Məhkəmə qərarları › İş №2(106)-2345/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2345/2022

13.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2345/2022 13.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Masallı Rayon Məhkəməsinin 2(050)362/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 dekabr 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə və evinə olan gediş-gəliş yolunun açılması və eyvanın cavabdehin hesabına sökülməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1970-ci ildə X2 ilə nikaha girərək onun valideynlərinə məxsus Masallı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 23 saylı evə gəlin köçmüşdür. Sonradan həyətdə onlar üçün ayrıca ev tikilmişdir. Eləcə də qaynı Cavabdeh da sonradan həyətdə ev tikmişdir. İslahat zamanı evlərinin yerləşdiyi və onun ətrafında olan 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmiş və bununla bağlı onlara torpağın mülkiyyətə verilməsinə dair JN-280A saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə adı səhv yazılıdığından Şəhadətnamədə olan torpağın ona məxsus olması ilə bağlı məhkəmənin qətnaməsi olmuşdur. Cavabdehin evi isə qeyd olunan torpağın qonşuluğunda yerləşir. Lakin o, evini inşa edərkən eyvanı elə düzəltmişdir ki, həyətinə avtomobil girə bilmir. Yalnız piyada yolu saxlanmışdır. Halbu ki, həyətinə cavabdehin evi inşa edilənədək maşın yolu olmuşdur. Cavabdehdən həyətinə yol verilməsini dəfələrlə tələb etsə də, nəticəsi olmamışdır. Bununla bağlı icra Hakimiyyətinə, ərazi nümayəndəliyinə və bələdiyyəyə müraciət etmişdir. Lakin cavabdeh bundan da nəticə çıxarmamış, evinin həyətinə gələn yolun üzərində inşa etdiyi eyvanı sökdürməmişdir. Nəticədə mülkiyyətində olan torpaq sahəsindən və orada olan evindən sərbəst istifadə hüququ pozulmuşdur. Odur ki, ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə və evinə gedən gediş-gəliş yolunun açılması üçün cavabdeh tərəfindən inşa edilmiş eyvanın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlə qohum olmalarına baxmayaraq münasibətləri yaxşı deyil. Əri vəfat etmiş, cox vaxt oğlunun evində yaşayır. Cavabdeh onun etirazlarına əhəmiyyət verməyərək, uzun müddət əvvəl evinə balkon artırmışdır. Dəfələrlə bu barədə narazılıq etsə də nəticəsi olmamışdır. Hal-hazırda evinə piyada gedib-gəlsə də, avtomobil yolu yoxdur. Buna səbəb isə cavabdehin həmin yolu inşa etdiyi balkonla bağlamasıdır. Əvvəllər həmin yoldan istifadə etmişdir, başqa yolu yoxdur. Evini satmaq istəyir, gələn adamlar yola görə evi almaq istəmirlər. Bunlardan da əlavə evində yanğın baş verərsə heç bir nəqliyyat vasitəsi ilə müdaxilə etmək mümkün olmayacaq. Ona görə də həmin balkonun (eyvanın) sökülərək yolun açılmasını tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını haqlı hesab etmişdir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etmiş, hazırlıq iclasında bildirmişdir ki, o, faktiki olaraq Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. Lakin hər il bir-iki gün gəlib istirahət edir, İddiaçı onun qardaşının arvadıdır, uzun müddətdir ki, evinin qarşı hissəsinə eyvan, yəni balkon artırmışdır. Həmin eyvan sökülərsə evinin dəyəri düşəcək və görünüşü pozulacaqdır. Ona görə də balkonun sökülməsinə qətiyyən etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)362/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsi (hakim H.Bəhmənov) ilə, iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən inşa edilmiş balkonun (eyvan) uzunluğu 5.8 metr, eni 3.2 metr (18.56 kv/m) hissəsi (evin qarşı tərəfindən sol hissə) Cavabdeh hesabına sökülməsi və İddiaçı ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə gediş-gəliş yolu açılması, Cavabdeh məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X1 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1, 170.1-170.4, 171.1-171.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış nəticədə qəbul edilən qətnamə isə qanunsuz və əsasız olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Masallı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(050)-1988/2022 saylı qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Həbioğlu apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında Masallı Rayon Məhkəməsinin 2(050)362/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Masallı Rayon Məhkəməsinin 2(050)362/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)362/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Məcəllənin; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-cü maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3-ci maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, tələbin əsaslı olması və sübut olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)362/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)362/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə əlaqədar iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan JN-280A A, kod 80501004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1999-cu il tarixli, 27 saylı qərarı əsasında X3 ailə üzvləri ilə birlikdə 0.04 ha fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(050)-489/2020 saylı qətnaməsinin surətindən görünür ki, JN-280A A, kod 80501004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının 20 iyul 2022-ci il tarixli, 10/1537 saylı rəyindən məlum olur ki; -Baxış zamanı əldə olunmuş məlumatlara əsasən mübahisəli balkonun bir hissəsinin mövcudluğunun iddia olunan əraziyə avtomobil vasitəsi ilə daxil olmağın qarşısını alması müəyyən olunmuşdur. -Mübahisə predmeti olan balkonun yüngül konstuksiyalardan quraşdırıldığını nəzərə alaraq, balkonun uzunluğu 5.8 metr, eni 3.2 metr (18.56 kv/m) hissəsinin sökülməsinin və bunun nəticəsində də, iddia olunan əraziyə avtomobil vasitəsilə daxil olmağın mümkün olacağı müəyyən olumuşdur. Belə ki, həmin hissə söküldükdən sonra mübahisəli yolun naturada eni 4.9 metr təşkil edəcəkdir. Birinci instansiya məhkəməsi icraatı zamanı mübahisəli əraziyə tərəflərin iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, eyni hasar daxilində bir-biri ilə qonşu olan üç fərdi yaşayış evi vardır. İddiaçı evinə getmək üçün digər iki fərdi yaşayış evinin arasından əvvəllər gedişgəliş yolunun olması aşkar görünür. Evlərdən biri Cavabdeh, digəri onların qohumuna məxsusdur. İddiaçı evinə getmək üçün yalnız piyada keçmək mümkündür, oradan və ya digər ərazidən nəqliyyat vasitəsinin daxil olması qeyrimümkündür. Baxış zamanı aşkar müəyyən olunmuşdur ki, yolun bağlanmasına səbəb həmin balkonun inşa edilməsidir. Balkon yüngül beton və dəmir konstruksiyadan inşa edilmişdir. Yolun açılması üçün cavabdeh tərəfindən inşa edilmiş balkon evin qarşı tərəfindən sol hissədə sökülməsi zərurəti yaranmışdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib müəyyən etmişdir ki, tərəflər qonşudur və eyni hasar daxilində olan torpaq sahəsində fərdi yaşayış evi və köməkçi tikililər inşa etmişlər. İddiaçı sökülməsini tələb etdiyi eyvan onun fərdi yaşayış evinə və torpaq sahəsinə gedən gediş-gəliş yolunu bağlamışdır. Torpaq sahəsi İddiaçı ümumi birgə mülkiyyət hüquqları əsasında məxsusdur, fərdi yaşayış evinə isə sahiblik və istifadə hüququ, o cümlədən gözlənilən mülkiyyət hüquq vardır. Azərbaycan Respublikası MM-nin 16.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MM-nin 170.1.-170.4.-cü maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1.-171.3.-cü maddələrinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilən maddi hüquq normalarına əsasən qeyd edir ki, İddiaçı mübahisələndirdiyi gediş-gəliş yolu məhz onun ümumi birgə mülkiyyətində olan 0,04 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üçün nəzərdə tutulmuşdur. İşin halları ilə təsdiq olunur ki, həmin yol cavabdeh tərəfindən yüngül konstruksiyalarla düzəldilmiş balkonun inşa edilməsi ilə bağlanmışdır. Nəticədə İddiaçı evinə və həyətyanı torpaq sahəsinə nəqliyyat vasitəsi ilə daxil olmaq qeyri-mümkün olmuş, baş verəcək hər hansı fövqəladə hadisə zamanı təhlükəsizlik tədbirlərinin görülməsi, eləcədə də qarşısının alınması, yaxud nəticələrinin aradan qaldırılması texniki vasitələrlə mümkün deyil. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh hərəkətləri qonşuluq münasibətlərinin tələbləri baxımından iddiaçı X5 hüquq və mənafelərinə ziddir. Belə ki, təsir əhəmiyyətlidir, iddiaçı torpaq sahəsindən və fərdi yaşayış evindən sərbəst istifadə edə bilmir. Ona görə də ekspertiza rəyinə uyğun olaraq mübahisə predmeti olan balkonun (eyvan) uzunluğu 5.8 metr, eni 3.2 metr (18.56 kv/m) hissəsi sökülməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki ki, birinci instansiya məhkəmənin hüquqi mövqeyi gözlənilən nəticəyə mütənasibdir, ona görə də “Cavabdeh əmlakının sökülməsinə dair müdaxilə qanuna uyğun hesab olunmalıdır” barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)362/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)362/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tofiq Heydərov Hakimlər: Tale Kərimov Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar