Məhkəmə qərarları › İş №2(106)-230/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-230/2024

15.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-230/2024 15.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə , İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «06 sentyabr 2019-cu il tarixli, 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 2(069)135/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti məhkəmədə iddia qaldıraraq, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 85 nömrəli mənzilə dair 06 sentyabr 2019-cu il tarixli 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və Cavabdeh əşyaları ilə birlikdə 85 nömrəli mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbi ilə bağlı məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq, buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 sentyabr 2019-cu il tarixli 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh Qaydanın tələbinə uyğun olaraq, Dövlət Proqramı çərçivəsində Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 146 ailəlik qəsəbədə 85 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Beyləqan rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh həmin mənzildə (evdə) yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (Bu barədə Azərişıq, Azərsu və Azərqaz abonent saldosu və kartının surətləri əlavə olunur). Komitənin Mənzil İstismar Departamentinin Beyləqan rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi tərəfindən Cavabdeh 85 nömrəli mənzildə (evdə) yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Cavabdeh X11 ona verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədəki 85 nömrəli mənzilində (evdə) yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Ona görə də, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 85 nömrəli mənzilə dair 06 sentyabr 2019-cu il tarixli 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və Cavabdeh əşyaları ilə birlikdə 85 nömrəli mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X17 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən Beyləqan rayonu 146 ailəlik qəsəbədə 85 nömrəli mənzil müvəqqəti olaraq onun istifadəsinə verilmişdir. Hazırda o, İmişli rayonunda işləyir və orada kirayədə yaşayır. Lakin bütün bunlara baxmayaraq, ara bir evə gəlir və mənzildən istifadə edir. Ona görə də, qeyd etdiklərini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Xocavənd Rayon Məhkəməsinin 2(069)135/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: İlqar Əliyev), iddianın təmin edilməsi, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 85 nömrəli mənzilə dair 06 sentyabr 2019-cu il tarixli, 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh əşyaları ilə birlikdə Beyləqan rayonu 146 ailəlik qəsəbədə yerləşən 85 nömrəli xüsusi təyinatlı mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən AR Mənzil Məcəlləsinin 91, 92, 100 və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”-na istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, o məcburi köçkündür və məcburi köçkün statusu vardır. O, erməni işğalı nəticəsində evindən məhrum olmuş və torpaqlar işğaldan azad olunsa da, məlum səbəblərdən doğma yurduna qayıtması mümkün deyildir. Onun evi, mənzili yoxdur. Ona verilmiş mənzilə yaxın yerdə iş yeri tapa bilmədiyinə görə məcbur olub İmişli rayonunda yerləşən Füzuli 11 saylı məktəbində kitabxanaçı işləyir və yol uzaq olduğu üçün hər gün yox, istirahət günlərində ona verilmiş mənzilə gedir. Əmlakı da həmin mənzildədir. Mənzildən çıxarılsa, yaşamağa və əşyalarını saxlamağa başqa yeri yoxdur Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Ağayeva X4 Rayon Məhkəməsinin 2(069)135/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X15 apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Xocavənd Rayon Məhkəməsinin 2(069)135/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işin baxılmasının başqa vaxta təyin edilməsini xahiş etmiş, lakin bu barədə hər hansı bir sübutu teleqrama əlavə etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri həddində Xocavənd Rayon Məhkəməsinin 2(069)135/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın: 3.7-ci hissəsinə əsasən, məcburi köçkün ailəsi istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qrumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq, Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. 5.7-ci hissəsinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideyinləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və digər əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz 3 aydan artıq müdəttdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti məhkəmədə iddia qaldıraraq, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 85 nömrəli mənzilə dair 06 sentyabr 2019-cu il tarixli 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və Cavabdeh əşyaları ilə birlikdə 85 nömrəli mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair hüquqi nəticəyə gəlmiş və gəldiyi nəticəni müqavilə tələblərinin cavabdeh tərəfindən kobud şəkildə pozulması, Cavabdeh «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın tələblərini pozaraq ona Beyləqan rayon ərazisində salınmış Xocavənd rayonu 146 ailəlik qəsəbədə verilmiş 85 saylı yaşayış sahəsindən istifadə etməməsi, bu halın isə, həmin kirayə müqaviləsinin ləğv edilməsinə və cavabdehin xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmasına olması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələri). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarının riayət edilibedilməməsi yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi nəzərdən qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iddia tələbini təmin edib xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və Cavabdeh xüsusi təyinatlı mənzildən çıxarılması qənaətinə gələrkən cavabdehin mənzildə yaşamamasının üzrlü səbəbdən olmasını nəzərə almamış, bununla bağlı cavabdeh tərəfin təqdim etdiyi sübutlara düzgün qiymət verməmişdir. Odur ki, gəlinən nəticə ləğv edilməli, iddia tələbinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla yenidən hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan 06 sentyabr 2019-cu il tarixli, 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Beyləqan rayonu, 146 ailəlik qəsəbədə yerləşən 85 nömrəli 1 otaqlı mənzili Cavabdeh müvəqqəti olaraq istifadəsinə verilmişdir. İş materiallarında olan Beyləqan MKİS-nin rəisi X12, Beyləqan MKİS-nin mühəndisi X6, Beyləqan MKİS-nin sahə nəzarətçisi X7, Beyləqan 146 ailəlik qəsəbədə 146 №-li evdə yaşayan Kəlbəcər rayon Məmmədsəfı kənd sakini X1 və Beyləqan 146 ailəlik qəsəbədə 121 №-li evdə yaşayan Ağdam rayon Mərzili kənd sakini X8 iştirakı ilə tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli, 12 yanvar 2023-cü il tarixli, 08 fevral 2023-cü il tarixli, 10 mart 2023-cü il tarixli və 07 aprel 2023-cü il tarixli aktlardan görünür ki, Beyləqan 146 ailəlik qəsəbədə Füzuli rayon İşıqlı kənd sakini Cavabdeh məxsus 1 otaqlı 85 №-li evdə uzun müddətdir ki, yaşayış yoxdur. Tərəflərindən şifahi həm də yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, mənzildə yaşayışı bərpa etməmişdir. Hal-hazırda evdə yaşayış yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Beyləqan Mənzil Kommunal İstismar Sahəsinin 16 may 2022-ci il tarixli, 13 saylı xidməti məlumatından görünür ki, Beyləqan 146 ailəlik qəsəbədə Cəbrayıl şəhər sakini X13 məxsus 2 otaqlı 37 №-li, Füzuli şəhər sakini X18 məxsus 1 otaqlı 39 №-li, Füzuli rayon Xələfşə kənd sakini X9 məxsus 2 otaqlı 110 №-li, Füzuli rayon Zərgər kənd sakini X2 məxsus 3 otaqlı 45 №-li, Füzuli rayon İşıqlı kənd sakini Cavabdeh məxsus 1 otaqlı 85 №-li evdə uzun müddətdir ki, yaşayış yoxdur. Tərəflərindən şifahi həm də yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, mənzildə yaşayışı bərpa etməmişlər. Halhazırda evdə yaşayış yoxdur. Odur ki, bununla əlaqədar olaraq tərəflərindən akt tərtib edilmiş və məsələ ilə bağlı tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan X14 rayonu üzrə MKİS-nın xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Beyləqan rayon inzibati ərazisində salınmış 146 ailəlik qəsəbədə Dövlətqaçqınkom tərəfindən Cavabdeh verilmiş ( 1 otaqlı) 85 № li evdə uzun müddət yaşayış olmaması səbəbbindən, 3 gün müddətində evdə yaşayışı bərpa etməsi üçün vaxt verilmiş, evdə yaşayış bərpa edilməzsə Dövlətqaçqmkom tərəfindən verilmiş müqavilənin ləğv olunması üçün məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar edilmişdir. İş materiallarıında olan abunə haqqında cədvəldən görünür ki, Cavabdeh ilə X28 Cəmiyyəti arasında elektirik enerjisindən istifadəyə görə müqavilə münasibətləri mövcuddur. Belə ki, yaşayış sahəsində 2019-cu ilin dekabr ayından 2023-cü ilin may ayına kimi elektrik enerjisindən cəmi 5,69 manat istifadə edilmişdir. İş materiallarında olan 15 may 2023-cü il tarixli Azərsu abonent kartından çıxarışdan görünür ki, Cavabdeh ilə Azərsu arasında su təhcizatı ilə bağlı 15 iyul 2020-ci il tarixli müqavilə mövcuddur. Belə ki, abonent kodu **********000 olan, ailə tərkibi 1, qaçqın sayı 1 nəfərdən ibarətdir. Cavabdeh 2020-ci il tarixdən 2023-cü ilin may ayınadək cəmi sərfiyyatı 0,90 manat təşkil etmişdir. İş materiallarıında olan abonentin saldosundan çıxarışdan görünür ki, Cavabdeh ilə Ağdam MQKS, Beyləqan, Xocavənd 146 ailəlik qəsəbəsi arasında təbii qazdan istifadəyə görə müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********00850 olan, ailə tərkibi 1, qaçqın sayı 0 nəfərdən ibarətdir. Həmin evdə 3 gözlü qaz plitələri (PQ-3)(1/1) vardır. Yaşayış sahəsində 2020-ci ilin mart ayından 2023- cü ilin aprel ayına kimi təbii qazdan istifadə edilməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 85 nömrəli mənzilə dair 06 sentyabr 2019-cu il tarixli 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və Cavabdeh əşyaları ilə birlikdə 85 nömrəli mənzildən çıxarılmasını tələb edir. İddiaçının tələbinin hüquqi əsası kimi Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasına istinad edir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin iddia tələbinin mahiyyətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 sentyabr 2019-cu il tarixli 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh Qaydanın tələbinə uyğun olaraq, Dövlət Proqramı çərçivəsində Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 146 ailəlik qəsəbədə 85 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Beyləqan rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh həmin mənzildə (evdə) yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (Bu barədə Azərişıq, Azərsu və Azərqaz abonent saldosu və kartının surətləri əlavə olunur). Komitənin Mənzil İstismar Departamentinin Beyləqan rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi tərəfindən Cavabdeh 85 nömrəli mənzildə (evdə) yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Cavabdeh X11 ona verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədəki 85 nömrəli mənzilində (evdə) yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Ona görə də, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 85 nömrəli mənzilə dair 06 sentyabr 2019-cu il tarixli 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və Cavabdeh əşyaları ilə birlikdə 85 nömrəli mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazından müəyyən olunur ki, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən Beyləqan rayonu 146 ailəlik qəsəbədə 85 nömrəli mənzil müvəqqəti olaraq onun istifadəsinə verilmişdir. Hazırda o, İmişli rayonunda Füzuli 11 nömrəli məktəbdə kitabxanaçı vəzifəsində işləyir və həmin rayonda kirayədə yaşayır. Lakin bütün bunlara baxmayaraq, ara bir evə gəlir və mənzildən istifadə edir. Ona görə də, qeyd etdiklərini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 70.Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Maddə 82.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. Maddə 97.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddə 107.Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 108.Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.7-ci hissəsinə əsasən, məcburi köçkün ailəsi istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qrumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq, Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 5.7-ci hissəsinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideyinləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və digər əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz 3 aydan artıq müdəttdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Hazırkı mülki iş materiallarından və tərəflərin apellyasiya icraatı zamanı verdiyi izahatdan da müəyyən edilir ki, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 sentyabr 2019-cu il tarixli 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh Qaydanın tələbinə uyğun olaraq, Dövlət Proqramı çərçivəsində Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 146 ailəlik qəsəbədə 85 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Lakin iddiaçı X3 ona verilən həmin mənzilində (evdə) yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsini tələb etmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» nın tələblərini pozaraq, ona Beyləqan rayon ərazisində salınmış Xocavənd rayonu 146 ailəlik qəsəbədə verilmiş 85 saylı yaşayış sahəsindən istifadə etməmişdir. Bu halın isə, həmin kirayə müqaviləsinin ləğv edilməsinə və cavabdehin xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmasına əsas olması qənaətinə gəlmişdir. Kollegiya hazırkı işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək müəyyən edir ki, tərəflər arasında mənzil qanunvericiliyində nəzərdə tutulmuş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin bağlanması və bu əqddən irəli gələn hüquq münasibətlərinin qurulması işin mübahisəsiz halıdır. Məlum olduğu kimi xüsusi təyinatlı mənzil fondu ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması, o cümlədən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələridir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Bu öhdəliyin kirayəçi tərəfindən pozulması sözügedən kirayə müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Eyni zamanda qanunda nəzərdə tutulmuşdur ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, Mənzil Məcəlləsinin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Hazırki işdə iddiaçının 01 dekabr 2022-ci il tarixli, 12 yanvar 2023-cü il tarixli, 08 fevral 2023-cü il tarixli, 10 mart 2023-cü il tarixli və 07 aprel 2023-cü il tarixlərdə tərtib etdiyi aktlarla mübahisə predmeti olan xüsusi təyinatlı yaşayış sahəsində kirayəçinin yaşamadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı müəyyən edilmişdir ki, Cavabdeh İmişli şəhərində yerləşən Füzuli 11 saylı məktəbdə kitabxanaçı vəzifəsində işləyir və istirahət günlərində ona verilmiş mənzilə gedə bilir. Bu hal həmçinin cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi arayışdan və komunal ödənişlərlə bağlı qəbzlərdən də müəyyən edilir. Göründüyü kimi, cavabdehin müvəqqəti məskunlaşdığı Beyləqan rayon ərazisində deyil, İmişli rayonu ərazisində işləməsi və ilin bütün vaxtı deyil, yalnız ona verilən istirahət günlərində həmin evə gəlməsi onun həmin evdə üzürsüz səbəbdən yaşamaması və ya daimi yaşamaması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasan hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Cavabdeh İmişli rayonunda Füzuli 11 nömrəli məktəbdə kitabxanaçı vəzifəsində iş yeri seçmiş və bu səbəbdən də, Cavabdeh üzürlü səbəblərdən Dövlət Proqramı çərçivəsində Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 146 ailəlik qəsəbədə 85 nömrəli 1 otaqlı mənzildə daimi yaşaması mümükün olmamışdır. Belə olan halda isə iddiaçının iddia etdiyi cavabdehin qeyd olunan mənzildə daimi yaşaya bilməməsi onun müqavilə əsasında əldə etmiş olduğu sahiblik və istifadə hüququnun itirilməsinə səbəb ola bilməz. Məhkəmə kollegiyası iddiaçının iddia tələbi və cavabdehin iddia tələbinə etirazını (apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla) nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən və Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 146 ailəlik qəsəbədə 85 nömrəli 1 otaqlı mənzildən cavabdehin yalnız istirahət günlərində yaşamasının üzrlü səbəb olmasını müəyyən etmədən iddia tələbini təmin etməkdə haqlı olmamış, qanuni və əsaslı nəticəyə gəlməmişdir. Halbuki Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-nin 217.1-ci maddəsi). Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək apararaq hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayəti əsaslı hesab edilməklə təmin edilməli, Xocavənd Rayon Məhkəməsinin 2(069)135/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xocavənd Rayon Məhkəməsinin 2(069)135/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «06 sentyabr 2019-cu il tarixli, 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar