Məhkəmə qərarları › İş №2(106)-2099/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2099/2023

27.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2099/2023 27.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdehlər Cavabdeh1 Adil oğlunun və Cavabdeh2 uşaqları ilə birlikdə Neftçala şəhəri, X7 küçəsi 98 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan 0,0420 hektar torpaq sahəsindən və həmin sahədə inşa olunmuş fərdi yaşayış evindən çıxarılmaları və yaşayış evinin boşaldılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi qət edilmişdir. İş materiallarının 78-ci vərəqində olan məhkəmə qəbzindən görünür ki, X1 Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qətnaməsinin surətini 21 avqust 2023-cü ildə almışdır. Qətnamədən narazı qalan Cavabdeh1 22 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə etmişdir. Ərizə onunla əsasladırılmışdır ki, qətnamə ilə çıxarılması qət edilmiş fərdi yaşayış evi iddiaçıların mülkiyyətində olan 0,0420 ha torpaq sahəsində (Rəsulzadə küçəsi 98 ünvanında) deyil, ünvan 2sində yerləşir. Həmin 0,093521 ha torpaq sahəsi Cavabdeh1, X5 və X2 ümumi birgə mülkiyyəti, evin 2/5 hissəsi isə cavabdehin atası mərhum X6 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olan ilkin hüquqmüəyyənedici sənədlər işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehlərdə olmadığı və arxivdən toplandığı üçün həmin sənədlər əsasında onların mülkiyyət hüququ məhkəmə icraatı başa çatdıqdan sonra (xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə) dövlət qeydiyyatına alınmışdır. Odur ki, cavabdehlərdən asılı olmayan səbəblərdən birinci instansiya məhkəməsinə təqdim edilə bilməyən reyestrdən çıxarışlara istinad edilməklə verilən apellyasiya şikayətinin vaxtında verilməsi mümkün olmamışdır. Belə ki, cavabdehlərin məhkəmədə öz hüquqlarını peşəkar səviyyədə müdafiə edə bilməməsi (vəkilin hüquqi yardımından istifadə etmədikləri üçün), həmçinin gücləndirilmiş elektron imzası və “E-məhkəmə” İS-də kabinetinin olmaması da apellyasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuşdur. Qeyd olunanlara əsasən ərizədə hazırkı iş üzrə Neftçala Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülmə səbəbinin üzrlü hesab edilməsi və şikayət müddətinin bərpa edilməsi xahiş olunmuşdur. Neftçala Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Samir Quliyev) Neftçala Rayon Məhkəməsinin 2(053)- 400/2023 nömrəli mülki iş üzrə 21 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh1 münasibətdə bərpa edilmiş və apellyasiya şikayəti MPM-in 2 nömrəli Əlavəsində təsbit olunmuş formanın 9-cu və 10-cu bəndlərinin doldurulmaması səbəbindən geri qaytarılmışdır. 04 dekabr 2023-cü il tarixində cavabdeh Məlikov X3 Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, doldurulmaması nöqsan kimi qeyd edilən MPM-in 2 nömrəli Əlavəsində təsbit olunmuş apellyasiya şikayəti formasının 9-cu və 10-cu bəndlərini də doldurmuşdur. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə şikayət vermiş, şikayətdə Neftçala Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qərardadının ləğv edilməsini, Cavabdeh1 Neftçala Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qətnaməsinin surəti iddiaçılara və cavabdehlərə 21 avqust 2023-cü il tarixdə təqdim edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, cavabdehlərə icra hərəkətləri ilə bağlı müvafiq bildirişlər göndərilmişdir. Cavabdeh1 icra prosesini yubatmaq üçün Neftçala Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Ərizəyə müddətin hansı üzrlü səbəblərdən buraxılması ilə bağlı heç bir sübut əlavə edilməməsinə baxmayaraq, Neftçala Rayon Məhkəməsinin 01 dekabr 2023cü il tarixli, 2(053)-400/2023 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti Cavabdeh1 münasibətdə bərpa edilmişdir. Həmin qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə müddəti bərpa edərkən heç bir əsaslı səbəb göstərməmiş, yalnız prosessual hüquq normalarını sadalayaraq yekunda ərizənin təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki, müddətin üzrlü səbəbdən ötürülməsi barədə əsaslı sübutlar təqdim edilməli və məhkəmə qeyd edilən sübutları araşdırdıqdan sonra qərardad qəbul etməli idi. Qərardaddan görünür ki, Cavabdeh1 heç bir sübut təqdim etməmişdir. Neftçala Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-400/2023 nömrəli iş üzrə 01 dekabr 2023-cü il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçılar tərəfindən verilmiş şikayətin məzmunundan görünür ki, onlar Neftçala Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qərardadını qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin Cavabdeh1 münasibətdə bərpa edilməsi hissəsində mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçılar Neftçala Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(053)- 400/2023 saylı qərardadından verdikləri şikayətdə bildirmişlər ki, ərizəyə müddətin hansı üzrlü səbəblərdən buraxılması ilə bağlı heç bir sübut əlavə edilməmişdir. Lakin Cavabdeh1 buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 18 sentyabr 2023-cü il və 23 oktyabr 2023-cü il olan çıxarışları əlavə etmiş, öz ərizəsində həmin çıxarışların alınmasının işin həlli üçün əhəmiyyət kəsb etdiyini bildirmişdir. Belə ki, Cavabdeh1 ərizəsində qeyd etmişdir ki, qətnamə ilə çıxarılması qət edilmiş fərdi yaşayış evi iddiaçıların mülkiyyətində olan 0,0420 ha torpaq sahəsində (Rəsulzadə küçəsi 98 ünvanında) deyil, ünvan 2sində yerləşir. Həmin 0,093521 ha torpaq sahəsi Cavabdeh1, X5 və X2 ümumi birgə mülkiyyəti, evin 2/5 hissəsi isə cavabdehin atası mərhum X6 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olan ilkin hüquqmüəyyənedici sənədlər işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehlərdə olmadığı və arxivdən toplandığı üçün həmin sənədlər əsasında onların mülkiyyət hüququ məhkəmə icraatı başa çatdıqdan sonra (xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə) dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 müddətin buraxılmasının üzrlü və ondan asılı olmayan səbəblərdən baş verdiyini qeyd edərək ona istinad etmişdir ki, birinci instansiya məhkəməsinə təqdim edilə bilməyən reyestrdən çıxarışlara istinad edilməklə verilən apellyasiya şikayətinin vaxtında verilməsi mümkün olmamışdır. Bu səbəbdən ərizəyə müddətin hansı üzrlü səbəblərdən buraxılması ilə bağlı heç bir sübutun əlavə edilməməsinə dair iddiaçıların şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Cavabdeh1 ərizəsinə əlavə etdiyi sübutlar da onu göstərir ki, onun apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin dəlilləri əsaslıdır. Bu səbəbdən də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin etməklə düzgün nəticəyə gəlmiş, hər hansı prosessual hüquq normasını pozmamışdır. Bu baxımdan iddiaçıların şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qəradadının mübahisələndirilən hissədə ləğvi üçün heç bir əsas yoxdur. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Ona görə də iddiaçılar tərəfindən birgə verilmiş şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(053)-400/2023 saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar