Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-22/2024 22.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və Cəfərova Ayşən Asəf qızının cavabdehlər Cavabdeh və i qarşı "torpaq sahəsinin və ondan əldə olunmuş gəlirin bölünməsi və təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Açar sözlər: torpaq sahəsinin bölünməsi, torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması X11 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X8 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh və X5 qarşı "torpaq sahəsinin bölünməsi" tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(017)-5/2021 saylı (hakim Etibar Quliyev) qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdaki qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və Cəfərova Ayşən Asəf qızı cavabdehlər Cavabdeh və X5 qarşı “torpaq sahəsinin və ondan əldə olunmuş gəlirin bölünməsi və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçıların tələbi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən 6 nəfərdən (anası-Pakizə, qardaşı-Allahverdi, qardaşı arvadı-Nərgiz, özü-Bənövşə, qızları- Gülşən və Ayşən) ibarət olmuş ailə üzvlərinə cəmi 0,47 ha həyətyanı və həmin qərarla 5 nəfər ailə üzvlərinə (anası-Pakizə, qardaşı- Allahverdi, qardaşı arvadı-Nərgiz, özü-Bənövşə, qızı- Gülşən) 1,62 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün pay torpaq sahəsi verilmişdir. Buna dair adlarına şəhadətnamə və dövlət aktı verilmişdir. Ailə qurduqdan sonra özü Taxta Körpü, qızı Ayşən isə Kəhrizli kəndinə köçmüşdür. Digər qızı Ayşən isə onunla yaşayır. Bu günə kimi mübahisəli torpaq sahələrindən cavabdehlər istifadə edərək gəlir götürmüş, həmin gəlirdən onlara heç nə verməmişlər. Payçılar arasında paylara uyğun olaraq torpaq sahəsinin naturada ayrılması barədə cavabdehlərlə razılığa gələ bilmirlər. Mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən və paylarına düşən torpaq sahəsinin naturada ayrılmasını, ümumilikdə iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir. Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 onların iştirakı olmadan işə baxılmasına dair məhkəməyə ərizə vermişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən 6 nəfərdən (anası-Pakizə, özü-Allahverdi, arvadı-Nərgiz, bacısı-Bənövşə, bacısı qızları-Gülşən və Ayşən) ibarət olmuş ailə üzvlərinə cəmi 0,47 ha həyətyanı və həmin qərarla 5 nəfər ailə üzvlərinə (anası-Pakizə, özü-Allahverdi, arvadı-Nərgiz, bacısı-Bənövşə, bacısı qızı- Gülşən) 1,62 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün pay torpaq sahəsi verilmişdir. Buna dair adlarına şəhadətnamə və dövlət aktı verilmişdir. Bacısı Bənövşə ailə qurduqdan sonra Taxta Körpü qəsəbəsinə; bacısı qızı Gülşən isə Kəhrizli kəndinə köçmüş, digər qızı Ayşən isə anası ilə yaşamışdır. İddiaçıların adı çəkilən torpaq sahələrindən istifadə etmələrinə heç kim maneə olmur. Qaldı ki, torpaq sahəsinin bölünməsinə, o texniki cəhətdən mümkün deyildir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X9 birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(017)-5/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat. İşə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Nüsrət Mirzəyev, Samir Mayılov, İlham Əsədov) 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat. İşə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər Ələsgər Əliyev, Mehbarə Əhmədova, İsmayıl Xəlilov) 10 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, ekspert rəyi əsassız hesab edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Əlavə olaraq göstərmişlər ki, 0.47 ha həyətyanı torpaq sahəsində yerləşən evdə hazırda qardaşı Allahverdi öz ailəsi ilə yaşayır. Qeyd etmişdir ki, həmin ev və evin yerləşdiyi torpaq sahəsi üzərində payları müəyyən edilməyib. Həmçinin bildirmişdir ki, həm həyətyanı həm də pay torpaqları Allahverdinin istifadəsindədir. İddiaçı2 məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə göndərərək, Cavabdeh heç bir şikayətinin olmadığını və hər hansı tələbinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası ərizədə göstərilən fikir natamam olduğundan ona hər hansı münasibət bildirməmişdir. Apellyasiya baxışında iddaçı İddiaçı2 və cavabdehlər iştirak etməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan paym ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 504 A kod 60813018 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən X6 və onun Cavabdeh, X9, X1, İddiaçı2 və İddiaçı3 ibarət ailə üzvlərinə cəmi 0,47 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0097 kod 60813018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən X6 və onun Cavabdeh, X9, X1 və İddiaçı2 ibarət ailə üzvlərinə cəmi 1,62 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis və xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN 504 A kod 60813018 nömrəli şəhadətnaməyə əsasən 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 0.47 ha həyətyanı torpaq sahəsinin ərazisində yerləşən yaşayış binası mülkiyyətçilər arasında bölünmədiyi üçün torpaq sahəsinin naturada bölünməsi mümkün deyildir. Torpağa mülkiyyət hüququna dair JN 0097 kod 60813018 nömrəli Dövlət Aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1,62 ha torpaq sahəsindən ailə üzvləri, payları bəlli olmaqla torpaqdan bərabər pay hüququna malikdirlər. Torpağa mülkiyyət hüququna dair JN 0097 kod 60813018 nömrəli Dövlət Aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1,62 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı və ümumi paylı mülkiyyətdə olduğu üçün ayrı-ayrılıqda mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə əsasən, torpağın məqsədli və təsərrüfat təyinatına uyğun səmərəli istifadəsinin mümkün olmayacağına və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinə zəmin yaranması səbəbindən naturada real bölgüsü mümkün deyildir. Ona görə də ‘‘Torpağın mülkiyyətə verilməsinə dair” JN 504 A 60813018 nömrəli şəhadətnaməyə əsasən 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 0.47 ha həyətyanı torpaq sahəsinin və “Torpağa mülkiyyət hüququna dair” JN 0097 kod 60813018 nömrəli Dövlət Aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1,62 ha pay torpaq sahəsinin ailə üzvləri arasında bölünməsinə dair ölçü planı tərtib olunmamışdır. İşin hallarından müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh və X5 qarşı "torpaq sahəsinin və ondan əldə olunmuş gəlirin bölünməsi və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş Ali Məhkəmə tərəfindən yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin əsas mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinin mötəbərliyini əsaslandırmamışdır. İş üzrə apellyasiya instansiyası məhkəməsində yenidən məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2023-cü il tarixli rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi dərəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur. Qərardadın birinci sualı üzrə: İşdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN504 A 60813018 nömrəli şəhadətnaməyə əsasən, 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 0.47 ha həyətyanı torpaq sahəsinin ərazisində yerləşən yaşayış evi mülkiyyətçilər arasında qanuna müvafiq qaydada bölündükdən sonra həyətyanı torpaq sahəsindən iddiaçıların payına düşən 0.0783 ha torpaq sahəsinin naturada ayrılıb verilməsi mümkün ola bilər. Qərardadın ikinci sualı üzrə: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0097, kod 60813018 nömrəli Dövlət aktına əsasən, 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1.62 ha torpaq sahəsinin ərazisindən torpaq sahələri kiçik sahələrə bölünsə də, iddiaçıların hər birinə 0.3249 ha olmaqla naturada payları verilə bilər. Qərardadın üçüncü sualı üzrə: “Torpağın mülkiyyətə verilməsinə dair” JN504 A 60813018 nömrəli şəhadətnaməyə əsasən, 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 0.47 ha torpaq sahəsinin ərazisində 14.80 m x 11.0 m ölçüdə yaşayış binası mövcuddur. Göründüyü kimi ekspert rəyində qeyd edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN504 A 60813018 nömrəli şəhadətnaməyə əsasən, 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 0.47 ha həyətyanı torpaq sahəsinin ərazisində yerləşən yaşayış evi mülkiyyətçilər arasında bölünməmişdir. Buna görə də həmin torpaq sahəsinin qanuna müvafiq qaydada bölündükdən sonra həyətyanı torpaq sahəsindən iddiaçıların hər birinə 0.0783 ha torpaq sahəsinin naturada ayrılıb verilməsinin mümkün ola bilməsi qeyd edilmişdir. Həmçinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0097, kod 60813018 nömrəli Dövlət aktına əsasən, 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1.62 ha torpaq sahəsinin ərazisindən torpaq sahələri kiçik sahələrə bölünsə də, iddiaçıların hər birinə 0.3249 ha olmaqla naturada paylarının ayrılaraq verilə bilməsinin mümkünlüyü qeyd edilmişdir. Kollegiya hesab edir ki, 0.47 ha həyətyanı torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcud olduğundan və həmin ev üzərində iddiaçıların və digər mülkiyyətçilərin payları qanuna müvafiq qaydada müəyyən edilmədiyindən həmin torpaq sahəsində tərəflərin paylarının naturada ayrılması mümkün ola bilməz. Buna görə də kollegiya iddiaçılara tövsiyyə edir ki, onlar əvvəlcə qeyd edilən fərdi yaşayış evində paylarını müəyyən etdirməli və bundan sonra torpaq sahəsinin də naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etməlidirlər. Lakin kollegiya hesab edir ki, Ağcabədi Rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli qərarı ilə ayrılmış Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən 1.62 ha torpaq sahəsinin ərazisində X2, Cavabdeh, İddiaçı1, X4, İddiaçı2 hər birinin 0.3240 ha payı müəyyən olunaraq, kiçik sahələrə bölünməklə naturada ayrıla bilər. Məhkəmə kollegiyası ekspert rəyini mötəbər hesab edir. Ekspert rəyinə əsasən 1.62 ha torpaq sahəsini naturada ayırmaq mümkündür. Torpaq sahəsindən payının ayrılmasını tələb etmək iddiaçının hüququdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qismən əsaslı olması ilə yanaşı, apellyasiya baxışı zamanı bir daha öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat ekspertiza xərci cavabdehlər Cavabdeh və X3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Məhkəmə kollegiyası prosessual qənaət prinsipini də əsas tutaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(017)-5/2021 saylı qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Ağcabədi Rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli qərarı ilə ayrılmış Ağcabəsi rayonu, Xocavənd kəndində yerləşən 1.62 ha torpaq sahəsinin ərazisində X2, Cavabdeh, İddiaçı1, X4, İddiaçı2 hər birinin 0.3240 ha payı müəyyən olunaraq, kiçik sahələrə bölünməklə naturada ayrılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(017)-5/2021 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Ağcabədi Rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli qərarı ilə ayrılmış Ağcabəsi rayonu, Xocavənd kəndində yerləşən 1.62 ha torpaq sahəsinin ərazisində X2, Cavabdeh, İddiaçı1, X4, İddiaçı2 hər birinin 0.3240 ha payı müəyyən olunaraq, kiçik sahələrə bölünməklə naturada ayrılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat ekspertiza xərci cavabdehlər Cavabdeh və X3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-22/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-22/2024
22.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver