Məhkəmə qərarları › İş №2(106)-22/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-22/2025

15.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-22/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər : torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi. Şirvan şəhəri, 15 may 2025-ci il X18 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X10 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(036)- 86/2022 saylı qətnaməsindən (hakim Ü.Qənbərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və qanunsuz tikililərin sökülməsi tələbi barədə iddia qaldıraraq ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan A 018568 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin edilən İmişli şəhəri Mil küçəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin - fərdi yaşayış evinin qarşı tərəfin hesabına sökülməsi və ödənilmiş 300,0 manat hüquqi xidmət haqqının tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasım xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İmişli şəhər X17 İcraiyyə Komitəsinin 15 noyabr 1991-ci il tarixli 11 nömrəli iclas protokolunun qərarı ilə ona İmişli şəhəri Şərq küçəsinin başlanğıcında 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış, 25 dekabr 2015-ci il tarixli A 018568 saylı “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. X16 adlı şəxsin İmişli şəhər X17 İcraiyyə Komitəsinin 15 noyabr 1991-ci il tarixli 11 nömrəli iclas protokolunun qərarının ona 0.05 ha torpaq sahəsinin ayrılması hissədə ləğv edilməsi tələbinə dair iddiası Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 30 iyun 2014-cü il tarixli 2-1(86)-306/2014 saylı qərarı ilə təmin edilməmişdir. İşi araşdıran məhkəmənin sorğusuna İmişli bələdiyyəsi tərəfindən 09 iyun 2014-cü il tarixdə verilən 668 nömrəli və 21 iyul 2014-cü il tarixli 677 nömrəli cavab məktublarında qeyd edilmişdir ki, İmişli bələdiyyəsində iddiaçı X9 adına 13 oktyabr 2005-ci il tarixli 05 saylı qərarı ilə 500 kv.metr həyətyanı torpaq sahəsinin satılması barədə heç-bir torpaq sənədi yoxdur. Bundan başqa İmişli bələdiyyəsinin 13 oktyabr 2005-ci il tarixli 05 saylı iclas protokolunda İmişli şəhər sakini X11 həyətyanı torpaq sahəsinin satılması barədə heç-bir qərar qəbul edilməmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 30 iyun 2014-cü il tarixli 2-1(86)-306/2014 saylı qərarı iddiaçı X16 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2- 1(106)-16/2015 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia mümkün sayılmamışdır. Beləliklə mübahisəli 0.05 ha torpaq sahəsinin ona məxsus olması məhkəmənin qüvvədə olan qərardadı ilə təsdiqini tapmışdır. Qeyd olunan torpaq sahəsinin ətrafında hasar çəkib qapı qoymasına baxmayaraq cavabdeh tərəfindən özbaşınalıqla zəbt edilərək, torpağa dair heç bir hüquqmüəyyənedici sənədi olmadan qanunsuz olaraq fərdi yaşayış evi tikilmişdir. Cavabbehlə mübahisənin həll olunması indiyədək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və eyni zamanda nümayəndəsi X6 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək iəmin olunmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, hüquqlarını südafiə etdiyi iddiaçı torpaq sahəsini aldıqdan sonra ətrafını hasarlamasına baxmayaraq, X16 adlı şəxs tərəfindən özbaşınalıqla zəbt edilərək, torpağa dair heç bir hüquqmüəyyənedici sənədi olmadan hazırki Cavabdeh satılmış və ərazidə sonuncu qanunsuz olaraq fərdi yaşayış evi tikmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli şəhərində yaşayır və İmişli şəhəri Mil küçəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini 2005-ci ildə X8 5000,0 manata alaraq üzərində iki mərtəbəli fərdi yaşayış evi tikmişdir. İddiaçı 2015-ci ildə qanunsuz yolla həmin torpaq sahəsinə dair sənəd almış və ərazini 2021-ci ildə ondan tələb etmişdir. Ona görə də, iddia tələbi əsassız hesab etmişdir. İmişli Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(036)-86/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq İddiaçı mülkiyyətində olan (reyestr nömrəsi: **********68 ) A 018568 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin edilən İmişli şəhəri, Mil küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikinti altı sahəsi 104.90 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evinin Cavabdeh öz hesabına sökülməsi, Cavabdeh 311.0 manat məhkəmə xərci və 300.0 manat hüquqi xidmət haqqının alınıb İddiaçı verilməsi qət edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat: İşə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Tale Kərimov, Tofiq Heydərov, Zeynal Zeynalov) 18 may 2022-ci il tarixli, 2(106)-1151/2022 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(036)-86/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat: İşə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Ə.Nurməmmədov, A.Hüseynov, Z.Əliyev) 14 noyabr 2022-ci il tarixli, 2(102)-5390/2022 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2022-ci il tarixli, 2(106)-1151/2022 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: ç)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşadığı həyətyanı torpaq sahəsini 13 oktyabr 2005-ci ildə X16 bələdiyyədən almış, bu barədə qərarı var. O da, torpaq sahəsini 2014-cü ildə həmin şəxsdən 5000 manata almış və üzərində iki mərtəbəli fərdi yaşayış evi tikib, ailəsi ilə yaşayır. 2021-ci ilə kimi həmin torpaq sahəsinə, orada ev tikməyinə heç bir pretenziya olmayıb. Başqa yaşayış yeri yoxdur. İddiaçı ərazini 2021-ci ildə tələb etmiş və onda bilmişdir ki, o, 2015-ci ildə qanunsuz yolla həmin torpaq sahəsinə dair sənəd almışdır. Arxivdən alınmış qərarla iddiaçıya noyabr 1991-ci ildə verilmiş torpaq sahəsi tamamilə başqa yerdədir. Ailə üzvlərinin köçməyə başqa yeri olmadığı halda, iddiaçı torpaq sahəsini əldə edənə kimi ev tikib yaşadıqlarına baxmayaraq, qanuni əsas olmadan yaşadıqları həmin tikilinin məhkəmə yolu ilə sökülməsini tələb edir. Mütəxəssis rəyi üçün şişirdilmiş haqqın ondan tələb edilməsi ədalətsizlikdir. Evinə və həyətinə mütəxəssis onun iştirakı ilə baxmayıb, məhkəmə barədə məlumatı olmayıb. Yalnız 31 yanvar 2022-ci ildə telefonla zəng edib məhkəməyə çağırıblar, gedəndə qətnamə elan edilib. Ona görə də hesab edir ki, iddia tələbi rədd olunmalıdır. d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. e) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: X16 və X7 apellyasiya baxışında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya İmişli şəhər X17 İcraiyyə Komitəsinin 15 noyabr 1991-ci il tarixli 11 nömrəli iclas protokolunun qərarı ilə verilmiş və iddiaçı 0.05 ha torpaq sahəsinə dair 25 dekabr 2015-ci il tarixdə RX seriyalı ******* saylı çıxarış almışdır. Bildirmişdir ki, çıxarış verilərkən yerində müayinə olunmaqla onun koordinatları müəyyən edilir. Əgər iddiaçı çıxarış alarkən mübahisəli torpaq sahəsində tikili olmuş olsa idi reyestr xidməti həmin yerə dair iddiaçının adına çıxarış verməzdi. Buna görə hesab edir ki, cavabdeh tərəf məhz iddiaçının adına çıxarış aldıqdan sonra həmin torpaq sahəsini zəbt etmişdir. Qeyd etmişdir ki, iddiaçı hələ bəhsi keçən torpaq sahəsinə dair çıxarış almamışdan əvvəl apellyasiya baxışında müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş X16 həmin torpaq sahəsində yarımtikili inşa etmişdir. Sonradan iddiaçı ilə Nemət Kazımov arasında məhkəmə mübahisəsi olan dövrdə N.Kazımov mübahisənin prespektivsizliyini anlayaraq torpaq sahəsini 5000 manat müqabilində hazırkı Cavabdeh satmışdır. Bildirmişdir ki, iddiaçı Bakı şəhərində yaşayır və orada fəaliyyət göstərir. Buna görə də torpaq sahəsinə daimi nəzarət edə bilməmiş və bundan istifadə edən Cavabdeh həmin yarımtikilini tikərək evin damını vurmuşdur. Hazırda həmin ev təmir olunmamış vəziyyətdədir və yaşayış yoxdur. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Bütün bunlara əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Həmçinin göstərmişdir ki, sonradan kollegiya tərəfindən İİİ şəxs qismində cəlb X3 şəxsiyyət məlumatlarından görünür ki, o xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. JN-043A KOD 90701004 saylı Şəhadətnamədən görünür ki, həmin şəhadətnamə X3 adına Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli qərarı ilə verilmişdir. Belə olduqda xx.xx.2006ci il tarixdə X3 13 yaşı tamam olmamış olmuşdur. Aqrar İslahat Komissiyasının qərarı ilə 13 yaşı tamam olmamış şəxsin adına Şəhadətnamənin verilməsi isə şübhəlidir və verilə bilməzdi. İşdən də göründüyü kimi hazırda iddiaçının adına 2015-ci ildə verilmiş çıxarış mövcuddur və X3 qeyd edilən Şəhadətnamə üzrə hüquqları reyestrdə qeydiyyata alınmamışdır. Belə olduqda iddiaçının çıxarışının həqiqiliyi və tamamlığı prezumpsiyası mövcuddur. Cavabdeh, apellyasiya baxışında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilmiş X11 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh X12 münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəyə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-nin 139.1-ci maddəsində göstərilir ki, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25 dekabr 2015-ci ildə verilmiş RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışın notariat qaydasında təsdiq olunan surətindən görunür ki, İmişli şəhəri, Mil küçəsində yerləşən 0.05 ha ölçüdə yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən 25 dekabr 2015-ci ildə verilmiş A 018568 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, həmin sənəd İmişli rayon XDS İK-nin xx.xx.1991ci il tarixli 02 nömrəli Torpaq sahəsinin ayrılması barədə qərarı əsasında İddiaçı ayrılmış 0.05 ha ölçüdə **********68 reyestr nömrəli yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi barədə tərtib edilmişdir. İddiaçının apellyasiya şikayətinə qoşma olaraq əlavə etdiyi və apellyasiya şikayətinin dəlilinin sübutu kimi istinad olunan İmişli bələdiyyəsinin 13 oktyabr 2005-ci il tarixli 05 saylı ümumi iclasının protokolundan Çıxarışın surətindən görünür ki, İmişli şəhər sakini X11 İmişli şəhəri, Mil küçəsi ərazisində olan İmişli bələdiyyəsinə məxsus boş torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə 05 sot həyətyanı torpaq sahəsinin verilməsi qərara alnmışdr. İş materiallarına əlavə edilmiş iddiaçı X9 cavabdeh İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı "İmişli XDS İK-nin xx.xx.1991-ci il tarixli 11 nömrəli protokol qərarının İddiaçı İmişli şəhəri, Şərq küçəsinin başlanğıcında 0.05 ha torpaq sahəsinin verilməi hissədə ləğv edilməsi" tələbinə dair iddiası üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 30 iyun 2014-cü il tarixli 2-1(86)- 306/2014 saylı qərarından görünür ki,iddia tələbi əsassız hesab edilərək təmin edilməmişdir. İşi araşdıran məhkəmənin sorğusuna İmişli bələdiyyəsi tərəfindən 09 iyun 2014-cü il tarixdə verilən 668 nömrəli və 21 iyul 2014-cü il tarixli 677 nömrəli cavab məktublarında qeyd edilmişdir ki, İmişli bələdiyyəsində iddiaçı X9 adına 13 oktyabr 2005-ci il tarixli 05 saylı qərarı ilə 500 kv.metr həyətyanı torpaq sahəsinin satılması barədə heç-bir torpaq sənədi yoxdur. Bundan başqa İmişli bələdiyyəsinin 13 oktyabr 2005-ci il tarixli 05 saylı iclas protokolunda İmişli şəhər sakini X11 həyətyanı torpaq sahəsinin satılması barədə heç-bir qərar qəbul edilməmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2-1(106)-16/2015 saylı qərardadından görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 30 iyun 2014-cü il tarixli 2-1(86)-306/2014 saylı qərarı iddiaçı X16 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsi barədə iddia qadırmağa müvafiq subyektiv hüququnun olmaması əsası ilə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək, iddianı mümkün saymamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli 07 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh tərəfindən inşa edilmiş tikili (mişar daşından inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evi) İddiaçı mülkiyyətində olan A 018568 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin edilən İmişli şəhəri Mil küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsində yerləşir, həmin torpaq sahəsi mişar daşından inşa edilmiş hasarla bərkidilmiş və üzərində tikinti altı sahəsi 104.90 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin etmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili onun torpaq sahəsini 2014-cü ildə Nemət adlı şəxsdən 5000 manata alması və üzərində iki mərtəbəli fərdi yaşayış evi tikməsi, 2021ci ilə kimi həmin torpaq sahəsinə, orada ev tikməyinə iddiaçı tərəfindən heç bir pretenziya etməməsi ilə bağlı olmuşdur. Həmçinin qeyd etmişdir ki, başqa yaşayış yeri yoxdur. İddiaçı ərazini 2021-ci ildə tələb etmiş və onda bilmişdir ki, iddiaçı 2015-ci ildə qanunsuz yolla həmin torpaq sahəsinə dair sənəd almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı göstəriş “iddiaçı İmişli şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə torpaq sahəsinin onun daimi istifadəsinə verildiyini göstərsə də, bu hal işin halları ilə təsdiq olunmur. İddiaçının 2005-ci ildən etibarən torpaq sahəsinə sahiblik və istifadə etməməsinin, 2005-ci ildən Nemət Kazımov adlı şəxsin, 2014-cü ildən isə cavabdehin istifadəsində olması, cavabdeh tərəfindən orada tikinti işlərinin, o cümlədən yaşayış evnin inşasına yol verməsinin səbəbləri müəyyən edilməməsi ilə bağlı” olmuşdur. Kassasiya instansiyası qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın dispozitiv şərtlərinin movcud olması üçün 3 şərtin mövcud olması müəyyən edilməldir:

1. İddiaçı mülkiyyətçi olmalıdır,

2. Əmlak özgəsinin sahibliyində olmalıdır,

3. Özgəsinin əmlaka sahibliyi qanunsuz olmalıdır. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, baxılan işdə 1-ci və 2ci şərtlər mövcuddur. Mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir və torpaq sahəsi cavabdehin sahibliyindədir. Lakin işə baxan məhkəmələr 3-cü şərtin mövcudluğunu yoxlamamışlar. İşə baxan yeni Apellyasiya kollegiyası qeyd edir ki, birincisi cavabdehin bəhsi keçən torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədi (çıxarış və s) yoxdur. İkincisi, iddiaçının qeyd edilən torpaq sahəsi ilə bağlı;

1. XDS İK-nin 15 noyabr 1991-ci il tarixli, 11 nömrəli iclas protokolunun qərarı,

2. həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış,

3. 25 dekabr 2015-ci il tarixli A 018568 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mövcuddur. Göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı 3 ayrı-ayrı hüquqmüəyyənedici sənədi olduğu halda cavabdehin həmin torpaq sahəsinə dair heç bir hüquqi sənədi yoxdur. Bundan başqa kassasiya instansiyası məhkəməsi məhkəmələrin 3-cü şərt olan “özgəsinin əmlaka sahibliyi qanunsuz olmasının mövcudluğunun yoxlanılmaması ilə əlaqədar aşağıdakıları bildirir. Birincisi, kollegiya hazırkı iş Kassasiya instansiyası məhkəməsindən hakimin icraatına daxil olduğu vaxtdan sonra - 02 mart 2023-ci, 06 aprel 2023-cü, 25 iyul 2024-cü, 23 avqust 2024-cü, 10 aprel 2025-ci və 15 may 2025-ci il tarixlərində məhkəmə iclasları keçirilməsinə baxmayaraq Cavabdeh bir dəfə də olsun kollegiyanın iclaslarında iştirak etməmiş, buna görə də qeyd edilən halların cavabdehlə aydınlaşdırılması və onun mövqeyini öyrənmək mümkün olmamışdır. İkincisi, iddiaçı bu halları belə izah etmişdir. İddiaçının nümayəndəsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya İmişli şəhər XDS İcraiyyə Komitəsinin 15 noyabr 1991-ci il tarixli 11 nömrəli iclas protokolunun qərarı ilə verilmiş və iddiaçı 0.05 ha torpaq sahəsinə dair 25 dekabr 2015-ci il tarixdə RX seriyalı ******* saylı çıxarış almışdır. Bildirmişdir ki, çıxarış verilərkən yerində müayinə olunmaqla onun koordinatları müəyyən edilir. Əgər iddiaçı çıxarış alarkən mübahisəli torpaq sahəsində tikili olmuş olsa idi reyestr xidməti həmin yerə dair iddiaçının adına çıxarış verməzdi. Buna görə hesab edir ki, cavabdeh tərəf məhz iddiaçının adına çıxarış aldıqdan sonra həmin torpaq sahəsini zəbt etmişdir. Qeyd etmişdir ki, iddiaçı hələ bəhsi keçən torpaq sahəsinə dair çıxarış almamışdan əvvəl apellyasiya baxışında müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş X16 həmin torpaq sahəsində yarımtikili inşa etmişdir. Sonradan iddiaçı ilə Nemət Kazımov arasında məhkəmə mübahisəsi olan dövrdə N.Kazımov mübahisənin prespektivsizliyini anlayaraq torpaq sahəsini 5000 manat müqabilində hazırkı Cavabdeh satmışdır. Bildirmişdir ki, iddiaçı Bakı şəhərində yaşayır və orada fəaliyyət göstərir. Buna görə də torpaq sahəsinə daimi nəzarət edə bilməmiş və bundan istifadə edən Cavabdeh həmin yarımtikilini tikərək evin damını vurmuşdur. Hazırda həmin ev təmir olunmamış vəziyyətdədir və yaşayış yoxdur. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Kollegiya həmçinin cavabdeh tərəfindən inşa edilmiş evin məhz iddiaçıya məxsus torpaq üzərində yerləşib-yerləşməməsi ilə bağlı tikinti-texniki ekspertiza təyin etmiş və 14 fevral 2025-ci il tarixli, 3-16-16/2-xx/xx/2025 saylı ekspert rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 dekabr 2015-ci ildə verilmiş RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan İmişli şəhəri, Mil küçəsində yerləşən 0,05 ha ölçüdə yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin yeni elektron baza (Azcad) məlumatlarına əsasən koordinatları müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən edildi ki, qeyd edilən 0,05 ha torpaq sahəsinin yerləşdiyi ərazi Azcad məlumatlarına əsasən JN 043 A saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnaməyə əsasən X4 xüsusi mülkiyyətinə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsinin ərazisi kimi qeyd edilmişdir. Eyni zamanda qeyd edilən 0,05 ha torpaq sahəsinin yerləşdiyi ərazi kompleks yerquruluşu layihəsinə əsasən də JN 043 A saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnaməyə əsasən X4 xüsusi mülkiyyətinə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsinin ərazisi kimi qeyd edilmişdir. Həmçinin tədqiqat zamanı məlum olmuşdur ki, RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan İmişli şəhəri, Mil küçəsində yerləşən 0,05 ha ölçüdə yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İmişli Şəhər X17 İcraiyyə Komitəsinin 15 noyabr 1991-ci tarixli 11 saylı protokol iclasının qərarı ilə verilmişdir. Ona görə də, İmişli şəhər XDS İK-nin 15 noyabr 1991-ci il tarixli 11 saylı iclas protokolunun qərarı əsasında RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş, İmişli şəhəri, Mil küçəsində yerləşən 0,5 ha ölçüdə yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin həmin torpaq sahəsinə dair 25 dekabr 2015-ci ildə tərtib edilən mülki iş üzrə təqdim edilmiş A 018568 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən koordinatları müəyyən edilmişdir. RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan İmişli şəhəri, Mil küçəsində yerləşən 0,05 ha ölçüdə yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh tərəfindən 102 kv.m (9.20 m x 11.10 m) ölçüdə fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilən həmin fərdi yaşayış evi tam olaraq RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışa və A 018568 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan İmişli şəhəri, Mil küçəsində yerləşən 0,05 ha ölçüdə torpaq sahəsi üzərindədir. Həmin yaşayış evi tam olaraq qeyd edilən torpaq sahəsində yerləşir. Həmçinin məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsindən verilmiş cavabda göstərilmişdir ki, sorğuda qeyd edilən X3 mülkiyyətinə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin (JN-043A, kod 90701004, 2006-cı il tarixli) təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunur. X3 mülkiyyətinə verilmiş JN-043 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmamışdır. Göründüyü kimi sonradan kollegiya tərəfindən İİİ şəxs qismində cəlb X3 şəxsiyyət məlumatlarından görünür ki, o xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. JN-043A KOD 90701004 saylı Şəhadətnamədən görünür ki, həmin şəhadətnamə X3 adına Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli qərarı ilə verilmişdir. Belə olduqda xx.xx.2006-ci il tarixdə X3 13 yaşı tamam olmamış olmuşdur. Aqrar İslahat Komissiyasının qərarı ilə 13 yaşı tamam olmamış şəxsin adına Şəhadətnamənin verilməsi isə şübhəlidir və verilə bilməzdi. İşdən də göründüyü kimi hazırda iddiaçının adına 2015-ci ildə verilmiş çıxarış və digər hüquqmüəyyənedici sənədlər mövcuddur. X1 qeyd edilən Şəhadətnamə üzrə hüquqları reyestrdə qeydiyyata alınmamış, buna görə də həmin torpağa dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmamışdır. MM-nin 139.1-ci maddəsində göstərilir ki, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(036)-86/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar