışığa və ya razılığa gəlmək mümkün olmadığı üçün mediasiya prosesi davam etdirilə bilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 02 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2025-ci il tarixindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Salyan RİHB-nın Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Salyan rayon Vəkil Bürosuna sorğuya cavab olaraq ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ev təsərrüfatlarının uçotu kitabında 06 saylı təsərrüfatbaşına kitabında 409 saylı şəxsi hesabda səhifə 34-də təsərrüfat başçısı X4r. Həmin təsərrüfatda qeydiyyatda olanlar X2 və X6r. Lakin İddiaçı Cavabdeh2ndə riyaziyyat müəllimi işlədiyinə görə iki övladı ilə birlikdə X1na məxsus evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh1nə qarşı “işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 barəsində verilmiş AR ƏM-nin 70-ci maddəsinin C bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 57 nömrəli əmrin ləğv edilməsi və Cavabdeh2nə riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməyi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə hər ay üçün 1 stavka (18 saat) əmək haqqı olan 785 manat aylıq əmək haqqının cavabdehlərdən alınaraq ona verilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olur. İxtisasca riyaziyyat müəllimidir. Salyan rayon, Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbinin xx.xx.2006-cı il tarixli 166 nömrəli əmri ilə həmin məktəbə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. Ailə vəziyyətilə əlaqədar olaraq bildirir ki, özü valideynlərinin evində yaşayır. X1 1-ci qrup əlil olmaqla onun himayəsindədir və ona ondan başqa qulluq edən başqa şəxs yoxdur və hazırki vaxta kimi ona qulluq edir. 20 iyun 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında iştirak etmiş və himayəsində 1-ci qrup əlil olan atasına qulluq etməyi ilə əlaqədar olaraq imtahana hazırlaşa bilməmiş və nəticədə imtahanda yetərli bal toplaya bilməmişdir. Bu barədə işəgötürən olan hazırki iş üzrə Cavabdeh2 rəhbərliyinə məlumat verməyinə baxmayaraq ailə vəziyyəti, öhdəliyində 1-ci qrup əlilin olmasına baxmayaraq onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrlə tanış olduqdan sonra məlum olmuşdur ki, işəgötürən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əsası ilə xitam vermişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli və həmin vəzifəyə işə bərpa olunmalı məcburi işburaxmaya görə ona əmək haqqı ödəlilməlidir. Həmin əmrin işəgötürən tərəfindən ləğv edilməklə yenidən işinə bərpa etməyini işəgötürəndən xahiş etdikdə isə o, əmrini dəyişməyəcəyini, sertifikasiyadan keçmədiyini əsas gətirməklə öhdəliyində olan 1-ci qrup əlil olan atasının olmasının da ona heç bir aidiyyətinin olmadığını bildirməklə onun verdiyi əmrin də qanunvericiliyin tələbinə tam uyğun olduğunu qeyd etmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2(057)-2700/2025 saylı qətnaməsi ilə (hakim: Vəsilə Əliyeva) iddia rədd edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 40, 67-2, 68-ci maddəsinin birinci hissəsinə, 68ci maddəsinin 2-ci hissəsi, “a” bəndinə, 79-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi tamamilə qanuni olmuş, işəgötürən tərəfindən heç bir qanunsuz və ya əsassız hərəkətə yol verilməmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilən tarixdə (xx.xx.2025-ci il) o, “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs” statusuna malik olmuşdur. İddiaçının atasının 1-ci qrup əlil olmaqla onun ailə üzvü olması faktı özü-özlüyündə onun “əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs” kimi hüquqi status qazanmasına əsas vermir, çünki belə status yalnız müvafiq dövlət orqanının rəsmən müəyyən etdiyi və qeydiyyata aldığı halda yaranır. İş materiallarından göründüyü kimi, iddiaçı həmin statusu əmək müqaviləsinə xitam verildikdən sonra, yəni 2025-ci ilin iyul ayında almış, yəni əmək müqaviləsinə xitam verildiyi tarixdə belə hüquqi əsas mövcud olmamışdır. Buna görə də, işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verərkən onun ailə vəziyyətini və atasının əlilliyini nəzərə almağa borclu deyildi, çünki bu hal vəzifəyə uyğunluğa təsir edən hüquqi meyar hesab edilmir. Beləliklə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qanuni sayılır, sonradan əldə edilmiş sosial status isə xitamın qüvvəsini dəyişmir və iddia tələbi əsassız hesab olunur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti vermişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4- cü bəndi Konstitusiyasının 35-ci maddəsi və Əmək Məcəlləsinin 79-cu maddəsi ilə ziddiyyət yaratmır. Birinci instansiya məhz bu cümlənin ikinci hissəsini – 79-un tətbiqi doğru qiymətləndirməmişdir. Qərarda 79.1-in tətbiq edilməməsinin hüquqi izahı yoxdur, yalnız “kolliziya yoxdur” qeyd edilmişdir (KM-in verdiyi ümumi mövqedən), birinci instansiya məhkəməsi yanlış nəticə gəlmiş, guya 79-cu maddə prosesi məhdudlaşdırmır. Halbuki KM-in öz mövqeyində qeyd etmişdir ki, 70 tətbiq edilərkən 79-cu məhdudiyyətlərinin hökmən nəzərə alınması barədədir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin öz qətnaməsində təsbit etdiyi kimi, iddiaçının X1 İ dərəcə, müddətsiz əlilliyi olan şəxsdir, orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasın görə əlilliyi müəyyən edilmişdir və iddiaçının evində yaşayır, iddiaçı bu faktı rəsmi sübutları əldə etmək üçün müvafiq dövlət orqanına müraciət etmişdir. 29 iyun 2025-ci il tarixdə Salyan Rayon İcra Hakimiyyəti Başçısının Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan açıq şəkildə görünür ki, İddiaçı Salyan rayon Qaraçala qəsəbəsində yaşayır və ailə tərkibinə həyat yoldaşı, iki övladı ilə yanaşı İ dərəcəli əlil X1 və anası daxildir. Bu sənəd iddiaçının atasının onunla eyni ev təsərrüfatında, faktiki olaraq onun himayəsində yaşadığını, yəni Əmək Məcəlləsinin 79.1-ci maddəsində nəzərdə tutulmuş “öhdəsində” meyarının mövcudluğunu danılmaz şəkildə sübuta yetirir. Bununla belə, cavabdeh məktəb iddia edir ki, guya iddiaçının atasının əlilliyi və onunla eyni ünvanda yaşaması barədə rəsmi məlumatı olmamış, əgər belə məlumat olsaydı, 79.1-ci maddənin tətbiqini nəzərdən keçirə bilərdi. Bu arqument faktiki və hüquqi cəhətdən əsassızdır. Birincisi, arayış məhz cavabdehin tələbinə uyğun olaraq, əmək münasibətlərindən irəli gələn sənəd təqdim etmək öhdəliyinin icrası məqsədilə alınmış, iddiaçı tərəfindən cavabdehə təqdim ediləcəyi əvvəlcədən bildirilmişdir. İkincisi, iş şəraitindən və çox illik əmək münasibətlərindən aydın olur ki, cavabdeh iddiaçının ailə vəziyyətini – onun valideynləri ilə birlikdə yaşadığını, atasının uzun müddət əlilliyi olduğunu və ailənin yeganə işləyən üzvünün iddiaçı olduğunu faktiki olaraq bilmişdir. Üçüncüsü, dərs ili sentyabr ayında başladığından, iddiaçı sertifikatlaşdırma nəticələri və tələb olunan sənədlər tam şəkildə formalaşanadək, xüsusən də ailə tərkibi barədə arayışın rəsmi təqdim edilməsini gözləyənədək əmək müqaviləsinə dərhal 30 iyun 2025-ci il tarixində xitam verilməsini tələb edən heç bir obyektiv, təcili zərurət mövcud deyildi. İş üzrə “öhdəsində 81–100% əlilliyi olan digər ailə üzvü” faktı nə işəgötürən, nə də məhkəmə tərəfindən inkar edilmir. Bu halda Əmək Məcəlləsinin 79.1-ci maddəsinin müdafiəsi tətbiq edilməli idi və 70-ci maddə əsasında xitam vermək qadağandır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətnə qarşı cavabdehin vəkili Vəkil1 etiraz göndərmiş, etirazında bildirmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixdən Cavabdeh2ndə Riyaziyyat müəllimi işləyir. O, 20 iyun 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında iştirak etmiş, lakin yetərli bal toplaya bilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra o, xx.xx.2025-ci il tarixdə atasına qulluq edən şəxs kimi ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması ilə bağlı DSMF-yə müraciət etmiş və xx.xx.2025-ci il tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi ona Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hazırda ödənişi davam etdirilir. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçı artıq işdən çıxarıldıqdan sonra atasını özünün himayəsində olması fikrini və əsasını formalaşdırmaq istəmiş və Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olması əsasla işdə qalmaq istəyir, bu hal da kifayət qədər araşdırılmış və əsaslı olaraq iddia rədd edilmişdir. Apellyasiya şikayətinin təmin edilməməsi və Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(057)-2700/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə göndrərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh tərəf elektron kabinet vasitəsilə ərizə göndərərək iclasın təxirə salınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 2.1 Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 68.1 Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; ... Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ... əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; ... Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ... Maddə 79, 1-ci hissə. İşəgötürən tərəfindən: ... öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; ... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması

1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.

3. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.0.6. attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru; ... 1.0.43. təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi; ... 2.2. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Maddə 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: ... 3.0.5. keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu; 3.0.6. səmərəlilik - təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili; ...

Maddə 33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 33.3.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək; ... 33.3.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək; 33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək; ..

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” haqqında 30 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək münasibətləri cəmiyyətin iqtisadi və sosial strukturunun əsasını təşkil edən münasibətlərdən biridir. Bu münasibətlər işçi ilə işəgötürən arasında əmək müqaviləsi əsasında tənzimlənir və qarşılıqlı hüquq və vəzifələri müəyyən edir. Əmək intizamı isə əmək münasibətlərinin effektivliyini və nizamlı fəaliyyətini təmin edən mühüm elementlərdən biridir. Əmək intizamı işçinin öz vəzifələrini yerinə yetirməsi, müəssisənin daxili qaydalarına riayət etməsi və müəyyən olunmuş normativ çərçivədə fəaliyyət göstərməsi deməkdir. Əmək intizamına riayət olunması: 1.İş prosesinin stabil və fasiləsiz aparılmasını təmin edir. 2.İstehsal və xidmət keyfiyyətini artırır. 3.İşçilər arasında əməkdaşlıq və qarşılıqlı hörmət mühitini formalaşdırır. 4.Müəssisənin və təşkilatın ümumi strateji məqsədlərinə çatmasına kömək edir. Aydındır ki, işçi və işəgötürən hüquqi münasibətlər baxımından faktiki olaraq bərabər mövqedə deyillər. İşçi əmək münasibətlərində daha zəif tərəf hesab edilsə də, bu amil işçinin üzərinə düşən əmək funksiyalarını və vəzifə öhdəliklərini icra etmək məsuliyyətini aradan qaldırmır. Əmək hüququ balans prinsipinə əsaslanır və işçinin zəif tərəf olması ona hüquqdan sui-istifadə etmək imkanı yaratmamalıdır. Bununla yanaşı, işçi əmək münasibətlərinin icrası zamanı vəzifə öhdəliklərini kobud şəkildə pozduğu və ya tutduğu vəzifəyə uyğun gəlmədiyi halda, işəgötürən qanunvericilik çərçivəsində onunla əmək müqaviləsinə xitam vermək hüququna malikdir. Əmək münasibətlərində işçinin maraqlarının qorunması mühüm prinsip olsa da, bu prinsip əmək intizamının pozulmasını, işəgötürənin qanuni maraqlarına ziyan vurulmasını və ya müəssisənin normal fəaliyyətinə maneələrin yaradılmasını əsaslandıran bir mexanizm kimi istifadə olunmamalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz hallarına görə iddiaçı Salyan rayon, Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbdə xx.xx.2006-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müəllim kimi fəaliyyət göstərmiş, iki dəfə müəllimlərin sertifikatlaşdırmasından keçə bilmədiyinə görə işəgötürənin əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Cavabdehin əmrinin hüquqi əsasını Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndi təşkil edir. Belə ki, həmin normalar dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikatlaşdırmadan təkrar keçməyən təhsilverənlərlə bağlanmış əmək müqaviləsinə tədris ilinin sonunda xitam verilməsini müəyyən edir. Toplanmış faktlar, tətbiq edilən normativ aktlar və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli hüquqi mövqeyi sistemli şəkildə təhlil edildikdə apellyasiya şikayətinin dəlillərinin hüquqi və faktiki baxımdan əsassız olduğu, birinci instansiya məhkəməsinin mövqeyinin isə qanunvericiliyin tələblərinə və konstitusion hüquqi yanaşmaya tam uyğun gəldiyi qənaətinə gəlir. Əvvəla, iş üzrə mübahisənin mahiyyəti əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları və bu zaman Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş qadağaların tətbiq edilib-edilməməsi məsələsi ilə bağlıdır. İlkin olaraq müəyyən edilməlidir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verildiyi tarixdə iddiaçı həmin maddədə göstərilən xüsusi müdafiə statusuna malik olub-olmaması hüquqi baxımdan mövcud idimi. İş materiallarından və mübahisə edilməyən faktlardan aydın olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, yəni səlahiyyətli orqan tərəfindən peşəkarlıq səviyyəsinin və peşə yararlılığının kifayət dərəcədə olmaması barədə qərar qəbul edildiyi üçün xitam verilmişdir. Bu əsas təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı xüsusi normativ tənzimləməyə söykənir, AR Əmək Məcəlləsinin 67-2ci maddəsində, Nazirlər Kabinetinin 30 aprel 2022-ci il tarixli Qərarı ilə də təsdiq edilmiş Qaydalarda da açıq şəkildə nəzərdə tutulmuşdur. Həmin Qaydalara əsasən, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsinin yeni tədris ili başlayanadək Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq ləğv edilməsi qanunvericiliyin birbaşa tələbidir. Deməli, işəgötürənin davranışı diskresion xarakter daşımır, normativ aktın imperativ göstərişinə əsaslanır. Apellyasiya şikayətində əsas arqument kimi irəli sürülən məsələ ondan ibarətdir ki, guya Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “öhdəsində orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərlə” əmək müqaviləsinin ləğv edilməsi qadağası bu iş üzrə tətbiq edilməli idi. Lakin birinci instansiya məhkəməsi haqlı olaraq bu arqumenti qəbul etməmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsi sosial cəhətdən həssas kateqoriyaya aid olan işçilərə əlavə müdafiə mexanizmi yaradan normadır. Lakin bu normanın tətbiqi üçün həmin statusun yalnız faktiki vəziyyətlə deyil, hüquqi cəhətdən də mövcud olması tələb olunur. Qanunvericilik “öhdəsində” anlayışını sırf bioloji və ya ailə münasibətləri faktı ilə deyil, hüquqi nəticə doğuran sosial statusla əlaqələndirir. Bu statusun mövcudluğu isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməli və rəsmiləşdirilməlidir. İş üzrə müəyyən edilmişdir ki, iddiaçının atasının birinci dərəcə əlil olması faktı mövcuddur, lakin iddiaçının “əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs” statusu əmək müqaviləsinə xitam verildiyi tarixdə mövcud olmamışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş rəsmi məlumatdan aydın olur ki, iddiaçıya bu status xx.xx.2025-ci il tarixindən, yəni əmək müqaviləsinə xitam verildikdən sonra verilmişdir. Bu isə o deməkdir ki, ümumiyyətlə xitam anında işəgötürən üçün hüquqi baxımdan Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiqini şərtləndirən norma mövcud deyildi. Apellyasiya şikayətində irəli sürülən “atasının onunla eyni evdə yaşaması” və “faktiki himayədə olması” arqumentləri hüquqi nəticə baxımından yetərli deyil. Birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, ailə üzvünün əlil olması faktı özü-özlüyündə işçiyə avtomatik olaraq 79-cu maddədə nəzərdə tutulmuş xüsusi müdafiə statusu qazandırmır. Bu status yalnız müvafiq dövlət orqanının qərarı ilə yaranır və hüquqi nəticə doğurur. Əks yanaşma hüquqi müəyyənlik prinsipini pozar və işəgötürən üçün əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan hüquqi nəticələr yaradar. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında da açıq şəkildə göstərilmişdir ki, “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və sertifikatlaşdırma Qaydaları ilə Əmək Məcəlləsinin 79-cu maddəsi müxtəlif ictimai münasibətləri tənzimləyir və onların predmeti fərqlidir. Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mexanizmi olmaqla təhsilin keyfiyyətinin təmin edilməsinə xidmət edir. Əmək Məcəlləsinin 79-cu maddəsi isə sosial müdafiə məqsədi daşıyan qadağa normasıdır və bu norma sertifikatlaşdırma prosedurunun aparılmasını və onun nəticələrinə uyğun hüquqi addımların atılmasını aradan qaldırmır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən belə nəticə çıxır ki, 70-ci maddənin “c” bəndinin tətbiqi zamanı 79-cu maddənin məhdudiyyətləri yalnız həmin məhdudiyyətlərin hüquqi əsasları mövcud olduqda nəzərə alınmalıdır. Hazırkı işdə isə bu əsaslar xitam tarixində mövcud olmamışdır. Buna görə də apellyasiya şikayətində iddia edildiyi kimi, birinci instansiya məhkəməsinin 79-cu maddəni “yanlış tətbiq etməməsi” deyil, əksinə, həmin normanı düzgün olaraq tətbiq etməməsi hüquqi cəhətdən əsaslandırılmışdır. Bundan əlavə, apellyasiya şikayətində işəgötürənin iddiaçının ailə vəziyyətindən guya məlumatlı olması arqumenti də hüquqi əhəmiyyət daşımır. Əmək münasibətlərində hüquqi nəticələr subyektiv bilik və ehtimallara deyil, rəsmiləşdirilmiş hüquqi faktlara əsaslanır. İşəgötürənin ailə vəziyyəti barədə ümumi məlumatlı olması belə, iddiaçıya qanunla müəyyən edilmiş xüsusi sosial statusun mövcudluğunu əvəz etmir və 79-cu maddənin tətbiqi üçün hüquqi əsas yarada bilməz. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, əmək müqaviləsinə xitam verildiyi tarixdə iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş müdafiə dairəsinə daxil olması sübuta yetirilməmişdir. Sertifikatlaşdırmadan keçməməsi faktı qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş, xitam isə normativ aktların birbaşa tələbinə uyğun həyata keçirilmişdir. Sonradan əldə edilmiş sosial status əmək münasibətlərinə xitamın hüquqi qüvvəsinə təsir göstərmir və bu xitamı qanunsuz etmir. Bu səbəblərə görə apellyasiya şikayətində irəli sürülən dəlillər hüquqi əsasdan məhrumdur, birinci instansiya məhkəməsinin qətnaməsi isə faktlara, maddi hüquq normalarına və Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hüquqi mövqeyinə tam uyğun olmaqla haqlı və əsaslıdır. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Bu məqsədlə təhsil qanunvericiliyində nəzərdə tutulmuş sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru olmaqla pedaqoji işçilərin ixtisas səviyyəsinin, metodologiya mədəniyyətinin yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi, pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması, pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi və s. kimi məqsədlərə xidmət edir (Konstitusiya Məhkəməsi Palatasının “X14 və digərlərinin şikayətinə dair” 2023-cü il 15 mart tarixli Qərardadı). Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2(057)-2700/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası;

qətetdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2(057)-2700/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar