Məhkəmə qərarları › İş №2(106)-2368/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2368/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2368/2022 13.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(022)-1285/2022 saylı qərardadından (hakim R.Əliyev) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh Xanalı oğluna qarşı “məhkəmə qətnaməsi ilə müəyyən olunan borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(022)-1977/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs banka ödənilməmiş əsas borc qismində 11650 manat, faiz borcu qismində 1666 manat 98 qəpik, cərimə qismində 1869 manat 82 qəpik, cəmi 15186 manat 80 qəpik məbləğində borcun, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, ipoteka predmentinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manatın ödənilməsini təmin etmək məqsədilə tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh Xanalı oğluna məxsus olan Biləsuvar şəhəri, X3 küçəsində yerləşən ümumi sahəsi 174.5 kv.metr, yaşayış sahəsi 91.6 kv.metr və yardımçı sahəsi 82 kv.metr olan 1 mərtəbəli 4 otaqlı 20 nömrəli fərdi yaşayış evinə və mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə yönəldiməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(022)-1285/2022 saylı qərardadı əsasında iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə istinadla hesab etmişdir ki, iddia ərizəsi verilərkən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən heç-bir sənəd ərizəyə əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarmalıdır. Biləsuvar Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(022)-1285/2022 saylı qərardadı iddiaçının "Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. 05 noyabr 2022-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(022)-1285/2022 saylı qərardadından iddiaçı ləğv prosesində olan "Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə verdiyi şikayət "Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(022)-1285/2022 saylı qərardadı ilə şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması əsası ilə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi şikayəti qaytararkən mövqeyini belə əsaslandırmışdır ki, məhkəməyə daxil olmuş iddia ərizəsinə və şikayətə qoşma şəklində "Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kreditlərin idarə edilməsi departamentinin problemlərli kreditlərlə iş idarəsinin rəisi vəzifəsində işləyən Elnur Quliyev adlı şəxs tərəfindən Nümayəndə adına verilmiş etibarnamələrin surətləri əlavə edilsə də, ləğv prosesində olan "Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kreditlərin idarə edilməsi departamentinin problemlərli kreditlərlə iş idarəsinin rəisi vəzifəsində işləyən Elnur Quliyevin özünün həmin hüquqi şəxsi təmsil etmək hüququnun olmasını, hüquqi şəxsin adından məhkəmə aktından şikayət vermək və ona etibar edilmiş səlahiyyətləri başqa şəxslərə vermək səlahiyyətlərinin olmasını təsdiq edən heç bir sənəd və ya etibarnamə məhkəməyə təqdim edilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(022)-1285/2022 saylı qərardadından ləğv prosesində olan "Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə tərəçfindən verilən şikayət həmin məhkəmənin 14 noyabr 2022-ci il tarixli qərardadı ilə təmin olunmayaraq, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması əsası ilə geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və vəkillər təmsil edir. Həmin Məcəllənin 73.4-ci maddəsinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədləri ilə buna səlahiyyəti olan digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək kitabçası saxlanılan yer onun əsas iş yeri sayılır. Azərbaycan Respubliası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən məhkəmə aktından şikayət verilməsi səlahiyyəti ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə görə şikayət imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. İddia ərizəsinə və şikayətə qoşma şəklində ləğv prosesində olan "Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kreditlərin idarə edilməsi departamentinin problemlərli kreditlərlə iş idarəsinin rəisi vəzifəsində işləyən Elnur Quliyev adlı şəxs tərəfindən Nümayəndə adına verilmiş etibarnamələrin surətləri əlavə edilsə də, ləğv prosesində olan "Zaminbank” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kreditlərin idarə edilməsi departamentinin problemlərli kreditlərlə iş idarəsinin rəisi vəzifəsində işləyən Elnur Quliyevin özünün həmin hüquqi şəxsi təmsil etmək hüququnun olmasını, hüquqi şəxsin adından məhkəmə aktından şikayət vermək və ona etibar edilmiş səlahiyyətləri başqa şəxslərə vermək səlahiyyətlərinin olmasını təsdiq edən heç bir sənəd və ya etibarnamə birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Sonrakı mərhələdə, yəni işin apellyasiya icraatında olan zaman həmin sənədlərin təqdim edilməsi, qanuni əsaslarla edilmiş prosessual hərəkətlərin nəticəsinə təsir edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, şikayəti, onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması əsası ilə geri qaytarmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur, prosessual hüquq norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli e-2(022)-1285/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar