Məhkəmə qərarları › İş №2(106)-2298/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2298/2022

22.11.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2298/2022 22.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Y maraqlı şəxs İmişli rayonu Sarıxanlı Bələdiyyəsinin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəsinə dair iş üzrə İmişli Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərardadından ərizəçi Y tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Y ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan İmişli rayonu Sarıxanlı Bələdiyyəsinin vergi borcunun ödənilməsini təmin etmək məqsədilə onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli rayonu Sarıxanlı Bələdiyyəsinin dövlət büdcəsinə 204,95 manat məbləğində (o cümlədən, vergilər üzrə 154 manat, faizlər üzrə 10,95 manat, maliyyə sanksiyası üzrə 40 manat), Dövlət Sosial Müdafiə Fonduna 18132,29 manat, işsizlikdən sığorta fonduna 310,99 manat, İcbari Tibbi Sığorta Fonduna 339,78 manat olmaqla, ümumilikdə 18988,01 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, **********659700 nömrəli; xx.xx.2022-ci il tarixli, **********297800 nömrəli; xx.xx.2022-ci il tarixli, **********016900 nömrəli; xx.xx.2022-ci il tarixli, **********821900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə ümumi məhkəməyə aidiyyəti olmadığından ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Qərardaddan ərizəçi şikayət vermiş, şikayətində qərardadın ləğv edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, məhkəmənin istinad etdiyi Mülki Prosessual Məcəllənin 26.2-ci madcəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Mülki Prosessual Məcəllənin 40-2-ci fəslində Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat tənzimlənir. Göründüyü kimi Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri MPM-in 40-2-ci fəslində nəzərdə tutulmuş vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda baxırlar. Lakin İmişli rayonu Sərxanlı Bələdiyyəsi yerli özünü idarəetməorqanı olmaqla, sahibkarlıq fəaliyyəti göstərmir. İmişli rayonu Sərxanlı Bələdiyyəsi yerli özünüidarə orqanıdır, əsas fəaliyyət növü “yerli özünüidarəetmə” ilə bağlı olmaqla, sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil. Bu hal isə MPM-in 26.2ci maddəsinin hazırkı mübahisəyə tətbiqini mümkünsüz edir. Şikayətə baxılmış, İmişli Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, 15 noyabr 2022-ci il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəçini dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən qərardad ləğv edilməlidir. İşin hallarından görünür ki, ərizəçi məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan İmişli rayonu Sarıxanlı Bələdiyyəsinin vergi borcunun ödənilməsini təmin etmək məqsədilə onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni geri qaytararkən, Azərbaycan Respublikasının MPM-nin 24.2, 25.1, 26.1, 26.2, 152.1.3-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasının MPM-nin 26.2-ci maddəsinə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə ərizəni ona görə qaytarmışdır ki, hazırki ərizəyə ümumi məhkəmədə baxılmalı deyil. Kollegiya hesab edir ki, ərizənin geri qaytarılması üçün əsas yoxdur. Müəyyən edilir ki, ərizəçi dövlət orqanı, maraqlı şəxs bələdiyyədir. Kollegiya qeyd edir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqəli deyil, bələdiyyə vergi ödəyicisi olan yerli özünüidarəetmə orqanıdır. Yaranan borclar kommersiya fəaliyyətindən irəli gəlmir. Qanunun tələbinə kommersiya məhkəmələri MPM-in 35-ci (İtirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı)) və 40-2- ci (Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) fəsillərində nəzərdə tutulmuş işlərə o halda baxmaq səlahiyyətinə malikdirlər ki, həmin işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olsun. Göstərilənlər onu deməyə əsas verir ki, ərizəni qaytarmaq üçün əsas yoxdur. Hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında, ümumi məhkəmədə baxılmalıdır. Beləliklə, qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməli, ərizənin icraata götürülməsi məsələsinə yenidən baxılmaq üçün iş üzrə materiallar birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: Y şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(036)-3157/2022 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılmaq üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar