Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2384/2022 22.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Sulididn oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Ərizəçi əmək stajı faktını müəyyən etməklə ümumi iş stajına daxil edilməsi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə İmişli rayon məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(036)-1514/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(036)-1514/2022 saylı qətnaməsi ilə (hakim Ü.Qənbərov) ərizə qismən təmin edilərək Ərizəçi xx.xx.1976xx.xx.1989-cu illərdə İmişli rayonu “Komsomol” kolxozunda əmək fəaliyyəti ilə məşğul olması (işləməsi) faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Ərizəçi əmək stajı faktını müəyyən etməklə ümumi iş stajına daxil edilməsi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1975-1989-cu illərdə İmişli rayonu “Komsomol” kolxozunda sıravi kolxozçu kimi əmək fəaliyyəti ilə məşğul olması faktının müəyyən edilməsi və ümumi iş stajına daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə ərizəçi mübahsənin məhkəmədən kənar həll edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya əməl etməmişdir, ona görə də məhkəmə ərizəni baxılmamış saxlamalı idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Apellyasiya şikayətində İmişli rayon məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(036)-1514/2022 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, İmişli rayon məhkəməsinin 22 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir, gəlməməsinin səbələri barədə bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin izahatını, məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, İmişli rayon məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(036)-1514/2022 saylı qətnaməsi ləğv edilərək ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməlidir. İŞİN HÜQUQİ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq şikayətə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib etməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Ərizəçi onun 1975-1989-cu illərdə İmişli rayonu “Komsomol” kolxozunda sıravi kolxozçu kimi əmək fəaliyyəti ilə məşğul olması faktının müəyyən edilməsi və onun ümumi iş stajına daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, lakin ərizəçi məhkəməyə həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini təsdiq edən sübutlar təqdim etməmişdir. Ərizəçinin təqdim etdiyi İmişli rayon Dövlət Arxivinin 06 sentyabr 2021-ci il tarixli 83 saylı arayışında Ərizəçi İmişli rayonu M.Hüseynzadə adına kolxozda 1990-1996-cı illərdə işləməsi qeyd edilmiş, İmişli rayon Komsomol kolxozunun 1975-1989-cu illərin son hesablaşma kitabları İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi qeyd edilmişdir.Lakin Komsomol kolxozunun 1975-1989-cu illərin son hesablaşma kitablarının arxivə verilməməsinin səbəbləri barədə arayışda qeyd edilməmişdir. Həmçinin işdən görünür ki, İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli 83 saylı arayış İmişli Regional “ASAN” Xidmət Mərkəzinə təqdim etmək üçün verilmişdir.Lakin, həmin arayışın İmişli Regional “ASAN” Xidmət Mərkəzinə təqdim edilməsi və arayışın cavablandırılması barədə ərizəçi sənəd təqdim etməmişdir.Bundan başqa ərizəçi adına əmək kitabçası olmasını bildirməklə əmək kitabçasına 1975-1989-cu illərdə Komsomol kolxozunda işləməsi barədə müvafiq qeydlərin edilməməsini göstərsə də əmək kitabçasını iş materillarına əlavə etməmişdir, M.Hüseynzadə adına kolxozda 1990- 1997-ci illərdə kolxoz üzvü kimi əmək fəaliyyəti ilə məşğul olması barədə müvafiq qeydlərin əmək kitabçasına yazılmasını bildirmişdir. İşdə olan İmişli rayon X3 Hissəsinin 12 aprel 2021-ci il tarixli 37/34-085 saylı arayışında qeyd edilir ki, 06 iyun 1990-cı ildə İmişli rayonu Komsomol kolxozunun inzibatı binasında yanğın hadisəsi baş vermişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli 83 saylı arayışla bağlı və həmin arayışın İmişli Regional “ASAN” Xidmət Mərkəzinə təqdim edilib edilməməsi, təqdim edilmiş sənədlər üzrə sonrakı hərəkətlər barədə heç bir araşdırma aparmamışdır. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi X2 izahatında göstərdi ki, Ərizəçi pensiya təyin edilməsi barədə Dövlət Sosial Müdafiə Fonduna müraciət edib-etməməsi, müracətinin cavablandırılması barədə ərizəsinə sübut təqdim etməmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Ərizəçi müəyyən edilməsini xahiş etdiyi hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş və ya yanmış hesab etdiyi sənədin bərpasının mümkün olmadığı barədə qənaətə gəlməyin mümkün olmaması barədə məhkəməyə sübut təqdim etmədiyi halda birinci instansiya məhkəməsi tərəfindən ərizəyə mahiyyəti üzrə baxaraq ərizənin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları, o cümlədən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-cu maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.4-cü bəndinə müvafiq olaraq lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.6-cı bəndinə görə məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-in 310-cu maddəsi).Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.1-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Apelyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini iş materilları üzrə araşdırıb qismən əsaslı olduğundan hesab edir ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, İmişli rayon məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(036)-1514/2022 saylı qətnaməsi ləğv edilərək ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməlidir. Apellyasiya şikayətində İmişli rayon məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(036)-1514/2022 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə dəlillərə hüquqi qiymət verərək hesab edir ki, iş üzrə qətnamə prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti qismən əsaslı olduğundan qətnamənin ləğv edilməsi hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı, 263-264-cü, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli rayon məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(036)-370/2022 saylı qətnaməsi ləğv edilsin.Ərizə baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2384/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2384/2022
22.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver