Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2314/2022 16.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X2 və X1 ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı “torpaq üzərində vərəsəlik hüququnun bərpası tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-283/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-283/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-283/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. İddiaçı apellyasiya şikayətini lazımi məzmunda tərtib etməmişdir. Belə ki, apellyasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində apellyator tərəfindən düzgün tətbiq edilmədiyi iddia edilən maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1243.1, 1243.2, 1243.3, 1273-1, 1262, 1246, 375.2, 376, 377 və 384-cü maddələri göstərilmiş, lakin həmin normaların qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olması və bu halların nə ilə nəticələndiyinə dair mövqeyi izah edilməmişdir. Bundan başqa, apellyasiya şikayətinin “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində apellyator tərəfindən Mülki Prosessual Məcəllənin 77.1, 81 və 220.4-cü maddələrinə istinad edilmiş, lakin həmin prosessual hüquq normalarının qarşısında onların düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına dair hər hansı mövqe bildirilməmiş, yalnız sözügedən maddələrin mətni qeyd edilmişdir. Həmçinin, iddiaçı apellyasiya şikayətində məhkəmə aktını düzgün hesab etmədiyi əsasları qeyd edərkən həmin hissələrdə apellyasiya şikayətinin Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş formaya dair tələblərinə əməl etməmişdir. Belə ki, apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində göstərilsə də, iddiaçı tərəfindən tərtib edilmiş apellyasiya şikayəti həmin formanın tələblərinə uyğun deyil. Mülki Prosessual Məcəllənin 361.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, eləcə də, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Sabirabad Rayon Məhkəməsinin 2(056)-283/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(106)-2314/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2314/2022
16.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver