Məhkəmə qərarları › İş №2(106)-220/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-220/2023

07.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-220/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X2 ibarət tərkibdə, məhkəmə katibi X5, iddiaçının vəkili Vəkil2, Cavabdeh2 və onun vəkili Vəkil1 iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı İ.İbrahımli tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Masallı Rayon Məhkəməsinin (hakim A.Səlimov) 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı İbrahımli İlkin Fəxrəddın oğlu apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı xüsusi mülkiyyətində Masallı rayonu, İsi kəndində 0.1378 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır və bu barədə hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2013-cü il qeydiyyat tarixi ilə qeydə alınmışdır. Hazırki tələbində İddiaçı Masallı rayonu İsi kənd sakini X1 zəbt etdiyi mülkiyyətində olan torpaq sahəsinin 1 sot hissəsindən, Masallı rayonu Qəriblər kənd sakini Cavabdeh2 zəbt etdiyi mülkiyyətində olan torpaq sahəsinin 4.5 sot hissəsindən çıxarılaraq torpağının sərhədlərinin əvvəlki vəziyyətinə qaytarılması, torpaqdan istifadə hüquqlarının bərpa edilməsi, cavabdehlərin ona mane olmalarına qadağa qoyulması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sahibkarlıq məqsədi ilə 0.1378 ha torpaq sahəsi almışdır. Torpaq sahəsi 26 sentyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınaraq xüsusi mülkiyyətinə verilmişdir. Bu barədə mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsində həmin torpağa “torpaq sahəsinin planı və ölçüsü barədə“ AA000282 nömrəli texniki sənəd verilmişdir. Sonradan həmin torpaq sahəsini o, "xxxx" QSCdə girov qoyaraq kredit də götürmüşdür. Torpaq girovda olduğundan həmin torpaqdan istifadə edə bilməmişdir. Daha sonra ölkədə baş verən devalivasiya səbəbindən bankdan götürdüyü pulu bir neçə il qaytara bilmədiyi üçün mülkiyyətində olan həmin torpaq üzərində sərəncam vermək hüququ dayandırılmışdır. 2022-ci ildə o, bankın pulunu ödəyərək öz torpağını girovdan azad etmişdir. Torpaqla bir müddət əlaqəsi olmadığından ətrafında olan qonşu torpaq sahibləri X7 1 sot, Cavabdeh2 isə 4.5 sot hissəsini zəbt etmişlər. Beləliklə cavabdehlər ona məxsus torpağın yerləşdiyi ərazi sərhədlərini pozaraq sahənin ümumilikdə 5.5 sot hissəsini özlərinin qanunsuz sahibliyinə keçirmişlər. Torpağın yerləşdiyi ərazi sərhədlərinin şərqindən X8, şimalından isə Cavabdeh2 qeyd edilən həcmdə torpağını zəbt etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməmiş, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Belə ki, iddiaçı kimi o da, 2013-cü ildə Soltan adlı şəxsdən torpaq almış və torpaq sahəsinin kənar nöqtələri ölçülərək ona təhvil verilmişdir. O da, dəmir borudan olan dirəkləri basdırmaqla torpağını sərhədləmişdir. Hazırda iddiaçı ona qarşı əsassız iddia qaldırmışdır. Yaranmış problemlər onun təqsirindən deyildir. Birinci instansiya məhkəməsində cavabdeh X1 nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı mövcud vəziyyətə uyğun koordinat veriləcəyi təqdirdə mülkiyyətində olan sahəsinin 1.3 sot hissəsi itəcəkdir. Baş vermiş sürüşməyə görə onların heç bir təqsiri yoxdur. Onlara uzun illər öncə verilən torpaq sahəsini istifadə edirlər. Əlavə heç kəsə aid sahəni zəbt etməmişlər. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.1, 111.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 152.1, 157.2, 239.2, 170.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə isitnad etmiş və iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsaslanmışdır. Apellyasiyaşikayətinindəlilləri İddiaçı İ.İbrahımli apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, cavabdehlər mülkiyyətində olan torpaqdan çıxmamaqla mülkiyyətə dair toxunulmazlıq hüququ, həmçinin torpaq üzərində sərəncam vermək hüququ pozulmuşdur. Torpağın cavabdehlər tərəfindən hasara alınmaqla və dəmir dirəklər basdırılmaqla zəbt edilməsi ilə mülkiyyət hüquqları pozulmuş, buirinci instansiya məhkəməsi iddianı təmin etməməklə mülkiyyətində olan torpaqdan mərhum edilməsinə şərait yaratmış və haqq qazandırmışdır. İşdə olan sənədlərdən görünür ki, mülkiyyətində olan torpağın 0.01 ha hissəsi bir cavabdehin, 0.0471 ha hissəsi isə digər cavabdehin faktiki istifadəsindədir. Mübahisəli həmin torpaq müvafiq sənədlərlə onun mülkiyyətində olduğu halda, cavabdehlərin mübahisəli əraziyə dair heç bir hüquqmüəyyənedici sənədləri yoxdur. Apellyasiya şikayətinə qarşı Cavabdeh2 etirazı daxil olmuşdur. Cavabdeh etirazında bildirmişdir ki, apellyasiya şikayəti tam əsassız və rədd olunmalıdır. Mübahisəli ərazini Soltan adlı şəxsdən almışdır. 12 sot özü, 12 sot Şəhribani və yerdə qalan torpaq sahəsini də İlkin almışdır. Hesab edir ki, o heç kimin torpağını zəbt etməmişdir. Özünə aid olan torpaq sahəsini istifadə edir. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışında cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, Soltan adlı şəxs olub, torpaq sahəsini bölüb. Bölünmüş torpaq sahəsini İlkinə satmaq istəyib, lakin İlkin almayıb. Həmin torpaq sahəsi başqasına satılıb və çıxarış alınıb. Əsaslandırma Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə materiallarla birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, iddiaçı Masallı rayonu, İsi kəndində 0.1378 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir. Bundan başqa, cavabdehlər X7 və Cavabdeh2 hər biri 0,12 ha olmaqla torpaq sahəsinin mülkiyyətçiləridir. Onların hər birinin adına ayrıca mülkiyyət hüququnu təsdiq edən xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir. İddiaçı İ.İbrahimov mülkiyyətinə ayrılmış torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz zəbt edildiyini iddia etməklə, mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərdən- Cavabdeh1 istifadə etdiyi 1 sot hissəsindən, Cavabdeh2 istifadə etdiyi 4.5 sot hissəsindən çıxarılmasını, torpaqdan istifadə hüquqlarının bərpa edilməsini, cavabdehlərin ona mane olmalarına qadağa qoyulmasını tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçının tələbinin təmin edilməsi üçün, o, iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində olmalı, cavabdehlər həmin əmlakı qaytarmaqdan imtina etməlidir. İddianın təmin edilməsi şərtlərindən biri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. Mübahisəli sahənin iddiaçının mülkiyyətçi olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 01 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsaslanan məhkəmə tikinti-texniki ekspertizasının 07 sentyabr 2022-ci il tarixli, 10/2789 saylı rəyinə görə, İddiaçı, cavabdehlər Cavabdeh2 və X4 məxsus torpaq sahələri sənəd üzrə bir-birinə bitişik şəkildə yerləşməklə qonşu sahələrdir. Rəydə göstərilmişdir ki, qeyd olunan torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlar ilə faktiki vəziyyət arasında şimal-qərb istiqamətidə sürüşmə halı mövcuddur. Belə ki, iddiaçının adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin 0,01 hektaradək hissəsi cavabdeh X1 istifadəsində olan sahəyə, 0,0471 hektaradək hissəsi isə Cavabdeh2 faktiki istifadəsində olan sahəyə düşdüyü, eyni zamanda iddiaçının faktiki istifadəsində olan 0.1313 ha torpaq sahəsinin 417 kv.m hissəsinin ona məxsus “Torpaq sahəsinin planı və ölçüsü”sənədindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh X1 adına tərtib olunmuş “Torpaq sahəsinin panı və ölçüsü”sənədində qeyd olunan koordinatları daxilində yerləşən torpaq sahəsinin 335 kv.m hissəsi digər qonşuların istifadəsində olan ərazilərə və ümumi istifadədə olan yol düşdüyü, Cavabdeh2 adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin 527 kv.m hissəsi digər qonşuların istifadəsində olan sahəyə düşdüyü müəyyən edilmişdir. İddiaçı və cavabdehlərin faktiki istifadəsində olan sahələri bir-birinə bitişik şəkildə yerləşməklə qonşu sahələr olduğu, X1 faktiki istifadəsində olan torpaq sahəsi mişar daşı və dəmir təbəqədən inşa edilmiş hasar vasitəsi ilə digər sahələrdən təcrid şəkildə ayrıldığı, Cavabdeh2 faktiki istifadəsində olan sahə ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi dəmir dirəklər basdırılmaqla şərti olaraq ayrılmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, hüquqmüəyyənedici sənədlər tərəflərə 2013-cü ildə verilmiş və tərəflər müvafiq dövlət orqanının əməkdaşlarının ölçü işləri aparılaraq onlara təhvil verilmiş sahələrə hazırda faktiki sahiblik edirlər. İddiaçının uzun illər ərzində deyil, 2022-ci ildə məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etməsi isə onu deməyə əsas verir ki, daha əvvəl torpaq sahəsinin koordinatları faktiki vəziyyətlə plan və ölçü sənədinə uyğun olmuş, daha sonra isə sürüşmə halı baş vermişdir. Bundan başqa iddiaçı uyğunsuzluğun səbəbinin keçmişdə dövlət idarəsi tərəfindən ölçü işlərinin aparılması üçün istifadə edilən cihazların qeyri dəqiq işləməsində olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin mövqeyinə görə koordinatlar üzrə ümumi sürüşmə halı baş verdiyindən bu, cavabdehlərin torpaq sahəsini özbaşına zəbt etməsi kimi qiymətləndirilə bilməz. Mahiyyətcə birinci instansiya məhkəməsi iş üzrə hazırki baza məlumatları üzrə koordinatları nəzərə almadan iddianı rədd etmişdir. Kollegiya məhkəmənin mövqeyini əsassız sayır və hesab edir ki, iş üzrə ekspert rəyi sübut mənbəyi olaraq qəbul edilməli və müvafiq olaraq qiymətləndirilməlidir. Təqdim edilmiş ekspert rəyinə görə, hazırki baza məlumatları üzrə koordinatlar nəzərə alınarsa iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə etmələri müəyyən edilir. Hazırki baza məlumatlarının nəzərə alınmaması üçün isə əsas yoxdur. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi haqlıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, maddi və prosessual hüquq nomaları düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilməli, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan və Masallı rayonu, İsi kəndində yerləşən yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən: X7- faktiki istifadə etdiyi 0,01 ha hissəsindən, Cavabdeh2- faktiki istifadə etdiyi 0,045 ha hissəsindən çıxarılmalı və mülkiyyətində olan torpaq sahəsindən İddiaçı istifadəsinə edilən maneçiliklər cavabdehlərə qadağan edilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən və iddia təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə cəmi 150 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏTETDİ: İddiaçı İbrahımli İlkin Fəxrəddın oğlunun apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(050)-802/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan və Masallı rayonu, İsi kəndində yerləşən yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən: X7- faktiki istifadə etdiyi 0,01 ha hissəsindən, Cavabdeh2- faktiki istifadə etdiyi 0,045 ha hissəsindən çıxarılsın və mülkiyyətində olan torpaq sahəsindən İddiaçı istifadəsinə edilən maneçiliklər onlara qadağan edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə cəmi 150 manat müştərək qayadada X7 və Cavabdeh2 müştərəfk qayadada tutularaq İddiaçı ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar