Məhkəmə qərarları › İş №2(106)-2363/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2363/2022

07.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2363/2022 07.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli 2(036)-1343/2022 saylı qərardadından (hakim Ü.Qənbərov) Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vərəsə ola bilməyən valideyn hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulub Vətən müharibəsində şəhid olmuş X1 üçün üzərinə qoyulan öhdəlikləri qəsdən və qərəzli olaraq yerinə yetirmədiyindən və həmin vəzifəni yerinə yetirməkdən qəti surətdə boyun qaçırtdığından, mirasından pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(036)-1343/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh İddiaçı doğulmuş 20 sentyabr 1997-ci il təvəllüdlü X1 üzrə öhdəsinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçırması təsdiq olunmuş və 07 oktyabr 2020-ci il tarixdə həlak olaraq ölmüş X3 münasibətdə qanun üzrə vərəsə ola bilməyən valideyn hesab edilmişdir. İş materiallarına əsasən qətnamə 12 avqust 2022-ci il tarixli poçt qaiməsinə əsasən cavabdehin ünvanına göndərilmişdir. Qanunla müəyyən olunan müddət ərzində qətnamədən apellyasiya şikayəti verilməmiş və 12 sentyabr 2022-ci il tarixdə qətnamə icraya yönəldilmişdir. 29 sentyabr 2022-ci il tarixdə cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, İmişli Rayon Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən olunan müddət ərzində verilməməsi əsası ilə geri qaytarılmışdır. Qərardaddan cavabdeh şikayət verərək ləğv olunmasını və apellyasiya şikayətinin qəbul edilərək aidiyyəti üzrə baxılmasından ötrü göndərilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarıldıqdan 1 ay 13 gün sonra ona təqdim edilmişdir. İmişli Rayon Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli 2(036)-1343/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Belə ki, iş materiallarında olan poçt qaiməsinin üzərinə həkk olunmuş möhürdəki tarixdən görünür ki, həmin poçt göndərişi 12 avqust 2022-ci il tarixində rabitə orqanına təhfil verilmişdir. Qətnamənin çıxarıldığı vaxtdan 1 ay 13 gün sonra cavabdehə verilməsindən ibarət şikayətin dəlili iş materialları ilə təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi apellyasiya şikayətini prosessual qanunvericiliklə müəyən olunan müddət ərzində verilməməsi əsası ilə qaytarmaqda haqlı olmuş, prosessual hüquq norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli 2(036)-1343/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar