Məhkəmə qərarları › İş №2(106)-2267/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2267/2022

08.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2267/2022 08.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 5 №-li Regional Sukanal İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Ağcabədi rayon məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(017)-1274/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinə qarşı 25 yanvar 2022-ci il tarixli, 06-K saylı əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinin Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildən Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinin Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü işləyir.İşlədiyi müddətdə öz işinin öhdəsindən layiqincə gəlmişdir.10 dekabr 2021-ci il tarixdə DİN-in İQM-də olarkən həmin idarənin işçisi ilə aralarında anlaşılmazlıq olmuş və həmin vaxt barəsində inzibati protokol tərtib edilmişdir. Həmin protokola Ağcabədi Rayon Məhkəməsində baxılaraq 08 gün inzibati qaydada həbs olunmuş və həbsdən çıxandan sonra öz işinə qayıtmışdır.İşə çıxarkən ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinin rəisi Zahid Sadıqovun 25 yanvar 2022-ci il tarixli, 06-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur.Savabdeh tərəf onun DİN-in İQM-yə idarəyə məxsus avtomobillə getməsini bildirsə də, o həmin DİN-in İQM-yə idarəyə məxsus avtomobillə getməmişdir.Ağdam rayonundan məcburi köçkündür, ailəlidir, himayəsində görmə və yerimə qabiliyyəti olmayan uşaqları var və ailənin yeganə qazanc gətirənidir.Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinin rəisi Zahid Sadıqovun 25 yanvar 2022-ci il tarixli, 06-K saylı əmri qanunsuz və əsassız olduğu üçün hesab edir ki, həmin əmr ləğv olunmalıdır.Belə ki, 5 №-li Regional Sukanal İdarəsinin rəisi Zahid Sadıqov onu işdən azad edərkən ən azı iki ay əvvəl ona məlumat verməli idi.Bundan başqa, həmkarlar ittifaqının üzvü olduğu üçün işdən azad olunmazdan əvvəl həmkarlar ittifaqının razılığı alınmalı idi.İşdən azad olunarkən qanunun bu göstərişlərinə əməl olunmamışdır. Ona görə də, Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinin rəisi Zahid Sadıqovun 25 yanvar 2022-ci il tarixli, 06-K saylı əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinin Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi rayon məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(017)-1274/2022 saylı qətnaməsi ilə (sədrlik edən R.Nuriyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 5 №-li Regional Sukanal İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə 25 yanvar 2022-ci il tarixli, 06-K saylı əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 5 №-li Regional Sukanal İdarəsinin Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiası rədd edilmiş, Gəncə 1 saylı mediasiya təşkilatına ödənilmiş 51 manat rüsum İddiaçı aid edilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə işəgötürən onu işdən azad edərkən ən azı iki ay əvvəl onu rəsmi xəbərdar etməmişdir. Apellyasiya şikayətində Ağcabədi rayon məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(017)-1274/2022 saylı qətnaməsinin ləğv edilməsi cavabdeh Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinin rəisi Zahid Sadıqovun 25 yanvar 2022-ci il tarixli, 06-K saylı əmrinin ləğv edilməsi, 5 №-li Regional Sukanal İdarəsinin Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir, gəlməməsinin üzürlü səbəbləri barədə bildirməmişdir. Məhkəməyə vəkil kimi Vəfa Usubovanın adından teleqram göndərilərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyi üçün məhkəmə iclasının 15 dekabr 2022-ci il tarixə keçirilməsi xahiş edilsə də, iş materiallarında vəkil orderi olmadığından və xəstəliklə bağlı rəsmi sənəd təqdim edilmədiyi üçün məhkəmə kollegiyası işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 izahatında apellyasiya şikayətinin təmin edilmədən, Ağcabədi rayon məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətində Ağcabədi rayon məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(017)-1274/2022 saylı qətnaməsinin ləğv edilməsi cavabdeh Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinin rəisi Zahid Sadıqovun 25 yanvar 2022-ci il tarixli, 06-K saylı əmrinin ləğv edilməsi, 5 №-li Regional Sukanal İdarəsinin Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilməklə qətnamə bütövlükdə mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir edilmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə görə həmin Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İşdə olan sübutlarla müəyyən olunur ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozmuş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən müvafiq həmkarlar ittifaqı təşkilatının razılığı qabaqcadan alınmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından isə görünür ki, iddiaçı 1 aylıq müddətin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş üzürlü səbəblərdən buraxılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinin tələbinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəffndən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekbar 2001-ci il tarixli, qərarında göstərilir ki, iddia müddəti birinci növbədə hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir.İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi.Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır.Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinin 25 yanvar 2022-ci il tarixli, 06-K saylı əmri ilə Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 25 yanvar 2022-ci il tarixdən xitam verilməsi qanuna uyğun olmuşdur. Əmək Məcəlləsinin 76-cı maddəsi əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri təsbit edir.Əmək qanunvericiliyi müəyyən etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.Əgər işçi ilə bağlanmış müddətli əmək müqaviləsinini müddəti qurtararsa, işəgötürən tərəfindən əmək müqaviləsinə ya Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi ilə və yaxud Əmək Məcəlləsinin 73-cü maddəsi ilə xitam verilə bilər.Əmək Qanunvericiliyi eyni zamanda əmək müqaviləsinə iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilməsini qadağan edir. Əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün əsas vardırsa, bu hələ işçi ilə əmək müqaviləsini ləğv etməyə hüquq vermir.Qanunvericilik müəyyən edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən, Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməli, habelə bu Məcəllənin 79-cu maddəsində nəzərdə tutulmuş hallara diqqət yetirilməlidir.Əks təqdirdə, işçi ilə əmək müqaviləsinin ləğv edilməsi əmək mübahisəsinə baxan məhkəmə tərəfindən qanunsuz hesab olunacaqdır. Tətbiq edilən maddi hüquq normalarının tələbləri və hüquqi müəyyənlik baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinin 25 yanvar 2022-ci il tarixli, 06-K saylı əmri ilə Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 25 yanvar 2022-ci il tarixdən xitam verilməsi əmək qanunvericiliyin tələblərinə uyğun olduğu üçün əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçının etirazlarının əsası kimi istinad etdiyi hallar sübut edilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Ağcabədi rayon məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(017)-1274/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən iş üzrə aşağıdakı sübutları tədqiq edilmişdir. İşdə olan 30 avqust 2021-ci il tarixli aktın məzmunundan görünür ki, Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü İddiaçı “İrəli” təşkilatının həyata keçirdiyi tədbirlə əlaqədar tədbir üzvlərinə içməli su aparmış, su maşınının tədbir yerində qalması bildirildikdə tədbir iştirakçıları ilə mübahisə etmiş və bununla əlaqədar 30 avqust 2021-ci il tarixdə Ağdam Sukanal sahəsinin rəisinin xidməti otağında sahə rəisi ilə də mübahisə etmişdir. İşdə olan xəbərdarlıq məktubunun məzmunundan görünür ki, İddiaçı barəsində edilmiş şikayətlərlə əlaqədar Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsi tərəfindən İddiaçı xəbərdarlıq edilmişdir. İşdə olan 10 dekabr 2021-ci il tarixli məlumatın məzmunundan görünür ki, İddiaçı 10 dekabr 2021-ci il tarixdə işə gələrək davamiyyət kitabına imza etmiş və heç kimə bildirmədən icazəsiz iş yerini tərk etmişdir. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 3(017)- 641/2021 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsi tərəfindən "xxxx" ASC-in su təsərrüfatı X1 Respublika Komitəsinə ünvanlanmış 05 yanvar 2022-ci il tarixli, 01/2-01 saylı məktubun məzmunundan görünür ki, Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması) əsasən işdən azad olunması məsələsinə baxılaraq təklifin verilməsi xahiş olunmuşdur. İşdə olan Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin 06 yanvar 2022ci il tarixli, 144 saylı məktubundan görünür ki, Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasından və Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinin 25 yanvar 2022-ci il tarixli, 06-K saylı əmrindən görünür ki, Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 25 yanvar 2022-ci il tarixdən xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinin 25 yanvar 2022-ci il tarixli, 01/1-51 saylı məktubundan görünür ki, Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə İddiaçı məlumat verilmişdir. İşdə olan 11 may 2022-ci il tarixli 01955 saylı mediasiyaya dəvət məktubundan görünür ki, İddiaçı müraciəti əsasında İddiaçı və Cavabdeh ASC-nin 5 №-li Regional Sukanal İdarəsi madiasiya prosesinin tətbiqi barədə təklifdə təsvir edilən mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya sesiyasında iştirak etməyə dəvət olunmuşdur. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü İddiaçı barəsində edilmiş şikayətlərlə əlaqədar Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsi tərəfindən İddiaçı xəbərdarlıq edilmiş, İddiaçı 10 dekabr 2021-ci il tarixdə işə gələrək davamiyyət kitabına imza etdikdən sonra heç kimə bildirmədən icazəsiz iş yerini tərk etmiş, Ağcabədi Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 3(017)-641/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir.Bundan sonra Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsi tərəfindən 05 yanvar 2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması) əsasən işdən azad olunması məsələsinə baxılaraq təklifin verilməsi üçün "xxxx" ASC-in su təsərrüfatı X1 Respublika Komitəsinə müraciət edilmiş, Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsi 06 yanvar 2022-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmiş və Azərbaycan Respublikası Cavabdeh ASC-in 5 №-li Regional Sukanal İdarəsinin 25 yanvar 2022-ci il tarixli, 06-K saylı əmri ilə Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 25 yanvar 2022-ci il tarixdən xitam verilmişdir və İddiaçı bu barədə rəsmi qaydada məlumat verilmişdir. Məhkəmə araşdırmaları zamanı cavabdehin nümayəndəsi X3 izahatında göstərmişdir ki, İddiaçı 02 sentyabr 2019-cu il tarixdən 25 yanvar 2022-ci il tarixədək Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü işləmişdir.İşlədiyi müddətdə dəfələrlə sahə rəisinə və iş yoldaşlarına qarşı qeyri-etik davranışlar nümayiş etdirmiş, heç bir səbəb olmadan mübahisə etmiş, işlərin icrası zamanı nöqsanlara yol vermiş və bu barədə sahə rəisi tərəfindən baş idarəyə xidməti məlumat və həmçinin iş yoldaşları tərəfindən şikayət ərizəsi verilmişdir.Həmin məlumatlar əsasında iddiaçıya xəbərdarlıqlar olunmuşdur.Lakin, iddiaçı bu hərəkətlərinə son qoymamış, 10 dekabr 2021-ci il tarixdə səhər saat 09 radələrində iş yerinə gəlib gündəlik işə davamiyyət jurnalına imza etdikdən sonra heç kimə demədən şəxsi işi ilə əlaqədar iş yerini özbaşına terk edib Ağcabədi rayonunda yerləşən DİN-in İQM-ya getmişdir.Orada qanunun tələbini pozaraq dava salmış və polis əməkdaşına müqavimət göstərdiyi üçün Ağcabədi rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati həbs tənbehi almışdır.İddiaçı inzibati qaydada həbs olunduğu üçün idarənin daxili əmrinə əsasən onun həbsdə olduğu günlərin əmək haqqısı dayandırılmış və idarə etdiyi “Ford Cargo” markalı **-JE-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi başqa bir sürücüyə həvalə edilmişdir.İddiaçı bütün bu qanunsuz əməllərini, məsuliyyətsizliyini, rəhbərliyə qarşı subardinasiya qaydalarını dəfələrlə pozduğunu, heç kimə xəbər vermədən özbaşına iş yerini və işlədiyi rayonu tərk edərək, dövlət idarəsində qanunsuz hərəkətlərinə görə inzibati xəta törədib inzibati həbs olunduğunu nəzərə alıb "xxxx" ASC-in rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması) əsasən işdən azad olunması üçün 21 dekabr 2021-ci il tarixli 01/1/01-1/1/20549 nömrəli məktubla idarəyə bildiriş verilmişdir.Bundan sonra, "xxxx" ASC-in su təsərrüfatı X1 Respublika Komitəsinə İddiaçı işdən azad olunması məsələsinə münasibət bildirmələri üçün məktubla müraciət edilmiş, Komitə üzvləri İddiaçı işdən azad edilməsi üçün bütün əsasların olduğunu qeyd edərək, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması) əsasən işdən azad olunmasına 06 yanvar 2022-ci il tarixli 144 nömrəli məktubla müsbət rəy verilmişdir.Bundan sonra, həmin işçi göstərilən maddə ilə işdən azad edilmiş, ona ödənilməli olan bütün ödənişlər vaxtında ödənilmiş və əmək kitabçasını götürməsi üçün yaşayış ünvanına məktub yazılmışdır.İddiaçı sonradan qeydiyyat kitabına imza etməklə əmək kitabçasını götürmüşdür. İşdən görünür ki, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı məhkəməyə müraciət edərkən qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür, fərdi əmək mübahisələri üzrə iddia müddətini tətbiq edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296ci maddəsi ilə nizama salınır.İddiaçı 25 yanvar 2022-ci il tarixdə işdən azad olunmasına və bundan bir neçə gün sonra əmək kitabçasının ona təqdim olunmasına baxmayaraq 2022ci ilin iyun ayında məhkəməyə müraciət etmiş və bununla da qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür, ona görə də iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh təşkilatın nümayəndəsinin ərizəsi ilə razılaşmayaraq bildirmişdir ki, əmək kitabçasını təxminən 2022-ci ilin fevral ayının 25-də almışdır.Bundan sonra, iddiaçı barəsində olan əmrin məhkəmədən kənar qaydada ləğv edilməsi və əvvəlki işə bərpa olunması üçün çalışsa da, buna nail ola bilməmiş və həmçinin də idarə rəisi tərəfindən işə qaytarılacağı bildirilmişdir.Ona görə də 11 may 2022-ci il tarixdə mediasiyaya müraciət etmiş və 23 may 2022-ci il tarixdə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.Bütün bu səbəblərdən də müvafiq əmrin qəbul olunmasından təxminən 2 ay sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə işəgötürən onu işdən azad edərkən ən azı iki ay əvvəl onu rəsmi xəbərdar etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq işin hüquqi hallarına uyğun olmadığı üçün iddianın təmin edilməsi baxımından əsassız hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi rayon məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(017)-1274/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar