Məhkəmə qərarları › İş №2(106)-214/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-214/2024

15.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-214/2024 15.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evinə gələn piyada gediş-gəliş yolunun (zəbtdən azad edilməsi) açılması tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 2(038)19/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 yanvar 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq evinə gələn piyada gediş-gəliş yolunun (zəbtdən azad edilməsi) açılmasını tələb etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 1965-ci ildə iddiaçının atası tərəfindən mülkiyyətə götürülmüş torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir və o, həmin evdə yaşayır. Yardımlı rayonu Şəfəqli kəndi ərazisində yerləşən həmin 0.10 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışla onun xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinə onun adına reyestr nömrəsi **********79-10301 olan texniki pasport verilmişdir. Qeyd etdiyi torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəzərdə tutulmuş avtomobillə gediş-gəliş yolu qonşusu, Cavabdeh tərəfindən metal torla çəpərlənərək və darvaza qoyularaq tutulmuşdur. Bir müddət yaxınlıqdan axan çayın içərisindən avtomobillə keçməklə həyətinə getmiş, lakin son vaxtlar çayın suyu həmin ərazini yuyub apardığından həmin yoldan istifadə edə bilmir və avtomobilini kənarda saxlayaraq piyada olaraq həyətinə gedir. Həyətə gedən digər alternativ yol yoxdur. Cavabdeh zəbt etdiyi yola qoyduğu darvazanı götürərsə, yolu açılar və o, həyətyanı torpaq sahəsinə avtomobillə gedib-gələ bilər. Dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də, cavabdeh yolu zəbtdən azad etmir. Odur ki, iddia tələbi təmin olunmaqla, Cavabdeh tərəfindən zəbt edilmiş həyətyanı torpaq sahəsinə avtomobillə gediş-gəliş yolunun zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmənin təşəbbüsü ilə Yardımlı rayon Şəfəqli Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, işi ilə əlaqədar ailəsi ilə birlikdə faktiki Bakı şəhərində yaşasa da, daimi yaşayış yeri Yardımlı rayonu Şəfəqli kəndidir. Bu səbəblə tez-tez evinə gəlib baş çəkir, ailəvi gəlib öz evlərində yaşayırlar. Lakin evlərinə gedən piyada yolu və avtomobil yolu cavabdeh tərəfindən qanunsuz bağlanmışdır. Belə ki, onun avtomobil yolu çay hissədən olsa da, sel yolu yararsız hala saldığına görə, əvəllər həmişə avtomobilini Cavabdeh evinə gedən yolda saxlamış, oradan uzun illər istifadə olunan piyada yolu ilə evinə getmişdir. Lakin cavabdeh 1 ilə yaxındır ki, piyada və avtomobil yolunu bağlamış, avtomobil yoluna dəmir tordan olan darvaza qoymuş, piyada yolunu isə dəmir torla çəpərləmişdir. Bu səbəblə avtomobilini kəndin ümumi yolunun kənarında saxlayıb, digər ərazidən evinə gedir. Beləliklə, ona məxsus evə gediş-gəlişə maneə yaranmışdır. Bu səbəbdən məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, İddiaçı ilə Yardımlı rayonu Şəfəqli kəndində qonşuluqda yaşayır. İddiaçının iddia etdiyi avtomobil yolu Yardımlı rayon Şəfəqli Bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsi 1980-ci ildən onun istifadəsindədir. İddiaçı evinə görə ayrıca avtomobil yolu vardır. İddiaçı əvvəllər piyada yolu kimi istifadə etməklə onun həyətindən keçərək öz evinə getsə də, təqribən 1 ildən artıqdır ki, İddiaçı özü həmin piyada yoluna dəmir tor çəkmiş və yolu bağlamış, digər ərazidən özünə piyada yolu çəkmiş, avtomobilini həmin piyada yolunun yanında, asfalt yolun kənarında saxlamışdır. Həmin vaxt aralarında heç bir mübahisə olmamışdır. Onun öz evinə gedən yoldan yalnız özü istifadə etdiyinə görə, dəmir torpan hazırlanmış darvazanı asfalt yola yaxın hissədə quraşdırmışdır. Həmin darvazının yerini dəyişdirdikdən sonra İddiaçı etirazını bildirmiş və sökülməsini tələb etmişdir. Bununla bağlı bildirir ki, həmin darvaza dəmir tordan olmaqla, həmişə istənilən şəxs açıb bağlaya bilir, üzərində kilidi yoxdur. İddiaçı da istədiyi vaxt sərbəst darvazanı açıb, irəlidə avtomobilini saxlaya bilər, özünün bağlamış olduğu piyada yolundan istifadə edə bilər. O, buna etiraz etmir. Darvazanın yerini dəyişdirməsində məqsədi həyətyanı sahəsini mühafizə etmək olmuşdur. Hətta yaranmış mübahisədən sonra darvazının yerini 5-6 metr dəyişdirmiş, həmçin ərazidə də İddiaçı avtomobilini sərbəst saxlayıb evinə gedə bilər. Lakin İddiaçı təkidlə darvazanın sökülməsini tələb edir. Hesab edir ki, iddia əsassızdır və rədd olunmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Yardımlı rayon Şəfəqli Bələdiyyəsinin sədri X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı iddia etdiyi avtomobil və piyada yolu Şəfəqli Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı həyətinə və evinə oradan heç vaxt avtomobil yolu olmamış, yalnız əvvəllər piyada yolu olmuşdur. Ona ayrılmış maşın yolu çay tərəfdəndir. Təqribən bir il əvvəl İddiaçı həmin piyada yolunu özü məftildən hazırlanmış torla bağlamış və bələdiyyə sədri kimi onun razılığı ilə digər bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində özünə piyada yolu hazırlamışdır. Cavabdeh darvazanın yerini dəyişdikdən sonra İddiaçı məftil torla hazırlanmış qapının (darvazanın) sökülməsini tələb etmişdir. Hal-hazırda Cavabdeh həmin darvazanın yerini 5-6 mertr evi istiqamətində dəyişmiş, İddiaçı oradan istifadə etməsinə maneə yaratmır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Yardımlı Rayon Məhkəməsinin 2(038)19/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Habil Bəhmənov), iddianın rədd edilməsi, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş həyətyanı torpaq sahəsinə gedən yolun zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsinin təmin olunmaması, ekspertiza xərci 50 manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X1 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2., 152.7, 157.4, 170.2, 175.1, 175.3 və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vəkili və nümayəndəsi Quliyev X2 Rayon Məhkəməsinin 2(038)19/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı keçirilən iclasda iştirak edərək apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini, Yardımlı Rayon Məhkəməsinin 2(038)19/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil keçirilən iclasda iştirak edərək apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini, Yardımlı Rayon Məhkəməsinin 2(038)19/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh keçirilən iclasda iştirak edərək apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yardımlı Rayon Məhkəməsinin 2(038)19/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Yardımlı rayon Şəfəqli Bələdiyyəsinin sədri X3 məhkəmə iclasında iştirak etməmiş və bununla əlaqədar hər hansı bir məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri həddində Yardımlı Rayon Məhkəməsinin 2(038)19/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası Mülki Məcəllənin; 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bələdiyyələrin ümumi istifadədə olan torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 11.7-ci maddəsində qeyd olunur ki, ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır; 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın təmin edilməməsini mübahisəli yolun Şəfəqli Bələdiyyəsinin mülkiyyətində olması, belə olan halda isə cavabdehin həmin yolda dəmir torla hazırlanmış darvazanın qoyulması, iddiaçının hüquq və mənafeyinə toxunmadığı üçün iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququnun olmaması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, birinci instansiya məhkəməsində toplanılmış və əlavə təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin sübutları kimi göstərdiyi işin faktiki hallarını, cavabdehlərin iddiaya qarşı etirazları kimi göstərdiyi hallar arasındakı ziddiyyətləri düzgün araşdırmayaraq, sübutları düzgün qiymətləndirməyərək işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını səhv tətbiq və təfsir etməklə gəldiyi nəticənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, 24 oktyabr 2017-ci il qeydiyyat tarixli çıxarışın və 17 oktyabr 2017-ci il tarixli, **********79-10301 reyestr nömrəli texniki pasportun surətlərindən görünürki, Yardımlı rayonu Şəfəqli kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 92 kvadratmetrdən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5012 saylı ekspert rəyindən və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına əsasən iddia olunan 0,022 ha və darvaza qoyulmuş yer Yardımlı rayon Şəfəqli bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadəli torpaq sahəsidir. Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına **********79- 10301 reyestr nömrəli Çıxarışın “Texniki Paspotr”unun planına əsasən İddiaçı fərdi yaşayış evinə gediş-gəliş yolu iddia olunan ərazidən nəzərdə tutulmuşdur. Bu gediş-gəliş yolunun yerləşmə vəziyyəti rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına və **********79-10301 reyestr nömrəli Çıxarışın “Texniki Paspotr”unun planına əsasən İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 0,022 ha ümumi istifadəli torpaq sahəsi hissəsi Cavabdeh tərəfindən dəmir torla çəpərlənmiş və darvaza qoyulmuş ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə başqa ərazidən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı Cavabdeh qarşı qanunsuz dəmir torla bağladığı ümumi istifadədə olan və onun evinə və həyətyanı sahəsinə gedən piyada gediş-gəliş yolunun açılmasını tələb edir. Tələbinin hüquqi əsası kimi isə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsini əsas göstərir. İddiaçı iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, o, iddia edir ki, 1965-ci ildə iddiaçının atası tərəfindən mülkiyyətə götürülmüş torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir və o, həmin evdə yaşayır. Yardımlı rayonu Şəfəqli kəndi ərazisində yerləşən həmin 0.10 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışla onun xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinə onun adına reyestr nömrəsi **********79-10301 olan texniki pasport verilmişdir. Qeyd etdiyi torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəzərdə tutulmuş piyada gediş-gəliş yolu qonşusu, Cavabdeh tərəfindən metal torla çəpərlənərək və darvaza qoyularaq tutulmuşdur. Cavabdeh iddia tələbinə etirazından müəyyən olunur ki, o, İddiaçı ilə Yardımlı rayonu Şəfəqli kəndində qonşuluqda yaşayır. İddiaçının iddia etdiyi avtomobil yolu Yardımlı rayon Şəfəqli Bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsi 1980-ci ildən onun istifadəsindədir. İddiaçı evinə görə ayrıca avtomobil yolu vardır. İddiaçı əvvəllər piyada yolu kimi istifadə etməklə onun həyətindən keçərək öz evinə getsə də, təqribən 1 ildən artıqdır ki, onun öz evinə gedən yoldan yalnız özü istifadə etdiyinə görə, ümumi istifadədə olan yolda dəmir torla hazırlanmış darvaza qoymuşdur. Həmin darvaza dəmir tordan olmaqla, həmişə istənilən şəxs açıb bağlaya bilir, üzərində kilidi yoxdur. İddiaçı da istədiyi vaxt sərbəst darvazanı açıb, irəlidə avtomobilini saxlaya bilər və piyada yoldan istifadə edə bilər. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının iddiası təmin oluna bilməz. Çünki iddiaçının iddia etdiyi yol ümumi istifadədə olmaqla Şəfəqli Bələdiyyəsinin mülkiyyətindədir. Belə olan halda isə cavabdehin həmin yolda dəmir torla hazırlanmış darvazanın qoyulması, iddiaçının hüquq və mənafeyinə toxunmadığı üçün iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yoxdur ona görədə iddia təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, bələdiyyə mülkiyyətində olan və ümumi istifadə üçün nəzərdə tutulmuş torpaqlara bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrin, meydanların, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir ki, həmin torpaqlardan bələdiyyə ərazisində yaşayan bütün hüquqi və fiziki şəxslər heç bir məhdudiyyət qoyulmadan hər kəsin istifadəsi üçün açıq olan sahə kimi istifadə edilməlidir. Ümumi istifadədə olan torpaqların hər hansı şəxs tərəfindən tutularaq maneə yaradılmsı, həmin ərizədə yaşayan şəxslər o, cümlədən Bələdiyyə tərəfindən mübahisələndirməklə yaradılan maneə aradan qaldırılmalıdır. Hazırkı işdə iddaçı İddiaçı məhz cavabdeh tərəfindən ümmumi istifadədə olan və onun evinə və həyətyanı sahəsinə gedən yolda quraşdırmış olduğu dəmir tordan hazırlanmış darvazanın sökülməsini tələb etməsi və həmin sahənin zəbtdən azad edilməsi tələbini irəli qürmək üçün subyektiv hüquqa malikdir. Belə ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya hesab edir ki, İddiaçı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməlidir. Sadalanan sübutlardan müəyyən edilir ki, iddiaçının “gediş-gəliş” yolunun açılması barədə iddiası əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bələdiyyələrin ümumi istifadədə olan torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 11.7-ci maddəsində qeyd olunur ki, ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır; 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. İddiaçı Cavabdeh qarşı evinə gələn piyada gediş-gəliş yolunun (zəbtdən azad edilməsi) açılması tələbi ilə bağlı təyin edilmiş ekspertiza nəticəsində əldə edilmiş ekspert rəyi ilə müəyyən edilir ki, torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına əsasən iddia olunan 0,022 ha və darvaza qoyulmuş yer Yardımlı rayon Şəfəqli bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadəli torpaq sahəsidir. Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına **********79-10301 reyestr nömrəli Çıxarışın “Texniki Paspotr”unun planına əsasən İddiaçı fərdi yaşayış evinə gediş-gəliş yolu iddia olunan ərazidən nəzərdə tutulmuşdur. Bu gediş-gəliş yolunun yerləşmə vəziyyəti rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına və **********79-10301 reyestr nömrəli çıxarışın “Texniki Paspotr”unun planına əsasən İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedişgəliş yolu kimi nəzərdə tutulmuş 0,022 ha ümumi istifadəli torpaq sahəsi hissəsi Cavabdeh tərəfindən dəmir torla çəpərlənmiş və darvaza qoyulmuş ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə başqa ərazidən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının cavabdehə qarşı iddia tələbinin əsaslı olması, həm tərəflərin verdiyi izahatları, həm də iş üzrə əldə edilmiş (ekspert rəyi) sübutlarla tam təsdiq olunur. Baxmayaraq ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi və həmin tələbi əsaslandıran işin faktiki hallarını hər tərəfli araşdırmadan tələbi təmin etməmış və bununla da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamaqla, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. **********79-10301 reyestr nömrəli Çıxarışın “Texniki Paspotr”unun planına əsasən İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 0,022 ha ümumi istifadəli torpaq sahəsi hissəsi Cavabdeh tərəfindən dəmir torla çəpərlənərək, darvaza qoymaqla iddiaçıya həmin yoldan istifadə etməsinə maneə yaratmış, məhkəmə isə işi hərtərəfli araşdırmadan iddiaçının evinə və həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun cavabdeh tərəfindən tutulmaması barədə yanlış nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, İddiaçı apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Yardımlı Rayon Məhkəməsinin 2(038)19/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilərək təmin edilməli, Yardımlı Rayon Məhkəməsinin 2(038)19/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı evinə gələn piyada gediş-gəliş yolunun (zəbtdən azad edilməsi) açılması tələbinə dair iddiası təmin edilməli, **********79-10301 reyestr nömrəli Çıxarışın “Texniki Paspotr”unun planına əsasən İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 0,022 ha ümumi istifadəli torpaq sahəsində Cavabdeh tərəfindən dəmir torla cəpərələnərək qoyulmuş darvaza götürülməklə, həmin sahə zəbtdən azad edilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin 2(038)19/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh qarşı evinə gələn piyada gediş-gəliş yolunun (zəbtdən azad edilməsi) açılması tələbinə dair iddiası təmin edilsin. **********79-10301 reyestr nömrəli Çıxarışın “Texniki Paspotr”unun planına əsasən İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 0,022 ha ümumi istifadəli torpaq sahəsində Cavabdeh tərəfindən dəmir torla cəpərələnərək qoyulmuş darvaza götürülsün və həmin sahə zəbtdən azad edilsin. Cavabdeh ödənilmiş 100 manat dövlət rüsumu və 50 (əlli) manat ekspertiza xərci alınaraq, müvafiq olaraq dövlət rüsumu İddiaçı qaytarılsın. Ekspertiza xərci isə X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar