Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-238/2023 24.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı onun vəkili X4 və üçüncü şəxs X7 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, Masallı Rayon Məhkəməsinin 2(050)2248/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı “X8 Şəbəkəsi” MMC-yə qarşı əmək xəsarətin görə ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Elektrik şəbəkəsində xx.xx.2000-ci il tarixdə aldığı isteheslat xəsarəti ilə əlaqədar xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ödənilməli olan 5680 manat ödəncin və mediatorun hesabına ödədiyi 50 manat haqqın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, göstərdi ki, xx.xx.1994-cü il tarixdə Masallı Elektrik şəbəkəsində 110/35/10 kV-luq yarımstansiyada əmək fəaliyyətinə başlamışdır. xx.xx.1997-ci il tarixindən isə həmin y/st-da növbətçi dispetçer vəzifəsinə təyin olunmuşdur. xx.xx.2000-ci il tarixdə işlədiyi Masallı Elektrik şəbəkəsində istehsalat xəsarəti almışdır. Həmin hadisə ilə əlaqədar xx.xx.2000-ci il tarixdə müəssisədə İZ formalı akt və hadisə yerində şahidlərin iştirakı ilə akt tərtib edilmişdir. Həmin tarixdən etibarən 6 ay müddətində Masallı Rayon Mərkəzi Xəstəxanasında stasionar və ambulator müalicə aldıqdan sonra TSEK tərəfindən İİ dərəcəli əlillik təyin edilərək, şəhadətnamə verilmişdir. Əmək Məcəlləsinə əsasən zərərçəkənə ödəncin verilməsi təqsirkar müəssisə ləğv olunduqda onun hüquqi varisi, əgər hüquqi varisi yoxdursa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilməlidir. Belə ki, 2000-2006-cı il arası dəfələrlə struktur dəyişikliklərinin baş verdiyini və təqdim etdiyi sənədlərin ortada olmaması bəhanə gətirilərək, müəssisə tərəfindən 2006-cı ilə qədər heç bir ödəniş edilməmişdir. Halbuki, qeyd olunan illər ərzində İİ dərəcəli əlilliyi olan şəxs kimi əmək pensiya almışdır. Ödəncin ödənilməməsinin səbəbi kimi Masallı EŞ-si tərəfindən heç bir sənəd təqdim etmədiyi bəhanəsi gətirilmişdir. İstehsalat xəsarəti alması barədə İZ aktı xx.xx.2000-ci il tarixdə tərtib olunmuşdur. Əmək Məcəlləsində aydın göstərilir ki, zərərçəkənə ödənc xəsarət aldığı gündən etibarən ödənilməlidir. 2006-cı ildə reabilitasiya kursu keçdikdən sonra TSEK tərəfindən əlillik dərəcəsi İİİ dərəcə kimi qiymətləndirilmiş və xx.xx.2006-cı il tarixdən ona ödənc ödənilməyə başlanılmışdır. xx.xx.2022-ci il tarixli ərizə ilə "xxxx" ASC “X9 Şəbəkəsi” MMC-yə müraciət edərək, istehsalat xəsarəti almağı ilə əlaqədar xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ödənilməli olan ödəncin ödənilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə mediasiya təklifi də göndərmiş və mediator Ziya Əliyevin mediatorluğunda ilkin mediasiya sessiyasında o, və cavabdehin nümayəndəsi iştirak etmişdir. Ancaq barışıq əldə edilmədiyinə görə ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya prosesində iştiraka görə mediatorun hesabına 50 manat pul ödəmişdir. xx.xx.2000-ci ildə onun orta aylıq əmək haqqı təxminən hazırki pulla 80 manat təşkil edirdi. Həmin məbləği də 71 ay nəzər almaqla hesabladıqda 5680 manat təşkil edir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, göstərdi ki, xx.xx.2001-ci il tarixdə “Masallı YGEŞ”-i “Əlibayramlı YGEŞ" MMC-nin tərkibinə verilmiş, xx.xx.2010-cu il tarixdə yaradılmış "xxxx" MMC onların hüquqi varisidir. xx.xx.2000-ci il tarixdə İddiaçı işlədiyi Masallı Elektrik şəbəkəsində istehsalat xəsarəti almışdır. xx.xx.2006-cı il tarixə qədər müvafiq sənədlər təqdim olunmamış, sonradan həmin sənədlər təqdim edilmiş və xx.xx.2006-cı il tarixdən hazıradək iddıaçıya əmək xəsarətinə görə ödənc ödənilir. Sonda Nümayəndə2 iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən istehsalatda alınmış xəsarətlə bağlı ödənişlər işçiyə əmək xəsarəti aldığı vaxtdan ödənilir. Sonda Nümayəndə3 mübahisə üzrə hansı qərarın qəbul edilməsi barədə məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)2248/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim:C.Quliyev), İddiaçı cavabdeh “X8 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xx.xx.2000-ci il tarixdə aldığı isteheslat xəsarəti ilə əlaqədar xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ödənilməli olan 5680 manat ödəncin və mediatorun hesabına ödədiyi 50 manat haqqın cavabdehdən alınıb ona ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 384.0.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Nəsirov X6 Rayon Məhkəməsinin 2(050)2248/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar vermiş, izahatında Masallı Rayon Məhkəməsinin 2(050)2248/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X7 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X5 apellyasiya icraatı zamanı məhkəmə kollegiyasından ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh “X8 Şəbəkəsi” MMC-nin nümayəndəsi keçirilən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəblərini qabaqcadan bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin 2(050)2248/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 384.0.3-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” qaydaları, şərtləri və məbləğinin 3.2-ci bəndinə görə zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini tələbin əsassız olması və sübut olunmaması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşmadığını Masallı Rayon Məhkəməsinin 2(050)2248/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)2248/2022 saylı, 12 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 01 avqust 2022-ci il tarixli X7 Xidməti Salyan regional ərazi şöbəsi tərəfindən İddiaçı göndərilən cavab məktubunda əlilliyini təsdiq edən sənədlərin 2006-cı ilədək iddiaçı tərəfindən müəssisəyə təqdim edilməməsi bildirilmişdir. Həmçinin 2000- 2006-cı illər dövrü üçün xəsəratə görə ödəncin müvafiq sənədlər təqdim edildikdən sonra müəssisə tərəfindən ödənilmədiyi təqdirdə X7 Xidmətinə müraciət etmək hüququ olduğu bildirilmişdir. İş materiallarında olan 07 mart 2006-cı il tarixli İddiaçı tərəfindən “X12 X3” MMC-nin direktoruna ünvanlanmış ərizədə, 04 aprel 2000-ci il tarixdə aldığı əmək xəsarəti ilə əlaqədar TSEK-in 07 mart 2006-cı il tarixli qərarının qəbul etdiyi vaxtdan iddiaçıya dəymiş zərərə görə aylıq ödəncin hesablanması barədə sərəncam verilməsini xahiş etmişdir. İş materiallarında olan 07 mart 2006-cı il tarixli TSEK-in müayinə aktından çıxarışından görünür ki, İddiaçı əlillik dərəcəsi 3 (üçüncü), əlillik səbəbləri-əmək zədəsi, əmək qabiliyyətinin qismən itirilməsi müəyyən edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdən müəyyən edilir ki iddiaçı əmək funksiyasını yerinə yetirərəkən xəsarət almış, əlillik təyin edilmiş, aldığı xəsarətlə bağlı ona xx.xx.2006- cı il tarixədən hazıradək ödənc ödənilir. Mübahisə ödənilməyən - xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə ödəncin ödənilməsi ilə bağlıdır. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 384.3-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” qaydaları təşkil edir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. “İddia müddətinin şamil edilmədiyi tələblər” adlanan həmin Məcəllənin 384-cü maddəsinin 384.0.3-cü hissəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti tətbiq edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Mülki Məcəllənin 375.2 və 384-cü maddələrinin təhlili ona deməyə əsas verir ki, iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyi halda 384-cü maddəsi “iddia müddətinin şamil edilmədiyi tələblər” tənzimlədiyindən 384.0.3-cü maddəsində qeyd edilmiş üç il müddət ilə bağlı iddia müddətinin tətbiqi barədə ərizə verilmədən həmin müddət tətbiq edilməlidir. İddia müddətinin şamil edilmədiyi tələblərə iddia müddətinin tətbiqi barədə ərizənin verilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” qaydaları, şərtləri və məbləğinin 3.2-ci bəndinə görə zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblə bağlı iddia müddəti tətbiq edilmir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən iddia müddəti tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3-cü hissəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti tətbiq edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Qeyd olunan normanın məzmunundan başa düşülür ki, iddiaçının iddia etdiyi illər iddia irəli sürməzdən əvvəlki illər yəni 2019, 2020, 2021-ci illərə aiddir, hansı ki, həmin illər üçün iddiaçıya ödənc hesablanmış və verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “iddiaçının sağlamlığına zərər xx.xx.2000-ci il tarixdə vurulduğundan, onun zərərin əvəzinin ödənilməsi hüququ həmin tarixdən əmələ gəldiyindən, lakin xx.xx.2022-ci il tarixdə “xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə ödəncin ödənilməsi” ilə bağlı məhkəməyə müraciət etdiyindən, yəni zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilməli olduğundan və ona aldığı xəsarətlə bağlı xx.xx.2006-cı il tarixədən hazıradək ödənc ödənildiyindən iddia təmin edilməməlidir” barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)2248/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)2248/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-238/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-238/2023
24.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver