Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-243/2025 18.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X8 ibarət tərkibdə, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi vəkil X1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yardımlı rayonu Çayüzü bələdiyyəsinin nümayəndəsi (sədri) X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yolun açılması tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(038)-226/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ataməli oğlu tərəfindən onun evinə gedən avtomobil yoluna qoyulmuş darvazanın götürülməsi və avtomobil yolunun asudələşdirilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yardımlı rayon Avur kəndində yaşayır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli çıxarışına əsasən mülkiyyətində olan 0,63 ha torpaq sahəsində yerləşən ikimərtəbəli beş otaqlı 110 m2 yaşayış sahəsini köməkçi sahədən ibarət yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Yaşadığı evə gedən avtomobil yolu Cavabdeh Ataməli oğlu tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Avtomobil yoluna darvaza qoyulmuşdur. Halbuki, zəbt edilmiş torpaq sahəsi cavabdehə aid deyil, tarixən onun istifadəsində olmuşdur. Həmin yol 2009-cu il tarixində Cavabdeh Ataməli oğlunun qaynanası X2 tərəfindən də zəbt edilmişdir. Həmin yolun açılması barədə Yardımlı Rayon Məhkəməsinə müarciət etmiş və xx.xx.2009-cu il tarixli 2(038)-26/2009 saylı qətnamə ilə avtomobil yolunun açılması qət edilmişdir. Həmin qətnamə icra edilərək evinə gedən yol asudələşdirilmişdir. Yenidən evinə gedən avtomobil yol Cavabdeh Ataməli oğlu tərəfindən zəbt edilmişdir. Yolun ortasına darvaza qoyulmuş, yolun yuxarı tərəfi tikanlı məftililə, aşağı tərəfi isə torpaqla daraldılmışdır. Daha sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı iddia tələbi üzrə işdə cavabdeh qismində Cavabdeh Ataməli oğlunun göstərilməsi doğru deyil. Həmin mübahisəli torpaq sahəsi ona məxsusdur. Anasından miras qalmışdır. Ekspert rəyində yazılanlarla razı deyil. Həmin mübahisəli torpaq sahəsi 1997-ci il islahatı zamanı ona, yəni anasına pay torpağı kimi verilmişdir. Yolun cənub-şərq hissəsi də onların pay torpağına aid edilmişdir. Qoyulmuş darvaza onun həyətinə aiddir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(038)-226/2024 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddianın təmin edilməsi, Yardımlı rayonu Çayüzü bələdiyyəsinin mükiyyətində olan və Yardımlı rayonu Çayüzü kəndində yerləşən (Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş sxemdə göstərilmiş) torpaq sahəsində (gediş gəliş yolu) Cavabdeh Ataməli oğlu tərəfindən qoyulmuş darvazanın sökülməsi və həmin gediş-gəliş yolunun açılması, ekspertiza xərci təşkil edən 50 manatın Cavabdeh Ataməli oğluna aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi ona məxsusdur və anasından miras qalmışdır. Mübahisəli torpaq sahəsi 1997-ci il islahatı zamanı anasına pay torpağı kimi verilmişdir. Qoyulmuş darvaza onun həyətinə aiddir. Qeyd olunan qətnamə ilə onun Konstutsiyada və digər qanunvericilik aktlarında təsbit olunmuş hüqüqları pozulduğu üçün apellyasiya şikayəti verir və hesab edir ki, qətnamə qanunsuzdur və əsassızdır. Belə ki, qətnamə maddi və prosessual hüqüq normalarının pozulması və düzgun tətbiq edilməsi ilə çıxarılmışdır. Habelə qətnamə əsaslandırılmamışdır. Məhkəmə iddaçının formal mülahizələrini sübut kimi qəbul etmiş, onların düzgünlüyü və həqiqətləri barədə heç bir araşdırma aparmamışdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əvvəlki məhkəmə iclasları zamanı da mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Həmin ərazi üzrə verilmiş ekspert rəyi ilə razı deyildir. Həmin ekspert rəyində yol 11 sot torpaq sahəsinin içərisində verilmişdir. Cavabdehin nümayəndəsi vəkil X7 məhkəmə iclaısnda izahat verərək bildirmişdir ki, mübahisəli ərazi üzrə təqdim etdiyi fotoşəkillərdən də görünür ki, həmin torpaq sahəsi hüquqlarını təmsil etdiyi şəxsin istifadəsində olmuş, orada heç bir zəbt olunma faktı müəyyən edilməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2009-cu ildə iddiaçı ilə aralarında mübahisə olmuşdur. Həmin mübahisə üzrə yekunda məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Qohum olduqları üçün onun evinin sökülməsinə razı olmamışdır. Qeyd edir ki, yolun hər iki tərəfi cavabdehin istifadəsindədir. Bir tərəf onun mülkiyyətində, digəri isə bələdiyyə mülkiyyətində olsa da, hazırda oradan yalnız cavabdeh istifadə edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yardımlı rayonu Çayüzü bələdiyyəsinin nümayəndəsi (sədri) X13 izahat verərək bildirmişdir ki, mübahisəli ərazidə olan darvaza yolu bağlamayıb. Darvazadan giriş birbaşa cavabdehin evinədir. Əgər darvaza olmasa, bütün heyvanlar cavabdehin evinə daxil olar. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(038)-226/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Yardımlı rayonu Avur kəndində İddiaçı mülkiyyətində olan 0,63 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 110.1 kv.m yaşayış 130.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyetr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpağın mülkiyyət hüququna dair JN-007A KOD 80421038 dövlət aktının surətindən görünürki ki, Yardımlı rayonu Avur kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi X3 və ailə üzvü Cavabdeh Ataməli oğlu və digər ailə üzvlərinin mülkiyyətindədir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş rəydən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (“TEKUİS”) əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi və darvaza qoyulmuş yerin Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. İddiaçı iddia etdiyi gediş-gəliş yolu Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarının ümumi istifadəli küçə-keçid kimi qeyd olunmuş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Həmin gediş-gəliş yolunun yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Cavabdeh Ataməli oğlu tərəfindən qoyulmuş darvaza Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarının ümumi istifadəli küçəkeçid kimi qeyd olunmuş ərazinin hüdudları daxilində yerləşdiyindən gediş-gəlişə maneəçilik yaratdığı müəyyən edilmişdir. İddiaçı və digər ailə üzvlərinə mülkiyətə verilmiş həyətyanı torpaq sahəsinin cənub-şərq istiqamətində Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqları daxilində ümumi istifadəli gediş-gəliş yolunun mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/5387 №-li 16 iyul 2024-cü il tarixli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2- 3218/2024 №-li mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi və darvaza qoyulmuş yerin Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarında, İddiaçı iddia etdiyi gediş-gəliş yolu Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarının ümumi istifadəli küçə-keçid kimi qeyd olunmuş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Həmin gediş-gəliş yolunun yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Cavabdeh Ataməli oğlu tərəfindən qoyulmuş darvaza Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarının ümumi istifadəli küçə-keçid kimi qeyd olunmuş ərazinin hüdudları daxilində yerləşdiyindən gediş-gəlişə maneəçilik yaratdığı müəyyən edilmişdir. İddiaçı və digər ailə üzvlərinə mülkiyətə verilmiş həyətyanı torpaq sahəsinin cənub-şərq istiqamətində Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqları daxilində ümumi istifadəli gediş-gəliş yolunun mövcud olduğu müəyyən edilmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı öz evinə gedən avtomobil yoluna qoyulmuş darvazanın götürülməsi və avtomobil yolunun açılmasını tələb edir. Belə olan halda, iddia Mülki Məcəllənin 157.4-cü maddəsinin dispoziya şərtlərinə uyğun olduğundan təmin edilməlidir. Hazırkı mülki iş üzrə təqdim edilmiş ekspert rəyindən məlum olur ki, İddiaçı iddia etdiyi gediş-gəliş yolu Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarının ümumi istifadəli küçə-keçid təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin ekspert rəyi ilə Cavabdeh Ataməli oğlu tərəfindən qoyulmuş darvazanın Yardımlı rayon Çayüzü bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarının ümumi istifadəli küçə-keçid kimi qeyd olunmuş ərazinin hüdudları daxilində yerləşdiyindən gediş-gəlişə maneəçilik yaratdığı müəyyən edilmişdir. Bu halda Cavabdeh qanunsuz hərəkətləri İddiaçı mülkiyyətindən birbaşa olaraq məhrum etməsə də, ona bu hüquqları həyata keçirməkdə maneçilik yaradır. Bundan əlavə, məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizəsinə münasibətdə qeyd edir ki, ərizədə göstərilən hallar, yəni darvazanın qoyulduğu torpaq sahəsinin ona məxsus olması və bu səbəbdən iddia ərizəsində cavabdeh qismində onun göstərilməli olması ilə bağlı hallar məhkəmə araşdırılması zamanı sübuta yetmədiyindən, yəni darvaza qoyulmuş torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması alınmış ekspert rəyi ilə müəyyən edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin doğru cavabdehə qarşı irəli sürüldüyü hesab edilir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Tərkib işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə görə tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 239.1-ci maddəsinə görə fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər, həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Habelə MM-in 180-ci maddəsinin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassızdır. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə işdə olan sübutlarla iddianın təmini imkanı tamamilə istisna edilir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu zaman nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (“TEKUİS”) və “AZCAD”-a inteqrasiya edilmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanır. Məhkəmə təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(038)-226/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(038)-226/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-243/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-243/2025
18.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver